Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının beşinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 25 fevral 1997-ci il


Əziz həmvətənlərim!

Beş il bundan öncə - 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələri imperiyapərəst qüvvələrin bilavasitə iştirakı və havadarlığı ilə Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətdilər. Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi dişinədək müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qaldı. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular. Yeddi minlik əhalisi olan bütöv bir şəhər yerlə-yeksan edildi.

O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir.

Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır.

Xalqımızı əmin etmək istəyirəm ki, bu qan yerdə qalmayacaq, Xocalı soyqırımında müqəssir olan hər kəs öz cinayətkar əməlinə və milli xəyanətinə görə xalq qarşısında cavab verməli olacaqdır. Bunu bizdən şəhidlərimizin narahat ruhları tələb edir.

Bu milli hüzn günündə xalqımıza başsağlığı verir, bütün şəhidlərimizə, Xocalının günahsız qurbanlarına Tanrıdan rəhmət diləyirəm. Mərd Azərbaycan xalqını həmişə olduğu kimi dərd qarşısında əyilməməyə, dövlət müstəqilliyimizin əbədiliyi naminə daha mətin və mübariz olmağa çağırıram. Biz milli-mənəvi bütövlüyümüzlə, Azərbaycan dövlətçiliyi ətrafında sarsılmaz birliyimizlə haqqın və ədalətin təntənəsinə nail olacağıq.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) -8-ci cild, Azərnəşr, Bakı -1998, səh. 401.