Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Uilson ilə görüşü - Prezident sarayı, 16 aprel 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev diplomatı salamlayaraq hal-əhval tutdu.

Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Ross Uilson dedi ki, keçən həftə Ermənistana çox maraqlı səfərim oldu.

Aprelin 5-də Sizinlə təkbətək görüşərkən mən demişdim ki, bu bizim planlaşdırdığımız görüşlərin birincisidir.

Səfərin çox xeyirli olduğunu vurğulayan diplomatın fikrincə, belə görüşlər vasitəsilə Azərbaycan və Ermənistan arasında bir növ əlaqələr yarana və bu, Dağlıq Qarabağ məsələsinin həllini müəyyən mənada yaxınlaşdıra bilər.

Cənab Uilson dedi ki, Ermənistanın Prezidenti Köçəryanla çox maraqlı, ətraflı söhbəti olmuş, eyni zamanda Xarici İşlər naziri ilə, digər rəsmilərlə, habelə qeyri-rəsmi şəxslərlə də görüşmüş, beləliklə, Ermənistanın keçid dövrünü necə yaşadığını, ölkədə baş verən dəyişiklikləri görə bilmişdir. Səfir vurğuladı ki, Ermənistandakı vəziyyəti öyrənmək biz amerikalılar üçün də çox vacibdir, çünki münaqişənin həll olunmasında, bu iki ölkənin irəli getməsində həm Sizə, həm də Prezident Köçəryana kömək etməyə çalışırıq.

Prezident Heydər Əliyev səfirə təşəkkür edərək dedi ki, hiss edirəm, siz çox maraqlı səfər etmisiniz və geniş təəssüratlarınız var. Təbiidir, mən bunları dinləmək istəyirəm. Yerevana getməzdən əvvəl biz Sizinlə görüşərkən bildirdiniz ki, Ermənistana gedirsiniz, qayıdan kimi mənə xəbər verəcəksiniz və biz görüşəcəyik. Ona görə də mən bu gün sizi dəvət etdim.