Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının və Türkiyənin nümayəndə heyətləri arasında Azərbaycan-Türkiyə danışıqlarında çıxışı - Prezident sarayı, 11 iyul 2000-ci il


Heydər Əliyev: Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz hörmətli Əhməd Necdət Sezər!

Hörmətli qonaqlar, dostlar!

Mən sizi Azərbaycanda səmimi-qəlbdən salamlayıram. Hörmətli cənab Prezident, Sizin Azərbaycana bu səfərinizi və bizim bu görüşlərimizi çox əlamətdar hadisə kimi qiymətləndirirəm.

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və geniş əməkdaşlıq əlaqələri dərin köklərə malikdir. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu əlaqələr sürətlə inkişaf edibdir. Əlaqələrimiz o qədər yaxındır ki, biz bir-birimizi ayrı bir dövlət, xalq kimi hiss etmirik. Belə bir zamanda, dönəmdə Türkiyənin yeni seçilmiş onuncu prezidenti hörmətli Əhməd Necdət Sezərin ilk xarici ölkəyə səfərinin Azərbaycana olması bizim üçün çox əzizdir, hörmətlidir və biz, Azərbaycan xalqı bunu yüksək qiymətləndiririk. Təbiidir ki, biz bunu belə də düşünürdük və arzumuz da bu idi ki, Türkiyənin yeni seçilmiş prezidenti ilk səfərini Azərbaycana etməlidir. Belə görünür ki, bizim də, sizin də qəlbimiz eyni fikirdəymiş. Ona görə də belə bir səfər indi mövcuddur, biz sizi qarşıladıq.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr sıx dostluq, qardaşlıq əlaqələridir. Bu əlaqələr heç vaxt dəyişməzdir, əyilməzdir, pozulmazdır. Çünki, birincisi, bu, xalqlarımızın iradəsidir; ikincisi, həm Türkiyə Cümhuriyyətinin, həm də Azərbaycan Respublikasının dövlət siyasətidir. Bu əlaqələr həm dostluq, həm də strateji tərəfdaşlıq əlaqələri xarakteri daşıyır. Ancaq insanlar, xalqlar arasında əlaqələr həmin bu formulalardan daha da çoxdur, genişdir.

Ötən illər biz bu əməkdaşlığımızdan çox faydalar əldə etmişik. Birincisi, 70 il bir-birimizdən ayrı olduğumuza görə keçmiş zamanda itirdiklərimizi bərpa etməyə çalışmışıq. İkincisi də bütün sahələrdə - həm iqtisadi, həm siyasi, həm elmi, həm də mədəni sahələrdə çox əhəmiyyətli işlər görmüşük. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman böyük bir problemlə rastlaşıbdır: 1988-ci ildə Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edibdir, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana bağlamaq iddiasına düşübdür. Sonra bu proses genişlənib, müharibəyə çevrilib və Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılıb ölkəmizin başqa bölgələrində çadırlarda ağır şəraitdə yaşayır. 12 ildən bəri davam edən ağır münaqişə zamanı Türkiyə Cümhuriyyəti, xalqı Azərbaycanla həmişə bir olubdur və ölkəmizə dəstək veribdir, yardım edibdir. Türkiyə Ermənistanı dünyada təcavüzkar bir dövlət kimi qiymətləndiribdir və bəyan edibdir.

Azərbaycan dövlət müstəqilliyini elan edən kimi, onu ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti olmuşdur. Müstəqillik dövründə bir çox problemlərimizin həll olunmasında biz həmişə Türkiyənin dəstəyindən, yardımından istifadə etmişik. Məlumdur ki, biz Ermənistan ilə Azərbaycan arasında olan münaqişəni 1994-cü ildə dayandırmışıq, atəşkəs rejimi yaranıbdır. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu illərdə aparılmış bütün sülh danışıqlarında həm ATƏT-in Minsk qrupunun üzvü kimi, həm də Azərbaycanın yaxın dostu kimi, Türkiyə həmişə ölkəmizə yardım edibdir. Xatirimdədir, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və nəhayət, 1999-cu il İstanbul zirvə görüşündə Türkiyə Cümhuriyyəti, onun dövləti, prezidenti, əziz dostumuz hörmətli Süleyman Dəmirəl bu məsələ ilə əlaqədar Azərbaycanın mövqelərini müdafiə etmək üçün, məsələnin həll olunması üçün nə qədər səylər göstərmişdir. Ancaq həmin səylər təkcə bu zirvə görüşləri zamanı deyil, daim davam edir. Türkiyənin bütün hökumət, dövlət orqanları, Xarici İşlər Nazirliyi və başqa orqanları bu işdə həmişə bizimlə bərabərdirlər. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin ən önəmli hissəsi Azərbaycanın təbii sərvətlərinin, neft və qaz yataqlarının dünyanın böyük şirkətləri ilə müştərək işlənilməsinə başladığımız zaman Türkiyə ilə yenə də bərabər olmağımızdan ibarətdir.

1994-cü ilin sentyabr ayında ilk dəfə biz dünyanın 11 böyük neft şirkəti ilə «Əsrin müqaviləsi» adlanan müqavilə imzaladıq. Həmin müqavilə imzalanan zaman da biz uzağa, irəliyə baxırdıq. Düşünürdük ki, biz buradan çoxlu neft hasil edəcəyik, dünya bazarlarına çıxaracağıq, onun da yolu ancaq Türkiyədən ola bilər. Ona görə də hələ o vaxt biz bu müqavilədə Bakı-Ceyhan əsas ixrac neft kəməri - indi ona Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri deyirik - haqqında cümlə yazmışdıq. Biz ötən beş ildə bu barədə birgə çox böyük işlər gördük. Nəhayət, keçən ilin noyabrında İstanbulda «Çırağan» sarayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsi barədə yüksək səviyyədə saziş imzaladıq. Bu sazişi Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikasının, Gürcüstanın, Qazaxıstan Respublikasının prezidentləri imzaladılar. Amma bununla bərabər, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton da bu sazişə öz imzasını atdı. Sonrakı dövrdə Türkiyənin Böyük Millət Məclisi, Azərbaycanın Milli Məclisi, Gürcüstanın parlamenti bu sazişi təsdiqləyiblər, ratifikasiya ediblər. İndi biz əməli işə başlamışıq. İyun ayının 27-də Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsi ilə əlaqədar böyük bir təqdimat mərasimi keçiribdir. Burada dünyanın 27 böyük neft şirkəti iştirak edibdir. Onlara bütün şərtlər elan olunubdur. İndi bu sahədə əməli iş gedir.

Hörmətli cənab Prezident, güman edirəm ki, biz Sizinlə təkbətək görüşdüyümüz zaman hörmətli Cümhur Ərsumər və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərləri bu məsələ barədə söhbət ediblər. Hesab edirəm, yəqin ki, burada bütün məsələlər normal vəziyyətdədir, bir problem yoxdur. Bu məsələlər ondan ibarətdir ki, birincisi, biz birlikdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlamalıyıq. İkincisi, bilirsiniz ki, Azərbaycanın böyük qaz yataqları - birinci növbədə «Şahdəniz» qaz yatağı - aşkar edilibdir. Türkiyənin qaza ehtiyacı var.

Ötən ilin noyabrında İstanbulda biz Türkmənistanın Türkiyəyə qaz satması barədə Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə arasında bir anlaşma imzaladıq. Təəssüflər olsun ki, bu anlaşmanın həyata keçirilməsi hələ ki, görünmür - ya ləngiyir, yaxud da hansı vəziyyətdə olduğunu biz bilmirik. Amma biz o vaxt da hesab edirdik ki, bu qaz kəməri ilə Azərbaycan qazı da Türkiyəyə ixrac olunacaqdır. Ancaq indi biz Azərbaycan qazını müstəqil olaraq Türkiyəyə ixrac etmək üçün tədbirlər görürük.

Hörmətli Cümhur Ərsumər, güman edirəm, siz bu barədə də danışıqlar aparmısınız, razılığa gəlmisiniz. Bunlar böyük layihələrdir. Amma bunlarla bərabər, iqtisadi sahədə çoxlu başqa işlər görülür. Türkiyəli iş adamları Azərbaycanda çoxlu işlər görürlər, ölkəmizə yardım edirlər. Azərbaycanın bir çox elm, mədəniyyət xadimləri Türkiyənin universitetlərində dərs deyirlər. Ölkəmizin çoxlu tələbələri Türkiyədə təhsil alırlar. Türkiyədən gəlmiş çoxlu tələbələr Azərbaycanda oxuyurlar.

Bir sözlə, əlaqələrimiz çox genişdir. Bu günə qədər əldə etdiyimiz nailiyyətlər bizi sevindirir. Ancaq biz irəli baxırıq, gələcəyi görürük. Hesab edirəm, gələcək də ümumiyyətlə, çox sevindiricidir. Xüsusən, Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi çox sevindiricidir və daha uğurlu olacaqdır.

Hörmətli dostum, cümhur başkanı, hesab edirəm, Sizin Azərbaycana ilk ziyarətiniz bu əlaqələrin inkişaf etməsinə, genişlənməsinə böyük təkan verəcəkdir. Türkiyə ilə Azərbaycan arasında indiyə qədər olan bütün əlaqələr bundan sonra da davam edəcəkdir. Təbiidir ki, buna heç bir şübhə yoxdur və şübhə etməyə əsas da yoxdur.

Mən sizi salamlayıram. Mənim dəvətimi qəbul edib xaricə ilk səfərinizi Azərbaycana etdiyinizə görə Sizə təşəkkür edirəm və çox məmnun olduğumu bildirirəm. Sizə bildirmək istəyirəm ki, xalqımız, Azərbaycanın vətəndaşları da Sizin bu qərarınızdan - ilk səfərinizi Azərbaycana etməyinizdən çox məmnundurlar. Sizi bir daha salamlayıram.

***

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm. Biz sizinlə baş-başa çoxlu söhbət apardıq, digər şəxsləri burada gözləməyə məcbur etdik. Amma bizim söhbətimiz, apardığımız danışıq çox faydalı oldu. Biz məsələlərin çoxunu orada müzakirə etdik. Ona görə də həmin müzakirəni burada təkrar etməyə ehtiyac yoxdur. Ola bilər, biz neft məsələləri barədə məlumatları ayrıca dinləyərik.

Əhməd Necdət Sezər: Bəli, necə istəsəniz, elə də edərik.

Heydər Əliyev: Yaxşı, oldu. Onda biz protokol üzrə birgə bəyanat imzalamalıyıq. Sonra mətbuat konfransı keçirməliyik. Daha sonra isə protokol üzrə digər tədbirləri keçirməliyik. Sağ olun.