Azərbaycan dəniz neft sənayesi işçilərinə - 6 noyabr 1999-cu il


Əziz neftçilər!

Sizi, bütün Azərbaycan neftçilərini Azərbaycan dəniz neft sənayesinin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Əlli il bundan əvvəl Neft Daşları yatağında ilk neft fontanı ilə dəniz neft sənayesinin hələ əsrin əvvəlində Bibiheybət buxtasında və Pirallahı adasında başlanmış inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan neftçilərinin açıq dənizdə dəmir özüllər üzərində neft və qaz hasilatının olduqca mürəkkəb elmi-texniki və təşkilati məsələlərini uğurla həll etmələri dünya neftçıxarma sənayesinin inkişafında tarixi əhəmiyyət kəsb edən bir hadisə oldu.

Neft Daşları yatağının kəşf edilməsindən keçən yarım əsrin hər bir ili neftçıxarma sənayesinin inkişafı ilə bağlı elmi və texniki problemlərin, kadr hazırlığı məsələlərinin həllinə öz töhfəsini vermişdir. Azərbaycanın ən böyük sərvəti həmin illərdə Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil, məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur.

Bu yubiley günlərində biz Neft Daşları yatağının kəşf olunması və istismarında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərmiş Azərbaycan neftçilərinin ilk nəsillərini dərin ehtiram və böyük iftixar hissi ilə yad edirik. Onların bir çoxu ali dövlət və hökumət mükafatlarına layiq görülmüşdür. Həmin nəsillərin ən böyük mükafatı isə qədirbilən xalqımızın bəslədiyi dərin hörmət və məhəbbət duyğuları olmuşdur. Dəniz fatehləri Azərbaycanın şair, yazıçı, bəstəkar və rəssamlarının əsərlərində əfsanəvi qəhrəmanlara çevrilərək xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuşlar.

Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür. Biz yeni əsrə müstəqil Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. Həmin strategiyanın maddi və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur. O illərdə qazanılmış misilsiz nailiyyətlər bu gün müstəqil Azərbaycanda uğurla yerinə yetirilən "Əsrin müqaviləsi"ndə öz parlaq ifadəsini tapmışdır.

Əminəm ki, Azərbaycan dəniz neftçiləri öz zəngin təcrübələrindən səmərəli istifadə edərək bundan sonra da əzmlə çalışacaq, Azərbaycan iqtisadiyyatının dünya iqtisadi sisteminə sıx inteqrasiyasını, ölkəmizin hərtərəfli inkişafını, xalqımızın firavan həyatını təmin etmək üçün var qüvvələrini sərf edəcəklər.

Bu yubiley günlərində sizə yeni-yeni əmək nailiyyətləri, hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.