Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə - Azərbaycan sənədlərinin imzalanması mərasimində nitqi - 9 fevral 1994-cü il


Türkiyəyə səfərimiz zamanı biz burada çox böyük qonaqpərvərlik, insanpərvərlik gördük. Bütün bunlara görə mən və mənimlə gələn nümayəndə heyətinin üzvləri Türkiyə prezidenti hörmətli Süleyman Dəmirələ, Türkiyə hökumətinə, bütün Türkiyə xalqına təşəkkürümüzü və ehtiramımızı bildiririk. Biz burada özümüzü həqiqətən öz evimizdə, Süleyman bəyin sözləri ilə desək, öz mənzilimizdə hiss edirik. Biz buraya böyük ümidlərlə gəlmişik və ümidlərimiz çin olub. Gözlədiyimizdən də artıq qonaqpərvərlik, dostluq və qardaşlıq münasibəti hiss etmişik, bu hisslərin təsiri altında yaşayırıq və uzun müddət bu hisslərin təsiri altında olacağıq. Çünki ən maraqlı cəhət bundan ibarətdir ki, Türkiyə ilə Azərbaycan arasında indiyədək yaranmış əlaqələr yeni mərhələyə keçir. Bu mərhələ əvvəldən indiyədək görülmüş işlərin üzərində qurulur. Ancaq indiki görüşlərimizin və danışıqlarımızın nəticələri bu işlərin daha da irəliləməsi, iqtisadiyyat, ticarət, mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi, daha da dərinləşmösi və xalqlarımızın, ölkələrimizin bir-birinə daha da yaxınlaşması üçün çox səmərəlidir. Bir sözlə, burada əldə olunan nəticələrdən qəlbən məmnunuq.

Burada olarkən görüşdüyümüz hər bir adam bizə çox böyük hörmət və qayğı göstərir. Xüsusən dostum və qardaşım Süleyman Dəmirəlin böyük qayğısı, xüsusi diqqəti məni heyran etmişdir. Mən bilirəm ki, biz dünən də, bu gün də harada olduqsa, harada görüşdüksə, bunlar hamısı Türkiyə prezidenti Süleyman bəyin nəzarəti altındadır, onun qayğısı ilə bağlıdır. Bunlar bizim burada olduğumuz günlərlə gördüyümüz işlərin hamısının müvəffəqiyyətlə başa çatmasına şərait yaratmışdır.

Hazırlanmış sazişlər, müqavilələr, anlaşmalar tarixi sənədlərdir və bizim gələcək əlaqələrimiz üçün yeni yollar, yeni cığırlar açır. Sizi əmin etmək istəyirik ki, biz bu yolla gedəcəyik və bu yoldan dönməyəcəyik.

Bir daha qeyd edirəm ki, Azərbaycan demokratik prinsiplər əsasında dövlət quruculuğu ilə məşğuldur. Azərbaycanda demokratiya, siyasi plüralizm üçün bütün imkanlar yaranır və yaranacaqdır. Biz Türkiyənin təcrübəsindən, inkişaf etmiş demokratik dövlətlərin təcrübəsindən istifadə edərək bu tədbirlərimizi daha da genişləndirəcək və dərinləşdirəcəyik. Əmin ola bilərsiniz ki, Azərbaycan bu yolun yolçusudur və bu yoldan dönməyəcəkdir. Azərbaycan müstəqil dövlətdir və daim bu yolla gedəcəkdir. Heç bir qüvvə onu bu yoldan döndərə bilməz. Müstəqillik Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün əbədidir. Sizi əmin edirik ki, biz dostluğa və qardaşlığa həmişə sadiq olacağıq və gələcəkdə də bu dostluğun və qardaşlığın inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Azərbaycanın qarşısında duran əsas problem öz müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrini çıxarmaqdır. Bu sahədə bizim siyasətimiz dəyişməzdir. Biz bu məsələlərin sülh, barışıq yolu ilə həll edilməsinə çalışacağıq. Rica edərdim ki, Türkiyə bundan sonar da beynəlxalq təşkilatarda, ATƏM-də və onun Minsk qrupunda və özünün başqa imkanlarından istifadə edərək Azərbaycanın bu probleminin sülh, barışıq yolu ilə həll olunmasına kömək etsin. Əminəm ki, Türkiyə bu köməyi bizdən əsirkəməyəcək. Eyni zamanda biz bütün gücümüzü toplayaraq, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik. Əmin ola bilərsiniz ki, bu görüşlərimiz təkcə bizə deyil, bütün Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına yeni ruh və ilham verir. Bu ilhamla, bu əhval-ruhiyyə ilə də biz sənədlərin imzalanması mərasiminə gəlmişik. Bu əhvalruhiyyə ilə də Vətənimizə qayıdacağıq.

Hörmətli Süleyman bəy, Sizə və bütün arkadaşlarınıza bir daha təşəkkür edirəm. Sağ olun!