Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistana rəsmi səfərini başa çatdıraraq vətənə dönərkən yolüstü Bakıda dayanan Türkiyənin Baş Naziri Məsud Yılmazla təkbətək görüşdəki söhbətindən - Prezident iqamətgahı, 28 dekabr 1997-ci il


Heydər Əliyev: Türkiyənin hörmətli Baş naziri cənab Məsud Yılmaz!

İlk öncə imkan tapıb Azərbaycana qısa müddətli səfərə gəldiyiniz üçün Sizə təşəkkür edirəm.

Eyni kökdən olan xalqlarımız və ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da sıxlaşmasından məmnun olduğumu bildirərək Azərbaycan-Türkiyə əməkdaşlığının hazırkı vəziyyətindən razılıqla bəhs etmək istəyirəm və nəzərə çarpdırıram ki, cənab Məsud Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya bu səfəri də böyük əhəmiyyət daşıyır. Türkiyə Respublikasının yeni hökumətinin həyata keçirdiyi uğurlu tədbirləri yüksək qiymətləndirirəm və beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işinin müdafiə olunmasına qardaş Türkiyə dövləti rəhbərlərinin daim xüsusi diqqət yetirməsindən məmnunluqla bəhs etmək istəyirəm. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlardan söhbət açmaqla xatırladıram ki, həmsədrlərin irəli sürdükləri təkliflər bu münaqişənin həlli üçün əsasdır və buna görə də bu beynəlxalq təşkilatın üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kopenhagen görüşünün əhəmiyyətindən də ayrıca danışmaq olar. Vurğulayıram ki, respublikalarımız arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruridir və Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində dost ölkənin - Türkiyənin neft şirkətinin yaxından iştirakı hər iki tərəf üçün çox faydalıdır. Ölkəmizdə və Qazaxıstanda hasil edilən neftin, Türkmənistan qazının Azərbaycandan Türkiyəyə, oradan isə dünya bazarına çıxarılması sahəsində görülən işlərdən bəhs edərək nəzərə çarpdırıram ki, Azərbaycan Bakı-Ceyhan neft kəmərinə xüsusi əhəmiyyət verir.

Məsud Yılmaz: Hörmətli cənab prezident, qonaqpərvərliyə və diqqətə görə minnətdarlıq edirəm, görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğumu vurğulayıram. Mənim başçılıq etdiyim yeni hökumətin gördüyü işlər, Rusiyaya, Amerika Birləşmiş Ştatlarına və Türkmənistana səfərlərimin nəticələri barədə Sizə daha ətraflı məlumat vermək istərdim. Dost ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə, Azərbaycan və Qazaxıstan neftinin, Türkmənistan qazının Azərbaycandan Türkiyəyə, oradan isə dünya bazarına çıxarılmasına verdiyiniz dəstəyə və göstərdiyiniz köməyə görə Sizə təşəkkür edir, Bakı-

Ceyhan neft kəmərinin çəkilişi ideyasının artıq reallaşmasından məmnunluq duyduğumu bildirirəm. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlədilməsində Türkiyə şirkətinə yaradılan şəraitdən razılıq edir və "Türk Petrolları"nın bu sahədə fəaliyyətini genişləndirmək niyyətində olduğumuzu vurğulayıram. Nəzərə çarpdırıram ki, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə aradan qaldırılması sahəsində görülən işləri Türkiyə diqqətlə izləyir və əmin olduğumu bildirirəm ki, bu münaqişə 1998-ci ildə öz ədalətli həllini tapacaqdır.

Bu görüşə görə təşəkkür edirəm və çox hörmətli Heydər Əliyev, nəzərə çarpdırıram ki, sizi yaxın vaxtlarda Türkiyədə görmək arzusundayam.