Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının müstəqillik günü münasibətilə Bakıdakı Qazaxıstan səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan" Sarayı, 31 oktyabr 1995-ci il


Hörmətli səfir, hörmətli xanımlar və cənablar!

Bu gün biz Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin dördüncü ildönümünü böyük məmnuniyyətlə qeyd edirik. Bu münasibətlə mən sizi, qardaş qazax xalqını, Qazaxıstan Respublikasının bütün vətəndaşlarını Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm, qazax xalqına müstəqillik yolunda uğurlar arzulayıram.

Qazaxıstan Respublikası xalqının böyük tarixi var. Əsrlər boyu qazax xalqı öz torpağında, öz yurdunda milli azadlığı uğruruda mübarizə aparmış və nəhayət, dörd il bundan öncə dövlət müstəqilliyini əldə etmiş və ilk dəfə olaraq qazax xalqının dövlətçiliyi yaranmışdır. Bu, qazax xalqının tarixində çox əlamətdar hadisədir.

Qazaxıstan böyük bir ölkədir. Onun geniş ərazisi, zəngin təbii sərvətləri, çoxsaylı əhalisi var. Ən əhəmiyyətlisi budur ki, Qazaxıstan vətəndaşları, qazax xalqı indi azad bir ölkədə yaşayırlar, öz talelərini özlərinin həll etməsi üçün imkan qazanıblar. Müstəqilliyin dörd ili ərzində Qazaxıstan Respublikasının əldə etdiyi nailiyyətlər bizi qardaş bir ölkə kimi, qardaş bir xalq kimi sevindirir. Bu nailiyyətlər münasibəti ilə mən qardaş və bacılarımızı təbrik edirəm. Qazaxıstanla Azərbaycan arasında, qazax xalqı ilə Azərbaycan xalqı arasında əlaqələr böyük tarixə malikdir. İndi, XX əsrin sona çatdığı dövrdə bu əlaqələr daha da genişlənir, daha da inkişaf edir. Son vaxtlaradək biz - Qazaxıstan da, Azərbaycan da Sovet İttifaqının tərkibində idik və bu dövlətin, İttifaqın tərkibində olduğumuz zaman xalqlarımız, ölkələrimiz arasındakı əlaqələr daha geniş inkişaf etmişdir - istər iqtisadiyyat, istərsə də mədəniyyət sahəsində, ümumiyyətlə, bütün sahələrdə.

Biz Qazaxıstanla qonşuyuq, aramızda Xəzər dənizi var. Xəzər dənizi bizim üçün həm sərhəddir, həm də bizi birləşdirən dənizdir. Biz bu dəniz vasitəsilə əməkdaşlıq da edirik. Ən başlıcası bundan ibarətdir ki, bir-birimizə olan fayda və mənfəətimiz daha çoxdur. İki ay bundan öncə bütün türk dünyasının böyük şairi, alimi, filosofu və bəstəkarı Abay Kunanbayevin 150 illik yubileyini hamımız birlikdə öz bayramımız kimi qeyd etdik. Abay Kunanbayevin 150 illik yubileyi Azərbaycanda da xüsusi qeyd olunmuşdur. Bu bayram münasibətilə Qazaxıstan Respublikasının prezidenti, hörmətli dostum Nursultan Nazarbayevin dəvətini qəbul edərək mən Almatıya getdim və bizim nümayəndə heyətimiz yubiley şənliklərində öz bayramımız kimi iştirak etdi.

Qazaxıstan prezidenti hörmətli cənab Nursultan Nazarbayevlə mənim aramda dostluq əlaqələri var. Bu əlaqələrin də çox böyük tarixi var. İndi, Qazaxıstan və Azərbaycan müstəqil dövlətlər olduğu bir dövrdə biz həm keçmiş əlaqələrimizdən, həm də indiki əlaqələrimizdən ölkələrimizin əməkdaşlıq etməsi üçün çox səmərəli istifadə edirik.

Bu günlərdə mən Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda olarkən hörmətli cənab Nazarbayevlə görüşüm və söhbətlərim oldu. Həmin söhbətlər zamanı hər ikimiz Qazaxıstanla Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz arzularımızı bildirdik və bu məqsəd naminə səy göstərəcəyimizə söz verdik. Güman edirəm ki, bizim əməkdaşlığımız bundan sonra da daha sürətlə inkişaf edəcəkdir.

Biz bir çox beynəlxalq təşkilatlarda, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində də əməkdaşlıq edirik. Lakin ən çox ikitərəfli əlaqələrin inkişaf etməsinə fikir veririk və bu əlaqələrin çox əhəmiyyətli olduğunu hesab edirik. Eləcə də Xəzər dənizində həm neft və qaz çrxarılması, həm də onun təbii sərvətlərindən istifadə olunması sahəsində əməkdaşlığımızın çox böyük gələcəyi var. Ümidvaram ki, biz bu məsələlərdə eyni fikirdə olaraq, ölkələrimizin mənfəətini təmin edərək əməkdaşlıq edəcək və nailiyyətlər qazanacağıq.

Qazaxıstan Respublikasının Azərbaycanda səfirliyinin olması Qazaxıstanın Azərbaycanla əlaqələrə böyük diqqət yetirməsinin təzahürüdür. Mən bunu yüksək qiymətləndirirəm və güman edirəm ki, yaxın vaxtlarda Azərbaycan Respublikasının da Qazaxıstanda səfirliyi olacaqdır. Mən bu bayram münasibətilə qazax xalqını bir daha təbrik edırəm. Qazax xalqının qarşısında böyük vəzifələr durur. Bu il yeni parlament seçkiləri keçirilməsi də bu vəzifələrdən biridir.

Belə bir vəzifə bizim də qarşımızda durur. Qazaxıstan artıq öz konstitusiyasını qəbul etmişdir. Bu, böyük tarixi nailiyyətdir. Qazaxıstan dekabrda parlament seçkiləri keçirəcəkdir. Biz də noyabrın 12-də həm parlament seçkiləri keçirəcəyik, həm də konstitusiya qəbul edəcəyik. Görünür ki, elə bu sahələrdə də bərabər gedirik, bir istiqamətdə gedirik, həm Qazaxıstan, həm də Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirir və öz dövlət quruculuğunda lazımi addımlar atır. Bax bunların hamısı gələcək dostluq əlaqələrimizin möhkəmlənməsi üçün çox böyük əsas yaradır.

Sizi bayram münasibətilə bir daha təbrik edirəm, qazax xalqına xoşbəxtlik və səadət arzulayıram. Qazaxıstan Respublikasının dövlətinə, hökumətinə, onun prezidenti hörmətli cənab Nazarbayevə öz ölkəsinin qarşısında duran vəzifələrin həyata keçirilməsində uğurlar diləyirəm.

Sağ olun!