Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Dövlətlərarasi "Mir" Teleradio Şirkətinin Azərbaycan Milli nümayəndəliyinin ofisinin açılışı mərasimində çıxışı - 28 oktyabr 1996-cı il


Hörmətli xanımlar və cənablar, möhtərəm qonaqlar!

Bu gün biz əlamətdar bir hadisənin - "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan şöbəsi ofisinin açılış mərasiminin şahidiyik.

Azərbaycan şöbəsi artıq çoxdan fəaliyyət göstərir. Lakin onun üçün lazımi şərait yaradılması bütün "Mir" şirkətinin, o cümlədən onun Azərbaycan nümayəndəliyinin həyat fəaliyyətində mühüm mərhələdir. Mən sizi bu əlamətdar hadisə münasibəti ilə təbrik edirəm. Ümidvaram ki, "Mir" Teleradio Şirkətinin Azərbaycan şöbəsinə səmərəli iş üçün belə əlverişli şərait yaradılması onun fəaliyyətində yeni mərhələ olacaq, "Mir" Teleradio Şirkətinin, o cümlədən Azərbaycanın bütün tamaşaçılarına müstəqil Azərbaycan Respublikasının, onun xalqının həyat və fəaliyyəti haqqında yeni, yaxşı verilişlər, yeni süjetlər, daha geniş informasiya verəcəkdir.

"Mir" Dövlətlərarası Teleradio Şirkəti Müstəqil Dövlətlər Birliyinin ölkələri üçün, habelə MDB ölkələrinin informasiya teleradio sistemlərinin dünya sistemi ilə inteqrasiyası üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan "Mir" Beynəlxalq Teleradio Şirkətinin fəaliyyətinə böyük əhəmiyyət verir, buna görə də 1993-cü ildə biz bu təşkilata daxil olduq və burada öz fəaliyyətimizi mühüm və gərəkli hesab edirik.

Müstəqil Dövlətlər Birliyi nisbətən yeni birlikdir, yaxın keçmişdə Sovet İttifaqına daxıl olmuş indiki müstəqil ölkələr tərəfindən yaradılmışdır. Onlar həm öz böyük tarixinə, həm də Sovet İttifaqının tərkibində birgə həyat sahəsində böyük tarixə malikdirlər. Biz Müstəqil Dövlətlər Birliyində Azərbaycanın iştirakına böyük əhəmiyyət veririk. Təbiidir ki, burada iştirak etmək birliyin hər bir ölkəsinin çoxsahəli fəaliyyəti ilə, bununla yanaşı isə, əməkdaşlığımızın daha da genişlənməsinə xidmət etməli olan dövlətlərarası təşkilatlar tərəfindən təmin olunmalıdır. "Mir" Dövlətlərarası Teleradio Şirkəti də belə mühüm təşkilatdır. Düşünürəm ki, Müstəqil Dövlətlər Birliyinin yaratdığı bir çox digər təşkilatlarla yanaşı, məhz bu şirkət ölkələrimizin yaxınlaşması, onların iqtisadi inteqrasiyası prosesinin təmin olunması, elm, mədəniyyət, təhsil, insani əlaqələr sahəsində münasibətlərin möhkəmlənməsi üzrə tədbirlər görülməsi üçün çox şey edə bilər.

Heç bir şübhə yoxdur ki, MDB-yə daxil olan ölkələr öz dövlət müstəqilliyini möhkəmlədərkən, öz aralarında əlaqələri itirmək istəmirlər. Bu isə həm tarixi keçmişimizdən, həm də bugünkü günün tələblərindən, habelə əməkdaşlığımızı daha da möhkəmlətmək zəruriliyindən irəli gəlir. Ona görə də indiki halda məhz televiziya və radio əvəzsız rol oynayır.

Azərbaycanda biz birlik ölkələri haqqında informasiya çatışmazlığına məruz qalmışıq. Ola bilsin ki, bunu digər MDB ölkələri də hiss edirlər. Doğrudur, ictimai Rusiya televiziyasının və Rusiya televiziyasının proqramları MDB-nin, demək olar, bütün ölkələrinə yayılır. Lakin onlar birliyin ayrı-ayrı ölkələrinin, o cümlədən də Azərbaycanın həyatında hər hansı çox böyük və əlamətdar hadisələr barəsində materialları təsadüfdən-təsadüfə verirlər. Belə çıxır ki, Rusiya televiziyası proqramlarının MDB ölkələrinə yayılması, məsələn, Azərbaycanda vətəndaşlara Rusiyada gedən bütün hadisələr barəsində kifayət qədər geniş informasiya verir, amma onlar Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan barəsində də bu cür infor­masiya almırlar. Biz bundan narahatıq ki, Azərbaycanda həyat haqqında, proseslər haqqında informasiya Rusiyanın və digər birlik ölkələrinin kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmır.

Bunu nəzərə alaraq, "Mir" Beynəlxalq Teleradio Şirkəti misilsiz əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu şirkət öz fəaliyyət diapazonunu, yəni öz proqramlarının yayılması vaxtını xeyli genişləndirməlidir. Biz Azərbaycan haqqında, Qazaxıstan haqqında, Ukrayna haqqında, Belarus və basqa ölkələr haqqında informasiyanı müəyyən müddətdən sonra, deyəsən, hər 20 dəqiqədən bir alırıq. Bu, başlanğıc üçün yaxşıdır. Lakin nəyə çalışdığımızdan danışmalı olsaq, onda görərik ki, azdır. Bu­na görə də Azərbaycanda "Mir" Teleradio Şirkətinin fəaliyyətinə belə böyük əhəmiyyət verərək və onun Azərbaycan filialının sərəncamına belə böyük, geniş, çox yaxşı bina verərək ümid edirik ki, o öz fəaliyyətini genişləndirəcək və bütün respublikalar üçün verilişlərin vaxtını artıracaqdır. Bizim heç birimiz başqaları ilə müqayisədə daha çox efir vaxtına malik olmaq iddiasında ola bilmərik. Lakin efir vaxtı indiyədək olduğundan artıq olmalıdır. Biz bunu əsas tuturuq.

Müstəqil Dövlətlər Birliyinin gələcək inkişafına böyük ehtiyac var. Bir də deyirəm, biz başlıca beynəlxalq prinsipləri əsas tutaraq MDB-də iştirakımıza böyük əhəmiyyət veririk. Bunu bilmək lazımdır ki, MDB keçmiş Sovet İttifaqının, hansısa konfederasiyanın surəti deyildir. Müstəqil Dövlətlər Birliyi hər bir ölkənin bərabərhüquqlu üzv olduğu beynəlxalq təşkilatdır. Ona görə də beynəlxalq hüquq normaları prinsiplərinə, hər bir dövlətin ərazi bütövlüyünə və tam müstəqilliyinə, suverenliyinə əməl edilməsi, bir-birinin işlərinə qarışmamaq MDB-nin bundan sonra möhkəmləndirilməsi və inkişafının əsasıdır. Biz bu prinsipləri əsas tutaraq Müstəqil Dövlətlər Birliyinə daxil olmuşuq, onun fəaliyyətində iştirak edirik. Hesab edirəm ki, məhz bu prinsiplərə əməl olunması bizim birliyin müvəffəqiyyətlə inkişafını, möhkəmlənməsini və genişlənməsini təmin edə bilər.

Bir də deyirəm, MBD-nin çoxlu müxtəlif təşkilatları var, biz onlarda ıştirak edirik. Lakin ümumən birliyimizin və ona daxil olan hər bir ölkənin fəaliyyətini işıqlandıra biləcək, iqti­sadi, elmi, mədəni, insani əlaqələrimizin möhkəmlənməsinə kömək edə biləcək ən təsirli, səmərəli təşkilat "Mir" Teleradio Şirkətidir. Şübhə yoxdur ki, bizim zəmanəmizdə televiziya və radio digər kütləvi informasiya vasitələri ilə müqayisədə misilsiz, müstəsna əhəmiyyətə malikdir. Televiziya və radionun rolu artır və artacaqdır. Dünyada çox iri şirkətlər var, onlar təkcə ayrı-ayrı ölkələrdə deyil, həm də bütün dünyada ictimai ovqat yaradırlar. "Mir" şirkəti də bu cür teleradio şirkəti olmaq imkanına malikdir.

Hesab edirem ki, "Mir" şirkəti tam bərabərlik, qarşılıqlı anlaşma və təbii olaraq, hər bir respublikanın hüquqlarına hörmət edilməsi və onların mənafelərinin gözlənilməsi prinsipləri əsasmda fəaliyyət göstərməlidir. Zənnimcə, Davud İmanov öz çıxışında heç bir qərəz güdmədən dedi ki, "Mir" Teleradio Şirkəti "imperiya" olacaqdır. Yox, bizə daha imperiyalar lazım de­yildir. Bizə demokratik təşkilatlar gərəkdir. Elə təşkilatlar ki, burada hamı bərabər hüquqlarla iştirak edir, hər bir respublikanın, hər bir xalqın, dövlətin suveren hüquqlarını təmin edirlər.

Ölkələrimizdə demokratikləşdirmə prosesləri gedir, biz yeni dövlətlər qurulması yolu ilə irəliləyirik. Məsələn, biz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlətin bərqərar olunması yolu ilə gedirik, bazar iqtisadiyyatının, sahibkarlığın, özəl təşəbbüsün, özəl mülkiyyətin, dünyanın bütün ölkələri ilə inteqrasiya xarakterli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, xarici sərmayələrin ölkəmizə axınının təmin olunmasına yönəldilmiş iqtisadi islahatlar aparırıq. Bunların hamısı ümumiyyətlə, bütün sahələrin demokratikləşdirilməsi deməkdir. Buna görə də hesab edirəm ki, bu istiqamət, bu fəaliyyət "Mir" Teleradio Şirkətinin, o cümlədən onun Azərbaycan filialının proqramlarında xüsusi yer tutmalıdır. Bu proseslər birliyimizin ölkələrindən hər birində gedir, onların hər birinin öz təcrübəsi, maraqlı nailiyyətləri, uğurları, bununla bərabər, nöqsanları və çatışmazlıqlan da var. Odur ki, təcrübə mübadiləsi, ondan istifadə etməyimiz, demokratik islahatların aparılmasında, bir-birimizə kömək göstərmək sahəsində, ölkələrimizin həyatını demokratikləşdirmək işində "Mir" Teleradio Şirkəti olduqca böyük əhəmiyyətə malikdir və çox şey edə bilər.

Qısası, bu gün biz "Mir" Beynəlxalq Teleradio Şirkətini üç il bundan əvvəl olduğuna nisbətən daha genişmiqyaslı təşkilat kimi təsəvvür edirik. Məsələn, Azərbaycana bu təşkilata qoşulmaq təklif edildikdə mən, sözün düzü, düşünürdüm ki, bu, nə verəcək, bütün bunlar necə olacaq, nə kimi müsbət və mənfi hallar olacaqdır? Müəyyən dərəcədə imperiya təzyiqi təhlükəsi var idi. Şükürlər olsun, ötən illər gostərdi ki, bu təşkilat zamanəmizin demokratik prinsiplərini əks etdirən, MDB-yə daxil olan bütün ölkələrin və ümumiyyətlə, birliyimizin rəhbər tutmalı olduqları həqiqi demokratik prinsiplərə əsaslanan əsl de­mokratik təşkilatdır.

Ona görə də mən indi bu mərasimdə məmnuniyyətlə iştirak edirəm. "Mir" Teleradio Şirkətinin sədri, qonağımız Şalahmetovu, onun müavini, çoxdan tanış olduğum Belikovu, MDB ölkələrinin buraya gəlmiş bütün nümayəndalərini salamlayıram. Birliyin, demək olar, bütün ölkələrinin nümayəndələrinin Azərbaycana gəlməsi tədbirinin özü də mühüm hadisədir. Ümidvaram ki, sizin Bakıda birgə işiniz, Azərbaycanın bugünkü həyatı ilə tanışlıq ümumi işə fayda gətirəcək, qarşılıqlı fəaliyyətimizi, birliyimizi, habelə "Mir" Dövlətlərarası Teleradio Şirkətini möhkəmləndirəcəkdir.

Sizə uğurlar arzulayıram, sizi bu hadisə münasibətilə təbrik edirəm. Müstəqil Dövlətlər Birliyinin bütün xalqlarına, bütün dövlətlərə qarşılarında duran vəzifələrin həyata keçirilməsini, uğurlar və firavanlıq arzulayıram! Sağ olun.

Tarixi arayış

MEDİA