Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan prezidentinin şərəfinə Londonun lord-meri Riçard Nikols tərəfindən təşkil edilmiş rəsmi qəbulda nitqi - London, Gildholl sarayı, 21 iyul 1998-ci il


Hörmətli cənab lord-mer!

Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi-qəlbdən salamlayır və hamınıza cansağlığı, səadət arzulayıram.

Hörmətli cənab lord-mer, bugünkü ziyafət üçün mən sizə təşəkkür edirəm. Sizin nitqinizi çox məmnuniyyətlə dinlədim və Azərbaycan haqqında, Azərbaycan - Birləşmiş Krallıq əlaqələri haqqında, ölkələrimizin gələcəkdə əməkdaşlıq etməsi barədə söylədiyiniz fikirlər məni çox məmnun etdi.

Mən bu gün bu salonda, bu axşam sizinlə bir yerdə olmağımdan özümü çox xoşbəxt hiss edirəm. Mən və mənimlə birlikdə Gildholl sarayında iştirak edən Azərbaycan nümayəndə heyəti yaxşı dərk edirik ki, biz Birləşmiş Krallığın, Londonun ən mərkəzində olan tarixi bir binadayıq.

Vaxtilə biz sizin ölkəniz, xalqınız haqqında, xalqınızın qəhrəmanlıq tarixi, mədəniyyətiniz, ədəbiyyatınız, elminiz haqqında kitablardan çox şey öyrənmişik, çox oxumuşuq. Kitablardan, sonra isə filmlərdən sizin ölkəniz, xalqınız haqqında aldığımız məlumatlar bizi daim heyran edib və Azərbaycan xalqında sizə, ölkənizə böyük hüsn-rəğbət oyadıbdır.

Mən ikinci dəfədir ki, bu sarayda, əzəmətli salonda dövlət mərasimində iştirak edirəm. 1995-ci ilin may ayında dünyanın dövlət başçıları, xüsusən Avropanın dövlət və hökumət başçıları, nümayəndə heyətləri bu salona Birləşmiş Krallığın kraliçasının dəvəti ilə toplanmışdılar və biz İkinci dünya müharibəsində çalınmış qələbənin 50 illiyini birlikdə bayram edirdik.

İkinci dünya müharibəsində Avropa xalqları böyük qurbanlar vermişlər. O cümlədən Azərbaycan xalqı da çox böyük qurbanlar vermişdir. 1945-ci ildə çalınmış qələbədən hər bir xalqın, o cümlədən Azərbaycan xalqının da xidməti, payı olmuşdur. Ona görə də müstəqil Azərbaycan Respublikasının prezidenti kimi mən həmin mərasimdə tam hüquqlu qonaq kimi iştirak edirdim.

1995-ci ildə Birləşmiş Krallığın kraliçasının və Avropa ölkələrinin dövlət başçılarının iştirakı ilə bu salonda keçirilmiş mərasim, təntənə bu gün də xatirimdədir.

Ancaq mən bu gün daha da həyəcanlıyam. Çünki bugünkü ziyafət yalnız müstəqil Azərbaycan Respublikasında, onun dövlət nümayəndə heyətinə və prezidentinə həsr olunmuşdur. Biz bunu dərk edir və yüksək qiymətləndiririk.

Həqiqətən, burada hər şey Böyük Britaniyanın qəhrəmanlıq tarixindən xəbər verir. Orta əsrlərdə bu sarayı tikib yaradanlar nə qədər mahir, fədakar memarlar, inşaatçılar və sadəcə vətəndaşlar olmuşdur. Onlar Böyük Britaniyanın, Birləşmiş Krallığın bugünkü nəsilləri üçün böyük irs qoyub getmişlər. Siz bu tarixi nailiyyətlərinizlə haqlı olaraq fəxr edirsiniz. Biz isə, sizin ölkəyə çox hörmət və məhəbbət bəsləyənlər kimi, sizinlə birlikdə sevinirik.

İki gündür ki, mən sizin ölkədə rəsmi səfərdəyəm. Ölkənizin Baş naziri cənab Toni Bleyrin dəvəti ilə həyata keçirilən bu rəsmi səfər Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsi üçün çox böyük əhəmiyyətə malikdir. Ötən iki gün ərzində biz çoxsaylı görüşlər keçirmiş, danışıqlar aparmışıq və bu gün ölkələrimiz üçün, gələcək əməkdaşlıq üçün çox böyük əhəmiyyətə malik olan sənədlər - müqavilələr, sazişlər imzalamışıq.

Dörd il bundan öncə, 1994-cü ilin fevral ayında Azərbaycanın prezidenti kimi mən ilk dəfə sizin ölkənizə rəsmi səfərə gəlmişdim. O vaxt ölkələrimiz və hökumətlərimiz arasında ilk müqavilələr, sənədlər imzalanmışdır. Ondan sonrakı illərdə də bir neçə sənəd imzalanmış və beləliklə, ölkələrimizin, hökumətlərimizin əməkdaşlığının əldə edilməsi, dostluq əlaqələrinin qurulması üçün yetərli qədər hüquqi-normativ baza yaranmışdır.

Biz çox şadıq ki, ötən illər ərzində ölkələrimiz arasında əlaqələr ardıcıl surətdə inkişaf edib, genişlənib və indi yüksək səviyyədədir. Dünən biz "Klaricis" otelində Britaniya-Azərbaycan Cəmiyyəti üzvlərinin toplantısında idik. Oraya bir neçə yüz adam toplaşmışdı. Mənim bildiyimə görə, orada iştirak etmək arzusunda olan adamlar çox olmuşdur, ancaq cəmiyyətin rəhbərliyinin bunun üçün sadəcə, imkanı olmamışdır.

Amma 1994-cü ildə bu, heç də yox idi və sizin ölkədə Azərbaycanı çox az tanıyırdılar. Bu qısa tarixi zamanda burada bizim böyük bir cəmiyyətimiz yaranıbdır və cəmiyyətin rəhbərliyində sizin ölkənin çox tanınmış, uzun illər dövlət işində işləmiş və böyük hörmətə malik olan şəxsiyyətləri var.

Ölkələrimizin müştərək Ticarət Palatası yaranıb və artıq əməli fəaliyyət göstərir, yaxşı nəticələr əldə edir. Azərbaycanda Birləşmiş Krallığın 100-dən artıq şirkəti fəaliyyət göstərir.

Sizin ölkənin təkcə "Bi-Pi" şirkəti müqavilələrin həyata keçirilməsi üçün Azərbaycana 260 milyon dollar həcmində sərmayə qoymuşdur. 1994-cü ildə imzalanmış ilk müqavilənin həyata keçirilməsi ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sifarişləri ilə işləyən, Birləşmiş Krallığa mənsub olan şirkətlər 350 milyon dollar həcmində sifarişlər almışlar və iş görürlər.

Mən iqtisadi əlaqələrimizin bugünkü səviyyəsini nümayiş etdirən bir çox başqa rəqəmlər də gətirə bilərəm. Ancaq hesab edirəm ki, dediklərim bizim əlaqələrimiz haqqında hər bir kəsdə geniş təəssürat yaradır.

Dünən, bu gün bizim görüşlərimizin və imzaladığımız sənədlərin əsasında ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı üçün yeni böyük addımlar atmışıq. Burada bizim görüşlərimiz dostluq, mehribanlıq şəraitində keçir və hamımıza çox yüksək qonaqpərvərlik göstərilir.

Bu gün mən Birləşmiş Krallığın kraliçası ilə görüşüb çox maraqlı söhbət etmişəm. Bunu özüm üçün və Azərbaycan xalqı üçün tarixi hadisə hesab edirəm.

Ölkənizin Baş naziri cənab Toni Bleyr ilə görüşüm, danışıqlarım çox işgüzar, mehriban şəraitdə keçmiş və çox məzmunlu olmuşdur. Biz ölkələrimiz arasındakı əlaqələri təhlil etdik və gələcək işlərimiz haqqında birgə qərarlar qəbul etdik. Baş nazir Azərbaycana, Qafqaz regionuna, Avropa-Qafqaz-Asiya nəqliyyat xəttinə çox böyük maraq göstərmişdir. Bizim bu danışıqlarımızın nəticəsində Baş nazirlə mənim aramda səmimi münasibətlər yaranmışdır və mən bunu yüksək qiymətləndirir, hesab edirəm ki, bu, ölkələrimizin gələcək inkişafı üçün çox əhəmiyyətlidir.

Baş nazir Toni Bleyr və mən hökumətlərimiz arasında dostluq və əməkdaşlığın inkişafına həsr olunmuş siyasi bəyannamə imzaladıq. Bu bəyannamədə əməkdaşlığımızın bütün sahələri əhatə olunmuşdur. Bəyannamədə siyasi, iqtisadi, elmi, mədəni, humanitar sahələrdə əməkdaşlıq haqqında lazımi müddəalar öz əksini tapmışdır. Danışıqlar zamanı biz həm iqtisadi əməkdaşlığımıza çox böyük diqqət yetirmiş, həm də siyasi sahədə əməkdaşlığımızın genişlənməsi və inkişaf etdirilməsi haqqında eyni fikirdə olduğumuzu bildirmişik.

Bunlarla yanaşı, Baş nazirin iqamətgahında sizin ölkə ilə Azərbaycan arasında dörd böyük müqavilə, sənəd imzalanmışdır. "Bi-Pi" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış müqavilənin çox böyük gələcəyi var. Xəzər dənizinin Azərbaycan sektorunda olan üç böyük yataqda "Bi-Pi"nin Azərbaycan Dövlət Neft Şirkəti ilə müştərək iş görməsi haqqında imzalanmış müqavilə, yenə də deyirəm, böyük gələcəyə malikdir. "Britiş Petroleum" ilə Azərbaycan arasında indiyə qədər imzalanmış müqavilələr, hesab edirəm ki, XXI əsrin axırınadək bizim iqtisadi əməkdaşlığımızı təmin edəcəkdir.

Mən çox şadam ki, böyük "Bi-Pi" şirkəti ilə yanaşı, yeni yaranmış "Monument" şirkəti də Azərbaycanda özünəməxsus yer almışdır və onunla Azərbaycan Dövlət Neft Şirkəti arasında çox əhəmiyyətli müqavilə imzalanmışdır. "Ramko" şirkəti artıq Azərbaycanda iş görməkdədir, ancaq onlar bu işi dənizdə görməklə yanaşı, Azərbaycanın qurudakı qədim və çox perspektivli yatağı olan "Muradxanlı" yatağının müştərək işlənilməsi üçün müraciət etmiş və bu gün Dövlət Neft Şirkəti ilə bu barədə müqavilə imzalamışlar.

Bilirsiniz ki, Azərbaycanda özəlləşdirmə proqramı ardıcıl surətdə həyata keçirilir. Özəl sektorun yaranması prosesi indi çox sürətlə inkişaf edir. Bu baxımdan sizin ölkənin "Morrison" şirkəti ilə Bakı şəhərinin bələdiyyəsi arasında Azərbaycanda - Bakıda böyük otelin və biznes mərkəzinin tikilməsi haqqında sazişin imzalanması da buna əyani sübutdur.

Neft haqqında danışarkən xatırlamaq istəyirəm ki, Azərbaycan çox qədim neft ölkəsidir və əsrin əvvəlində dünyada neftin 90 faizi Azərbaycanda hasil edilirdi. Mən dünən "Şell" şirkətinin nümayəndəsi ilə görüşərkən o, bu şirkətin 100 illik tarixi haqqında mənə məlumat verdi və çox dəyərli bir kitab bağışladı. Həmin kitabda mənə bir xəritə göstərdi ki, hələ 1892-ci ildə "Şell" şirkəti ilk dəfə Bakıdan nefti Qara dənizlə, tanker vasitəsilə Avropaya gətirmişdir.

Azərbaycan Sovetlər İttifaqının tərkibində olarkən, 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbə çalınması sahəsində öz xidmətlərini göstəribdir. O illər Sovetlər İttifaqında hasil edilən neftin 70 faizi Azərbaycanda çıxarılırdı. Dünyada suyun dərinliyində - dənizdə neftin çıxarılmasına da 1949-cu ildə ilk dəfə Azərbaycanda başlanmışdır.

Ancaq indi bizim müasir texnika və texnologiyaya, sərmayə qoyuluşuna ehtiyacımız var. Sizin ölkə ilə və başqa ölkələrlə əməkdaşlıq etmək üçün Azərbaycana məxsus olan neft və qaz yataqlarının müştərək işlənilməsi barədə qərarlar qəbul edirik. Hesab edirəm ki, bu qərarlar hər iki tərəf üçün faydalıdır.

Biz bu günlərdə bütün bu məsələləri müzakirə etmişik, qarşıdakı günlərdə də müzakirə edəcəyik və ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha sürətlə inkişaf etməsi üçün lazımi tədbirlər görəcəyik.

Sizin ölkənizin çox qədim və dəyərli ənənələri var. Doğrudur, bəzən siz bu ənənələrinizdən narazısınız, onları dəyişdirmək istəyirsiniz. O, sizin öz işinizdir. Ancaq biz sizin bütün ənənələrinizə çox hörmətlə yanaşırıq və onlardan bizim üçün faydalısını götürüb Azərbaycanda da tətbiq etmək istəyirik.

Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Azərbaycanda bazar iqtisadiyyatı yaradıb inkişaf etdiririk, özəlləşdirmə proqramı həyata keçiririk. Biz bu sahədə bir çox işlər görmüşük, yaxşı nəticələr əldə etmişik. Ölkəmizdə iqtisadiyyat artıq inkişaf edir. Ancaq hələ çox işlər də görməliyik. Ona görə sizin təcrübənizdən - həm siyasi-ictimai, həm də iqtisadi sahədəki təcrübənizdən istifadə etməyə çalışırıq. Ona görə də bu danışıqlar, görüşlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Bizim ölkələrimiz məsafəcə bir-birindən uzaqdır. Amma son illər hər iki tərəfdən görülən işlər bizi bir-birimizə çox yaxınlaşdırıbdır. Biz bunu müsbət qiymətləndirir, sizinlə daha da yaxın əlaqələr qurmaq istəyirik və bu sahədə səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

Sizin ölkənizin qarşısında da bir çox problemlər durur. Keçən il yaranmış yeni hökumətiniz bu sahədə çox işlər görübdür. Biz ölkənizlə maraqlanaraq bunlarla tanış oluruq və nailiyyətlərinizə görə sizi təbrik edirəm. Şübhə etmirəm ki, gələcəkdə də bütün problemləri həll edə biləcəksiniz.

Birləşmiş Krallıq dünyanın böyük ölkələrindən biridir, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr sırasındadır. Sizin böyük tarixiniz, böyük nailiyyətləriniz var. Arzu edirəm ki, ölkəniz daha da inkişaf etsin.

Sizin hər birinizə həyatınızda yeni-yeni uğurlar arzulayıram. Ölkənizə, xalqınıza sülh və əmin-amanlıq arzu edirəm. Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin daha da sürətlə inkişaf etməsini arzulayıram.

Xahiş edirəm, qədəhləri Birləşmiş Krallığın və bu ölkənin xalqının şərəfinə qaldıraq. Birləşmiş Krallığın kraliçasının və hökumətinin şərəfinə! Birləşmiş Krallıq və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı şərəfinə! London şəhərinin lord-meri və onun xanımının şərəfinə! Hörmətli dostlaq, sizin şərəfinizə! Sağ olun. Sizə bir daha cansağlığı və səadət arzulayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2005, 16-cı cild, səh. 375