Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin islam inqilabının 19-cu ildönümü münasibətilə təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan" sarayı, 11 fevral l998-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi İran İslam İnqilabının 19-cu ildönümü münasibətilə ürəkdən təbrik edir, sizə, bütün İran xalqına, İran İslam Respublikasının vətəndaşlarına səadət, sülh, əmin-amanlıq arzulayıram.

İran xalqı islam inqilabı bayrağı altında ötən 19 il dövründə böyük nailiyyətlər əldə etmişdir. Bu nailiyyətləri biz Azərbaycanda müşahidə edir və bunlara görə çox sevinirik. Ötən illərdə İran İslam Respublikasının iqtisadiyyatı inkişaf etmişdir, sosial sahədə xeyli müsbət dəyişikliklər mövcuddur, mədəniyyətdə və həyatın bütün sahələrində yüksəliş müşahidə olunur. Bizim üçün dost, qardaş olan İranda həyatın belə inkişafı bizi sevindirir və İran xalqının rifahının bundan sonra da yüksəlməsini arzu edirik. İran İslam İnqilabı, imam Xomeyninin rəhbərliyi altında keçirilmiş inqilab İranın çoxəsrlik tarixində çox əlamətdar hadisədir və arzu edərdik ki, İran bu müstəqillik, azadlıq yolu ilə, öz müqəddəratını özü həll etmək yolu ilə bundan sonra daha da böyük uğurlar əldə etsin.

İran ilə Azərbaycan arasındakı əlaqələrin qədim, çox zəngin tarixi var. Biz bu tariximizlə fəxr edirik. Həyatımızın bütün sahələrində xalqlarımız çox müştərək işlər görmüşlər və dünya mədəniyyətinə çox böyük töhfələr vermişlər. İranın və Azərbaycanın həyatında çox tarixi hadisələr var ki, bunlar bizim hər ikimizə mənsubdur. Bunlar xalqlarımızın müştərək fəaliyyəti və müştərək qəhrəmanlıqları nəticəsində əldə olunmuşdur. Bizim adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin oxşarlığı, bənzərliyi və bir-birinə yaxın olması, bir kökdən olması bizi daim dost, qardaş olaraq yaşatmışdır və biz Azərbaycanda bu gün də bu duyğularla, hissiyyatlarla yaşayırıq və gələcəyə böyük ümidlər bəsləyirik. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra İran ilə Azərbaycan arasındakı əlaqələr yüksək mərtəbəyə çatmışdır və bu illərdə olan əlaqələrimiz xüsusi əhəmiyyət kəsb edir. Biz minnətdarıq ki, İran Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olmuşdur və Azərbaycanın müstəqilliyini həmişə dəstəkləmişdir.

Keçən ilin dekabrında Tehranda İslam Konfransı Təşkilatının zirvə görüşündə qəbul olunmuş qətnamələrdə, qərarlarda Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz pislənmiş və Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş, müdafiə olunmuşdur. Bu qətnamələr, qərarlar bütün islam ölkələrinin və zirvə görüşündə olan ölkə başçılarının, dövlət və hökumət başçılarının iradəsini əks etdirir. Eyni zamanda bu qərarların məhz İranda, Tehranda qəbul edilməsi İran İslam Respublikasının, İran hökumətinin bu məsələlərə nə qədər diqqətli olduğunu və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində səylərini bir daha nümayiş etdirmişdir. İranda baş verən hər bir hadisə Azərbaycanda maraq doğurur.

Biz keçən il böyük maraq hissi ilə İranda prezident seçkiləri prosesini izlədik. Seçkilər nəticəsində cənab Xatəminin xalqın iradəsi ilə prezident seçilməsini ürəkdən təbrik etdik. Hesab edirəm ki, son prezident seçkiləri İranın tarixində həqiqətən demokratiyanın, azadlığın parlaq nümayişidir. İranda prezident seçkilərində bir neçə namizəd olmuşdur və seçicilər sərbəst səs vermək imkanı əldə etmiş, istədikləri namizədlərə səs vermişlər. Məhz bunların nəticəsində cənab Xatəmi böyük səs çoxluğu ilə prezident seçilmişdir. Qonşu, dost ölkə, dövlət olaraq biz İrandakı bu hadisəyə sevinirik. Mən bunu seçkilər qurtaran kimi də bildirmişdim, Tehranda olarkən də demişdim, bu gün də təkrar edirəm ki, İranda prezident seçkilərinin tam demokratik şəraitdə keçirilməsi İranın həyatında çox müsbət dəyişikliklərin baş verməsini göstərir və şübhəsiz ki, gələcəyə böyük demokratiya, azadlıq, sərbəstlik yolları açır.

Tehranda olarkən İranın prezidenti cənab Xatəmi ilə mənim çox ətraflı, müfəssəl danışığım olmuşdur. Sonra İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi həzrətləri ilə çox geniş, ətraflı görüşüm, söhbətim olmuşdur. Bu görüşlər, söhbətlər zamanı biz İran-Azərbaycan əlaqələrinin bugünkü vəziyyətini təhlil edib bunları daha da inkişaf etdirmək, dostluğu, əməkdaşlığı möhkəmləndirmək üçün həmfikir olduğumuzu bildirmişdik. Mən bu görüşlərdən çox məmnunam və ümid edirəm ki, bunların və apardığımız müştərək işlərin nəticəsində İran-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcəkdir. Mən bu gün, bu bayram günü bir daha bəyan edirəm ki, İran Azərbaycanın böyük qonşusu, dost, qardaş ölkəsidir. Biz İrana, onun xalqına, millətinə, vətəndaşlarına daim səadət arzulayırıq və İran-Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ümid edirəm ki, biz gələcəkdə də bu əlaqələrin inkişaf etməsinin şahidi olacağıq. Hər halda, biz öz tərəfimizdən bunu istəyirik, arzu edirik və bu sahədə səylərimizi əsirgəməyəcəyik.

Bilirsiniz ki, bu gün Livanın Baş naziri cənab əl-Həriri mənim dəvətimlə Azərbaycana rəsmi ziyarətə gəlibdir. Bır neçə saatdır ki, mən onunla və nümayəndə heyəti ilə da nışıqlar aparıram. Danışıqlar bundan sonra da davam edəcək, bizim hələ bir neçə saat görüşlərimiz, danışıqlarımız olacaqdır. Ancaq İran İslam İnqilabına hörmətimi bildirmək və bu bayram günü sizi və sizin vasitənizlə İranın bütün vətəndaşlarını təbrik etmək üçün mən müəyyən fasilə edib buraya gəlmişəm.

Sizi bir daha ürəkdən təbrik edir, İran xalqına, İran İslam Respublikasının vətəndaşlarına səadət, yeni-yeni uğurlar arzulayıram. Ümidvaram ki, İran İslam İnqilabı yaşayacaq və İran xalqını daha da firavan həyata çatdıracaqdır. Sağ olun, sizi təbrik edirəm.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya