Selahettin Dikmen Ali. “HEYDƏR ƏLİYEYİN DİPLOMATİK BAXIŞLARI” (2008)


23.00.04 -Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri

Siyasi elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin

A V T O R E F E R A T I

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Tədqiqat mövzusunun aktuallığı. Bəşəriyyətin inkişaf tarixinin səhifələri müxtəlif şəxsiyyətlərin, görkəmli dövlət və siyasi xadimlərin, elm və mədəniyyət korifeylərinin həyat və fəaliyyətinə dair çoxsaylı materiallarla zəngindir. Bunlar tarixi inkişafın gedişinə onu istiqamətləndirmək dərəcəsinədək təsir göstərən, bununla da həyat və fəaliyyətləri beynəlmiləlləşən şəxsiyyətlərdir.

XX əsr nəhənglərindən olan Heydər Əliyev insanlıq tarixində çox nadir yetişən dahi şəxsiyyətlərdən biridir. Azərbaycanın yetişdirdiyi və türk dünyasının da haqlı olaraq fəxr etdiyi bu fenomen şəxsiyyətin özünəməxsus yerinin olduğu da şübhəsizdir.

Azərbaycanın Naxçıvan torpağında 1923-cu il mayın 10-da dünyaya göz açan Heydər Əliyev hələ gənc yaşlarından həyatın çətinliklərinə hazır olmuşdur.

Xüsusən, Heydər Əliyev hələ erkən yaşlarında müstəqilliyi, məsuliyyəti öz üzərinə götürmək qabiliyyəti ilə seçilirdi. Heydər Əliyevdən yaşca çox böyük olanlar onun Bakıdan Naxçıvana gəlişini həsrətlə gözləyirdilər. Heydər Əliyevin görüşünə müxtəlif nəsilllərinin nümayəndələri toplaşırdı. Onun sadə dillə apardığı izahatdan sonra camaat ümidlə evlərinə dağılışırdı.

Müstəqil həyata dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlamaqla qədəm qoyan Heydər Əliyev çox çətin və məsuliyyətli, lakin şərəfli həyat yolu yaşamışdı. 1944-cü ildə Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetində şöbə müdirliyindən Azərbaycan DTK-ya işə keçən Heydər Əliyev 1964-cü ildə DTK-nın sədr müavini, 1967-ci ildə isə sədri təyin edilir.(H.Əliyev Azərbaycanı dünyaya tanıdır. Bakı, Azərnəşr,1994, s. 6-7)

Təhlükəsizlik orqanında ən aşağı pillədən fəaliyyətə başlayan Heydər Əliyev bütün mərhələləri uğurla keçərək leytenantdan general-leytenanta, sıravi əməkdaşdan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Sədri vəzifəsinədək yüksəldi.

Heydər Əliyev ilk türk, ilk müsəlman idi ki, bütün maneələri dəf edərək DTK-nın sədri vəzifəsinə yüksəlmişdi. Totalitarizm dövründə qeyri-rus millətindən olan adamların belə yüksəlişi nadir hadisə olub, «dəmir mərkəz»in iradəsinə zidd idi.

Azərbaycanlı kadrlar üçün bu yolu Heydər Əliyev açmışdı, öz üzərinə götürdüyü vəzifənin öhdəsindən məharətlə gəlmişdi. Sonralar Yeni Azərbaycan Partiyasının I qurultayındakı çıxışı zamanı keçdiyi həyat yolundan danışan Heydər Əliyev qarşılaşdığı çətinliklərdən bəhs edərək qeyd edirdi ki, «mənim həyatım hamınıza məlumdur, onun ürəkaçan səhifələri olduğu kimi, çox ağır, çətin və təhlükəli illəri də olmuşdur» (Abbasbəyli A. Azərbaycan mənim ürəyimdir. Bakı, Azərnəşr, 2002, s. 81)   

Heydər Əliyevin, keçmiş xidmət yoldaşları öz sədrləri haqqında fəxrlə danışır, onun sədrliyi altında işlədikləri dövrləri böyük həyat məktəbi adlandırırdılar. Heydər Əliyev haqqında deyilənləri oğlu, yeni nəslin siyasi xadimlərindən olan İlham Əliyevin fikri ilə tamamlamaq istərdim. ANS televiziya müxbirinin suallarına cavab olaraq İlham Əliyev demişdi ki, «Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir, lakin bu həm də höyük məsuliyyət deməkdir. Mən hələ uşaqlıqdan bu məsuliyyətlə yaşayıram». (Yenə orada)    

Liderlər əsri olan XX yüzillikdə lider kimi seçilmək Heydər Əliyevin fövqəlbəşər əməlləri, onun dövlətçilik və ictimai-siyasi fəaliyyətinin əbədiliyi və həmişəyaşarlığı ilə ölçülmüşdür.

Türkiyə Respublikasının doqquzuncu prezidenti Süleyman Dəmirəl (1993-2000) Heydər Əliyev fenomeninin mahiyyətindən bəhs edərək qeyd edirdi ki, «Heydər Əliyev öz ölkəsində və regionda böyük bir lider olduğunu sübut etmişdir, bu hamı tərəfindən qəbul edilmiş bir həqiqətdir» (Heydər Əliyev və Şərq/ Müəllif-tərtibçilər: Q. Allahverdiyev, V.Sultanzadə VI cilddə . II kitab. Türkiyə. Bakı, Çaşıoğlu, 2005, s. 2)

Bir siyasi xadim kimi, Heydər Əliyevin dövlətçilik yolunun başlanğıcında Azərbaycan KP MK-nın 1969-cu ilin iyul və avqust plenumları durur, məhz həmin plenumdan sonra respublikaya Heydər Əliyev rəhbərlik etməyə başlayır. Sovet totalitarizmin durğunluq dövründə Heydər Əliyevin siyasi olimpdə peyda olması sanki partlayışa bənzər hadisə olub bütün cəmiyyəti silkələmişdi hər yerdə, həm Azərbaycanda, həm də İttifaqda hamı ondan danışırdı. Konkret həyat reallıqlarından çıxış edən Heydər Əliyevin sübut və nəticələrinin dəqiqliyi, problemləri təhlil etmək və düzgün qiymətləndirmək bacarığı , həyat həqiqətlərinə yanaşma və onları qiymətləndirmə istedadı, ədalət meyarları göstərirdi ki, sovet üfüqlərində yeni kəhkəşan doğulmaqdadır.

Heydər Əliyevin Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumundakı çıxışı təkcə, Azərbaycanda deyil, bütövlükdə sovet cəmiyyətində yaranmış neqativ halların və çatışmazlıqların təhlilinə, habelə onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsinə həsr olunmuşdu.

1969-cu il iyul plenumundan on il sonra, yəni 1979-cu ilin aprelində ideoloji problemlərə həsr olunmuş Ümumittifaq konfransındakı məşhur məruzəsində Heydər Əliyev bütün dünya qarşısında təntənəli şəkildə xalq rəhbərinin, liderin necəliyini nümayiş etdirdi. (Abbasbəyli A. Azərbaycan mənim ürəyimdir. s 82-83)

Öz siyasi baxışları və kredosu olan Heydər Əliyev standart qəliblərə, sığmayan şəxsiyyətdir.

Şəxsi keyfiyyətləri Heydər Əliyevi daim diqqət mərkəzində saxlayırdı. Məhz bunun nəticəsində, o SSR İttifaqının rəhbərləri içərisində ön sıralara keçmiş, 1982-ci ildə Sov. İKP MK siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifələrinədək yüksəlmişdi. Heydər Əliyevin məziyyətlərindən bəhs edən keçmiş SSRİ Təhsil Komitəsinin sədri G.Yaqodin komitənin kollegiya iclasından sonra yazırdı ki, kollegiyada onun geniş analitik çıxışı, problemi dərindən bilməsi, onun istiqamətlərini, inkişaf yollarını düzgün göstərməsi, məsələlərə tənqidi münasibəti bizi heyrətə salmışdı. Məhz həmin çıxışdan sonra biz ilk dəfə olaraq hiss etdik ki, dərin yuxudan ayılmışıq, daha əvvəlki kimi işləməməliyik.(Abbasbəyli A. Azərbaycan müasir dövrdə. Bakı, Hərbi nəşriyyat, 1998, s. 11)

Heydər Əliyevin dövlətçilik fəaliyyətinin 1982-1987-ci illər dövrü Moskva ilə bağlı olmuşdur. Xalq şairi B.Vahabzadə onu Azərbaycanın Moskvadakı qalası adlandırmaqla səhv etmirdi, onun liderlik qabiliyyəti, hadisələri etmək bacarığı, beynəlxalq aləmdəki nüfuzu sovet rəhbərliyində yenicə hakimiyyətə gəlmiş M.Qorbaçovu və onun erməni əhatəsini ciddi şəkildə narahat edirdi. Belə ki, onların birlikdə iştirak etdiyi sonuncu Sov. İKP MK. plenumunda Heydər Əliyevin müdrikcəsinə dediyi aşağıdakı sözlər zaman etibarı ilə qısa müddətdə özünü doğrultdu: «Siz Əliyevə nöqtə qoymağa tələsməyin! Siz hələ mənim haqqımda eşidəcəksiniz» (Yenə orada, s.46)

90-cı illərin əvvəllərində Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra daxili və xarici irticanın təcavüzünə baxmayaraq, qazanılmış dövlətçiliyin taleyi uğurlu oldu. Bu tarixi hadisə ilə bağlı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev «Həyat» qəzetinin redaksiyasına aşağıdakı məzmunda teleqram göndərdi: «Naxçıvan əhalisi... Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu tarixi hadisə kimi qəbul edir. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər» (Əliyeva İ. Müstəqilliyimizin təminatçısı (Məqalələr, çıxışlar, müsahibələr, rəylər...). Bakı, Təhsil, 2003, s.24)

Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi tarixinin yeni səhifəsinin başlanğıcı oldu. Artıq bu dövrdə respublikada ictimai-siyasi sabitlik pozulmuş, iqtisadi böhran sosial sarsıntıları şərtləndirmiş, Ermənistanın Azərbaycana qarşı başladığı elan olunmamış müharibə nəticəsində 1 mln nəfərdən yuxarı soydaş qaçqın düşmüş, ölkə torpaqlarının 20%-i düşmən tərəfindən işğal olunmuşdu. Məhz bu zaman yenidən hakimiyyətə qayıdan Heydər Əliyev siyasi iradəsinin və dövlətçilik təcrübəsinin və diplomatiyasının gücü ilə Azərbaycanı düşdüyü vəziyyətdən qurtarmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində müvəqqəti atəşkəsin yaradılması ilə xalqın genefondu qorunmuş, ümumiyyətlə, bölgədə sabitlik yaranmışdır.

Ümumiyyətlə, tədqiqatçılar Heydər Əliyevin həyat yolunu aşağıdakı mərhələlərə bölürlər:

  1. 1969-cu ilə qədərki dövr;
  2. 1969-1982-ci illər dövrü; 
  3. 1982-1987-ci illər dövrü;
  4. 1987-1990-cı illər dövrü;
  5. 1990-1993-cü illər dövrü;
  6. 1993-2003-cü illər dövrü. (Mahmudov Y. Heydər Əliyev - dünya tarixinin azərbaycanlı dahisi// Dirçəliş-XXI əsr, 2003, №69, s. 23-41)

Göründüyü kimi, mərhələlərin içərisində yalnız 1982-1990-cı illərdə Heydər Əliyev Azərbaycandan kənarda olmuş, lakin Azərbaycan xalqına həmişə bağlı olmuşdur. Çünki siyasi lider xalqın, vətənin qeyrətini çəkən, onun gələcək inkişaf yollarını müəyyənləşdirən şəxsiyyətdir. Bu mənada tarixdəki çoxsaylı personajlarla yanaşı Heydər Əliyev fenomeninin öyrənilməsi də Azərbaycanın gələcəyi baxımından öz aktuallığını itirməyəcək, gələcək nəsillər bu mövzuya zaman-zaman müraciət edəcəklər.

Heydər Əliyevin həyat yolunun öyrənilməsi, onun türkdilli respublikaların birliyi uğrunda mübarizəsi, Azərbaycan-Türkiyə qardaşlığının salnaməsinin yazılması baxımından da önəmlidir. Heydər Əliyev deyirdi: «Azərbaycan xalqı Türkiyə-Azərbaycan dostluğuna həmişə sadiq olacaqdır. Dəfələrlə dediyimiz «biz bir millət, iki dövlətik» sözləri hər bir azərbaycanlının qulağında səslənməlidir. İndiyə qədər atdığımız addımlar və bundan sonra görəcəyimiz işlər də Türkiyə-Azərbaycan dostluğunu daha da gücləndirəcək, yüksəklərə qaldıracaqdır. (Heydər Əliyev və Şərq. / Müəllif-tərtibçilər: Q.Allahverdiyev, V.Sultanzadə. VI cilddə. II kitab. Türkiyə. Bakı, Çaşıoğlu, 2005, s. 13)

Mövzunun işlənmə dərəcəsi. Mövzu ilə bağlı tədqiqatların genişliyinə baxmayaraq, onun bu şəkildə araşdırılması türk və Azərbaycan politoloji fikrində yeni istiqamət hesab oluna bilər. Heydər Əliyev dünya səviyyəli siyasi liderlərin sırasındadır. Bu mənada, onu şəxsiyyətinin öyrənilməsi ilə mövzular bitib tükənməyəcək və həmişə öz aktuallığını saxlayacaqdır.

Dissertasiya mövzusu üzərində işlənərkən Azərbaycan, türk, rus və xarici dillərdəki çoxsaylı ədəbiyyat və qaynaqlara müraciət olunmuş, qruplaşdırılmış və kütləvi informasiya vasitələrinin materiallarından geniş şəkildə istifadə olunmuşdur. Müxtəlif ölkələrdə dərc olunmuş ədəbiyyatlar və mənbələrin çoxluğu mövzunun mahiyyətinin daha da müfəssəl açılmasına və araşdırılmasına imkan vermişdir.(Əhmədov M. Azərbaycan: yeni neft erası və beynəlxalq siyasət. Bakı, Azərnəşr, 1997; Mehdizadə M. Beynəlmiləl siyasətdə petrol. Bakı, Azərnəşr, 1994;)

Mövzuya dair Azərbaycan, Türkiyə, Rusiya, qərb ölkələri və s. kütləvi- informasiya vasitələrinin materiallarından istifadə olunmuş, bir sıra tədqiqat əsərləri araşdırma obyektinə çevrilmiş və tənqidi təhlil süzgəcindən keçirilmişdir. Azərbaycan tədqiqatçılarından R.Mehdiyev, Ə.Həsənov, S.Qəndilov, H.Hüseynova, F.Abdullazadə, A.Abbasbəyli, E.Nəsirov, İ.Əliyev,V.Abdullayev, R.Mustafayev, E.Əhmədov, N.Ələkbərova, N.Cəfərov, İ.Hüseynova, Türkiyədən tədqiqatçı-jurnalist İ.Ülkü, qərb tədqiqatçılarından Z.Bjezinski, rus tədqiqatçılarından A.Çernyavski, Xəzər regionunda etno-siyasi münaqişələr üzrə tanınmış tədqiqatçı Svante Korneli və digər alimlərin elmi materiallarından istifadə edilmişdir. (Abbasbəyli A. Azərbaycanın gələcəyi naminə. B., Azərnəşr, 2001, 96 s.; Abbasbəyli A. Qafqaz geostrategiya məkanında. B., Azərnəşr, 2003, 232 s.; Mirzəzadə R.S. Azərbaycanı dünyaya saydıran insan. B., Göytürk, 1999, 348 s.; Baymirza Hayit. Türkistan devletlerinin milli mücadeleleri tarihi. Ankara., türk tarihi kurumu basımevi, 1995, 448 s.; Mehmet Saray. Azerbaycan türkleri tarihi. İstanbul, 1993, 154 s.; Аббасбейли А.,Аббасбейли Э. Гейдар Алиев и мировая политика.B.Azerneşr, 1997, 328 s.; Бзежинский З. Великая щахматная доска. М.,Международные отношения,1999, 248; İrfan Ülkü. Bağımsızlıqdan sonra Azerbaycan. İstanbul, 2000; Алиев И. Каспийская нефть Азербайджана. М.,Известия, 2003,712 с.; Мехтиев Р. Азербайджан: вызовы глобализации. Б., XXI-Yeni nəşrlər evi, 2004,584 s.; Чернявский А. Новый путь Азербайджана. М., Азер-Медиа, Книга и бизнес, 2002, 352 с.; Абдуллазаде Ф. Гейдар Алиев: политическый портрет . Б., Азернешр,1998 və s.)

Tədqiqatın məqsəd və vəzifələri araşdırılan problemin aktuallığından irəli gəlir. Dissertasiya işinin məqsədi Azərbaycan dövlətinin yüksəlişində Heydər Əliyevin diplomatiya liderliyinin əhəmiyyətini, beynəlxalq münasibətlər məkanında ölkənin xarici siyasətinin əsas prinsiplərinin müəyyənləşməsində tarixi rolunu təhlil etmək, Heydər Əliyevin dövlət başçısı kimi ölkənin milli təhlükəsizlik və milli mənafeləri ilə qırılmaz əlaqəsini göstərməkdən ibarətdir.

Dissertasiya işinin məqsədinə uyğun olaraq aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:

- Heydər Əliyev fenomeni kompleks şəkildə - Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi ilk günlərdə Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət fonunda Heydər Əliyevin diplomatik fəaliyyətinin müxtəlif aspektlərinin təhlil edilməsi;

- Heydər Əliyevin regionda və dünyada tanınmış siyasi lider kimi yüksəlişi problemi qoyulur;

 - Heydər Əliyevin Azərbaycanın geosiyasi mənafelərinin reallaşdırılmasına xidmət edən diplomatik portretinin açılması;

 - Heydər Əliyevin siyasi-dövlətçilik baxışlarının elmi-nəzəri baxımdan araşdırılması;

- Heydər Əliyevin Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşməsində rolu açılması;

 - Azərbaycanın suverenliyinin qorunmasında Heydər Əliyevin taktiki və strateji kursunun geosiyasi təhlükəsizlik baxımından araşdırılması;

- Azərbaycanın neft və kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsində Heydər Əliyev diplomatiyasının məzmun və mahiyyətini elmi-praktiki baxımdan öyrənilməsi;

- Müasir elmi fikrə siyasi lider anlamı ilə bağlı təkliflər verilməsinə çalışılmışdır.

Tədqiqatın mənbəşünaslıq bazası əsasən Azərbaycan gerçəkliklərinə əsaslanır. Bu reallıqları yaradan, möhkəmləndirən və onlara böyük demokratik yeniliklər gətirən “Heydər Əliyevin həyat və fəaliyyəti insanın məğlubiyyətsizliyinə inam dərsi” (Heydər Əliyev dövlət, demokratiya, quruculuq haqqında (Çıxış və nitqlərdən sitatlar) . Toplayıb tərtib edəni H. P. İsmayılov . Bakı, 40s.) kimi ulu öndərin nitqləri və çixışlarında Azərbaycan diplomatiyasının inkişafına dair irəli sürülən konseptual müddəalar, dəyərli fikir və mülahizələrin ətraflı araşdırılması əsasında tədqiq edilir. (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 24 cilddə. Bakı, Azərnəşr, 1997-2008)

Dissertasiyanın nəzəri-metodotoji əsasları. Tədqiqat işinin əsasını qərarlaşmış prinsiplər - elmi obyektivlik, tarixilik, problem üzrə fakt və məlumatların kompleks şəkildə tədqiq edilməsi, bütün mənbə və informasiyalara tənqidi yanaşma, əldə olunmuş məlumatların müqayisəli təhlili təşkil edir. Siyasi liderlə bağlı ayrı-ayrı fakt və hadisələri qiymətləndirərkən onların baş verdiyi zaman kəsiyi, ona qədərki və sonrakı vəziyyət, onu doğuran səbəblər və mümkün nəticələri nəzərə alınmışdır.

Heydər Əliyevin siyasi lider kimi fəaliyyəti ilə bağlı toplanmış bütün faktlar obyektiv və elmi şəkildə təhlil edilmişdir.

Prezident Heydər Əliyev, Türkiyənin TGRT telekanalının nüfuzlu «Üz-üzə» proqramına 13 noyabr 1996-cı ildə verdiyi geniş həcmli məşhur müsahibədə Heydər Əliyev, «Həyat kitabım haqqında danışmaq üçün çox vaxt lazımdır», -deyə sözə başlamış, sonra əlavə etmişdir ki, «Mən Türkiyə Cümhuriyyəti ilə yaşıdam». (Heydər Əliyev və Mətbuat, III cild, Nurlar nəşriyyatı, 2003, səh.418)

Heydər Əliyevin zəngin və çoxşaxəli ömür yolunu əks etdirən dəyərli bir yazının bircə cümləsi fikrimizi daha dolğun əks etdirə bilər: «Tarix salnaməsinin XX yüzillik üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycan məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider» (Abdullayev V. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi məktəbi / Dirçəliş, 2003, N 67-68, s.177-182)...

Tədqiqat prosesində dünyanın görkəmli siyasi və dövlət xadimlərinin fikirlərinə, politoloji əsərlərə, kütləvi infomasiya vasitələrində rəsmi dövlət sənədlərinə (bu baxımdan KİV materialları dissertasiyada ilkin mənbə kimi istifadə edilir və qiymətləndirilir), dünyanın ayrı-ayrı dövlətləri və iqtisadi qurumları ilə bağlanmış ikitərəfli və çoxtərəfli neft saziş və müqavilələrinə, ölkə və xarici ölkə alimlərinin əsərlərində irəli sürülən ideyalara, elmi-nəticələrə və s. istinad edilmiş, bununla da Heydər Əliyevin siyasi portreti yaradılmışdır. Bu prosesdə mətbuat materiallarının rolu olduqca böyük olmuşdur.

Milli Mətbuat günü münasibəti ilə «Yeni nəsil» Jurnalistlər Birliyi, «Ruh» Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan Jurnalistlər Konfederasiyası, Bakı Mətbuat Klubu və Azərbaycan Jurnalistlər Birliyinin keçirdikləri mərasimdə çıxış edən ümummilli lider Heydər Əliyev «Azərbaycan Prezidenti kimi mənim üçün əsas Azərbaycanın dövlət mənafeyidir» demişdir.

«İqtidarın nümayəndəsi kimi - mən Prezidentəm - hər bir jurnalistə çox minnətdar olacağam ki, iqtidara, Prezident kimi mənə bəlli olmayan hansısa səhvi, yəni hansısa pis görülən işi, bizə zərər verən halları üzə çıxarısınız və biz də bundan istifadə edib o nöqsanların aradan qaldırılması ilə məşğul olaq. Qısası, mən istəyirəm ki, siz iqtidara kömək edəsiniz»( Heydər Əliyev və Mətbuat/Tərtibçi və ön sözün müəllifi: prof. R.Mehdiyev, IV cild, Bakı, «Nurlar» nəşr., 2003, s. 475)

Kütləvi informasiya vasitələri ilə hakimiyyət strukturları arasında qarşılıqlı əlaqələri möhkəmləndirən Heydər Əliyev mütərəqqi fikirli jurnalistlər ordusunun əksəriyyətinin təşəbbüsü ilə açıq söz, azad düşüncə üçün əsl münbit şərait yaratdığına görə «Ruh» Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi ilk mükafata» - «Jurnalistlərin dostu» fəxri mükafatına layiq görülmüşdür. (Jurnalistlərin mükafatı //Azərbaycan qəzeti, 2002, 23 mart)

Heydər Əliyevin zəngin və əbədiyaşar milli dövlətçilik məktəbinin yetişdirməsi, azərbaycançılıq ideyasını dərindən mənimsəyib və onu davam etdirməyə qadir olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev realist siyasətçi olaraq 2003-cü il 15 oktyabr seçkilərində qalib gəldikdən sonra andiçmə mərasimində demişdir:

«Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Bunun üçün Azərbaycanda çox işlər görmək lazımdır, ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir» (Azərbaycan Prezidenti İ.H.Əliyevin andiçmə mərasimində nitqi//Dirçəliş –XXI əsr, №67-68, s.10).

Azərbaycan Respublikasında milli mətbuatımızın keçdiyi uzun, çətin, mürəkkəb, lakin şərəfli bir tarixin yaradılmasında, demokratik siyasi sistemin möhkəmləndirilməsində, fikir, söz azadlığı şəraitində mətbuatın milli mənəvi dəyərlər üzərində bərqərar olub inkişaf etməsində Heydər Əliyevin tarixi nailiyyətləri, ictimai-siyasi, dövlətçilik fəaliyyətinin nəzəri məsələləri hələ zaman-zaman öyrəniləcəkdir (Əliyev İ.Ə. Müdrik Heydər Əliyevin əsəri olan müasir azərbaycan dövləti bundan sonra da güclənəcək,zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir// Dirçəliş-XXI əsr, 2003, N 67-68, s. 11-15).

Tədqiqat işinin elmi yeniliyi. Tədqiqatın başıca elmi yeniliyi Heydər Əliyevin realist siyasət tərəfdarı kimi həyata keçirdiyi daxili və xarici diplomatik fəaliyyəti, Azərbaycanın dünya sivilizasiyasına qoşulmasına göstərdiyi böyük dövlətçilik fəaliyyətinin hərtərəfli öyrənilməsindən, zəngin diplomatik təcrübəsinin az açıqlanan tərəflərinin açıb göstərilməsindən ibarətdir.

Bu qoşulma və inteqrasiya həm də ona görə mühüm əhəmiyyət kəsb edirdi ki, siyasətin hərəkət obrazı kimi daim inkişafda olan, Heydər Əliyev tərəfindən yaradılıb möhkəmləndirilən Azərbaycan ideologiyası milli özünü dərk etməkdən və azərbaycançılıqdan ibarət idi. İşin elmi yeniliyi həm də ondan ibarətdir ki, tədqiqatda Heydər Əliyevin siyasi lider kimi yetişməsi, ictimai-siyasi və fəlsəfi baxışları, dünya miqyaslı siyasətçi kimi fəaliyyəti kompleks şəkildə araşdırılır.

Daha konkret olaraq işin elmi yeniliyi aşağıdakı müddəalarda öz əksini tapmışdır:

- Türk dünyasının böyük oğlu, azərbaycanlı siyasi lider və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin Azərbaycanla bağlı dövrünü türk siyasətşünaslığında kompleks şəkildə araşdırılmışdır;    

- Azərbaycanın xarici siyasət strategiyasının formalaşmasında və xarici dövlətlərlə beynəlxalq əlaqələrinin yaradılmasında Heydər Əliyevin dövlətçilik fəaliyyəti elmi dəlillərlə öyrənilmişdir;

- olduqca zəngin neft və qaz yataqlarına malik olan ölkə kimi Azərbaycanın dünyaya inteqrasiya olunmasında Heydər Əliyevin seçdiyi neft strategiyasının siyasi-diplomatik əhəmiyyəti göstərilmişdir;      

- Heydər Əliyevin hazırladığı və uğurla həyata keçirilməkdə olan neft və kommunikasiya diplomatiyasının mahiyyəti beynəlxalq münasibətlər aspektindən ətraflı təhlil edilmişdir;    

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın enerji ehtiyatlarının oynaya biləcəyi rol bir daha müasir geosiyasi vəziyyət baxımından təhlil edilmişdir.

Tədqiqatın nəzəri va praktiki əhəmiyyəti . Tədqiqat işinin materialları və nəticələrindən beynəlxalq münasibətlər tarixi, nəzəriyyəsi, habelə siyasətşünaslıq, geostrategiya, geosiyasət və geoiqtisadiyyat üzrə müxtəlif kursların hazırlanmasında;

- beynəlxalq münasibətlər ixtisası üzrə mütəxəssislər hazırlayan Türkiyə və Azərbaycan ali məktəblərində kadrların hazırlanması prosesində;        

- diplomatiya tarixinə dair ümumiləşdirilmiş monoqraflk tədqiqatların yazılmasında və Heydər Əliyev diplomatiyasının xaricı ölkələrdə öyrənilməsində;

- praktiki xarici siyasət məsələləri ilə məşğul olan idarələr, müəssisələr və şəxslərin real elmi gerçəkliyi öz fəaliyyətlərində nəzərə almalarında əhəmiyyətli ola bilər.

Tədqiqatın materiallardan, habelə politologiyanın müxtəlif sahələrinə və beynəlxalq münasibətlər nəzəriyyəsinə aid dərs vəsaitlərinin və proqramların hazırlanmasında, Azərbaycan tarixinin müasir dovrünə dair kitab və tədqiqatların yazılmasında, mühazirə və xüsusi seminarların aparılmasında, ixtisas kurslarının tədrisində və s. istifadə oluna bilər.

Dissertasiyanın aprobasiyası. Tədqiqat işi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında yerinə yetirilmiş və müdafiəyə təqdim edilmişdir.

Tədqiqat işinin əsas müddəaları və nəticələrinə dair elmi nəşrlərdə 8 məqalə çap edilməklə yanaşı, problemin müxtəlif aspektləri ilə bağlı məsələlər müəllifin politologiyanın aktual problemlərinə və beynəlxalq münasibətlərin nəzəriyyəsinə və təcrübəsinə həsr olunmuş elmi praktik konfranslarda və seminarlarda etdiyi elmi məruzələrdə öz əksini tapmışdır.

Dissertasiyanın strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Tədqiqat işinin girişində mövzunun aktuallığı əsaslandırılmış, öyrənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələri, mövzuya dair mənbə və elmi ədəbiyyatı təhlil edilmiş, dissertasiya işinin mənbəşünaslıq bazası, elmi yeniliyi, praktiki əhəmiyyəti və aprobasiyası şərh olunmuşdur.

Dissertasiyanın I fəsli «Heydər Əliyev diplomatiyasının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində rolu» adlanır və üç paraqrafdan ibarətdir. Fəsildə Heydər Əliyevin həyat və yaradıcılığının müxtəlif məqamlarına toxunulur, ümummilli şüurun inkişafı fonunda onun siyasi lider, dövlət xadimi, diplomat, mütəfəkkir kimi yüksəlişi və yetişməsi prosesi araşdırılır. I fəslin «Heydar Əliyevin siyasi portret cizgiləri» adlanan I paraqrafında Heydər Əliyevin sivasi dövlətçilik fəaliyyətinə ötən yüzilliyin 60-cı illərinin sonlarından başlanan dövründən yığcam ştrixlər verilir, onun siyasi səhnəyə çıxması, fenomenal şəxsiyyətə çevrilməsi kimi məsələlər elmi təhlil süzgəcindən keçirilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin uşaqlıq illəri qədim Naxçıvanda keçmişdir. Bu torpaq ən qədim dövrlərdən bu günlərədək saysız-hesabsız istedadlar yetirmişdir. Təkcə indiki yüzillikdə bu torpaq Azərbaycana Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəmşid Naxçıvanski, Yusif Məmmədəiyev və onlarla başqa nadir istedad bəxş etmişdir. Onların hamısı ən kiçik yaşlarından gözəl Naxçıvan torpağında həyat məktəbi keçmişdir.        

Elmə və biliyə həvəs o qədər gücləndi ki, bütün çətinlikləri dəf edən gənc Heydər Əliyev orta məktəbi bitirib elmin uca zirvələrinə doğru irəliləməyə başladı. Bütün maneələri dəf edərək o, Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Neft Akademiyasına) daxil oldu, az sonra isə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirdi.         

Gənclik illərindən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev çox keçmədən DTK-nın sıravi üzvündən onun sədri vəzifəsinə qədər yüksəldi, 1969-cu ilin ortalarında isə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi və respublikaya rəhbərlik etməyə başladı.

On il ərzində Azərbaycan bütün sahələrdə 14 respublikanı geridə qoydu. Heydər Əliyevin idarəçiliyi dövründə Azərbaycan nəhəng inşaat - tikinti meydanına çevrildi. Gəncədə, Naxçıvanda, Sumqayıtda, Əli Bayramlıda, Mingəçevirdə, Lənkəranda, Şəkidə, Xaçmazda 450-yə qədər obyekt tikilib istifadəyə verildi. Kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə edildi.

Qazanılmış uğurlar Heydər Əliyevin siyasi yüksəlişində mühüm rol oynadı. 1982-1987-ci illərdə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsini daşıyan Heydər Əliyev 1990-cı ilin 20 yanvar qanlı hadisələrindən sonra partiya sıralarını tərk edərək Azərbaycana qayıtdı və həyatının 1993-2003-cü illər arasındakı son onilliyini Azərbaycanın yüksəlişinə həsr etdi.

Fəslin «Siyasi lider və milli dirçəliş uğrunda mübarizə» adlanan II paraqrafı azərbaycançılıq milli şüurunun formalaşmasında siyasi liderin çoxtərəfli fəaliyyətinin araşdırılmasına həsr olunmuşdur.

Azərbaycanı imperiya qaynağından xilas edib özü öz taleyinə sahib olmaq uğrundakı mübarizəsinə nəzəri cəhətdən rəhbərlik edən Heydər Əliyev inqilabın ilk günlərində demokratiyanın və hakimiyyətin mənbəyi olan xalqın gələcək taleyi haqqında siyasətin ayrılmaz tərkib hissəsi olan kütləvi informasiya vasitələrində yazırdı: «Xalqı müdafiə etmək, xalqın mövqeyini müəyyənləşdirmək vaxtıdır. Qarabağ problemi isə xalqı parçalayan imperiya siyasətinin təzahürüdür». («Ana torpaq» qəzeti,1989, 8 fevral)

Hadisələri qabaqlamaq baxımından güclü siyasi intuisiyaya və siyasi proqnozun elmi əsaslarına malik olan Heydər Əliyev gələcək proseslərin, hadisələrin sosial və siyasi gerçəkliklərini «qabaqcadan xəbər vermək aspektinə» əsaslanaraq dağılmaqda olan SSRİ-nin «yeni saxta ittifaqına uymamağa», gələcək Azərbaycanın taleyi üçün çox vacib olan müstəqillik və azadlıq uğrunda mübarizənin gücləndirilməsinə qoşulmağa çağırırdı ki, milli müstəqillik uğrunda mübarizənin gedişində bu çağırış öz rolunu oynamışdır.

Fəslin III paraqrafı «Müasir Azərbaycanın ictimai-siyasi həyatında Heydər Əliyev mərhələsi» adlanır. Azərbaycanda 20 yanvar hadisələrindən sonra kommunist partiyası sıralarını tərk edən Heydər Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıdır, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, sonra isə Azərbaycana rəhbərlik edir və respublikanın ictimai-siyasi həyatının bütün sahələrində köklü islahatlar keçirilir. Azərbaycan qısa müddətə memarının Heydər Əliyev olduğu sivilizasiyalı dövlətə çevrilir.

II fəsil «Heydər Əliyev diplomatiyasının Qərb istiqaməti» adlanır və üç paraqrafdan ibarətdir. Fəslin I paraqrafı «Heydər Əliyev və Azərbaycan-ABŞ münasibətləri» adlanır.      

İstiqlaliyyətin ilk dövrlərindən etibarən gənc Azərbaycan diplomatiyasının daim diqqət mərkəzində saxladığı başlıca xarici siyasət istiqamətlərindən biri də Azərbaycan-ABŞ münasibətləridir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri idi: 1991-ci il dekabrın 25-də Azərbaycan dövlət müstəqilliyi ABŞ tərəfindən tanınmış, 1992-ci ilin martın 18-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan prezidenti Heydər Əliyev hələ 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olduğu zaman apardığı danışıqlarda Azərbaycanın həm Rusiyanın, həm də Amerika Birləşmiş Ştatlarının təsir dairəsində olduğunu, bu baxımdan balanslaşdırılmış xarici siyasətə ehtiyac olduğunu dönə - dönə vurğulamışdı. Azərbaycan haqqında həqiqətlərin ABŞ ictimaiyyətinə çatdırılması nəticəsində münasibətlərdəki soyuqluğun aradan qaldırlmasına, qarşılıqlı əməkdaşlığın dərinləşməsinə əlverişli perspektivlərin açılmasına baxmayaraq, ABŞ-dakı Azərbaycan əleyhinə qüvvələrin fəaliyyəti üzündən «907-ci düzəliş»in ləğv olunması 2001-ci ilə qədər uzandı, lakin nə erməni lobbisi nə də Azərbaycana düşmən olan digər qüvvələr ABŞ-Azərbaycan münasibətlərinin inkişafını dayandıra bilmədilər. Bu ilk növbədə Heydər Əliyevin uğurla həyata keçirdiyi «tarazlıq» siyasətinin, neft və kommunikasiya diplomatiyasının uğuru idi.

Fəslin II paraqrafı «Heydər Əliyev və Azərbaycan beynəlxalq aləmdə» adlanır.

1991-ci il 18 oktyabr Konstitusiya aktı ilə Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini dünyaya elan etdi. Yeddi onillik bundan əvvəlki Azərbaycan Respublikası ilə bugünkü Azərbaycanın ictimai-siyasi həyatında analoji oxşarlıqlar çoxdur, ancaq nə dünya həmin dünyadır, nə də Azərbaycan həmin Azərbaycan. Əgər onda baş vermiş ictimai-siyasi proseslərin təkrar olması mümkün idisə, bu gün baş verənlərin dönərliyindən danışmaq real gerçəklikdən çox uzaqdır.

 Məhz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda sabitlik bərqərar olmuş, müharibə dayandırılmışdır. Ermənistan hərbi əməliyyatları bərpa etməyə cəsarət etmir, dünənə qədər Ermənistanı dəstəkləyən qüvvələr bu gün belə bir həqiqəti qəbul etməyə məcburdur ki, ərazi dəyişikliyi iddiaları özünə heç bir real zəmin tapmadan əriyib gedəcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Heydər Əliyev diplomatiyasının qarşısında iki başlıca məqsəd dururdu:

- dünya birliyi tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması;

- Azərbaycanın beynəlxalq təşkilatların sıralarına daxil olması və özünə layiqli yer tutması. Hazırda Azərbaycanın dövlət müstəqilliyi dünya dövlətləri tərəfindən tanınmış, habelə respublika onlarla beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur.

«Azərbaycan-Türkiyə əlaqələrinin yaranması və inkişafında Heydər Əliyevin xidmətləri» adlanan III paraqraf zaman etibarı ilə qısa lakin əhəmiyyitinə görə olduqca mühüm bir mərhələni əhatə edir.

Azərbaycan-Türkiyə münasibətləri ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir, hər iki ölkə beynəlxalq aləmdə strateji tərəfdaş kimi çıxış edirlər. İki dövlət arasında diplomatik münasibətlər yaranandan sonra 1992-2002-ci illər arasındakı dövrdə 84 saziş, müqavilə, niyyət protokolları imzalanmış, birgə bəyanat və bəyannamələr qəbul edilmişdir.

Azərbaycan dövlət müstəqilliyi elan edildikdən dərhal sonra 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyi ilk olaraq Türkiyə tərəfindən tanındı. 1992-ci il yanvarın 14-də isə Bakıda Türkiyə səfirliyi fəaliyyətə başladı. Türkiyədə Azərbaycanın səfirliyi 1992-ci ilin avqust ayından, İstanbulda baş konsulluq isə 1993-cü ilin yanvar ayından fəaliyyət göstərir. (Heydər Əliyev və Şərq. Türkiyə. I kitab. B., Çaşıoğlu, 2005, s. 69-70)

«Azərbaycan üçün Türkiyədən yaxın dost, qardaş dövlət yoxdur. Türkiyə üçün bütün ölkələr və xalqlar arasında Azərbaycan qədər dost, qardaş ölkə yoxdur. Heç bir qüvvə, heç bir kəs, heç bir ölkə Türkiyə-Azərbaycan dostluğuna mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və əbədi olacaqdır»,(Yenə orada, s. 80) - deyən Heydər Əliyev Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əsaslarını hazırlamış və bu strategiya onun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən dönmədən həyata keçirilməkdədir.

III fəsil «Azərbaycan Respublikasının neft strategiyasının hazırlanması və həyata keçirilməsində Hcydər Əliyev diplomatiyasının rolu» adlanır və iki paraqrafdan ibarətdir. I paraqraf «Azərbaycan neftinin xarici siyasətdə rolu» adlanır və Azərbaycanın neft potensialının xarici siyasətdə yerinin araşdırılmasına həsr olunmuşdur. Paraqrafda müxləlif statistik materiallar toplanaraq şərh edilir, ümumiləşdirilir və Azərbaycanın xarici siyasət strategiyasının əhəmiyyətinə toxunulur. Müəllif ingilis tədqiqatçısı Maykl Bruksun «neft dünya siyasətində alışdırıcı maddəyə bənzəyir» fikrini müasir dövrdə və perspektivdə aktuallığını saxlayacağını göstərir.

Fəslin II paraqrafı «Neft amilinin dünya inteqrasiya proseslərində rolu və əhəmiyyəti» adlanır, neft və dünya siyasətinin müasir cütlüyünün reallaşmasında Heydər Əliyevin neft və kommunikasiya diplomatiyasının reallaşmasında rolunun açılmasına həsr olunmuşdur.

Neft artıq keçən əsrin əvvəllərindən dünya hegemonluğunu şərtləndirən əsas amillərdən birinə çevrilməyə başlamışdır. Çünki neft dünya siyasətində güclü siyasi bazardır. 1960-cı ildə Neft İxrac edən Ölkələri Təşkilatının (OPEC) yaranması dünya neft siyasətində böyük dəyişikliklərə səbəb oldu. 1973-cü ildə artıq təşkilat ABŞ-dan dünya neft bazarında neftin qiymətlərini müəyyənləşdirmək təşəbbüsünü ala bildi və neftin qiymətini 2,5 dollardan (1 barel) 11,5 dollara qədər artırdı. 1979-cu il üçün isə 1 barel neftin qiymətini 15 dollardan 28 dollara qədər artırdı.

70-ci illərdə Şimal dənizində neftin hasilatı ilə bu təzyiqlərin qarşısını almağa çalışan Qərb dövlətləri son zamanlar Şimal dənizində neft hasilatının azalmasi ilə əlaqədar olaraq altemativ enerji mənbələri axtarmaq zərurəti ilə üzləşdilər. Sovet İttifaqının süqutu karbohidrogen ehtiyatları ilə zəngin Xəzər regionunu alternativ enerji mənbəyi kimi Qərbin üzünə açdı. Şimal dənizində karbohidrogen ehtiyatlarının azalmasını və ABŞ energetika nazirliyinin hesablamalarına görə 1993-2015-ci illərdə dünya neft tələbatının 50% artacağını nəzərə alsaq, XXI əsrin əvvəllərində Xəzər dənizi özünün zəngin karbohidrat ehtiyatları ilə yenidən ən mühüm geostrateji regionlardan birinə çevrilmişdir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının hesablamalarına görə (həm də ABŞ Ticarət və İnkişaf Agentliyi) Azərbaycan 3,6-12,5 mlrd barel, Qazaxıstan 10,0-17,6, Rusiya 2,7, Türkmənistan 0,5, İran 0,1, Özbəkistan isə 0,6 mlrd barel kəşf olunmuş neft ehtiyatlarına malikdir. Azərbaycan 32 mlrd barel, İran 15, Qazaxıstan 92, Rusiya 14, Türkmənistan 80, Özbəkistanın isə 2 mlrd barel neft ehtiyatlarına sahib olduğu ehtimal edilir. Azərbaycan 36-45, İran 15, Qazaxıstan 102-110, Rusiya 17, Türkmənistan 81, Özbəkistan isə 3 mlrd barel neftə sahib olduğu təsdiqlənir. Regionun təsdiqlənmiş neft ehtiyatları 17,5-34 mlrd barel, ehtimal olunan neft ehtiyatları 235 mlrd barel, ümumi ehtiyatlar isə 253-270 mlrd barel həcmində dəyərləndirilir.(Caspian Sea region Oil and Natural Gas reserves//U.S. Energy İnformation Adminstration. July 2001.k  www.civ.doc/qov/rmeu/cobs/caspgrph.html)

Aİ-nın strateji planlarında Xəzər regionu xüsusi yer tutur. Şimal dənizində neft hasilatının azalması, Yaxın Şərqdə İsrail- Ərəb qarşıdurmasının son zamanlar daha da şiddətlənməsi strateji planlarda regionu önə çıxarır. Təbii ki, Aİ regionda kapital yatırmaq və enerji resurslarının istismarı üçün stabilliyin vacib olduğunu da yaxşı dərk edir. Regionun enerji resurslarının dünya bazarlarına nəqli ilə bağlı Aİ ilə keçmiş müttəfiqi ABŞ arasında fikir ayrılığı mövcuddur. Aİ, xüsusilə Almaniya neftin Gürcüstanın Supsa limanına ötürülməsi və sonra isə Ukrayna vasitəsi ilə Qərbi Avropaya çatdırılmasına üstünlük verir. Bu layihənin yaradıcısı ümummillli lider Heydər Əliyev idi.

Nəticədə ümumiləşdirmələr aparılmış, görülmüş işlərə yekun vurulmuş, Azərbaycan Respublikasının yeni geosiyasi münasibətlər sistemində fəaliyyətinin perspektivlərinə toxunulmuş, inkişaf meylləri səciyyələndirilmiş, Heydər Əliyev diplomatiya məktəbinin ənənələrinin öyrənilməsinin əhəmiyyəti göstərilmişdir.

Dissertasiyanın əsas müddəaları müəllifin aşağıda göstərilən əsərlərində öz əksini tapmışdır:

  1. Millətlərarası platformada Azərbaycan həqiqətləri və Heydər Əliyevin siyasətdəki liderliyi // Journal of Qafqaz University, Bakı, 2008, № 22, s.48-54.
  2. Heydər Əliyevin diplomatiya sahəsindəki liderliyi və Azərbaycan milli neft strategiyasının yaranmasında rolu// Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA), Bakı, 2008, №3, s.54-58.
  3. Azərbaycanın gələcəyi və Heydər Əliyevin təhsilə verdiyi əhəmiyyət//ADPU-nun xəbərləri, Bakı, 2008, №4, s. 212-217.
  4. Heydər Əliyevin diplomatik baxışlarından səhifələr // Xəzər-Xəbər, Bakı, 2008, № 228, s.24-27.
  5. Heydər Əliyevin Xarici Siyasət Konsepsiyasında Türkiyənin yeri və əhəmiyyəti // Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Diplomatiya aləmi jurnalı, Bakı, noyabr-dekabr 2008, № 20-21, s.38-40.
  6. Heydər Əliyevin Sovet Dövründəki Dövlət və İdarəçilik Təcrübəsi // Dirçəliş-XXl Əsr jurnalı, sentyabr-oktyabr 2008, № 126-127, s.16-21.
  7. Azerbaycan'ın Geleceği ve Haydar ALİYEV’in Eğitime Verdiği Önem // Türk Dünyası Tarih Kültür Dergisi, İstanbul, Ekim, 2008, № 262, s.14-18.

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/siya/siya_n_dsa_31_10_08.pdf