Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş ilə görüşmüşdür - Vaşinqton, 9 aprel 2001-ci il


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev aprelin 9-da Vaşinqtonda Ağ evdə Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş ilə görüşmüşdür.

Azərbaycan prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan ABŞ prezidenti Corc Buş bu görüşdən çox məmnunluq duyduğunu bildirdi və prezident Heydər Əliyevin dostu, ABŞ-ın 41-ci prezidenti ata Corc Buşun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı, dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, geniş dünyagörüşünə və nadir natiqlik istedadına valeh olduğunu söylədi.

Azərbaycan prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına səfərə dəvət olunduğuna və burada ona göstərilən yüksək qonaqpərvərliyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Amerika hökumətinin göstərdiyi səylərə, Ki Uest danışıqlarının yüksək səviyyədə təşkilinə görə cənab Corc Buşa minnətdarlığını bildirdi, prezident seçilməsi münasibətilə onu bir daha təbrik etdi.

Ata Corc Buşun səmimi salamlarına görə təşəkkürünü bildirən dövlətimizin başçısı özünün də salamlarını və ən xoş arzularını ABŞ-ın 41-ci prezidentinə yetirməyi xahiş etdi.

ABŞ-ın Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan prezident Corc Buş ölkəmizlə hərtərəfli əlaqələrin inkişaf etdirilməsini Amerikanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu nəzərə çarpdırdı.

Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarına nəqlində Amerikanın iri neft şirkətlərinin yaxından iştirakını yüksək qiymətləndirən prezident Corc Buş öz ölkəsini təmsil edən şirkətlərin işi üçün Azərbaycanda yaradılmış əlverişli şəraitə görə prezident Heydər Əliyevə təşəkkürünü bildirdi, başçılıq etdiyi hökumətin ABŞ-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini bütün istiqamətlərdə genişləndirməyə hazır olduğunu vurğuladı.

Azərbaycan prezidenti Heydər Əliyev dünyanın böyük dövlətlərindən biri olan ABŞ-ın ölkəmizlə bütün sahələrdə əməkdaşlığa maraq göstərməsindən məmnunluq duyduğunu söyləyərək, Xəzərin zəngin enerji ehtiyatlarının işlənilməsi sahəsində ABŞ şirkətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini nəzərə çarpdırdı.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşdirilməsi haqqında danışan prezident Heydər Əliyev bu layihənin xüsusi əhəmiyyətini qeyd etdi.

Amerika Konqresinin 1992-ci ildə qəbul etdiyi "Azadlığı dəstəkləmə aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında münasibətlərin inkişafına mane olduğunu bildirən prezident Heydər Əliyev bu düzəlişin aradan qaldırılmasının zəruriliyini bir daha vurğuladı.

Amerika prezidenti Corc Buş başçılıq etdiyi hökumətin 907-ci düzəlişin ləğvi üçün yollar axtarılmasına hazır olduğunu nəzərə çarpdırdı.

Prezidentlər Azərbaycann ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi ətrafında geniş fikir mübadiləsi apardılar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ərazi iddiaları irəli sürən Ermənistanın 1988-ci ildən başladığı hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın uzun müddət çadırlarda dözülməz şəraitdə yaşadığını xüsusi vurğulayan prezident Heydər Əliyev Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunmuş torpaqlarda artıq hər şeyin dağıdıldığını, talan edildiyini, yerlə-yeksan olunduğunu söylədi.

Münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradıldığını, 1994-cü ildə atəşkəs rejiminin əldə olunduğunu xatırladan prezident Heydər Əliyev 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin nizama salınmasının baza formulunun müəyyən edildiyini, nizamasalmanın 3 əsas prinsipinin - Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarə statusunun verilməsi prinsiplərinin Ermənistan Respublikasından başqa ATƏT-in üzvü olan bütün ölkələr tərəfindən müdafiə edilməsini, həmin sammitdən sonra dünyanın 3 böyük dövlətinin - Rusiya, ABŞ və Fransanın Minsk qrupunun həmsədrləri olduğunu bildirdi.

Prezident Heydər Əliyev həmsədrlərin fəaliyyətindən, son dövrlərdə Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa görüşlərindən söhbət açaraq, Ermənistanın qeyri-konstruktiv mövqe tutduğuna görə münaqişənin sülh yolu ilə həllinin hələlik mümkün olmadığını vurğuladı.

Dövlətimizin başçısı Ki Uest görüşlərinin münaqişənin sülh yolu ilə həllində mühüm addım olduğunu qeyd etdi və bu görüşlərin yeni formatda keçirilməsinin danışıqlara xüsusi xarakter verdiyini nəzərə çarpdırdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasında ABŞ-ın marağı olduğunu vurğulayan prezident Corc Buş başçılıq etdiyi hökumətin bu istiqamətdə səylərini artıracağını bildirdi. Cənab Buş dedi ki, zəngin siyasi həyat yolu keçmiş prezident Heydər Əliyevin qətiyyətli mövqeyi və ardıcıl siyasəti sayəsində regionun mühüm ölkəsi olan, zəngin təbii sərvətlərə, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan inkişaf və tərəqqi yolundadır.

Söhbət zamanı ABŞ ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ prezidenti Corc Buşu, vitse-prezident Riçard Çeynini, dövlət katibi Kolin Pauelli və milli təhlükəsizlik üzrə müşavir xanım Kondoliza Raysı Azərbaycana dəvət etdi. Dəvətə görə minnətdarlıq bildirildi.

Görüş səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçdi.

"Azərbaycan" qəzeti, 14 aprel 2001-ci il.