Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Moskva, Kreml, 3 iyul 1997-ci il


Çox hörmətli Boris Nikolayeviç!

Müstəqil Azərbaycan Respublikasının və xalqının şərəfinə şəxsən mənim ünvanıma söylədiyiniz xoş sözlərə, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinizə və qonaqpərvərliyə görə minnətdaram və əmin olduğumu bildirirəm ki, Moskvada keçirdiyim görüşlər, apardığım danışıqlar, imzalanacaq sənədlər Azərbaycan ilə Rusiya arasında qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsində və daha da möhkəmləndirilməsində əsaslı rol oynayacaqdır.

Xəzərin Azərbaycan sektorundakı yataqların istismarı üçün dünyanın bir çox ölkələrinin ən nüfuzlu şirkətləri ilə respublikamızın imzaladığı müqavilələrdə, yaradılmış konsorsiumlarda Rusiyanın neft şirkətinin yaxından iştirakından razı qaldığımı bildirir və ümid edirəm ki, ARDNŞ ilə "LUKoyl" arasında imzalanacaq daha bir sənəd bu sahədə əməkdaşlıqda yeni mühüm addım olacaqdır.

Qarşılıqlı hörmət və mehribanlıq şəraitində keçən görüşümüzdə Azərbaycan-Rusiya əməkdaşlığının son illərdə böyük sürətlə inkişaf etməsindən razılıqla söz açmaq, bu sahədə iqtisadi əlaqələrin, xüsusilə ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün həyata keçirilən tədbirlərin böyük əhəmiyyətini nəzərə çarpdırmaq istəyirəm. Mənim Moskvaya ilk rəsmi səfərimlə əlaqədar imzalanmaq üçün hazırlanmış sənədlərin Azərbaycan-Rusiya əməkdaşlığının daha da sıxlaşdırılmasında möhkəm əsas yaradacağına əmin olduğumu vurğulamaqla bildirirəm ki, bu sənədlər arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda valyuta və ixrac nəzarəti sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında ikiqat vergi qoyulmasına yol verilməməsi və gəlir vergisinin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında sazişləri və digər sənədləri yüksək qiymətləndirirəm.

Danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları barədə geniş müzakirələr aparılması belə bir nəticəyə gəlmək üçün əsas verdi ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilən zirvə görüşündə qəbul edilmiş əsas prinsiplər bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasında mühüm rol oynamalıdır. Ona görə də Minsk konfransına həmsədrlik edən ABŞ, Fransa və Rusiya 1988-ci ildən bəri davam edən bu münaqişənin tezliklə sülh yolu ilə həll olunması üçün öz səylərini daha da artırmalıdırlar. Bununla əlaqədar Minsk konfransının həmsədrləri olan üç dövlətin - ABŞ, Rusiya və Fransanın prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsinə dair Denver bəyanatını imzalamasından məmnunluqla söhbət açmaq istəyirəm.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin son illər daha intensiv surətdə inkişaf etdiyini bir daha müsbət qiymətləndirərək bildirmək istəyirəm ki, eyni zamanda MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsinin, sıxlaşdırılmasının vacibliyi məsələsinə də diqqəti artırmaq lazımdır.

Hesab edirəm ki, danışıqlarda Xəzərin statusu, Qafqazda sülhün, əmin-amanlığın təmin olunması məsələləri barədə də geniş fikir mübadiləsi aparılması Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinin, gəmiçilik xəttinin tam bərpa olunması, neft kəməri və bir sıra digər məsələlərin ətraflı müzakirə edilməsi istər Azərbaycanın, istərsə də Rusiyanın mənafeyinə tam uyğundur.

Rusiyadan Ermənistana qanunsuz yolla silah verilməsi məsələsinə aydınlıq gətirilməsi üçün onun müzakirəsinə ciddi ehtiyac yaranmışdır. Bu, həm də dövlətlərimiz arasındakı münasibətləri daha səmimi məcraya yönəldə bilərdi. Həmin məsələnin daha ətraflı araşdırılması məqsədi ilə üçtərəfli komissiya yaradılmasını bu mənada ilk addım kimi müsbət qiymətləndirmək olar.

Xalqlarımız arasında tarixi dostluq əlaqələri mövcuddur. Bu əlaqələri qoruyub saxlamaq üçün xüsusilə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi sahəsində görülən işlərdən razılıqla bəhs etmək olar.

Bu baxımdan Azərbaycanda Rusiya və Moskva günlərinin böyük uğurla keçməsindən məmnun qaldığımı bildirirəm.

Görüşün sonunda bir daha qeyd etmək istəyirəm ki, mənim Rusiyaya ilk rəsmi səfərim dövlətlərimiz arasında münasibətlərin inkişafında böyük əhəmiyyət daşıyacaqdır, imzalanacaq sənədlərin ölkələrimizin əməkdaşlığının bundan sonra daha da sıxlaşdırılmasına güclü təkan verəcəyinə əmin olduğumu vurğulayıram.