Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşanın Milli Təhlükəsizlik Bürosu rəhbərinin müavini, nazir Marek Dukaçevski ilə görüşdə söhbəti - Prezident sarayı, 15 iyun 2001-ci il


Heydər Əliyev: Mən sizi Azərbaycanda salamlayıram. Burada keçirdiyiniz görüşlər barədə mənə danışdılar. Ümidvaram ki, görüşləriniz səmərəli, uğurlu olmuşdur. Belə düşünürəm ki, sizin Azərbaycana qısa müddətə səfərinizdən məqsəd Polşa ilə Azərbaycan arasında münasibətləri daha da genişləndirməkdir. Ona görə də mən bu səfəri çox mühüm hesab edirəm. Bizim Polşa ilə və prezident Kvasnevski ilə çox yaxın və səmimi münasibətlərimiz var. Polşa Respublikasının elçilərini qəbul etməyimə şadam.

Marek Dukaçevski: Çox hörmətli cənab Prezident, bizi bu gün - dövlət bayramı günü qəbul etməyiniz mənim üçün şərəfdir. Bilirəm ki, çox məşğulsunuz. Bu imkana görə çox sağ olun. Daxili İşlər naziri, Milli Təhlükəsizlik naziri ilə çox maraqlı görüşlər keçirmək imkanına görə də təşəkkür etmək istərdim. Bu gün Müdafiə naziri ilə də görüşəcəyik. Biz milli təhlükəsizlik problemlərini müzakirə etdik. Prezident Kvasnevski ilə Sizin dostluq münasibətləriniz çox əhəmiyyətlidir. Cənab Kvasnevski xahiş etdi ki, onun salamını və şəxsi məktubunu Sizə çatdırım. Qarşılıqlı maraq doğuran problemləri sizin nazirlərinizlə müzakirə etməyə imkan verdiyinizə görə bir daha çox sağ olun.

Heydər Əliyev: Dediyim kimi, biz Polşa ilə münasibətlərimizə çox böyük əhəmiyyət veririk. Bu münasibətlər cənab Kvasnevskinin Azərbaycana rəsmi səfəri və mənim Polşaya rəsmi səfərim zamanı imzaladığımız sənədlərdə öz əksini tapmışdır. Mən bu səfəri böyük məmnunluqla xatırlayıram. Səfər çox səmərəli oldu. Biz çox maraqlı görüşlər, söhbətlər keçirdik. Biz cənab Kvasnevski ilə beynəlxalq təşkilatlarda görüşürük, ikitərəfli münasibətlərlə bağlı məsələləri və təbii ki, bütün dünya prosesinə aid olan və Polşanı da, Azərbaycanı da eyni dərəcədə maraqlandıran məsələləri müzakirə etmək və onların barəsində fikir mübadiləsi aparmaq imkanını əldən vermirik. Mən şadam ki, siz buraya gəlmisiniz, görüşlər keçirmisiniz. Amma çalışmaq lazımdır ki, bu əlaqələr nəinki qırılmasın, əksinə, daim inkişaf etsin. Şadam ki, bizim dövlət xadimləri ilə keçirdiyiniz görüşlərdən, söhbətlərdən razısınız.

Marek Dukaçevski: Cənab Prezident, mən Azərbaycana ilk dəfə gəlmişəm. Bilməzdim ki, Azərbaycanda olduğum vaxtda belə böyük səmimiyyətlə, mehribanlıqla qarşılaşacağam. Biz həmkarlarımızla dialoqu davam etdirməyi qərara aldıq. Sentyabrda bizdə parlament seçkiləri keçiriləcək və ümidvaram ki, bu gün bünövrəsi qoyulan dialoq seçkilərdən sonra da davam etdiriləcəkdir.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa