Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti professor İhsan Doğramaci ilə görüşdə söhbətindən - Prezident sarayı, 21 sentyabr 1997-ci il


Hörmətli cənab Doğramaci! Sizi, hörmətli qonağımızı Azərbaycanda səmimiyyətlə salamlayıram və artıq dünya şöhrətli görkəmli alim, həm də ictimai xadim kimi Azərbaycanda da çoxdan yaxşı tanınan professor İhsan Doğramacinini ölkəmizə səfərindən məmnun qaldığımı bildirirəm.

... Mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm və Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq Konqresinin Bakıda keçirilməsindən məmnun qaldığımı bildirirəm. Nəzərə çatdırıram ki, bu konqresin yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür və ümidvaram ki, toplanti öz işini böyük uğurla başa çatdıracaqdır. Vurğulayım ki, uşaqların səhhətinin qorunması çox vacib bir məsələdir. Bildirirəm ki, bu konqresə İhsan Doğramaci kimi görkəmli bir alimin rəhbərlik etməsi xüsusi əhəmiyyətə malikdir. Bir daha deyirəm: Cənab Doğramaci, siz bizim əzl dostumuz, qardaşımızsınız, ona görə də biz bu konqresin uğurla keçməsinə hər cür kömək göstərməyə hazırıq.

Mən əminəm ki, bu konqres pediatriya məsələləri ilə yanaşı, türkdilli xalqların, o cümlədən başqa ölkələrin xalqlarının və dövlətlərinin münasibətlərinin daha da möhkəmləndirilməsi işinə əməli kömək göstərəcəkdir. Onu da vurğulamaq yerinə düşər ki, dünyanın bir çox görkəmli alimlərinin müstəqil, azad, demokratik Azərbaycan Respublikasına toplaşması və ölkəmizin həyatı ilə yaxından tanış olması xüsusi əhəmiyyət daşıyır.

Sizi bir daha salamlayır, konqresin işinə isə uğurlar arzulayıram.