"Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edərkən söhbətindən" (Bakı, 1 may 2000-ci il) sənədinə tarixi arayış


1 may 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda öz iqamətgahında Beynəlxalq Valyuta Fondunun II Avropa departamentinin direktoru Con Odinq-Cminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qəbulda tərəflər arasında BVF ilə Azərbaycan hökuməti arasında maliyyə-kredit münasibətləri, iqtisadi islahatların həyata keçirilməsi məsələləri və ölkənin iqtisadi inkişaf perspektivləri müzakirə edilib. Qeyd edək ki, beynəlxalq maliyyə qurumunun Azərbaycanda, Bakıda nümayəndəliyi artıq on beş ildir fəaliyyət göstərir. Azərbaycan Prezidenti H.Əliyev bu görüşdən bir neçə ay əvvəl BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Devid Oueni də qəbul edərək (31 yanvar 2000-ci il) 2000-ci ildə əməkdaşlığın perspektivlərini müzakirə edib. Məsələ burasındadır ki, BVF ona üzv olan və keçid iqtisadiyyatı şəraitində yaşayan ölkələrə maliyyə yardımları ilə yanaşı, həm də konkret şərait üçün öz tövsiyələrini də verir və bunlara əməl etmək növbəti kredit tranşlarını əldə etməyə imkan yaradır. Lakin 1999-cu ildə dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bir çox neft ixrac edən ölkələr iqtisadi böhranla üzləşsə də bundan Azərbaycan iqtisadiyyatına xüsusi ziyan dəymədi. Bunun da səbəbi dünya iqtisadiyyatında bu cür enmə və qalxmaların Azərbaycanın dövlət büdcəsi hazırlanarkən nəzərə alınması idi. Qeyd edək ki, neftin qiymətinin gözlənilmədən dəyişməsi Asiya ölkələrinin bir çoxunda və Rusiyada ciddi iqtisadi böhrana səbəb oldu. Hazırda ildə 40 milyon ton neft hasil etmək imkanına malik olan Azərbaycan Respublikası dünya bazarında bu cür dəyişmələrin baş vermə ehtimalını nəzərə daim alır. (http://www.socar.gov.az/)

Hazırda BVF tərəfindən ‎Azərbaycan hökumətinə təqdim edilən kreditlər müqavilədə nəzərdə tutulan vaxtda hər ‎il gecikdirilmədən ödənilir. Odur ki, bu müddət ərzində Azərbaycan hökuməti ilə BVF ‎arasında səmərəli əməkdaşlıq münasibətləri formalaşıb. Bu fakt isə Azərbaycan ‎iqtisadiyyatının dinamik inkişaf mexanizminə malik olmasından xəbər verir.‎ (http://www.trend.capital.az/)

Qəbulda Heydər Əliyev Azərbaycanın BVF ilə qarşılıqlı əməkdaşlığını pozitiv qiymətləndirərək deyib: "Son illər Azərbaycanda həyata keçirdiyimiz iqtisadi siyasətimizdə, maliyyə siyasətimizdə, iqtisadi islahatların aparılmasında Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımızın çox böyük əhəmiyyəti var". 

Ümumiyyətlə, BVF-nin Azərbaycan hökuməti ilə danışıqlarında ölkədə sənayenin inkişaf ‎etdirilməsi, dövlət banklarının özəlləşdirilməsi, su və enerji təchizatı problemlərinin ‎həlli və bu sistemlərdə islahatların aparılması zərurəti, dövlət strukturunda islahatlar, ‎neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək, Neft Fondunun ‎fəaliyyətində şəffaflıq və sair istiqamətlər prioritet təşkil edir.‎ (http://www.imf.az.com/)

Hazırda BVF Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, BMT ‎İnkişaf Proqramı və Dünya Bankı ilə birgə əməkdaşlıq proqramı çərçivəsində ‎Azərbaycanda 2006-2015-ci illəri əhatə edəcək uzunmüddətli inkişaf strategiyasının ‎işlənib hazırlanmasını qarşıya məqsəd qoyub. Strategiyada Azərbaycan hökuməti ilə ‎birgə əməkdaşlıq əsasında 2015-ci ilə qədər yoxsulluğun azaldılması və davamlı inkişaf ‎üzrə ölkənin konkret hədəflər, o cümlədən ölkə üçün özünəməxsus Minilliyin İnkişaf ‎Məqsədləri (MİM) hədəflərinə nail olmağın prioritetləri müəyyənləşdiriləcək. ‎(http://www.azerbaijan.com/)

Tarixi arayış 31 yanvar 2008-ci ildə tərtib edilib.