Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına ilk rəsmi səfəri (29 iyun – 2 iyul 1994-cü il)


Azərbaycanla İran arasında mövcud olan müxtəlif sahələrdəki əlaqələrin özünəməxsus cəhətləri var. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması Tehranla Bakının əlaqələrinə təsir göstərən amillərdəndir.

Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən qüvvələrin ziddiyyətli siyasət yeritməsi üzündən iki ölkə arasında münasibətlər mürəkkəbləşib. 1992-1993-cü illəri iki ölkə arasında münasibətlərin ən gərgin dövrü kimi xarakterizə etmək olar.

Yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, İranla münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana rəsmi səfəri, bu ölkə rəhbərliyi ilə görüşləri, imzalanan sənədlər Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasına təkan verib.

Səfər dövründə Azərbaycan Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamnei ilə görüşü baş tutub. Görüşdə iki dövlət arasında münasibətlərin vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Prezident Heydər Əliyevin həmçinin, İran Prezidenti Haşimi Rəfsəncani, İran parlamentinin rəhbəri Natiq Nuri, xarici işlər naziri Əli Əkbər Vilayəti, kooperasiya naziri Qulam Rza Şafeyi və başqa dövlət adamları ilə səmərəli görüşləri olub. Bu görüşlərdə iki ölkə arasında, xalqlarımız arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm, texnika sahəsində və başqa sahələrdə əməkdaşlığın inkişafı haqqında danışıqlar aparılıb və mühüm nəticələr əldə edilib.

İyulun 2-də Azərbaycan Prezidenti Heydər Əliyev İran Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Mərkəzinin diplomatik kurslarında təhsilini başa çatdıran müdavimlər qarşısında çıxış edib. İki dövlət arasında münasibətlərin xarakteri, bu ölkəyə rəsmi səfəri ilə bağlı məlumat verən Heydər Əliyev qeyd edib: «İran İslam Respublikasının Prezidenti hörmətli Haşimi-Rəfsəncaninin dəvəti ilə mən dördüncü gündür ki, İranda rəsmi səfərdəyəm. Burada bizim çox faydalı görüşlərimiz olub və belə hesab edirəm ki, bu səfər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gələcək inkişafı üçün mühüm mərhələdir».

Həmin gün Heydər Əliyev Tehranda jurnalistlər qarşısında bəyanatla çıxış edib. Prezident İrana ilk rəsmi səfərinin uğurlu hesab etdiyini bildirib, jurnalistlərin suallarını cavablandırıb.

Səfər zamanı iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqqında 13 maddədən ibarət bəyanat imzalanıb. Bəyanat həyatın bütün sahələrində əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdiririb. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana ilk rəsmi səfəri, apardığı danışıqlar nəticəsində iki dövlət arasında münasibətlərin inkişafı prosesi başlanıb.