Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Müdafiə katibi Həmid Nəvaz xanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 16 aprel 2002-ci il


Qonaqları səmimiyyətlə salamlayan, bu səfəri, Bakıda aparılan danışıqları Pakistan–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli hesab edən Azərbaycan Prezidenti Heydər Əlivev dedi ki, Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətləri var. Biz bu əlaqələri yüksək qiymətləndiririk və inkişaf etdirməyə çalışırıq. Ölkələrimiz, xalqlarımız arasındakı dostluq xüsusi xarakter daşıyır.

Prezident Heydər Əliyev Pakistana rəsmi səfərini, dost ölkənin keçmiş prezidentinin Azərbaycanı ziyarətini, keçirilmiş səmimi görüşləri xatirladı, belə görüşləri davam etdirməyin zəruriliyini vurğuladı.

Ölkəmizdə onlara göstərilən qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən cənab Həmid Nəvaz Xan Pakistan Prezidenti Pərviz Müşərrəfin Azərbaycanın rəhbərinə və xalqına salamlarını çatdıraraq dedi ki, Pakistan rəhbəri Prezident Heydər Əliyevi rəsmi səfərə dəvət edir.

Nümayəndə heyətinin başçısı Pakistandakı vəziyyətdən, Əfqanıstanla sərhəd boyunca baş verən hadisələrdən, antiterror koalisiyasında ölkəsinin iştirakından danışdı.

Pakistanın ölkədə yaşayan 3 milyon Əfqanıstan qaçqınının qayğısına qaldığını, BMT-nin Əfqanıstandakı quruculuq proqramlarını Pakistan vasitəsilə həyata keçirdiyini vurğulayan, habelə Hindistanla münasibətlərə toxunan cənab Həmid Nəvaz Xan onu da açıqladı ki, aprelin 30-da ölkəsində prezident seçkiləri, oktyabrda isə ümumi seçki keçiriləcəkdir. O, Azərbaycanın və Pakistanın eyni problemlərlə üzləşdiyini xatırladaraq dedi ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəyik, indiyədək sizi dəstəkləmişik və bundan sonra da azərbaycanlı qardaşlarımızla birlikdə olacağıq.

Kəşmir məsələsində Azərbaycanın Pakistanı dəstəkləməsindən məmnun qaldığını vurğulayan qonaq bildirdi ki, biz səylərimizi daha da gücləndirməli və dünya ictimaiyyətinə daha çox təsir edərək, problemlərimizin sülh yolu ilə həll olunmasına çalışmalıyıq.

Müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın vacibliyini və bunun üçün geniş imkanlar olduğunu, Azərbaycanla müdafiə sahəsində rəsmi surətdə əlaqələr qurmaq və tərəfdaş olmaq istəyini bildirən cənab Həmid Nəvaz Xan dedi ki, biz zati-alinizin razılığı ilə işə başlayacağıq.

Səmimi salamlarını, hörmət və ehtiramını, ən xoş arzularını prezident Pərviz Müşərrəfə çatdırmağı xahiş edən, Pakistan rəhbəri ilə ilk dəfə Tehranda görüşdüyünü və söhbət etdiyini xatırladan dövlətimizin başçısı Heydər Əliyev bölgədəki vəziyyət haqqında verdiyi geniş məlumata görə qonağa təşəkkür etdi, 11 sentyabr hadisələrindən dərhal sonra Pakistanın beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşulmasını və bu işdə fəal iştirakını yüksək qiymətləndirdi.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanın Ermənistan–Azərbaycan münaqişəsinin həlli məsələsində beynəlxalq təşkilatlarda həmişə respublikamızı müdafiə etdiyini, Kəşmir problemi ilə bağlı Azərbaycanın Pakistanı daim dəstəklədiyini, eyni zamanda bu məsələnin sülh yolu ilə həllini arzuladığını bildirən Prezident Heydər Əliyev ölkələrimiz arasındakı iqtisadi, mədəni, humanitar əlaqələrdən də danışdı, bunun genişlənməsinin və inkişaf etməsinin vacibliyini söylədi.

Prezident Heydər Əliyev Pakistana səfərə dəvətə görə təşəkkür etdi, prezident Pərviz Müşərrəfi də Azərbaycanda görmək arzusunu bildirdi və qarşıdakı seçkilərdə ona uğurlar arzuladı.

Ölkəmizin rəhbəri müdafiə sahəsində və hərbi sahədə əməkdaşlıq məsələlərinə toxunaraq dedi ki, bunlar Azərbaycanın Müdafiə naziri Pakistanda olarkən və sizin indiki səfəriniz zamanı ətraflı müzakirə olunubdur. İstəyirəm ki, səmərəli əməkdaşlıq olsun. Ölkələrimizin, tarixi köklərimizin, insanlarımızın bir-birinə çox bənzər olması, müştərək ənənələrimiz əməkdaşlığımız üçün böyük imkanlar açır və biz bunlardan istifadə etməliyik.

Cənab Həmid Nəvaz Xan hər iki ölkənin hava yolları şirkətlərinin qarşılıqlı fəaliyyət göstərəcəyi, ölkəsinin milli bankının Bakıda şöbə açacağı barədə məlumat verərək dedi ki, cənab Prezident, Sizin himayəniz altında əlaqələrimiz daha da inkişaf edəcəkdir. Həmid Nəvaz Xan Azərbaycan Prezidenti Heydər Əliyevə görüşdən xatirə olaraq hədiyyələr təqdim etdi.