Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Penin başçılıq etdiyi Çin Xalq Respublikasının nümayəndə heyəti arasında danışıqlarda çıxışı - Prezident sarayı, 23 iyun 2000-ci il


Heydər Əliyev: Cənab sədr, Çin Xalq Respublikasından gəlmiş hörmətli qonaqlar, dostlar!

Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri cənab Li Penin dünən Azərbaycana rəsmi səfəri başlanmışdır. Bu səfər mənim dəvətimlə həyata keçirilir və şadam ki, cənab Li Pen hələ 1994-cü ildə etdiyim dəvəti gerçəkləşdirməyə imkan tapmışdır və indi Azərbaycandadır, biz onunla ünsiyyətdə olmaq fürsətinə malikik.

Cənab Li Pen, mən Sizi, nümayəndə heyətinizin üzvlərini Azərbaycanda səmimi salamlayıram və burada olmağımızdan böyük məmnunluq duyduğumu bildirirəm. Bilirəm ki, dünən parlamentimizdə görüşləriniz olubdur, Siz şəhərimizlə bir az tanış ola bilmisiniz. Bu gün bizim məhdud heyətdə çox maraqlı söhbətimiz oldu. Söhbət əsasən Çin-Azərbaycan münasibətlərinə aid idi, amma bununla yanaşı, biz tarixlə və müasir beynəlxalq vəziyyətlə bağlı bəzi məsələlərə də toxunduq.

Çin dünyanın böyük ölkəsidir, onun zəngin tarixi mədəniyyəti, zəngin tarixi var və İndi iri bir dövlət olaraq çox böyük intellektual və iqtisadi potensiala malikdir, beynəlxalq həyatda mühüm rol oynayır. Çin Xalq Respublikasının yaranması dünya miqyasında olduqca böyük tarixi əhəmiyyətə malik hadisə idi. Çin Xalq Respublikası 50 ildən çoxdur yaşayır, inkişaf edir və Çin getdikcə daha böyük uğurlar qazanır.

Azərbaycan gənc müstəqil dövlətdir. Biz dövlət müstəqilliyini Sovetlər İttifaqının süqutu ilə əlaqədar 1991-ci ildə əldə etmişik və bunu öz xalqımız üçün tarixi hadisə bilirik. Biz həm Sovetlər İttifaqının süqutunu, həm də onun tərkibinə daxil olmuş bir çox xalqların, o cümlədən də Azərbaycan xalqının qazandığı azadlığı, müstəqilliyi tarixi hadisə hesab edirik. Biz müstəqil dövlətin təşəkkülü mərhələsini yaşayırıq, öz yolumuzla - demokratiya yolu ilə, iqtisadi islahatlar aparılması, dövlətçiliyimizin möhkəmləndirilməsi yolu ilə gedirik. İndi biz artıq inanırıq  ki, Azərbaycan həmişə müstəqil dövlət olacaqdır. Biz dövlət müstəqilliyini həmişə qoruyacağıq və onun bir daha itirilməsinə heç zaman yol verməyəcəyik.

Müstəqil dövlət olaraq Azərbaycan dünyanın bütün ölkələri ilə öz münasibətlərini sülhsevərlik, qarşılıqlı surətdə faydalılıq, əməkdaşlıq, dostluq şərtləri əsasında qurmağa çalışır. Həm də biz bu siyasətdə Çin Xalq Respublikası ilə münasibətlərimizə çox böyük əhəmiyyət veririk. Biz şadiq ki, Çin Azərbaycanın dövlət müstəqüliyi elan edilən kimi onu birincilər sırasında tanımış ölkələrdən biridir. O vaxtdan bəri bizim aramızda diplomatik münasibətlər yaradılmışdır, İndi Azərbaycanın Çində səfirliyi və Çinin Azərbaycanda səfirliyi var. Bu gün biz Çinin Azərbaycandakı səfirliyinin yeniə daha doğrusu, ilk binasının bünövrəsini birlikdə qoyacağıq. Son illər münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Mən 1994-cü ildə Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszemin dəvəti ilə Çinə rəsmi səfərə getdim. Cənab Tszyan Tszeminlə də, o vaxtlar Nazirlər Şurasının sədri, sadəcə desək, Baş nazir vəzifəsini tutan bizim hörmətli qonağımız cənab Li Penlə də yaxşı görüşlər, söhbətlər oldu. Bu görüşlər, söhbətlər məndə dərin təəssürat doğurdu. Lakin Çinə səfərin Özü, Çinin müasir həyatı ilə, xüsusən iqtisadiyyatın sürətli inkişafı ilə, Çinin özünün milli mənafelərini, özünün milli spesifikasını əsas tutaraq həyata keçirdiyi islahatlarla tanışlıq mənə böyük təsir bağışladı. Biz Şanxaya da getdik. Ən başlıcası isə, Çin səddində olduq və mən onun ən yüksək nöqtəsinə qalxdım. Deyirlər ki, onun ən yüksək nöqtəsinə qalxmaq heç də hamıya müyəssər olmur. Elə mənim bəzi yol yoldaşlarım da yan yolda qaldılar. Amma mən qarşıma məqsəd qoydum və ona nail oldum. O vaxtdan, 1994-cü ildən bəri bizim münasibətlərimiz daha fəal olmuşdur.

Bu gün biz hərtərəfli əməkdaşlıq, xüsusən iqtisadi əməkdaşlıq mövqeyində dururuq. Ancaq bununla bərabər, biz şübhəsiz ki, beynəlxalq hüquqa aid prinsipial məsələlərdə də bir-birimizi dəstəkləyirik. Belə prinsiplərdən biri hər hansı dövlətin ərazi bütövlüyü və onun sərhədlərinin pozulmazlığı prinsipidir. Məhz bu mühüm beynəlxalq prinsipdə Çinin də, Azərbaycanın da ciddi problemləri var. Bu, Çində Tayvan problemidir, cənab Li Pen, sizə ətrafli izah etdiyim kimi, Azərbaycan isə 1988-ci ildən Ermənistanın təcavüzündən - ölkəmizin ərazisinin bir hissəsi olan Dağlıq Qarabağı qoparmaq məqsədi ilə başladığı təcavüzdən əziyyət çəkir. Bu təcavüz müharibəyə gətirib çıxarıb və Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahli qüvvələrinin işğali altındadır və bir milyon azərbaycanlı öz yaşayış yerlərindən qovulub və onlar bütün Azərbaycan ərazisində məskunlaşıblar, böyük əksəriyyəti çadırlarda çox ağır şəraitdə yaşayır.

Biz bütün beynəlxalq təşkilatlarda, beynəlxalq xarakterli bütün sənədlərdə Çin Xalq Respublikasının ərazi bütövlüyünü daim dəstəkləyirik, Tayvanın Çin Xalq Respublikasına tamamilə məxsus olduğunu və Çin Xalq Respublikasının öz torpağına olan hüququnu tanıyırıq. Mən sizə böyük minnətdarlıq hissi ilə bir daha deyirəm ki, Çin, Çin Xalq Respublikası Azərbaycanın öz ərazi bütövlüyünə, sərhədlərinin pozulmazlığına olan hüququnu, yəni Ermənistanla Azərbaycan arasında münaqişədə Azərbaycanı tamamilə dəstəkləyir.

Biz minnətdarıq ki, siz bu prinsipi daim müdafiə edirsiniz və bununla da öz ərazi bütövlüyümüzü bərpa etməkdə, işğal olunmus ərazilərimizi Ermənistan silahli qüvvələrindən azad etməkdə, qaçqınları öz yaşayış yerlərinə qaytarmaqda və müstəqil Azərbaycanın Birləşmiş Millətər Təşkilatı tərəfindən müəyyənləşdirilmiş sərhədlərinin pozulmazlığına nail olmaqda bizə kömək göstərirsiniz. Mən Sizi bir daha salamlayır və sözü sizə verirəm.

Li Pen: Cənab Prezident, dəvətinizə. görə, Azərbaycan Respublikasına gəlmək barədə sizin şəxsi dəvətinizə və Azərbaycan Respublikası parlamentinin dəvətinə görə çox sağ olun. Biz həmkarlarımızla çox razıyıq ki, buraya gələ və yeni Azərbaycana baxa bildik. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Çin Azərbaycanın müstəqilliyini dərhal tanıdı və onunla diplomatik əlaqələr yaratdı. O vaxtdan bəri ikitərəfli münasibətlər kifayət qədər uğurla inkişaf edir. 1994-cü ildə cənab Əliyev Çinə rəsmi səfərə gəldi, ÇXR-in sədri Tszyan Tszeminlə bir sıra mühüm sənədlər imzaladı və bundan sonra ikitərəfli münasibətlərimiz daha yaxşı inkişaf edir. Məhdud dairədə yenicə basa çatan danışıqlarda biz Sizinlə bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq və indi mən aşağıdakı üç bənd üzərində dayanmaq istərdim.

Əvvəla, Çin Azərbaycanla bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostcasına əməkdaşlıq münasibətlərini bundan sonra da inkişaf etdirməyə hazırdır. Biz hesab edirik ki, Azərbaycan nəinki mühüm cografi mövqeyə, həm də zəngin neft-qaz ehtiyatlarına malikdir. Buna görə də Azərbaycanın, Azərbaycan iqtisadiyyatının olduqca böyük perspeklivləri var. İkincisi, Çin beynəlxalq aləmdə birqütblü dünya əvəzinə, çoxqütblü dünya formalaşdırılması ugrunda çıxış edir. Hesab edirik ki, bu bütün dünyada sülhün inkişafı üçün daha faydalı və sərfəlidir. Üçüncüsü, Çin hesab edir ki, hər bir xalqın, hər bir dövlətin özü üçün inkişaf yolu, ideologiya və din seçmək haqqı var. Başqa ölkələrin buna qarışmağa haqqı yoxdur. İndi müasir dünyada iddia edirlər ki, insan hüquqları dövlətin suverenliyindən üstündür. Biz

hesab edirik ki, bu olduqca səhv iddiadır. Çünki bu bəzi dövlətlərin digər ölkələrin daxili işlərinə qarışması üçün bəhanə olardı. Hər bir dövlətin ərazisi müqəddəs və toxunulmazdır. Biz bu mövqeyi əsas tutaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu Yaxınlarda Çin Xarici İşlər Nazirliyinin bəyanatı yayılmışdır. Bəyanatda deyilir ki, Çin Dağlıq Qarabağda keçirilmiş qanunsuz seçkiləri tanımır. Əlbəttə, biz həmçinin ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq surətdə həll oluna bilər. Siz indicə dediniz ki, BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələri yerinə yetirilmir.

Bu gün biz Sizinlə Çinin Azərbaycandakı səfirliyi üçün binanın bünövrəsinin qoyulması sənliklərində iştirak edəcəyik. Bu, ikitərəfli münasibətlərimizin gələcək inkişafının daha bir rəmzidir. Bir daha çox sağ olun. İndicə mən ÇXR sədri Tszyan Tszeminin çox böyük salamını Sizə yetirdim.

Heydər Əliyev: Sağ olun, hörmətli cənab Li Pen. Dəyərli sözlərinizə görə Sizə təşəkkür edirəm. Bir çox məqamlarda bizim mövqelərimiz uyğun gəlir. Mən onların üzərində dayanmaq istəmirəm. Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszemindən mənə salam yetirdiyinizə görə sizə təşəkkür edirəm. Xahiş edirəm, mənim atəşin, səmimi salamımı da cənab Tszyan Tszeminə yetirəsiniz və ona bildirəsiniz ki, artıq indi mən onun Azərbaycana səfərini gözləyirəm. Siz sözünüzün üstündə durdunuz və gəldiniz, o isə hələlik borclu qalır. O öz borcunu yerinə yetirməlidir. Sizinlə Azərbaycanda görüşümüz, Pekində sizin hamınızla mənim görüşlərim və cənab sədr Tszyan Tszemının buraya səfəri Azərbaycan-Çirt münasibətlərinin daha da genişlənməsinə kömək edəcəkdir.

Siz tamamilə haqlısınız ki, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması beynəlxalq hüququn ən başlıca prinsipıdır və heç kimin bir-birinin daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Siz tamamilə haqlısınız ki, hər bir xalq, hər bir ölkə xalqın getməli olduğu yolu özü seçir və heç kəs bu xalqa onun hansı yolla getməli olduğunu kənardan zorla qəbul etdirməməlidir. Bizim bu cür uyğun gələn bir çox ümumi baxışlarımız var və biz bir-birimizi hər cəhətdən dəstəkləməli, münasibətlərimizi inkişaf etdirməliyik.

İqtisadi münasibətlərimizin inkişafı üçün böyük imkanlar var. Siz Azərbaycanda böyük neft və qaz ehtiyatları olduğunu dediniz, bu ehtiyatlar həqiqətən var. Amma dostluğumuzun daha da inkişaf etdirilməsinin çox mühüm vasitəsi tarixi Böyük İpək yolunun bərpasından ibarətdir. Böyük İpək yolunun bərpası XXI əsrin nəhəng proqramıdır və bu proqram Çinin iştirakı olmadan həyata keçirilə bilməz. Çünki biz İpək yolundan danışarkən bilirik ki, ipək çox qədim zamanlardan Çindən gətirilirdi, deməli, bu yolu Şərqdən Qərbə məhz Çin açmışdı. Çin ipək istehsal edərək, onu həmin uzun yol ilə Avropaya aparırdı. Beləliklə, İpək yolu yaranmışdı. Bir sözlə, biz o qədim zamanlara qayıdacağıq və İndi münasibətlərimizi  yeni şəraitdə inkişaf etdirəcək, bu proqramı birlikdə həyata keçirəcəyik.

Cənab Li Pen, sözümün sonunda demək istəyirəm ki, Siz Azərbaycanda ilk dəfə deyilsiniz. Siz hələ tələbə olarkən respublikamıza gəlmiş, Mingəçevirdə su elektrik stansiyasının tikintisində iştirak etmisiniz, sizin gözəl xatirələriniz var. İndi Sizin buraya səfərinizi mingəçevirlilər böyük maraqla izləyir, Sizə salam göndərirlər. Hesab edirəm ki, sizin onların nümayəndələri ilə görüşməyə və bu mövzuda daha ətraflı danışmağa imkanımız olacaqdır.

Li Pen: Bu gün nahardan sonra biz onlarla görüşəcəyik.

Heydər Əliyev: Sağ olun. Çində görüşlərimiz haqqında kitabı - "Azərbaycan-Çin: dostluq sərhədlər aşır" kitabını təntənəli surətdə sizə təqdim etmək istəyirəm. Kitab Azərbaycan dilindədir. Burada olduqca çox materiallar, o cümlədən Sizinlə bizim Pekində görüşümüz barədə material var. Mən bu kitabı Sizə təqdim edirəm. Etiraziniz yoxdursa, kitabdan nümayəndə heyətinizin üzvlərinə də paylayardım.

Li Pen: Sağ olun. Biz də sizin üçün hədiyyə gətirmişik.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış