Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılışında çıxışı - 22 noyabr 1996-cı il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılması münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Almaniya Federativ Respublikası səfirliyinin yeni təmir olunmuş və modern səviyyəyə çatdırılmış bu binada işləri bundan sonra daha da yaxşı gedəcəkdir. Almaniya səfirliyinə və səfirliyin bütün əməkdaşlarına böyük və şərəfli işlərində uğurlar arzulayıram.

Biz Almaniya Federativ Respublikası ilə Azərbaycan arasındakı əlaqələrə xüsusi əhəmiyyət veririk. Ona görə də Almaniya səfirliyi ölkəmizdə işə başladığı gündən indiyədək biz səfirliklə daim əməkdaşlıq edirik. Səfirlik və digər vasitələrlə biz Azərbaycan ilə Almaniya Federativ Respublikası arasında olan əlaqələri inkişaf etdirməyə və genişləndirməyə çalışırıq.

Ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edir. Xüsusən iqtisadiyyat sahəsindəki əlaqələrimiz özünü yeni-yeni uğurlarla göstərir. Şübhəsiz ki, bununla əlaqədar olaraq Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin işi də, onun əməkdaşlarının sayı da artır. Onların müvəffəqiyyətlə, səmərəli işləməsi üçün məhz belə bina, şərait lazımdır. Mən çox məmnunam ki, Almaniyanın Bakıdakı səfirliyi özünə layiq bir binada yerləşir, yaxşı işləmək üçün burada yaxşı da şərait yaranıbdır.

Mən xüsusi qeyd etmək istəyirəm ki, səfirliyin binası Bakının mərkəzi nöqtələrindən birində olan, keçmişdə tikilmiş bir binada yerləşir və bu da səfirliyin işləməsi üçün yaxşı şərait yaradır. Səfirin çıxışındakı bir müddəaya mən bir balaca düzəliş vermək istəyirəm: Bu bina indi yox, çoxdan, on illərlə bundan əvvəl səhv etmirəmsə, əsrin əvvəlində tikilibdir. İndi isə bu bina sadəcə olaraq bərpa, təmir edilib, modernləşdirilibdir. Arzu edərdim ki, səfirlik bu gözəl binada Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdirilməsi üçün bundan sonra daha da səmərəli işlər görsün.

Cənab Şmunk Almaniya Federativ Respublikasının Azərbaycanda ilk səfiridir. İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür. Azərbaycanda Almaniya səfirliyinin təşkil olunması, fəaliyyətə başlaması və nəhayət, indi onun gözəl bir binada yerləşməsi işlərinin hamısı səfir cənab Şmunkun üzərinə düşmüşdür. Məmnuniyyət hissi ilə qeyd etmək lazımdır ki, o, bu işləri çox müvəffəqiyyətlə başa çatdırmışdır və Azərbaycanda Almaniya səfirliyinin yaranmasında öz xidmətlərini çox yüksək səviyyədə göstərmişdir.

Mən çox məmnunam ki, Almaniya səfirliyinin əməkdaşları və şəxsən cənab Şmunk ölkəmizdə yaşadıqları, işlədikləri qısa müddətdə Azərbaycan xalqının mədəniyyətini, ənənələrini, xalqımıza məxsus keyfiyyətləri qavrayıblar, bunlara hörmət hissi bəsləyiblər. Mən görürəm ki, xalqımıza, ənənələrimizə onlarda hörmət oyanıbdır. Bu, məni çox sevindirir. Rəssamlarımızın əsərlərinin, xalq çalğı alətlərimizin, Azərbaycana məxsus başqa eksponatların burada təmsil olunması buna əyani sübutdur.

Mən hesab edirəm ki, indi Azərbaycan-Almaniya əlaqələri yüksək səviyyədədir. Azərbaycan prezidenti kimi mən bu ilin iyulunda Almaniyada rəsmi səfərdə olarkən federal kansler cənab Helmut Koll, federal prezident cənab Roman Hersoq ilə və bu ölkənin digər dövlət xadimləri ilə apardığım danışıqlardan, imzaladığımız müqavilələrdən, sənədlərdən sonra əlaqələrimizin inkişafı üçün yeni böyük yollar açılmışdır.

Almaniyanın xarici işlər naziri cənab Klaus Kinkelin Azərbaycana səfəri zamanı apardığımız danışıqlar və əldə etdiyimiz razılıqlar ölkələrimizin əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Mən Almaniyanın Azərbaycana göstərdiyi qayğı və diqqəti xüsusi qeyd etmək istəyirəm.

Bu gün qarşımızda duran ən böyük problem Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsindən, Ermənistan tərəfindən respublikamıza edilmiş təcavüzün qarşısının alınmasından, ölkəmizin işğal edilmiş ərazilərinin azad olunmasından və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən ibarətdir. Bu məsələlərin həll edilməsi ilə bağlı bizim gördüyümüz və beynəlxalq təşkilatlarda görülən işlərlə, aparılan danışıqlarla əlaqədar Almaniya Federativ Respublikasının mövqeyi həmişə prinsipial, düzgün mövqe olubdur. Biz Almaniyanın bu gün də belə mövqeyini yüksək qiymətləndiririk.

Bu məsələlərin həll edilməsində ATƏT-in əsas prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, beynəlxalq hüquq normalarına riayət etmək ən əsas şərtdir. Mən çox məmnunam ki, Almaniya Federativ Respublikası bu məsələlərin həll olunması prosesində məhz beynəlxalq hüquq normalarını, prinsiplərini əsas tutaraq münaqişənin ədalətli həlli üçün öz səylərini göstərir.

Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin, xüsusən iqtisadiyyat sahəsindəki əlaqələrin böyük perspektivləri, gələcəyi vardır. Biz Almaniyanın bir çox böyük şirkətləri ilə əməkdaşlıq etmək üçün danışıqlar aparırıq və ümidvar olduğumuzu bildirmək istəyirəm ki, bu danışıqlar müvəffəqiyyətlə nəticələnəcəkdir. Almaniyanın məşhur şirkətləri hələ əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstəriblər və öz işlərinin müsbət izlərini qoyublar. Hesab edirəm ki, Almaniyanın şirkətləri bu gün və gələcəkdə Azərbaycanda daha çox işlər görə bilərlər. Mən Almaniyada səfərdə olduğum zaman bu ölkənin şirkətlərini Azərbaycana dəvət etmişəm. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan - Almaniya iqtisadi əməkdaşlığının çox böyük imkanları vardır. Biz öz tərəfimizdən çalışacağıq ki, bu imkanlardan Almaniya ilə birlikdə istifadə edək.

Səfirliyin yeni binasının açılışı ilə əlaqədar keçirilən bu mərasimdəki nitqində cənab Şmunk yaxın günlərdə Azərbaycanı tərk edəcəyini bildirdi. Mən bilirəm ki, cənab Şmunk gəncdir, öz vəzifəsinin daha da yüksəlməsini, inkişaf etməsini istəyir. O dedi ki, cənab Kinkel Bonnda onun üçün yeni vəzifə hazırlayıbdır. Şübhəsiz ki, hər bir şəxsin işinin inkişaf etməsinin qarşısını almaq düzgün olmaz. Mən də bunu etmək istəmirəm. Ancaq hesab edirəm ki, cənab Şmunk Azərbaycanda az işləyibdir. Almaniya-Azərbaycan əlaqələri indi-indi böyük sürət götürübdür. Bunun üçün də burada bundan sonra da işləmək daha da maraqlı, əhəmiyyətli olardı. Ancaq görünür, doğma torpaq adamı daha çox çəkir. Ona görə də biz cənab Şmunkun vəzifə pillələri ilə yuxarı qalxmasının qarşısını almayacağıq. Əksinə, arzu edəcəyik ki, o, gələcək işində bir pillə yox, bir neçə pillə yuxarı da qalxsın. Yadımızda saxlayacağıq - cənab Şmunk bildirdi ki, o, Almaniyada olduğu zaman da Azərbaycanı unutmayacaq, ölkəmizin qayğıları ilə yaşayacaqdır.

Mən çox məmnunam ki, Almaniya Bundestaqının üzvləri, Azərbaycanda yaxşı tanınan cənab Vimmer və cənab Fozen də bu mərasimdə iştirak edirlər. Onlar ölkəmizin böyük dostlarıdırlar və Azərbaycan vətəndaşlığı hüququ almağa gəlib çatıblar. Hörmətli dostlar, mən sizi ürəkdən salamlayıram. Çox məmnunam ki, bu hadisə münasibətilə siz bizimlə burada bir yerdəsiniz.

Almaniya birləşdikdən sonra Almaniya Federativ Respublikası yeni bir dövr, mərhələ yaşayır. Artıq Almaniya Avropada və bütün dünyada özünəməxsus bir yer tutubdur və dünya iqtisadiyyatına, siyasətinə öz təsirini göstərir. Bu bizi sevindirir. Hesab edirik ki, birləşmiş yeni Almaniya öz demokratik ənənələri, imkanları ilə dünya birliyində sülhün, əmin-amanlığın yaranması sahəsində çox böyük işlər görə biləcəkdir.

Qafqaz regionunda sülhün, əmin-amanlığın yaranması, Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsi, ölkəmizin ədalətli tələblərinin həyata keçirilməsi üçün də biz Almaniya Federativ Respublikasının köməyinə və yardımına ümidlər bəsləyirik.

Bu mərasim münasibətilə mən sizi bir daha təbrik edirəm. Alman xalqına səadət, xoşbəxtlik arzulayıram. Almaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarına öz işlərində müvəffəqiyyətlər arzu edirəm. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, səh. 70-73.