Naxçıvan Muxtar Respublikası İctimaiyyətinin nümayəndələri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 30 oktyabr 1996-cı il


Əziz həmvətənlər, əziz bacılar, qardaşlar, əziz dostlar, əziz xanımlar və cənablar!

Mən sizi və sizin simanızda Naxçıvan Muxtar Respublikasının bütün vətəndaşlarını, sakinlərini səmimi qəlbdən salamlayıram və mənim üçün əziz, doğma olan Naxçıvan torpağında bu günlər yenidən olmağımdan çox məmnun qaldığımı bildirirəm.

Dünən də, bu gün də bizim çox səmərəli, eyni zamanda çox ehtiraslı, qızğın, çox sevincli görüşlərimiz olubdur. Mən sevinirəm ki, böyük bir fasilədən sonra yenə də Naxçıvandayam. Görürəm, siz də sevinirsiniz ki, mən Naxçıvana gəlmişəm, sizinlə birlikdəyəm. Siz mənim üçün doğmasınız və şübhə etmirəm ki, mən də sizin üçün doğmayam. Öz hədsiz sevincimi sizə çatdırmaq istəyirəm. Sizə olan sevgimi, məhəbbətimi sizə çatdırmaq istəyirəm. Sizi və bütün Naxçıvan camaatını qucaqlayıram, öpürəm, sizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Dünən biz Azərbaycan xalqının böyük yazıçısı, şairi, dramaturqu, alimi, filosofu Hüseyn Cavidin xatirəsini yad etdik, onun məzarı üzərində tikilmiş məqbərənin təntənəli açılışı mərasimində iştirak etdik. Böyük bir mədəniyyət, elm bayramı keçirdik. Bu, tək bizim, yəni buraya toplaşanların deyil, bütün Azərbaycan xalqının, vətəndaşlarının bayramıdır. Dünən bu bayram Naxçıvan Muxtar Respublikası əhalisinin, demək olar ki, hamısını ayağa qaldırmışdı. Küçələrdə, meydanlarda, Hüseyn Cavidin məqbərəsinin ətrafında on minlərlə, yüz minlərlə insan toplaşmışdı. Hamısı bayram əhval-ruhiyyəsində, sevinc içində, iftixar hissi ilə bir-birini təbrik edirdi.

Bu, mənim üçün böyük bayram idi, çünki, dünən də dedim, bu gün də deyirəm, vaxtilə, on dord il bundan öncə qəbul etdiyim qərarın həyata keçirilməsinə nail ola bildim. Bu, mənim üçün böyük təsəlli, böyük mənəvi bayramdır.

Bu gün siz mənim haqqımda, sizinlə bərabər Naxçıvanda yaşadığım dövr haqqında, birlikdə işlədiyimiz, çalışdığımız dövr haqqında çox xoş sözlər dediniz və mənə olan hislərinizi bildirdiniz. 1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim böyük həyatımda həqiqətən xüsusi yer tutur. Deyə bilərəm ki, bu, mənim üçün ən əziz və ən hörmətli illərdəndir.

Mən bu torpaqda doğulmuşam, burada təhsil almışam, buradan həyata addımlamışam, daim bu torpaqla bağlı olmuşam. Bütün dövrlərdə bu doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm. Ancaq 1990-cı ildə mən yenidən Naxçıvana gəldiyim zaman və üç il müddətində bir yerdə yaşadığımız, işlədiyimiz zaman bu torpağa olan minnətdarlığım qat-qat artdı.

Şübhəsiz ki, o illər biz sizinlə birlikdə Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, bəlkə də böyük faciələrdən birlikdə xilas etdik. Bu, hamımızın birlikdə tarixi nailiyyətimizdir. Mən sizinlə bir idim, siz də mənimlə bir idiniz və bizim bu birliyimiz, dəyanətimiz, dözümlüyümüz, fədakarlığımız Naxçıvan Muxtar Respublikasının əhalisini o ağır dövrdən, demək olar ki, müvəffəqiyyətlə keçirdi. O dövr böyük sınaq dövri oldu, naxçıvanlıların böyük bir sınaqdan keçməsi dövrü oldu, insanların öz torpağına, vətəninə sədaqətinin sınaqdan keçməsi oldu. Mənim üçün sınaq dövrü oldu və sizin üçün də sınaq dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq.

Naxçıvan Muxtar Respublikasının həyatında bu gün də böyük problemlər, çətinliklər var. Ancaq o illərə nisbətən indi demək olar ki, vəziyyət tamamilə dəyişibdir. Sadəcə, bir məsələni yada salmaq istəyirəm. Bu gözəl sarayı biz 70-ci illərdə böyük həvəslə tikdik. Naxçıvanda çox binalar - həm istehsal müəssisələri, həm də mədəniyyət, elm, təhsil ocaqları, yaşayış binaları tikilirdi və biz buna böyük qayğı göstərirdik. Ancaq mən çox istəyirdim ki, Naxçıvanda yaraşıqlı, ona layiq bir mədəniyyət sarayı olsun. Bunu da etdik. 1990-cı ildə Naxçıvana qayıdanda maraqlandım ki, bu saray nə vəziyyətdədir. Dedilər ki, sarayın qapısı bağlıdır, oraya getmək də, gəlmək də mümkün deyildir, indi saraya kim gedəcək? İndi elə vaxt deyil ki, saraya getsinlər, tamaşalar, konsertlər, başqa mərasimlər olsun. Xatirimdədir, buna baxmayaraq, o vaxtlar Bakıdan iki-üç dəfə mədəniyyət xadimləri, artistlər gəldilər və sarayın qapıları açıldı. Mən çox böyük həvəslə gəlib tamaşalara baxdım. Ancaq saray əvvəlki vəziyyətində deyildi, soyuq idi, biz burada paltoda otururduq. Şübhəsiz ki, gələnlər də o qədər çox deyildi.

Amma indi baxıram, saray nə qədər gözəlləşibdir, əvvəlki şəklini alıbdır. Bir tək saray yox. Buraya toplaşanların sifətinə, əhval-ruhiyyəsinə baxıram, burada olan şəraiti görürəm - nə qədər dəyişibdir. Buna görə də bu gün problemlər nə qədər çox olsa da, o illərə nisbətən, ağır bir dövrdən, demək olar ki, çıxmışıq, ağır bir dövr arxada qalıbdır. Biz bunların hamısını bir yerdə etmişik.

Mənim 1990-cı ildə Naxçıvana gəlməyim, görünür, taleyin işi imiş. Moskvada tutduğum vəzifədən istefa verəndən sonra, Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzü başlayandan sonra mən Azərbaycan üçün çox narahat idim. Ancaq eyni zamanda mənə qarşı edilən ədalətsizlik və cürbəcür təxribat aksiyaları da məni çox incidirdi. Məndə Vətənə qayıtmaq, xalqla bir yerdə olmaq, bir yerdə yaşamaq arzusu gündən-günə artırdı. O ağır dövrdə bütün Azərbaycan xalqının qərarını, mənə olan münasibətini, qayğısını hiss edirdim.

Ancaq 1990-cı ilin yanvar faciəsindən sonra Azərbaycana gəlmək haqqında qərar qəbul edərkən təsəvvür etmirdim ki, gəlib Naxçıvana düşəcəyəm. Çünki bilirsiniz ki, gənc vaxtlarımdan sonra bütün fəaliyyətim Azərbaycanın paytaxtı Bakıda olmuşdur. Ona görə yenə də Bakıda yaşamaq və orada Azərbaycan xalqına xidmət etmək arzusunda idim. Ancaq vəziyyət elə oldu ki, məni Bakıda yaşamağa qoymadılar və Naxçıvana gəlməyə məcbur oldum. Amma buraya gələndən sonra hiss etdim və belə qərara gəldim ki, bu, taleyin işi imiş, mən buraya gəlməli idim - yenidən öz torpağımdan güc almaq üçün, öz həmvətənlərimlə doğma torpağımda yaşayan insanlarla bir yerdə olmaq, onların dərdlərinə şərik olmaq üçün.

1990-cı ilin yayı idi. Bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət çox ağır idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Əgər Moskvada məni təqib edirdilərsə, hətta Yanvar hadisələrındən sonra hərəkətlərimə göra mənə qarşı repressiya planları hazırlanmışdısa və onları həyata keçirmək istəyirdilərsə, Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyı ilə qəbul olunduğu halda, hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı. Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum. Bilirsiniz ki, bir il sadə həyat keçirdim, yəni burada qohumlarımın kiçik evində yaşayıb adi insanlarla söhbət, danışıq aparır, görüşlər keçirirdim. 

Ondan sonra isə Naxçıvan xalqının tələbi ilə və Naxçıvan Ali Məclisinin qarşısındakı o böyük meydanda davamlı keçirilən mitinqlərin təzyiqi nəticəsində mən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçildim. O vaxt mən çox böyük ziddiyyətlər içində idim. Hesab edirdim ki, mən çox böyük həyat yolu keçəndən sonra yenidən bir vəzifə tutmamalıyam, sadəcə olaraq öz imkanlarımla Naxçıvana kömək etməliyəm. Ancaq siz bunu tələb etdiniz, xalq bunu tələb etdi, mən də sizin tələbinizə görə buna razı oldum. 

Bu gün burada o illər haqqında çox danışıldı. Hətta daha da çox danışmaq olar. O üç il, demək olar ki, tarixə bərabərdir. Ancaq məni ən çox sevindirən və xatirimdə ən çox qalan mən Moskvadan gələn gün, iyul ayının 22-də Azadlıq meydanındakı mitinqin iştirakçıları ilə görüşümdür. Ondan sonra Naxçıvanda, Şərurda, Sədərəkdə, Ordubadda, Culfada, Bənənyarda, Paizdə, Nehrəmdə insanlarla nə qədər gürüşlərim oldu.

Mən hesab edirəm ki, Naxçıvan xalqı, Naxçıvan Muxtar Respublikası Azərbaycan üçün böyük xidmətlər göstərdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının yeni seçilmiş Ali Sovetinin sessiyası keçirildi. Xahiş etdilər ki, mən o sessiyaya sədrlik edim, çünki vəziyyət çox mürəkkəb idi. Mən də bir neçə təklif vermişdim, onlar da, şübhəsiz ki, birmənalı qəbul olunmurdu. Hesab edirəm, o gün təkcə Naxçıvan Mux­tar Respublikası üçün yox, bütün Azərbaycan üçün tarixi bir gun oldu. Biz o gün qərar qəbul etdik və hesab edirəm ki, bütün Azərbaycana nümunə göstərdik və Azərbaycanın o vaxtkı rəhbərlərini də sonra belə qərarlar qəbul etməyə məcbur et­dik. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarılsın. İlk Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə qəbul olunmuş dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul edilməsi haqqında qərar qəbul etdik və Azərbaycan Respublikasının da bu bayrağı dövlət bayrağı qəbul etməsi haqqında qanunvericilik təşəbbüsü ilə çıxış etdik.

Bir neçə başqa qərar - Dağlıq Qarabağda vəziyyət haqqında, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi haqqında, 90-cı ilin yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında və bir çox başqa qərarlar da qəbul etdik. Yəni biz öz işimizi Naxçıvanın problemlərinə qapanıb qalmaqla, Naxçıvanın işləri ilə məşğul olmaqla tamamlamadıq. Biz o vaxt, 1990-cı il noyabrın 17-də Azərbaycanın problemləri haqqında çox tutarlı qərarlar qəbul etdik.

Ondan bir neçə ay sonra, təxminən 1991-ci ilin fevral - mart aylarında Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri xalqın təzyiqi nəticəsində və şübhəsiz ki, Naxçıvan Muxtar Respublikasında qəbul olunmuş bu qərarların təsiri nəticəsində belə qərarlar qəbul etməyə məcbur olmuşdular.

Biz o vaxt da Azərbaycanın müstəqilliyi haqqında təkliflər verdik və qərarlar qəbul etdik. Ancaq o vaxt Azərbaycanın rəhbərliyi Azərbaycanın müstəqilliyini istəmirdi və təəssüf ki, öz imkanlarından istifadə edərək xalqın azadlıq və müstəqilliklə əlaqədar hərəkatının qarşısını alırdılar.

Nəhayət, Sovetlər İttifaqı dağılmağa, parçalanmağa başladı. Mən vaxtilə Sovetlər İttifaqının ən yüksək mərtəbəsində duran, Sovetlər İttifaqı dövlətinin başında duran şəxslərdən biriyəm. Ancaq o İttifaqın, o dövlətin ədalətsiz hərəkətlərini görərək, xüsusən Azərbaycana qarşı ədalətsizliyini - Dağlıq Qarabağ probleminin ortaya atılmasının və Azərbaycana qarşı hərbi təcavüzün məhz Sovetlər İttifaqı rəhbərliyinin günahından baş verdiyini görərək, 1990-cı ilin yanvarında Azərbaycana hərbi təcavüz edildiyini görərək və bunlara etiraz əlaməti olaraq Sovetlər İttifaqının artıq dağılması haqqında mən hələ Moskvada bəyanatlar verirdim.

Buraya gəldim, bütün görüşlərdə bu fikirləri irəli sürürdüm. İnsanlar məni eşidirdilər, fikirlərimlə hesablaşırdılar, çox yerlərdə suallar verirdilər. Mən deyirdim ki, Sovetlər İttifaqı artıq dağılır və dağılmalıdır. Ancaq təəssuflər olsun ki, o vaxt Azərbaycanın rəhbərliyində olan bir çox şəxslər əksinə hərəkət edirdilər.

Belə bir vaxtda Naxçıvan Muxtar Respublikasının Ali Məclisində biz Sovetlər İttifaqının saxlanması haqqında referen­dum barədə Moskvada qəbul olunmuş qərarın əksinə çıxdıq. Doğrudur, o vaxt bizim Ali Məclisdə də hamı bir fikirdə deyildi. Bəziləri, - onlardan bu salonda oturanlar da var, - o vaxtlar mühafizəkar mövqe tuturdular, bəziləri Azərbaycanın o vaxtkı rəhbərlərinin iradəsinə tabe olub onların iradəsini burada həyata keçirməyə çalışırdılar. Ancaq bunlara baxmayaraq, Sovetlər İttifaqının saxlanması haqqında referendumun keçirilməsi barədə qərar hələ Bakıda müzakirə olunmadan biz Naxçıvanda bu məsələni müzakirə etdik. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sovetlər İttifaqının saxlanması ilə əlaqədar keçiriləcək referendumun əleyhinə çıxdı.

Məsələn, xatirimdədir, Azərbaycan Ali Sovetinin sessiyasında bu məsələ müzakirə olunarkən Naxçıvanın nümayəndələri bunun əleyhinə çıxış etdilər. Bilirsiniz ki, mən referendumun keçirilməsinin kəskin əleyhinə çıxdım. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyi Sovetlər İttifaqının saxlanması haqqında re­ferendum keçirilməsi barədə qərar qəbul etdi. Amma Naxçıvan Muxtar Respublikasının əhalisı bu referendumda iştirak etmədi, onu baykot etdi. Bu, naxçıvanlıların nə qədər müstəqil fikirli olduğunu, müstəqilliyə nə qədər can atdıqlarını və Azərbaycanın müstəqil olmasını istədiklərini bütün dünyaya nümayiş etdirdi. Doğrudur, ondan sonra Naxçıvana qarşı təzyiqlər artdı. O vaxt Naxçıvanın rəhbərliyi dəyişildi. Bəzi şəxslər Naxçıvanda Azərbaycan rəhbərliyinın iradəsini yerinə yetirmək üçün cəhdlər göstərdilər. Güman edirəm, indi onlar da öz səhvlərini, günahlarını dərk ediblər, bilirlər. Ancaq Naxçıvan əhalisinin əksəriyyəti sınmadı, dönmədi. 1991-ci ilin martında həmin referendum Naxçıvan Muxtar Respublikasında baykot olundu.

Yenə deyirəm, bizim aramızda nadürüst adamlar da vardı. Hətta, xatirimdədir, Bakıda yaşayan naxçıvanlı alimlərdən bir neçəsi qəzetdə bəyanat verdi ki, güya Naxçıvanı Azərbaycandan ayırırlar. Belələri də oldu. Ancaq Naxçıvan Muxtar Respublikası əhalisinin əksəriyyəti müstəqillik, milli azadlıq yolunda Azərbaycanın milli azadlıq hərakatının, demək olar ki, ön sıralarında gedirdi.

Naxçıvan Muxtar Respublikası tərəfinden qəbul olunmuş ikinci cəsarətli qərar ondan ibarət idi ki, 1991-ci il avqustun 19-da o vaxt Sovetlər İttifaqı hələ var idi, - Moskvada qiyam cəhdi zamanı burada, Naxçıvanda azadlıqsevən insanlar kommunist hakimiyyətinin əleyhinə qalxdılar. Bu, yenə də deyirəm, naxçıvanlıların azadlıq və müstəqillik yolunda mübarizəsini bir daha nümayiş etdirir.

Mən Naxçıvana gəldim. Burada artıq deyildi ki, 1991-cı il sentyabrın 3-də Naxçıvanın Ali Məclisi məni sədr seçdi. Bir neçə çox kəskin qərar qəbul etdik. O qərarlardan biri də bu idi ki, Azərbaycanda keçirilən prezident seçkiləri Naxçıvanda ləğv olundu. O zaman Naxçıvana qarşı böyük hücumlar oldu, hətta Azərbaycan rəhbərliyi buraya böyük bir silahlı qüvvə göndərdi. Daxili İşlər Nazirliyindən böyük bir qrup zabit gəldi, Azərbaycanın deputatlarından ibarət böyük qrup, o cümlədən bir neçə general gəldi, Naxçıvanda vəziyyəti dəyişdirməyə çalışdılar. Ancaq biz öz qətiyyətimizi nümayiş etdirdik. Xatirinizdədir ki, o vaxt mən televiziya vasitəsilə bəyanat verdim və xəbərdarlıq etdim ki, Naxçıvanın qəbul etdiyi qərarı pozmaq, yaxud Naxçıvanda güc işlədib təzyiq göstərmək üçün gələn qüvvələr dərhal Naxçıvanı tərk etməlidirlər. Əgər tərk etməsələr, Naxçıvan Respublikasının əhalisi, vətəndaşları öz qətiyyətini, gücünü göstərəcəklər. Bununla da biz Naxçıvanda müstəqillik prinsiplərini bərqərar etdik. Düzdür, o vaxt Azərbaycanın başqa bölgələrinə də müstəqillik, azadlıq əhval-ruhiyyəsini yayırdıq, amma eyni zamanda Naxçıvana qarşı təzyiqlər, Naxçıvan haqqında böhtançı fikirlər də çox yayılırdı.

Naxçıvandan olan bir neçə adamı yenə də Azərbaycan televiziyasına, qəzetlərə çıxardılar, bəyanatlar verdilər ki, güya burada biz Konstitusiyanı, qanunu pozuruq. Ancaq biz düz yolla gedirdik və sonrakı dövr, sonrakı illər göstərdi ki, tutduğumuz yol düz yoldur.

Mən bu gün qeyd etmək istəyirəm ki, o illərdə, xüsusən 1990-1991-cı illərdə Naxçıvanda xalq hərəkatı çox güclü idi. Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edırdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan Muxtar Respublikası öz xidmətlərini göstərdi.

Ancaq bununla yanaşı, yəni Naxçıvan əhalisinin hamısının bütün bu məsələlərdə həmrəy olması ilə yanaşı, burada bəzi təxribatçı, Naxçıvanın sabitliyini pozmağa cəhd göstərən qüvvəler də vardı. Təəssüflər olsun ki, onların arasında vaxtilə Naxçıvanda xalq hərəkatında fəal iştirak etmiş adamlar da ol­du. Yəni vaxtilə Naxçıvanda milli azadlıq, müstəqillik uğrunda mübarizə edən şəxslər sonralar yollarından çıxdılar. Görünür, onlar tam iradəli adamlar olmamışdılar, ayrı-ayrı şəxsi məqsədlər güdmüşdülər. Ona görə də sonrakı dövrdə gəlib pis yollara düşdülər.

Burada artıq xatırlatdılar, məhz buna görə də 1992-ci il oktyabrın 24-də Naxçıvanda Xalq Cəbhəsinə mənsub olan silahlı dəstələr Naxçıvanın qanuni dövlət, hakimiyyətini devirməyə cəhd göstərdilər, Naxçıvanın Daxili İşlər Nazirliyini, televiziyasını zəbt etdilər, televiziya ilə çıxış etdilər, bəyanat verdilər. Ancaq onlar çox böyük səhvə yol verdilər. Başa düşmədilər ki, xalq onları artıq müdafiə edə bilməz. Onlar başa düşmədilər ki, xalq artıq kimin kim olduğunu müəyyən etmişdi. Bu gün mən bunu deməliyəm. Oktyabr ayının 24-ü Naxçıvan üçün ağır, faciəli gün idi. Dünən bizim yazıçılar yada saldılar ki, Hüseyn Cavidin anadan olmasının məhz 110-cu ildönümü günü Naxçıvana qarşı təxribat xarakterli belə hərəkət baş verdi.

O vaxt Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətdə idi. Kökü Naxçıvandan olan, indi də Naxçıvanın dağ kəndində - Kələkidə yaşayan Əbülfəz Elçibəy Azərbaycan prezidenti idi. Onun ətrafında da çoxlu naxçıvanlı vardı. Ancaq onlar nə Azərbaycan haqqında həqiqətən doğru-düzgün düşünə bildilər, nə də Naxçıvan haqqında. Öz şəxsi mənafelərini, məqsədlərini hər şeydən üstün tuturdular.

Həmin o Xalq Cəbhəsi Naxçıvanın iki böyük siyasi idarəsini zəbt edəndən sonra mən Əbülfəz Elçibəyə telefon etdim. Bir-iki saat içərisində onunla, ola bilər, yeddi-səkkiz dəfə telefonla danışdım. Ancaq gördüm ki, o, nəinki bu məsələnin qarşısını almaq istəmir, özü məsələnin iştirakçısıdır. O vaxt Azərbaycan Ali Sovetinin sədri olan İsa Qəmbərov ilə iki-üç dəfə danışdım, o da özünü belə göstərdi. Ancaq eyni zamanda, - indi mən bunu artıq deyə bilərəm, çünki o vaxt Naxçıvana rəhbərlik edirdim və imkanlarım var idi, eyni zamanda onlar mənə söz verdilər ki, bu işdən xəbərləri yoxdur və Xalq Cəbhəsinin bu cinayətkar hərəkətlərdən əl çəkməsi üçün ölçü götürəcəklər, eyni zamanda Əbülfəz Elçibəy də, İsa Qəmbərov da və başqaları da Xalq Cəbhəsi ilə telefon əlaqəsi saxlayır və deyirdilər bərk dayanın, dönməyin və hakimiyyəti ələ keçirin.

Görürsünüz, Naxçıvanda sağlam qüvvələr müstəqillik, azadlıq uğrunda mübarizə apardılar, Naxçıvanın müstəqilliyini də dünyaya nümayiş etdirdilər. Naxçıvanda baş vermis siyasi hadisələr Azərbaycanın müstəqilliyi üçün yol açdı. Amma eyni zamanda Naxçıvandan olan adamlar Naxçıvanı dağıtmağa, parçalamağa, bərbad etməyə də çalışdılar. O da həqiqətdir, bu da həqiqətdir, bunlar hamısı bizim tariximizdir. Ancaq ən xoşbəxt cəhət ondan ibarətdir ki, biz onların hamısının öhdəsindən gəldik, bütün bu çətinliklərdən keçdik. Naxçıvan yaşadı, blokadaya, şaxtalı aylara, günlərə dözdü, elektrik enerjisindən, qazdan olan məhrumiyyətlərə, çətinliklərə dözdü. Naxçıvan xalqı yaşadı və artıq bugünkü sabitlik gününə gəlib çıxdı.

Burada siz mənim xidmətlərim haqqında dediniz, çox sağ olun. Ancaq qeyd etmək istəyirəm ki, əgər siz olmasaydınız, qeyrətli, namuslu, vətənpərvər Naxçıvan camaatı, naxçıvanlılar olmasaydı, Heydər Əliyev tək heç bir şey edə bilməzdi. Siz mənə dayaq oldunuz, mən də sizə dayaq oldum. Bizim həmrəyliyimiz, birliyimiz Naxçıvanı o ağır dövrdən çıxardı.

Burada çox sözlər deyildi. Doğrudan da Naxçıvan işğal oluna, dağıla, parçalana bilərdi, Naxçıvanda qardaş qırğını ola bilərdi, hər şey ola bilərdi. Azərbaycanın bütün başqa bölgələrinə nisbətən Naxçıvanın vəziyyəti həddindən artıq çətin idi -coğrafi vəziyyətinə, blokada şəraitində olduğuna görə. Ancaq naxçıvanlıların, Naxçıvan əhalisinin tam əksəriyyətinin sağlam düşüncəsi, sağlam əhval-ruhiyyəsi, sağlam fikirləri, amalları bi­zim bu birliyimizi təmin etdi və Naxçıvan ağır vəziyyətdən çıxdı. Mən buna görə sizə təşəkkür edirəm. Bəli, günlər vardı ki, biz həftələrlə elektrik enerjisindən məhrum olurduq. Gecə saat ikiyə-üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar həqiqətən donurdular. Bizim bir çox müşavirələrimiz, hətta Ali Məclisin sessiyaları qış vaxtı keçiriləndə insanlar paltoda, papaqda otururdular, çünki vəziyyət həqiqətən çox ağır idi. Amma, yenə də deyirəm, naxçıvanlıların dözümlülüyü hamımızı bu vəziyyətdən çıxardı.

O illər biz bir-birimizə sədaqətimizi sübut etdik. Siz sübut etdiniz ki, öz torpağınıza, xalqnıza, millətinizə, müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz.

Üç il yarımdır ki, mən artıq Bakıdayam, Azərbaycanın rəhbərliyindəyəm. Xalq mənə etimad göstərdi, Azərbaycanın prezidenti seçdi. Mən bu etimadı çox yüksək qiymətləndirirəm. Bilirsiniz və bütün Azərbaycana bəyan etmişəm ki, Azərbaycana yenidən rəhbərlik etmək, prezident seçilmək niyyətində olmamışam. Ancaq şərait və yaranmış vəziyyət bunu məndən tələb etdi və mən də bununla razı oldum. Bir halda ki, bu vəzifəni öz üzərimə götürmüşəm, sizə də deyirəm, bir daha bütün Azərbaycan vətəndaşlarına bildirirəm ki, bu vəzifəni, bu etimadı daim doğrultmağa çalışacağam və əmin ola bilərsiniz, Azərbaycan xalqının e'timadını həmişə doğruldacağam.

Son üç il yarım müddətində Azərbaycanda görülən işlər göz qabağındadır. Azərbaycanın ağır problemləri var. Amma eyni zamanda bu üç il müddətində Azərbaycan çox böyük yol keçibdir. Doğrudur bu yol böyük maneələrlə, çətinliklərlə dolu olubdur. Yaxşı bilirsiniz ki, əgər 1993-cü ilin iyununda biz Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan xilas etdiksə, 1994-cü ilin oktyabrında Azərbaycanda yenidən dövlət çevrilişi cəhdi meydana çıxdı. Bunun qarşısı alındı. 1995-ci ilin martında Azərbaycanda yenidən dövlət çevrilişi etmək istədilər, bunun da qarşısı alındı. Ondan sonra cürbəcür təxribatlar, terror aktları həyata keçirməyə çalışdılar. Bunların da qarşısı alındı. Şübhəsiz ki, indi də Azərbaycanı dağıtmaq, respublikamıza zərbə vurmaq istəyən quvvələr çoxdur. Bunlar xaricdə də çoxdur, təəssüflər olsun ki, daxildə də çoxdur. Təəsslif olsun. O cümlədən terror aktları həyata kecirmək cəhdləri də müşahidə olunur.

Terror haqqında deyəndə, bilirsiniz, mən ürək ağrısı ilə xatırlayıram ki, bir tərəfdən 1990-cı ildə mən Naxçıvana gələrkən Naxçıvan məni bağrına basdı, qucaqladı və mən burada özümə, demək olar, sığınacaq tapdım, sizinlə bir yerdə yaşadım. Amma ikinci tərəfdən xalq məni Azərbaycana dəvət edəndən sonra, Azərbaycanda vəziyyəti düzəltmək prosesi gedən zaman mənə qarşı terror aktı həyata keçirmək cəhdi aşkara çıxdı. Təəssüflər olsun ki, bu terror aktını hazırlayanlar və həyata keçirmək istəyənlər bizim əziz Naxçıvan torpağından olan insanlar olublar. (Yerdənsəs: İki nəfər idilər). Burada dedilər, onlar iki nəfər deyildi, beş, yaxud altı nəfər idi. Onların hamısı həbs olunubdur. Türkiyədən çağırılmış bir nəfər - Ərzurum Universitetinin tələbəsi də həbs olunub, cəzalanıbdır. Ancaq onu çağıranlar da bizim naxçıvanlılar olublar.

Ancaq təkçə bir bu deyil. Təəssüflər olsun ki, Naxçıvan torpağından çıxmış ayrı-ayrı adamlar bizim işlərimizə maneçilik etməyə, qanun pozuntularına əl atmağa çalışırlar. Bu, təbiidir, çünki hər yerdə yaxşı insanlar da, pis insanlar da var. Heç də demək olmaz ki, Naxçıvanda olan insanların hamısı yaxşıdır, yox. Bu, düzgün olmazdı. Yaxud da demək olmaz ki, Azərbaycanın hansısa bölgəsindən olan insanlar pis insanlardır, bu da düzgün olmazdı, Azərbaycanın hər yerində çox dəyərli, qeyrətli, namuslu, vətənpərvər, Azərbaycanın müstəqilliyi uğrunda çalışan, vuruşan, mübarizə aparan insanlar var. Amma eyni zamanda, Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda da nadanlar, nadürüstlər, öz şəxsi məqsədlərinə görə xalqın, millətin mənafeyini tapdalamağa və qurban verməyə hazır olan adamlar da var. Təəssüf ki, bunlar da var. Onlar bu gün də var və bilmək lazımdır ki, sabah da olacaqlar. Biz heç vaxt onlardan xilas ola bilməyəcəyik, bu insanlar var. Ona görə də bu gün nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycan xalqının tam əksəriyyəti Azərbaycan dövlətinin siyasətini müdafiə edir, Azərbaycan prezidentinin fəaliyyətini müdafiə edir və onu dəstəkləyir. Bu bizim ən böyük nailiyyətimizdir.

Ancaq o şəxslər ki, müxalifətdə olmaqdan savayı düşmənçilik, terrorçuluq hərəkətlərinə əl atırlar, onlar cinayətkardırlar. Bizim cəmiyyətimiz demokratik cəmiyyətdir. Şübhəsiz ki, bu cəmiyyətdə iqtidara müxalif qüvvələrin olması təbii haldır və biz bunu qeyri-təbii hesab etmirik. Azərbaycanda otuzdan çox siyasi partiya qeydə alınıbdır, onların bir çoxu indiki iqtidara müxalifətdədir, qəzetlər çıxarırlar, cürbəcür siyasi fəaliyyət göstərirlər. Qanun çərçivəsində bunların heç birisinə etiraz yoxdur. Ancaq özlərini müxalifət hesab edən adamlar terrora, təxribata əl atırlarsa, dövlət çevrilişinə cəhd göstərmək istəyirlərsə, artıq bunlar müxalifət deyil, cinayətkarlardır. Cinayətkarlara qarşı mübarizəmiz indiyə qədər olduğu kimi, bundan sonra da kəskin olacaqdır. Fərqi yoxdur, o, Naxçıvandandır, Gəncədəndir, Bakıdandır, Şəkidəndir, Qubadandır, yaxud başqa bir yerdəndir - cinayətkar cinayətkardır, qanun əleyhinə çıxan qanun əleyhinə çıxandır və burada heç kəsə fərq qoymaq olmaz.

Bir də qeyd edirəm, bu müddətdə görülən işlər sizə məlumdur. Bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur. Ancaq onu qeyd etmək istəyirəm ki, Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənibdir. Azərbaycan dünya miqyasında, dünya birliyində özünəlayiq yer tutubdur. Azərbaycanın ən ağır problemi olan Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün lazımı tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Bu barədə Azərbaycanın mövqeyi prinsipialdır, qətidir. Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan silahlı qüvvələri çıxarılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilməli, sərhədlərinin toxunulmazlığı təmin olunmalı, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz elinə-obasına qayıtmalıdırlar. Dağlıq Qarabağ Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin tərkibində yüksək muxtariyyət statusuna malik ola bilər. Biz bu prinsiplər əsasında danışıqlar aparırıq və bundan sonra da danışıqları bu prinsiplər əsasında davam etdirəcəyik. Bildirmək istəyirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünyanın böyük dövlətləri bu prinsipləri qəbul edirlər və bizim prinsiplərimiz gündən-günə müdafiə olunur və bu məsələnin həll edilməsi üçün sülh yolundan başqa yol olmaması dərk edilibdir.

Azərbaycanda demokratik hüquqi dövlət qurulur. Biz konstitusiyamızı qəbul etmişik, demokratik prinsiplər əsasında parlament seçmışik. Azərbaycanda demokratik proseslər inkişaf edir, bazar iqtisadiyyatı bərqərar olur, iqtisadi islahatlar keçirilir və bunlar artıq öz bəhrəsini verir. İqtisadi islahatların nəticələrini artıq siz Naxçıvan Muxtar Respublikasının həyatında da hiss edirsiniz.

Qəbul olunmuş qanunlar, özəlləşdirmə proqramı, torpaq islahatı haqqında qanun, başqa qanunlar yaxın müddətdə iki-üç il içərisində Azərbaycanın iqtisadiyyatında böyük dəyişikliklər meydana çıxaracaqdır. Yolumuz bu yoldur, biz bu yolla gedirik və hesab edirəm ki, bu yolda da böyük nailiyyətlər əldə edəcəyik. Bir sozlə, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etməsi yolunda görülən tədbirlər öz nəticəsini verir və biz bu yolla da dövlətimizi, ölkəmizi, respublikamızı inkişaf etdirəcəyık. İqtisadi çətinliklər, iqtisadi problemlər tədricən aradan götürüləcəkdir. Siz artıq bunun şahidisiniz və güman edirəm ki, həyata keçirilən tədbirlər öz nəticəsini verəcəkdir.

Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən tədbirlərin nəticəsini mən yüksək qiymətləndirirəm. Burada qeyd olundu, Azərbaycanda bu məsələlər, necə deyərlər, hələ baxılmamış vəziyyətdə olduğu halda, biz 1992-ci ildə burada özəlləşdirmə haqqında qanun qəbul etdik. Kolxozlarda, sovxozlarda olan mal-qaranın əhaliyə satılması, torpaqların əhaliyə verilməsi haqqında qanunlar qəbul etdik. Artıq onlar öz nəticələrini veribdır.

Naxçıvanın Türkiyə ilə, İranla əlaqələrinin genişlənməsi onun iqtisadiyyatına çox kömək edirdi. Siz bunların da nəticələrini artıq görürsünüz.

Hesab edırəm ki, islahatlar Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bundan sonra sürətlə həyata keçiriləcək və mən tam əminəm ki, öz müsbət nəticəsini verəcək, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı da tədricən inkişaf edəcək və insanların rifah halı da yaxşılaşacaqdır.

Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Ali Məclis, Nazirlər Kabineti tərəfindən, yerli hakimiyyət orqanları tərəfindən son vaxtlar həyata keçirilən tədbirlər şəxsən məni sevindirir. Onların müsbət nəticəsi sizin gözünüz qarşısmdadır. Mən bu barədə mütəmadi olaraq məlumatlar alıram və bu işlərə nəzarət edirəm. Amma eyni zamanda dünən də, bu gün də Naxçıvan şəhərində artıq baş vermis böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Bu işlərə görə sizi təbrik edirəm. He­sab edirəm ki, Naxçıvan Muxtar Respublikasının dövlət rəhbərliyi düzgün yoldadır. Siz birlikdə bu yolla böyük nailiyyətlər əldə edə biləcəksiniz.

Müstəqil Azərbaycan Respublikasının yeni qəbul olunmuş ilk Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusu müəyyən olunubdur. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasının statusu vaxtilə beynəlxalq müqavilələr əsasında müəyyən edilmişdir: Naxçıvan muxtar respublikadır, Azərbaycanın tərkibindədır. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz. Təəssüflər olsun ki, Naxçıvan Muxtar Respublikasından çıxmış insanlar Xalq Cəbhəsinin hakimiyyəti dövründə muxtar respublikanı qoruyub saxlamaq, onun statusunu möhkəmləndirmək əvəzinə, yalnız və yalnız öz şəxsi məqsədlərinə nail olmaq üçün bir muxtar respublika kimi onu ləğv etmək cəhdləri göstərməyə başladılar.

Xatırlayırsınız, 1992-ci ilin oktyabrında Naxçıvanda dövlət çevrilişinə cəhd göstəriləndən sonra biz Ali Məclisin sessiyasını keçirdik. O vaxt Azərbaycandan nümayəndələr gəlmişdi, onların əksəriyyəti naxçıvanlılar, Xalq Cəbhəsinin hakimiyyəti vaxtı böyük vəzifələr tutan adamlar idi. Ancaq gənc, təcrübəsiz, necə deyərlər, burnu yelli adamlar idilər. Onlar açıq-aşkar belə bir fikır irəli sürürdülər ki, güya Azərbaycan unitar dövlətdir, unitar dövlət daxilində heç bir muxtariyyət hüququ ola bilməz, ona görə də Naxçıvan Muxtar Respublikası ləğv olunmalıdır.

Amma Naxçıvan Muxtar Respublikası nə olacaqdır - Azərbaycanın bütün digər ərazisindən ayrılmış, blokada şəraitində olan bir yer. Siz Naxçıvanı blokadadan çıxarmağa, vəziyyətini düzəltməyə çalışın. Naxçıvanlılar şaxtadan donurlar, ərzaq çətinliklərindən acından ölmək vəziyyətinə gəlib düşüblər, siz gəlibsiniz ki, Naxçıvan Muxtar Respublikasının statusunu dəyişmək, muxtar respublikanı ləğv etmək lazımdır. Görürsünüz, belə nankorlar var. Bunu ancaq naxçıvanlılar edirdilər, bilin.

Şübhəsiz ki, mən bunun qarşısını aldım. Həm qarşısını aldım, həm də onların cavablarını verdim. Xatirimdədir, o vaxt Ali Məclisin sessiyalarında bu danışıqlar getdi, mənimlə bərabər Naxçıvan Muxtar Respublikasının qeyrətli, namuslu insanları, Ali Məclisin deputatları da öz sözlarini dedilər. Ancaq təsəvvür edin, o hakimiyyət davam etsəydi, o insanlar vəzifələrində qalmış olsaydılar, Naxçıvan Muxtar Respublikasının sta­tusunu saxlamaq üçün nə qədər mübarizə aparmaq lazım olacaqdı. Mən əminəm ki, onlar heç bir şeyə nail ola bilməzdilər. Əminəm ki, biz naxçıvanlılar muxtar respublikanın statusunu qoruyub saxlayacaqdıq. Ancaq xalqına, torpağına, doğma anasına bu qədər xəyanət edən insanlar insan hesab oluna bilərlərmi? Onların naxçıvanlı adı daşımağa haqqı varmı? Onların Naxçıvan torpağına ayaq basmağa haqqı varmı? Yoxdur! Biz də bu işlərdə prinsipial olmalıyıq, siz də o adamların, necə deyərlər, basıb göz-qaşını çıxartmalısınız.

Bütün bunlara görə də keçən ilin noyabrında qəbul edilmiş Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu müəyyən edilibdir. Əbədi müəyyən olunubdur - Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bu Konstitusiya ümumxalq referendumu vasitəsilə qəbul olunubdur və onu bundan sonra heç kəs poza, dəyişə bilməz.

Mən bu gün dedim ki, naxçıvanlıların 1989-1990-cı illərdən sonra atdıqları bir çox addımlara, xüsusən müstəqillik, milli azadlıq yolunda atdıqları addımlara, qəbul etdiklərı qərarlara görə fəxr etməyə haqları var. Eyni zamanda bu heç bir naxçıvanlıya müstəsna hüquq vermir. Ancaq bəzən eşidirəm, mənə siqnallar gəlir, - ayrı-ayrı adamlar, xüsusən Bakıda yaşayan ayrı-ayrı naxçıvanlılar güya özlərinə xüsusi, müstəsna hüquqi şəxs kimi baxır, qanunu pozurlar, beləliklə də naxçıvanlıların adını ləkələyirlər. Belə hallar var. Təəssüf olsun ki, o insanlar Naxçıvana heç bir xidmət etməyiblər, Naxçıvanın ağır, əziyyətli dövründə Naxçıvana heç baş çəkməyiblər, gəlməyiblər. İndi Naxçıvan Muxtar Respublikasının Azərbaycan miqyasında göstərdiyi bu xidmətlərdən və o cümlədən Azərbaycan Prezidentinin vəzifəsindən sui-istifadə etməyə çalışır, beləliklə, bizim torpağımızın, Naxçıvanın adını ləkələyirlər, Azərbaycan prezidentinin adını ləkələyirlər.

(Yerden səslər: Ar olsun, ar olsun!)

Mən bu sözü burada deyirəm, ona görə ki, bu məni narahat edir. Azərbaycan Respublikasında hər bir vətəndaş eyni hüquqa malikdir. Heç kəs keçmiş xidmətlərinə, vəzifəsinə, doğulduğu yerə görə, yaxud başqa səbəblərə görə müstəsna hüquqa malik deyil, ola da bilməz. Biz demokratiya qururuq, hamı eyni hüquqa malikdir, hamı qanuna tabe olmalı, qanun çərçivəsində işləməlidir. Əgər kim isə hansısa bir vəzifəsindən, yaxud da ki, başqa bir mövqeyindən sui-istifadə edirsə, şübhəsiz ki, o, özü-özünə, valideynlərinə, xalqına, doğulduğu yerə xəyanət edir. Bunlara yol vermək olmaz.

Ona gürə mən istərdim ki, siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyasınız. Şərəflə daşımaq o deməkdir ki, gərək hər bir kəs qa­nun çərçivəsində hərəkət etsin, qanuna tabe olsun, qanunu möhkəmləndirsin, müstəqilliyimizi möhkəmləndirsin. Heç vaxt, heç bir vəchlə öz vəzifəsindən, imkanlarından sui-istifadə etməsin. Mən sizdən rica edirəm, bu halların qarşısını alasınız. Çünki bu siqnallar vaxtaşırı mənə gəlir. Amma sizin isə imkanlarınız var ki, belə şeylərin qarşısını yerində alasınız.

Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq olacağam. Azərbaycanın dövlət müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır.

Sizi, bütün Azərbaycan xalqını Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq uğrunda, onu möhkəmləndirmək, inkişaf etdirmək üçün, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycanı daha da yüksəklərə qaldırmaq üçün birliyə, həmrəyliyə dəvət edirəm.

Qədim Naxçıvan torpağına eşq olsun!

Yaşasın müstəqil Azərbaycan!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış