"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Hərbi Dəniz Akademiyasında keçirilən görüşdə nitqi" (Vaşinqton, 23 aprel 1999-cu il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dünyanın böyük dövlətlərindən olan ABŞ-la əlaqələrə xüsusi əhəmiyyət verib. Dəfələrlə ABŞ-a etdiyi rəsmi və işgüzar səfərlərdə o, Azərbaycanla ABŞ arasında əlaqələrin intensiv xarakter almasına səy göstərib. Heydər Əliyevin 1997-ci il iyulun 27-dən avqustun 7-dək ABŞ-a davam edən rəsmi səfəri Azərbaycan - ABŞ münasibətlərinin zirvəsi hesab edilir. (Ə.Həsənov "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" Bakı - 2004)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubiley mərasimlərində iştirak etmək üçün 1999-cu ilin aprelində ABŞ-da səfərdə olub. Səfər çərçivəsində çoxsaylı görüşlər keçirən dövlət başçısı aprelin 23-də ABŞ Hərbi Dəniz Akademiyasında olub.

1845-ci il oktyabrın 10-da ABŞ-da ilk hərbi dəniz məktəbi yaradılıb. Beş il sonra isə bu məktəb Hərbi Dəniz Akademiyası kimi fəaliyyət göstərməyə başlayıb. Akademiyada 4 il müddətində təhsil alan kursantlar hər ilin yayında gəmidə təcrübə keçirlər. 1933-cü ildən etibarən akademiyanın məzunlarına bakalavr dərəcəsi verilir. 1976-cı ildən başlayaraq bu təhsil ocağına qadınlar da qəbul edilir.

ABŞ Hərbi Dəniz Akademiyasında bu təhsil ocağı ilə tanış olan Azərbaycan Prezidenti Heydər Əliyevə təhsil müəssisəsi haqqında qısa məlumat verilib. Daha sonra akademiyada ölkə rəhbərinin görüşü keçirilib.

Tədbirdən sonra akademiyanın "Bankroft holl" binası qarşısında Heydər Əliyevin şərəfinə akademiya kursantlarının təntənəli marş mərasimi keçirilib. Təhsil müəssisəsinin 4 min kursantı ilə birgə nahar mərasimində iştirak edən dövlət başçısı daha sonra akademiyanın xatirə salonunda olub, vətən uğrunda döyüşlərdə həlak olmuş müdavimlərin abidəsi önünə əklil qoyub.

Heydər Əliyev həmin gün akademiyanın rektoru ilə də görüşüb, ətraflı söhbət aparıb. Rektor bu akademiyanın ABŞ Hərbi Dəniz Donanmasını yüksək ixtisaslı zabitlərlə təmin edən yeganə hərbi təhsil müəssisəsi olduğunu bildirib. Görüşün sonunda Heydər Əliyevə xatirə hədiyyəsi və akademiyanın fəaliyyətini əks etdirən albom təqdim edilib.

Azərbaycan prezidenti ABŞ Hərbi Dəniz Akademiyasında keçirilən görüşdə çıxış edərək Azərbaycanla ABŞ arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib: "Biz Amerika ilə əlaqələrimizə strateji nöqteyi-nəzərdən baxırıq. Azərbaycan ABŞ-la əlaqələrini bütün sahələrdə inkişaf etdirməyə hazırdır. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına fəal iştirak edir və biz bundan sonra da bu proqramın həyata keçirilməsində iştirak etməyə çalışacağıq".

Tarixi arayış 23 yanvar 2007-ci ildə yeniləşdirilib.