Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandaki səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - Bakı Əyləncə Mərkəzi, 27 oktyabr 1998-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Dostlar! 

Türkiyə Cümhuriyyəti yaranmasının 75 illiyi münasibətilə sizi ürəkdən təbrik edirəm. Türkiyə Cümhuriyyətinə, türk xalqına gələcək işlərində uğurlar arzulayıram.

75 il öncə Türkiyə Cümhuriyyətinin yaranması XX əsrdə dünyada baş vermiş ən mühüm tarixi hadisələrdən biridir. Osmanlı imperatorluğunun dağıntıları içərisində yeni dövlət, Cümhuriyyət - Türkiyə Cümhuriyyəti qurulmuşdur. Böyük öndər Mustafa Kamal Atatürkün zəkası, iradəsi və uzaqgörənliyi ilə yaranmış Türkiyə Cümhuriyyəti 75 illik şanlı bir yol keçmiş, bu yol türk xalqına böyük nailiyyətlər gətirmişdir.

Türkiyə Cümhuriyyəti Avropa ilə Asiyanın, Şərqlə Qərbin sintezindən əmələ gəlmiş və bütün müsəlman şərq aləmi üçün örnək cümhuriyyət olmuşdur.

Türk xalqı 75 il böyük Mustafa Kamal Atatürkün yolu ilə inamla irəliləmiş və Türkiyə bu gün dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olaraq Dünya Birliyində özünə layiq yer tutmuşdur. 75 il ərzində Türkiyənin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, keçdiyi inkişaf yolu, Türkiyədə aparılan dövlət quruculuğu prosesi və bu Cümhuriyyətin özü müstəqil Azərbaycan üçün örnəkdir.

Biz Türkiyə Cümhuriyyətinin keçdiyi tarixi yolu, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində əldə etdiyi böyük nailiyyətləri yüksək qiymətləndirir və Azərbaycan üçün örnək hesab edirik.

Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.

Türkiyə Azərbaycana həmişə dayaq olmuşdur. XX əsrdə - 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti elan olunarkən Türkiyənin Azərbaycana etdiyi yardımlar və o illərdə ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında türk qardaşlarımızın göstərdikləri qəhrəmanlıqlar Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Yeddi il bundan öncə Sovetlər İttifaqı dağılarkən Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi zaman Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. O, müstəqillik yollarında irəliləmək, yaşamaq, inkişaf etmək üçün Azərbaycana daim dayaq olmuşdur və dostluq, qardaşlıq köməyi etmişdir. Azərbaycan müstəqil dövlət kimi ötən illərdə böyük çətinliklərdən keçərək yaşayıb, inkişaf edibdir. Azərbaycanın dövlət müstəqilliyi qorunaraq saxlanılıb, dönməz, dəyişməz, əbədi olubdur. İndi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. Azərbaycan öz ictimai-siyasi, iqtisadi həyatını köklü surətdə dəyişdirir və iqtisadi islahatların həyata keçirilməsi yolu ilə, siyasi və social islahatlar vasitəsilə ölkəni inkişaf etdirməyə çalışır.

Bütün bu proqramların həyata keçirilməsi, Azərbaycanın hüquqi, demokratik dövlət kimi inkişaf etməsi, ölkəmizdə bazaar iqtisadiyyatı prinsipləri əsasında yeni iqtisadi qurumların yaranması, inkişaf etməsi və digər sahələrdə biz həmişə Türkiyənin dəstəyinə, köməyinə arxalanmışıq, bu dəstəyi həmişə almışıq. Bu gün Azərbaycanda demokratik cəmiyyəti formalaşdırarkən, demokratik, hüquqi, dünyəvi dövlət qurarkən Türkiyənin 75 illik təcrübəsindən səmərəli istifadə edirik. Türkiyə və Azərbaycan xalqları arasındakı dostluq həmişə qırılmaz olubdur. Ancaq Azərbaycanın dövlət müstəqilliyi yolu ilə inamla irəlilədiyi son illərdə Türkiyə-Azərbaycan dostluğu tarixdə görünməmiş zirvəyə çatmışdır. Biz həyatın bütün sahələrində Türkiyə - Azərbaycan dostluğuna, əməkdaşlığına xüsusi əhəmiyyət veririk, bu əməkdaşlıqdan çox böyük bəhrələr götürürük.

Mən bu gün bəyan edirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələri gündən-günə inkişaf edəcəkdir. Azərbaycanın ən mühüm problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında, Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyə Azərbaycana həmişə dayaq, arxa olmuş və bu məsələnin həll edilməsi üçün Türkiyə Cümhuriyyəti, hökuməti həmişə əlindən gələni etmişdir.

Mən bu gün böyük məmnuniyyətlə qeyd edirəm ki, Ermənistanın Azərbaycana təcavüzünün başlandığı gündən indiyədək Türkiyə həmişə Azərbaycanın yanında olmuş, beynəlxalq təşkilatlarda xalqımızın və dövlətimizin hüquqlarını müdafiə etmişdir. Azərbaycanı həmişə dəstəkləmiş, Ermənistanı Azərbaycana təcavüz edən bir ölkə kimi məhkum etmiş, bu hərbi təcavüzü daim pisləmiş və Ermənistandan bu təcavüzdən əl çəkməsini, işğal olunmuş torpaqlarımızı azad etməsini tələb etmişdir. Məhz bu səbəbdən Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurmaq və Türkiyə sərhədlərindən istifadə etmək cəhdinə Türkiyə hökuməti, dövləti hər dəfə etiraz edibdir, buna razılıq verməyibdir. Türk xalqının, dövlətinin "Ermənistan Azərbaycana qarşı təcavüzünü dayandırmayınca, işğal edilmiş torpaqlardan çəkilməyincə, bu torpaqlardan didərgin düşmüş azərbaycanlılar öz yerlərinə-yurdlarına qayıtmayınca Ermənistan Türkiyə ilə hər hansı bir əlaqənin yaranmasına nail olmayacaqdır", - deməsini hər bir Azərbaycan vətəndaşı xüsusi qiymətləndirir.

Biz Türkiyə dövlətinin bu cəsarətli, ədalətli mövqeyini və Azərbaycana göstərdiyi qardaşlıq münasibətini çox yüksək dəyərləndiririk. Azərbaycan da Türkiyənin dostu, qardaşı olaraq dünya miqyasında onun mövqelərini müdafiə etmək üçün əlindən gələni edib və bundan sonra da edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirik. Çünki beynəlxalq aləmdə gedən proseslərə bizim baxışlarımız, görüşlərimiz eynidir.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr gündən-günə genişlənir. Türkiyənin iş adamlarının Azərbaycana sərmayə qoymasını biz yüksək qiymətləndiririk, onların burada səmərəli işləməsi üçün lazımi imkanlar yaratmışıq və bundan sonra da yaradacağıq. Respublikamızda son illər bəzi müştərək müəssisələrin yaranması, Türkiyənin iş adamlarına məxsus olan ayrı-ayrı ticarət, sənaye müəssisələrinin fəaliyyətə başlaması, bir çox inşaat işləri aparılması türk qardaşlarımızın Azərbaycanda geniş iş görmək imkanlarını nümayiş etdirir. Elə içərisində olduğumuz bu binanın, bu ərazidə bir neçə ticarət mərkəzinin də yaranması Türkiyə və Azərbaycan iş adamlarının sağlam əməkdaşlığı nəticəsində mümkün olmuşdur. Biz Türkiyə ilə iqtisadi əməkdaşlığımızı bundan sonra da genişləndirəcəyik, Türkiyə sərmayəçilərinin Azərbaycana investisiya qoyması üçün daha əlverişli imkanlar yaratmağa çalışacağıq.

Bizim əlaqələrimiz bütün sahələri, o cümlədən mədəniyyət, təhsil, elm sahələrini də əhatə edir. Mən çox məmnunam ki, Azərbaycanın bir çox elm, mədəniyyət xadimləri Türkiyənin universitetlərində, mədəniyyət ocaqlarında, elmi idarələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər, öz biliklərini, elmi ixtiralarını Türkiyə cəmiyyətinə çatdıra bilirlər. Eləcə də Türkiyənin bəzi təhsil təşkilatlarının Azərbaycanda məktəblər, təhsil ocaqları yaratması və beləliklə də təhsilimizin, elmimizin, mədəniyyətimizin bir-biri ilə daha da yaxınlaşması cəhdlərini biz bəyənirik və bundan sonra da belə imkanlar yaradacağıq.

Əminəm ki, Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığı, ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin vasitəçilik fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll ediləcək, Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaq, respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıdacaqlar. Bu, bütün Azərbaycan xalqının arzusu və istəyidir. Mən yaxşı bilirəm ki, bu, eyni zamanda bütün türk xalqının, Türkiyə vətəndaşlarının arzusu və istəyidir.

Mən bir daha bəyan edirəm ki, Türkiyə dövlətinin, hökumətinin bu sahədə səyləri Azərbaycan xalqına, ictimaiyyətinə məlumdur. Bunu biz yüksək qiymətləndiririk. Biz Türkiyə Cümhuriyyətinin 75 illik yubileyini öz doğma bayramımız kimi qeyd edirik. Bu həm türk xalqının, cümhuriyyətinin, həm də Azərbaycan xalqının və respublikamızın bayramıdır. Məhz buna görə sabah mən Ankaraya gedirəm, Türkiyə Cümhuriyyətinin 75 illik yubiley mərasimində iştirak edəcəyəm. Bunu özüm üçün böyük şərəf hesab edirəm.

Bu bayram şənlikləri Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını dünyaya bir daha nümayiş etdirir. Hamınız əmin ola bilərsiniz ki, müstəqil Azərbaycan dövlətinin gələcək siyasətində də Türkiyə həmişə görkəmli yer tutacaq və Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da siyasətimizin əsas istiqamətlərindən biri olacaqdır.

Mən bu bayram günü turk xalqına yeni-yeni uğurlar, səadət, əmin-amanlıq, sülh arzulayıram. Arzu edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf etsin və parlasın. İnanıram ki, Türkiyə-Azərbaycan dostluğu daimi, sarsılmaz olacaqdır.

Türkiyə Cümhuriyyətinin şərəfinə!

Yaşasın və yüksəlsin Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti!

Əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına eşq olsun!