Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident Aparatında keçirilmiş müşavirədə giriş nitqi - 26 yanvar 2000-ci il


Bugünkü bu müşavirə fövqəladə vəziyyət xarakteri daşıyır. Mən bunu təcili çağırmağa məcbur olmuşam. Çünki üç gün bundan öncə Moskvaya yola düşərkən mənə məlumat verildi ki, respublikada, o cümlədən Bakıda elektrik enerjisi qıtlığı yaranıbdır, qaz çatışmır. Təklif olundu ki, bəzi yerlərdə elektrik enerjisi təchizatına fasilə verilsin. Mən dünən Bakıya dönərkən hava limanında bu məsələ ilə maraqlandım. Mənə bildirdilər ki, narazılıqlar yaranıbdır, çətinliklər var. Nazirlər Kabinetində Baş nazir tərəfindən müşavirə keçirilibdir, icra orqanlarına göstərişlər verilibdir. Ancaq mən bu gün səhər bu məsələlərlə yenə də maraqlandım, gördüm vəziyyət elədir ki, biz gərək bu gün yığışaq və bunu araşdıraq. Azərbaycan bu qış dövründə qazla, elektrik enerjisi ilə təchizatda son illər müəyyən çətin problemlərlə rastlaşır. Amma başqa respublikalarla, məsələn, qonşu Gürcüstanla, yaxud Rusiyanın bəzi regionları ilə müqayisə etsək, təbiidir ki, bizdə vəziyyət qat-qat yaxşıdır. Yaxud, elə bizim Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Respublikasının bu vəziyyətini mən 1991-ci ildən yaxşı bilirəm. Orada indi də elektrik enerjisi ancaq fasilə ilə - iki saat burada, iki saat orada verilir. Baxmayaraq ki, orada hava buradan soyuqdur, şaxta var. Mən son dəfə Türkiyədə olarkən xahiş etdim ki, onlar elektrik enerjisi verilməsini artırsınlar. İndi artırıblar, onlar Türkiyədən Naxçıvana elektrik enerjisi verilməsindən həddin dən artıq məmnundurlar, sevinirlər. Ancaq bu, onları yenə də tamamilə təmin etmir. Onlar yenə də elektrik enerjisini bir rayona, o birisinə fasilə-fasilə verirlər. Ancaq vəziyyət əvvəlkinə nisbətən yaxşılaşdığına görə çox razıdırlar.

Bir məsələni bilmək lazımdır ki, bizim respublikamızın vətəndaşları, hər halda, çətinliklər də olsa, elektrik və qaz təminatından indiyədək o qədər böyük çətinliklər keçirməyiblər. Ancaq bəzi mafioz qruplar bu çətinliklərdən keçmişdə çox istifadə ediblər və özlərinə qanunsuz gəlirlər əldə ediblər. Məsələn, 1991-ci, 1992-ci illərdə, hətta 1993-cü ildə deyiblər ki, Azərbaycanda qaz çatışmır, gəlin Türkmənistandan qaz alaq. Onlar burada bəzi firmalar yaradıblar, bu firmaların vəsitəsilə qaz alıblar və biz o borclardan indiyə qədər də çıxa bilmirik. Biz Türkmənistana, Qazaxıstana borcluyuq. Bunu Nazirlər Kabineti edibdir. Burada ayrı-ayrı mafioz şirkətlər yaradıblar, Azərbaycana böyük zərər veriblər. Mən bu məsələ ilə 1994-cü ildə maraqlanan kimi, qaz almağı qadağan etdim. O vaxt həmin bu işdə maraqlı olan adamlar ora-bura gedirdilər ki, sosial partlayış olacaq, qaz almaq lazımdır və s. Azərbaycanlı da büdcəsi ağır vəziyyətdə idi. Demək, belə çıxır, biz bir tərəfdən büdcəni daha da ağırlaşdırmalıydıq ki, həmin o mafioz qruplar öz gəlirlərini daha da artırsınlar. Mən bilirdim ki, Azərbaycanda nə qədər qaz çıxarılır. Azərbaycanda 6 milyard kubmetr qaz çıxarılır. Nə qədər mümkündür - o qədər də istifadə edərik, nə qədər də çatmır - dözərik. Hər halda, Gürcüstanda bir kubmetr də qaz yoxdur. Gürcüstanın mazutu da, başqa şeyləri də yoxdur. Dünən Moskvada Moldovanın prezidenti Petru Luçinski mənə müraciət edib ki, Siz bizə bir az mazut verə bilərsinizmi? Yaxud da Gürcüstanda ağır vəziyyət olduğuna görə Türkiyənin prezidenti Süleyman Dəmirəl Tbilisiyə səfər edərkən onlara kömək məqsədi ilə 20 min ton mazut hədiyyə veribdir. Bu, Azərbaycanın bir günlük istifadəsi qədərdir. Srağagün axşam bütün tədbirlərdən sonra, demək olar ki, gecə Gürcüstanın prezidenti Eduard Şevardnadze ilə görüşdük. Biz onunla həmişə görüşürük, bu dəfə də görüşdük. Ancaq bir neçə başqa məsələ barədə də söhbət etdik. O dedi ki, vəziyyətimiz ağırdır, görün bizə qaz, mazut verə bilərsinizmi? Mən dedim ki, bizim vəziyyətimiz bundan da ağırdır. Yəni bizimki də ağırdır. Amma təbiidir ki, Gürcüstanın vəziyyəti ilə heç bir respublikanın vəziyyətini müqayisə etmək olmaz. Onlar artıq 7-8 ildir ki, belə bir ağır vəziyyətdə yaşayırlar. Bəzi nümayəndə heyətləri Cənubi Qafqaza gələndə Gürcüstanda, Ermənistanda olurlar, sonra buraya gəlirlər, Gürcüstanın vəziyyəti haqqında dəhşətli məlumatlar verirlər.

Biz o vaxt qaz almağı qadağan etdik, amma ölkəmizi təmin etdik. Sonra məlum oldu ki, heç o qaz alınmırmış. Onun əvəzinə o tərəfdən - Türkmənistandan da, bu tərəfdən də ayrı-ayrı adamlar pulları ciblərinə qoyurmuşlar. Keçmişdə belə cinayətlər olubdur. İndi yenə də 6 milyard kubmetr qaz çıxır. Bunun da bir az çətinlikləri var. Məsələn, biz Supsa xətti dayanandan sonra "Çıraq" yatağından təxminən 20 gün qaz ala bilmədik. Burada da problemlər çıxır. Amma 6 milyard kubmetr qaz az deyil. Təbiidir, Azərbaycanı təmin etmək üçün bu azdır. Çünki mənim xatirimdədir, mən 1982-ci ildə buradan Moskvaya gedəndə Azərbaycan 17 milyard kubmetr qaz işlədirdi. Ancaq nəzərə alın ki, o vaxt sənaye çox böyük miqdarda qaz sərf edirdi. Biz Azərbaycanın lap bütün dağ kəndlərini də qazlaşdırmışdıq. Buna görə də 17 milyard kubmetr qazdan istifadə olunurdu. Bunun 15-16 milyard kubmetrini özümüz çıxarırdıq, bir qismini də Rusiyadan alırdıq. İndi sənayedə qaza o qədər də tələbat yoxdur. Dağ rayonları, başqa rayonlar qazdan tamamilə məhrum olublar. Demək, əgər bu iş yaxşı, normal təşkil edilsə bu 6 milyard kubmetr qazla yaşamaq olar. Normal təşkil edilmir. Bir tərəfdən yəqin, bacarmırlar, bir tərəfdən də sadəcə, kimlərsə təxribat edir, yaxud da yenə də öz şəxsi məqsədləri üçün istifadə edir.

Elektrik enerjisi də bizdə yetərlidir. Amma elektrik enerjisinə qənaət edilmədiyinə görə indi belə gərgin vəziyyət yaranıbdır. Təbii ki, burada həm bir neçə təşkilat tərəfindən səhvlər buraxılıbdır və bəzi yerlərdə öz vəzifələrindən sui-istifadə edib bizim dövlət işimizə, xalq işimizə, ümumi işimizə zərər vururlar. İkinci tərəfdən də belə vəziyyətdə gərək - Azərbaycanda bir söz var - yorğanına görə qıçını uzadasan. Əgər bir tərəfdən elektrik enerjisi çatmırsa, bir tərəfdən də gecə səhərə qədər bütün prospektlərdə, nə bilim, restoranlarda, özəl təşkilatlarda böyük-böyük elektrik lampaları yanırsa, onda bu elektrik enerjisi necə çata bilər? Bax, burada məsələni araşdırmaq üçün mən bu gün sizi buraya dəvət etmişəm. Xahiş edirəm, hərə burada məsələni doğru, düzgün, səmimi aydınlaşdırsın ki, biz yaranmış bu çətinlikləri aradan qaldıra bilək.

Yekun Nitqi

Mən bu müşavirəni başlayarkən dedim ki, o, fövqəladə xarakter daşıyır. Dünən axşam aldığım məlumatlar və bu gün səhər işə gələndən aldığım məlumatlar məni məcbur elədi ki, bu fövqəladə müşavirəni çağırım.

Müzakirə, yəni məsul vəzifəli şəxslərin buradakı çıxışları və çıxışların özündəki ciddi nöqsanlar onların hər birinin rəhbərlik etdiyi təşkilatda ciddi nöqsanların olduğunu daha da təsdiq edir. Azərbaycan neft-qaz ölkəsidir. Vaxtilə, 70-ci, 80-ci illərdə Azərbaycan müstəqil olaraq özü elektrik enerjisi istehsal edib elektrik enerjisindən asılısızlığını təmin edibdir. O illər bizim yaratdığımız böyük enerji blokları indi Azərbaycanı təmin edir. Əgər onlardan səmərəli istifadə olunsa, burada deyilən əyintilərə, nöqsanlara, səhlənkarlıqlara, məsuliyyətsizliklərə yol verilməsə, Azərbaycanı elektrik enerjisi ilə tamamilə təmin etmək olar. Eyni zamanda neft məhsulları və, qazla. Beləliklə, gərək Azərbaycanda bu problem olmasın. Biz bu problemi bir neçə dəfə müzakirə etmişik, həlli yollarını da göstərmişik. Ancaq bizim bugünkü müzakirəmiz göstərir ki, bir il, iki il bundan qabaq necə vardısa, elə də qalır. Bir şey təəccüb doğurur, mən bunu başlanğıcda da dedim, indi də deyirəm. Hər il bizdə qış belə keçir. Deyə bilmərəm ki, keçən ilə, ya ondan əvvəlki ilə nisbətən qış çox sərtdir. Ondan sərt deyildir. Temperatur 8-9-10 dərəcə, çox aşağı düşəndə 6 dərəcədir. Mən Bakını deyirəm. Əsas tələbat da Bakıdadır, - burada faizlər deyildi. Əlbəttə ki, bəzi yerlərdə - dağ yerlərində, məsələn, Naxçıvan Muxtar Respublikasında, başqa dağ rayonlarında şaxta da var. Amma Azərbaycanın ərazisinin əksər hissəsində iqlim elədir ki, qış mülayim keçir. Belə olan halda bəs nə üçün keçən illər vəziyyət bu cür gərginləşməmişdi, bu il gərginləşibdir? Səbəbi də ondan ibarətdir ki, bu il qışa hazırlıq işində daha da çox məsuliyyətsizlik olub, səhvlərə yol verilib və biz indi belə bir vəziyyətlə rastlaşmışıq.

Biz keçmiş Sovetlər İttifaqı məkanında, indi Müstəqil Dövlətlər Birliyi məkanında olan bir ölkəyik. Biz Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlət başçılarının növbəti iclasını keçirdik. Orada bir-birimizlə söhbətdə, fikir mübadiləsi edəndə hər bir ölkədə vəziyyətin nə cür olduğunu, - bunu əvvəl də bilirdik, - gördük. Enerji çatışmazlığı Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin, demək olar, hamısında mövcuddur. Bəzilərində çox böhran vəziyyətindədir. Məsələn, Ukraynanı götürün. Qış vaxtı oranın çox sərt, şaxtanı iqlimi var. Qonşu Gürcüstan haqqında artıq deyildi. Vəziyyətdən öz məqsədləri üçün sui-istifadə edən bir çox adamları yığıb Tbilisiyə göndərmək lazımdır ki, bir-iki gecə orada yatsınlar, iki sutka yaşasınlar. Ondan sonra görərlər ki, dost, qonşu Gürcüstan və onun vətəndaşları həqiqətən nə qədər ağır vəziyyətdədir. Çünki onların qazı yoxdur, nefti yoxdur, elektrik stansiyalarının gücü çox azdır və onları da işlətmək üçün yanacaq resursları yoxdur. Mən dedim, xarici ölkələrdən gələn bəzi nümayəndələr

Cənubi Qafqaz ölkələrinin hamısında olur, çox vaxt buraya Gürcüstandan sonra gəlirlər. Onlar deyirlər ki, siz burada çox gözəl şəraitdə yaşayırsınız. Hətta bəzi nümayəndələr bizdən təkidlə xahiş edirlər ki, Gürcüstana kömək edin. Biz Gürcüstana kömək edirik, həmişə eləmişik və bundan sonra da edəcəyik. Amma son bir-iki ayda bir çox xarici dostlarımız təkidlə bizə deyirlər ki, Gürcüstana qaz verin. Deyirəm ki, axı biz özümüzü qazla təmin edə bilmirik. Həqiqətən, şəxsən mən dost, qardaş gürcü xalqına, Gürcüstana, Gürcüstanın vətəndaşlarına indiyədək hər dürlü köməyi etmişəm, bu gün də edirəm. Amma deyəndə ki, bizim vəziyyətimiz belədir, deyirlər ki, yox, sizin vəziyyətiniz tamamilə normaldır, özünüzü bir az da sıxsanız, onlara kömək edə bilərsiniz. Həqiqətən də vəziyyət belədir. Ona görə də yaranmış bugünkü vəziyyət heç də o qədər dramatik deyildir. Mən istəyirəm bunu siz də biləsiniz, Azərbaycanın ictimaiyyəti də bilsin - dramatik deyildir. Sadəcə, əvvəlki vaxtlara nisbətən, keçən ilin bu vaxtına nisbətən bir az gərginləşibdir.

Sual olunur, bəs onda nə üçün mən bu işlərə bu cür reaksiya verirəm? Nə üçün belə həyəcanlı danışıram? Bu işlərə məsul olan adamları nə üçün çox ciddi tənqid edirəm? Çünki bizim imkanlarımız elədir ki, ölkəmizi bu günlərdə bu vəziyyətə salmamalıydıq. İkincisi də, ölkəmizin əhalisini elə öyrətmişik ki, - deyə bilmərəm ki, elektrik enerjisi, qaz və sairədən yüksək səviyyədə istifadə etmək üçün imkanları var, - onlar bu baxımdan, bu problem nöqteyi-nəzərindən, hər halda, başqalarına nisbətən qat-qat yaxşı səviyyədə yaşayırlar. İnsanlar buna öyrənəndə, alışanda bir balaca çətinliyə dözə bilmirlər. Amma başqa yerdə insanlar bir il, iki il o ağır vəziyyətə alışanda onlarda dözümlülük xüsusiyyətləri daha da artır. Vaxtilə, 70-ci illərdə biz respublikanın bütün ərazisini qazlaşdırdıq, ən ucqar dağ kəndlərinə qaz çəkdik. İndi nəinki onlarda, bəzi rayon mərkəzlərində də qaz olmayanda problem yaranır, narazılıq qalxır. Mən bəzən soruşuram - axı 1970-ci ilə qədər sizdə qaz yox idi, amma siz yaşayırdınız. Nə cür yaşayırdınız? Bizim qonşu Türkiyənin, dost ölkənin qaza olan ehtiyacı ildə 40 milyard kubmetrdir. Amma o, ancaq bir-iki böyük şəhəri qazla təmin edə bilir, başqa yerlərdə yoxdur. İnsanlar yaxşı şəraitə öyrənirlər, ona görə istəyirlər ki, həmişə belə olsun. Azərbaycan prezidenti kimi, şəxsən mən istəyirəm ki, ondan da yaxşı şərait olsun. Amma gərək bu, imkan çərçivəsində, imkan daxilində olsun.

Beləliklə, nə nəticə çıxarmaq olar? Gərək hər bir vətəndaş respublikanın vəziyyətini dərk edə və çətinliklərə dözə bilsin, xırda bir məsələ olan kimi problem yaratmasın. Amma eyni zamanda, bu məsələlərə məsul olan şəxslər,- hansı ki, bu salona toplaşıblar,- buraxılan səhvlərə görə məsuliyyət daşıyırlar. Bir də ona görə ki,- vergi müfəttişliyinin rəisi də burada dedi,-onlar nəinki imkanlarından səmərəli istifadə etmirlər, hətta maliyyə pozuntularına yol verir, alman az gəlirin bir hissəsini mənimsəyirlər. Demək, vəzifədə olan şəxs həm özü yaxşı şəraitdə yaşayır, həm də qanunsuz olaraq cibini doldurur. Bunlar hamısı da bizim vətəndaşlarımızın həyatına mənfi təsir göstərir. Mən hesab edirəm ki, bizim üçün ən böyük bəla da budur. Əgər hər bir vəzifəli şəxs, hökumət üzvü, şirkət rəhbəri, icra hakimiyyətinin başçısı, başqa dövlət adamı anlasa ki, 8 milyonluq əhalinin içərisində sayca az adamlara belə etibar olunub, səlahiyyətlər verilib, xalqına, millətinə, vətəninə xidmət etmək üçün ona şərait yaradılıbdır və o, birinci növbədə bunları etməlidir, öz şəxsi məqsədini güdməməlidir - onda biz, bax, bu imkanlarla vətəndaşlarımızı, təbiidir ki, daha da yaxşı yaşada bilərik. Ancaq təəssüflər olsun,- mən bunu demişəm və bu gün də deyirəm,- vəzifəli şəxslərin vəzifədən sui-istifadə etməsi, Azərbaycanda korrupsiyanın mövcud olması və bəzi yerlərdə artması, dövlət vəsaitinin mənimsənilməsi var. Bunu da ancaq dövlət, hökumət işində məsul vəzifədə olan şəxslər edir. "Azərenerji"nin başçısını danışdırırsan, hər dəfə belə təsvir edir ki, hər bir şey yaxşıdır. Müslüm İmanov təcrübəli adamdır, bu sistemdə çoxdan işləyir. Vaxtilə onu işdən kənarlaşdırmışdılar, mən onu bu vəzifəyə təyin elədim. Ancaq Müslüm İmanov bilməlidir ki, ona nə qədər xəbərdarlıq etmək olar, nə qədər danışmaq olar? Onun müavini var, çağırıblar, buradadırmı? Familiyan nədir? Novruzov, əyləş. Mənə dedilər ki, sən bütün alqı-satqı məsələləri ilə məşğul olursan, bu sahə səninkidir. Sənin oradakı işlərin haqqında çox mənfi siqnallar gəlir. Baş nazir mənə bu barədə bir neçə dəfə deyibdir. Elədirmi? Deyib ki, bu barədə Müslüm İmanova xəbərdarlıq olunubdur. Amma Müslüm İmanov deyir ki, mən onsuz nə işləyə bilərəm, nə yaşaya bilərəm. Ona görə mən səni vəzifəndən azad edirəm. Müslüm İmanov yaşaya bilərsə, yaşasın, yaşaya bilməzsə, onu da azad edacəyəm. Bir belə siqnallar gəlir, - yoxlamaq, baxmaq lazımdır. Müslüm İmanov bunları yoxlamaq əvəzinə, özü üçün nəticə çıxarmaq əvəzinə yapışıb ki, mən onsuz yaşaya bilmərəm. Baş nazir ona bu barədə neçə dəfə deyibdir. Mən Müslüm İmanova xəbərdarlıq edirəm.

"Azəriqaz". İkinci dəfədir bizim müşavirələrdə danışır. Elə danışır, elə bil ki, dünyanı artıq fəth edibdir. Orada bir sədr vardı, pis işləyirdi. Bu gün müşavirənin əvvəlində dediyim həmin fırıldaqların təşkilatçılarından biri idi ki, güya Azərbaycanı təchiz eləmək üçün Türkmənistandan qaz alıblar. Həddindən artıq vəsait ələ keçiriblər və biz o borclardan indi də çıxa bilmirik. Biz onu işdən kənarlaşdırdıq, neft şirkətindən bir neft idarəsinin rəisini oraya qoyduq. Familiyası, gərək ki, Vəlizadə idi. Bir müddət - bilmirəm, altı ay, yeddi ay, səkkiz ay işlədi. Nazirlər Kabineti mənə məlumat verdi ki, bu, işləyə bilmir. Yaxşı, işləyə bilmir, azad elədim. Orada güya kabinetinin də təmirinə çox pul xərcləmişdi. O vaxtdan orada sədr yoxdur. Camalovu sədr vəzifəsini icra edən təyin ediblər. Birincisi, bizim hamımızın - həm Nazirlər Kabinetinin, həm Prezident Aparatının günahıdır ki, bəzi belə vacib sahələrdə boşluq yaranıbdır. İkincisi isə, Camalova imkan verilibdir ki, yaxşı işləsin, bəlkə də sədr ola bilər. Ancaq mən onun yaxşı işini görmürəm. Vəzifələrə təyinolunma məsələsini burada yenə demək istəyirəm. Mən bu gün bunu Mehdiyevə də, Rasizadəyə də dedim. Hərə götürür öz istədiyi kimi özünə müavin təyin edir. Bir nazir özünə müavin təyin edir, - heç xəbərimiz yoxdur, - ikisini təyin edir, üçünü təyin edir. Belə şey ola bilməz! Nazir dövlət başçısının fərmanı ilə təyin olunmalıdır, müavinləri dövlət başçısının sərəncamı ilə təyin edilməlidir. Qalanları biz veririk onların səlahiyyətinə. Amma Camalov özü sədr əvəzi olaraq özünə sədrin birinci müavinini təyin eləyir, sonra bir müavin təyin eləyir. Bu gün ondan soruşurlar, deyir ki, yox, onlar elə-belə... Necə yəni, onları sən təyin eləmisən - sənin nə ixtiyarın var? Sən də bizim ümidlərimizi doğrutlmadın. Səni də vəzifədən azad edirəm. Rasizadəyə, Mehdiyevə tapşırıram ki, "Azəriqaz"ın rəhbərliyini möhkəmləndirmək üçün beş gün müddətində təkliflərini versinlər. Bakı şəhərində elektrik şəbəkəsində vəziyyət pis olaraq qalır.

Rəfael Allahverdiyevin bu gün verdiyi məlumatlar həqiqətdir. Ancaq tələb olunan səviyyədə deyildir. Mən burada dedim və yenə də deyirəm - həmin o restoran faktı - bu, Baş nazirin rast gəldiyi bir şeydir. Təsəvvür edin, əgər bunu Baş nazirə açıq-açığına deyiblərsə, bu, adi bir hal alıbdır. Demək, belə çıxır ki, biz mazut üçün 400 milyon dollar para veririk. Yəni özümüzünkü də olsa sata biləcək, o pulu alacaqdır. Buna 400 milyon dollar sərf olunur. Bizim elektrik stansiyalarımız işləyir, onlara nə qədər vəsait sərf edilir. Elektrik enerjisi istehsal edirik, vətəndaşlara veririk, təşkilatlara veririk. Pulunu yığanlar bu pulları öz ciblərinə qoyurlar. Amma belə şey olmaz axı! Sən deyirsən ki, əhalidən 26 faiz pul yığılır. 26 faiz deyildir. Bəli, sizdə hesabda 26 faizdir, amma həqiqətən 26 faiz deyil, bəlkə də 50 faiz, 60 faizdir, qalanı ciblərə gedir. O cümlədən özəl strukturlardan yığılan pullar. Sən deyirsən ki, bunu 90 faizə qaldırmısınız. Nə təhər qaldırmısınız ki, o deyir gəlirlər, yarısını verirəm, yarısını da qoyurlar ciblərinə.

Mən bu gün Bakı İcra Hakimiyyətinin başçısına bir daha tapşırıq verirəm: Bakı elektrik şəbəkəsində qanun-qayda yaratmaq lazımdır. İndiyə qədər orada qanun-qayda yaranmayıbdır. Oranın başçısı keçmişdə kim idi, indi kimdir - bilmirəm. Eşitdim ki, deyəsən, onu dəyişdilər. Amma yeni adam da köhnəsinin yolu ilə gedir. Demək, bu, elə bir xəstəlikdir ki, kim oraya düşürsə, o xəstəliyə düçar olur. Ona görə, birincisi, tələb edirəm ki, ciddi tədbirlər gorün. İkincisi də, həm Nazirlər Kabinetinə, həm də Bakı İcra Hakimiyyətinə göstəriş verirəm ki, bizim Dövlət Əmlakı Nazirliyimizlə birlikdə qısa müddətdə təklifləri təqdim etsinlər. Formasını tapacaqsınız, özəlləşdiriləcək, yaxud hansısa xarici şirkətə veriləcəkdir. Yəni mövcud olan təcrübəni tətbiq etməliyik. Çünki biz bunların nəticəsini görmüşük. Təkcə bu sahədə deyil, bütün sahələrdə islahatlar həyata keçirilməlidir. Mən dedim, bir də təkrar edirəm, islahatların həyata keçirilməsinə müqavimət göstərənlər var, səhlənkarlıq edənlər var, sadəcə, vəzifə tutub öz vəzifə borcuna biganə münasibət bəsləyənlər var. Bunların hamısı bizim ümumi işimizə zərər verir. Ona görə tələb edirəm ki, bu nöqsanlar aradan götürülsün.

Deyildi ki, dəmir yolunda, "Azərenerji"də yoxlamalar aparılır. O yoxlamaların nəticəsini hazırla, Baş nazirə də, mənə də təqdim elə. Mən Baş nazirə göstəriş verirəm ki, onlara ciddi baxsın. "Azəriqaz" haqqında verdiyi arayışa ciddi baxmaq lazımdır. Ancaq hüquq-mühafizə orqanlarına da mənim tələbim var. Əyləşin, durmaq lazım deyildir. Yaxşı olar ki, durmayasınız, eşidəsiniz, deyilən şeyləri edəsiniz. Hüquq-mühafizə orqanları bu məsələlərdə fəaliyyətsizlik göstərirlər. Bəzən də özləri bu məsələlərə qoşulur, korrupsiya ilə məşğul olurlar. Bir vaxt bizim üçün möcüzə oldu ki, demək, neft kəmərini deşmək olarmış. Bunu eşidəndə dəhşətə gəldim. Neçə ildir mən burada yaşayıram, bu kəmərlərlə məşğul olan adamam, amma ağlıma da gəlməzdi ki, neft kəmərini deşsinlər. Bir vaxt fakt çıxmışdı ki, Bakıdan Sumqayıta gedən benzin borusunu deşib oradan benzin götürmüşdülər. İndi magistral neft kəmərini, Bakı-Supsa neft kəmərini deşirlər. O gün xəbər verildi ki, yenə deşiblər (yerdən səs - yanvar ayında 3 dəfə deşiblər). Yaxşı, bu işlərə görə məsuliyyət daşıyanlar varmı? Bizim hüquq-mühafizə orqanlarının, birinci növbədə Daxili İşlər Nazirliyinin böyük şəbəkəsi var: sahə müvəkkili, gecə polisi, nə bilim, nə polisi, nə polisi bunları niyə görmür, niyə ölçü götürmürsünüz? Bu qədər də biabırçılıq olarmı? Deyir ki, bizim magistral neft kəmərini üç dəfə deşiblər (yerdən səs - tutmuşuq). Tutmusunuz, cəzalandırın. Daha orada fırlatmayın. Bu müstəntiqdən o birisinə verilir, şonra başqasına, bir də gördün ki, çıxdı eşiyə. Bizdə belə hallar da çoxdur. Amma iş təkcə onda deyil ki, siz onu kəməri deşəndən sonra tutasınız. Siz gərək imkan verməyəsiniz, öz nəzarətinizi elə aparasınız ki, heç kəs gəlib onu deşməyə cürət eləməsin. Belə faktları sonra ictimaiyyətə də çatdırmaq lazımdır. İnsanlar bilməlidlr ki, belə cinayət edən yaxalanır, cəzalanır. Bu barədə bizim aşkarlıq şəraitindən, mətbuatdan, mediadan daha da səmərəli istifadə etmək lazımdır.

İkinci məsələ ki, üç-dörd ay bundan qabaq burada gizli, qanunsuz neft emalı sexləri yaranmışdır - bu adamların hamısı ən ağır cəza ilə cəzalanmalıdır. Mən bu gün razılaşa bilmərəm ki, indiyə qədər istintaq gedir. Belə işlərin istintaqı bir ay, iki ay ola bilər. Əgər istintaq uzanırsa, - hüquq-mühafizə orqanlarının başçıları bunu məndən yaxşı bilirlər, - demək, məqsəd var. Bu da ondan ibarətdir ki, istintaqı uzadıb işi öldürmək və rüşvət almaq. Başqa cür ola bilməz. Bu, mənim mücərrəd fikrim deyil, çoxillik müşahidələrimdən irəli gələn fikirdir. Ona görə mən baş prokurordan tələb edirəm ki, bu məsələlərin istintaqı bir aya qurtarıb mətbuata məlumat verilsin və bizə məruzə olunsun. Ancaq bütün bu tədbirlərlə yanaşı, əgər hamımız - Azərbaycanın vətəndaşları, bütün dövlət təşkilatları və özəl təşkilatlar bu iki-üç ayda elektrik enerjisinə qənaət etməsələr,- bunu həmişə etmək lazımdır, xüsusən bu iki-üç ayda, - yenə də nə qədər əlavə mazut alırsan - al, gərginliyi aradan götürə bilməyəcəyik. Ona görə qənaət məsələsi hər bir vətəndaşın borcudur.

Xatirimdədir, hələ Sovet İttifaqı vaxtında, mən Moskvada işləyəndə, baxmayaraq ki, elektrik enerjisi həddindən artıq çox idi, pullar da yığılırdı, düzdür, elektrik enerjisi, su üçün pul da o qədər çox deyildi, - amma buna baxmayaraq Moskvada həm Siyasi Büronun, həm də Nazirlər Sovetinin iclaslarında dəfələrlə Şərqi Almaniyanı misal gətirirdilər: məsələn, vətəndaşın 5 otağı var, hansı otaqda oturursa, o otaqda işıq yanır, o birilərində yanmır. Elektrik enerjisi ilə işləyən hansı cihaz ona lazımdırsa, ondan istifadə edir, o birilərindən yox. Amma indi burada insanların bir təbəqəsi kasıb təbəqədir. Onların nə cihazları var, nə də elektrik enerjisindən çox istifadə etmək imkanı var. Amma başqa bir təbəqə də var - onların böyük evləri var, hər otaqda bir televizoru var, nə bilim, kondisioner, böyük çil-çıraqlar var və sair. Pulu çox olmağına baxmayaraq, işığın pulunu da vermirlər. Bəli. bunları gecə səhərə qədər yandırırlar. Bunlar hamısı göz qabağındadır. Əgər kimsə bunları görmürsə, onda kordur. Bilavasitə mən daxili vəziyyəti sizdən az görürəm. Siz hərə öz nazirliyində, təşkilatında, şəhərdə daha çox olursunuz, nəinki mən. Amma mən bunları bilirəm, bu məlumatlar mənə gəlir və mən bunu təsəvvür də edirəm. Ona görə mən bunları danışaraq həm sizə deyirəm, həm də Azərbaycanın bütün vətəndaşlarına deyirəm: qənaət edin. Amma niyə qənaət etmir? Əgər o, enerjinin pulunu versə, lap nə qədər zəngin adam olsa da, bunu etməyəcəkdir. Amma pulunu vermir, ona görə də üç dənə televizor işlədir - birində bir proqrama baxır, ondan sonra gedir o biri proqrama baxır, sonra ayrısına baxır. Gecə saat 2-yə qədər də filmlərə baxır, - deyirlər ki, indi bəzi layiqsiz filmlər də göstərirlər - onlara baxır. Bunlar hansı təbəqədir? Bunlar işləyən təbəqələr deyil, müftə yeyənlərdir, yaxud da biznesdə, filanda zənginləşən adamlardır. Biz biznesin əleyhinə deyilik, biznesi, yəni özəl sektora inkişaf etdiririk. Amma özəl sektorda olan şəxslər də gərək mənəvi mədəniyyət keyfiyyətləri əldə etsinlər. İnsan üçün bir o deyil ki, onun pulu çoxdur, yaxud da böyük imarəti var. İndi burada çoxları tikir. İnsan üçün bunlardan üstün mənəviyyatdır, əxlaqdır. Bu da məlumdur ki, Qərb ölkələrində həqiqi iş adamları, biznes sahibləri heç vaxt belə israfçılığa, mənəviyyatsızlığa yol vermirlər. Onlarda, necə deyərlər, hər bir qəpiyin hesabı aparılır. Amma təkcə pula görə yox. Sadəcə, mədəniyyət səviyyəsi yüksəkdir, mənəviyyat yüksəkdir. Ona görə bunlara da nəzarət etmak lazımdır.

Rafael Allahverdiyev deyir ki, biz axşam işıqları söndürürük. Dünən biz gələndə saat neçə idi? Saat 11 idi, neçəydi - hər yer çil-çıraq içində idi. Deyərsiniz ki, mən gəldim, ona görə söndürməmisiniz. O biri küçələr də elə idi. Amma elə mən gələndə də söndürün, mənim avtomaşınımın işıqları var, sizinkinin də var, o işıqla hər yerə getmək olar. Amma sən düz demirsən - parklarda, filanlarda gecə səhərə qədər işıq yanır. Axşam Dağüstü Parka, Şəhidlər Xiyabanına çıx; oradan şəhərə bax. Saat 2-də çıx, saat 3-də çıx, bax. Şəhər yanır! Həqiqəti demək lazımdır. Bu, nəyə lazımdır? Əlbəttə, bizim imkanımız olsa, bu, çox gözəldir, şəhəri çox gözəl göstərir. Məsələn, bu dəfə Moskvada olanda, axşam, gecə avtomobilə gedəndə baxırdım. Bəzi binaları kənardan işıqlandırırlar, - görmüsünüz, - elə gözəl görünür. Məsələn, Moskvada indi Nazirlər Kabineti yerləşən binanı elə işıqlandırırlar, baxırsan, adam heyran olur. Elə bizim bu bina da Ağ evdir. O da Ağ evdir, bu da Ağ evdir. Mən istərdim ki, bunu da elə edək, daha da gözəl görünsün. Amma bizim imkanımız yoxdur, onların imkanları var. İmkanımız olanda bunu da edəcəyik. Bizim imkanımız yoxdur, ona görə də lazım deyildir. İnsanlar parkdan və sairədən saat 10-a qədər istifadə edir. Ondan sonra işıqlar sönməlidir, reklamlar sönməlidir. Əgər reklama adamlar gündüz baxırsa, gecə reklam nəyə lazımdir? Mağazaların vitrinlərindəki işıq nəyə lazımdır? Tutaq ki, onun pulu çoxdur, pulunu verir. Amma bu, ümumi elektrik enerjisinin işlənməsinə gətirib çıxarır, demək, qıtlıq əmələ gətirir. Bizə lazım deyil ki, vitrində səhərə qədər işıq yandırır, pulunu da verir. Yaxşı olar ki, yanmasın, eletrik enerjisi lazım olan yerlərə, evlərə getsin, insanların yaşayış yerlərinə getsin. Bilirsiniz, mən sadəcə, bizim həyatımızı təsəvvür edərək bunları sizə deyirəm. Axşamlar mən iş yerimdən gedən zaman bunları görürəm, şəhərdə olduğum başqa vaxtlarda da görürəm. Amma yenə də deyirəm, siz bunları məndən çox görürsünüz.

Mən Moskvaya gedəndə hava limanında belə təklif oldu ki, televiziyalar saat 1-ə qədər verilişlərini versinlər, sonra kəssinlər. Bu, həyata keçirilib, yoxsa yox? Keçirilib. Amma dünən deyirlər ki, keçən gecə ANS kanalı bir neçə saat film verirmiş. Başa düşmürəm. Qanun hamı üçün qanundur. Özəl olmaq o demək deyil ki, sən dövlətin qanununu pozasan. Nə ixtiyarın var? Deyirlər ki, bunların özlərinin elektrik stansiyası var. Tutaq ki, elektrik stansiyan var. Amma sən o verilişi verəndə şəhərdəki həmin o "gecə quşları",- gecə saat 2-3-ə qədər sizin verdiyiniz bəzi filmlərə maraq göstərirlər,- axı televizorları işlədirlər. Televizorları işlədəndə də enerji gedir.

Dövlətin qanunu hamı üçün qanundur. Heç kəs bunu poza bilməz. Bu dövlətdə qanun var, qayda var və biz bu qanunların, qaydaların keşiyində durmuşuq. Heç kəsə yol verə bilmərik ki, bu qanunları, qaydaları pozsun. Kim bu ölkədə, cəmiyyətdə vətəndaşdırsa, normal yaşamaq istəyirsə, onun hər şeyi var. Amma kimsə özünə xüsusi bir status yaratmaq istəyirsə, xüsusi bir imtiyaz əldə etmək istəyirsə, nə bilim, xüsusi bir vəziyyət tutmaq istəyirsə, buna yol verilməyəcəkdir. Bizim ölkəmiz açıq ölkədir, bazar iqtisadiyyatına gedirik, islahatlar həyata keçirməliyik. Milli Məclis tərəfindən bir çox qanunlar, çox yaxşı qanunlar qəbul olunub, bunlar hamısı həyata keçirilməlidir. Ancaq qanun-qaydaya da hamı riayət etməlidir. Hamı riayət etməlidir!

Beləliklə, mən hesab edirəm ki, elektrik enerjisinin istifadəsində rejim yaranmalıdır. Nazirlər Kabineti bunu yaratmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və icra hakimiyyəti başçıları, - mən onları buraya təsadüfi dəvət etməmişəm,- hər biri məsuliyyət daşıyır. Təəssüf ki, onlar məsuliyyəti hələ anlaya bilmirlər. Bakı böyük şəhərdir, hər bir şeyi təkcə Bakı İcra Hakimiyyətinin başçısından tələb etmək olmaz. Əgər bu rayonlar olmasaydı, onda başqa məsələ. Bakı nə üçün rayonlara bölünüb? Çünki böyük şəhərdir. O, ayrı-ayrı rayonlara bolünüb - on bir rayondur. Hər rayonun icra hakimiyyətinin başçısı öz ərazisində məsuliyyət daşıyır. Ona görə dediyim bu sözlər Azərbaycandakı bütün icra orqanlarına aiddir, şəhər, rayon icra hakimiyyəti başçılarına aiddir - Sumqayıtınkına da, Bakınınkına da, Bakının rayonlarına da, Gəncəninkinə də, başqasına da - hamısına. Bir tərəfdən, rejim yaratmaq lazımdır - qənaət rejimi. İkinci tərəfdən də, Nazirlər Kabineti əlavə tədbirlər görməlidir. Mazut məsələsinə; başqa məsələlərə,- burada dedilər, Fərhad Əliyev də hansısa fikirləri söylədi, başqaları da söylədilər, Natiq Əliyev də neft dəyişdirmək məsələsini söylədi,- bunların hamısına sabah baxın. Hansı mümkündür, əlverişlidir -təcili tədbirlər görün. Yenə deyirəm, tədbirlər çox sürətlə həyata keçirilməlidir. Çünki bu tədbirlər bizə iki ay üçün lazımdır - yanvarın sonuna qədər, fevral-mart aylarında. Artıq apreldə bu qədər gərginlik olmayacaqdır. Ona görə beş gün tədbirin hazırlanmasına, beş gün onun, nə bilim, yoxlanmasına, beş gün təsdiq edilməsinə vaxt ayırsanız, onda vaxt gəlib keçəcək, sizin tədbirləriniz də lazım olmayacaqdır.

Ən nəhayət, barter məsələsi. Mən dedim, - Nazirlər Kabineti və baş nazir mənə bu barədə ayrıca izahat verməlidir. Ancaq bir daha hamınıza deyirəm: barter mənim fərmanımla qadağan olunub və bu gün bir də qadağan edirəm. Deyirəm ki, bundan sonra kim bu işlə məşğul olacaqsa, o, çox ciddi cəzalanacaqdır. Sonra, deyirlər ki, qarşılıqlı hesablaşmadan çox sui-istifadə edirlər. Mən Nazirlər Kabinetinə tapşırıram ki, qarşılıqlı hesablaşma məsələsi ilə çox ciddi məşğul olsunlar. Çünki burada hər iki tərəf dövlət vəsaitini mənimsəyir. Hər iki tərəf. Ona görə də hər iki tərəf buna maraqlıdır. Amma bu, bizə, bizim dövlətimizə ziddir. Əgər onlar dövlətimizə, hökumətimizə, ölkəmizə zərər vurmaq istəyirlərsə, biz bunun qarşısını almalıyıq. Bunu nazirlər kabineti etməlidir və bununla ciddi məşğul olmalıdır. Təəssüflər olsun ki, nazirliklərdə, şirkətlərdə müxtəlif belə fırıldaqlar,- bu gün bu sözü əvvəl də demişəm,- mövcuddur. Mən tələb edirəm ki, bunlara son qoyulsun. Tələb edirəm və bilin ki, çox ciddi tədbirlər görəcəyik. Mən bu gün iki nəfər vəzifəli şəxsi azad etdim. Bundan hamı - burada oturanlar və oturmayanlar da özü üçün nəticə çıxarmalıdır. İnanıram ki, vətəndaşlarımız bizim bu müzakirənin verilişini dinləyərək hərə özü üçün nəticə çıxaracaqdır. İnanıram ki, vətəndaşlarımız qənaət məsələlərinə ciddi münasibət göstərəcəklər. Sizdən və bütün hakimiyyət orqanlarından, icra orqanlarından tələb edirəm ki, mənim verdiyim göstərişlər həyata keçirilsin. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış