Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl ilə görüşdə söhbəti - Ankara, Azərbaycan prezidentinin iqamətgahı - Camlı köşk, 13 mart 2001-ci il


Heydər Əliyev: Əziz dostum, qardaşım, xoş gördük Sizi.

Süleyman Dəmirəl: Hörmətli Prezident, Siz öz vətəninizə xoş gəlmisiniz. Türkiyəyə Sizin rəsmi səfəriniz ölkəmizdə böyük rəğbət doğurmuşdur. Türkiyə Böyük Millət Məclisindəki nitqinizdə Siz bölgədəki coğrafi-siyasi vəziyyətə son dərəcə gözəl təhlil verdiniz, onun parametrləri və Azərbaycan–Türkiyə əlaqələrinin daha da genişləndirilməsi haqqında öz dəyərli fikirlərinizi bildirdiniz.

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Xalqlarımızın dostluğu əbədidir və bu dostluğu heç bir şey poza bilməz. Cənab Prezident, Türkiyə parlamentində söylədiyiniz nitqinizdə bu barədə fikirlərinizi eşitmək məni hədsiz məmnun etdi.

Çox təəssüf ki, Azərbaycanın da, Türkiyənin də bir sıra çətinlikləri vardır. Bu çətinliklərin bir qismi tarixi, digər qismi isə coğrafi səbəblərdən, qalan hissəsi isə gündəlik həyatdan irəli gəlir. Amma mən əminəm ki, biz bu çətinlikləri birlikdə aradan qaldıra biləcəyik.

Cənab Prezident, mən bu gün Sizi təkrarən Ankarada görməkdən çox məmnunam. Sizin əvvəlki söhbətlərinizdə də dediyiniz kimi, qarşılıqlı rəsmi səfərlərin müntəzəm davam etdirilməsi vacibdir. Azərbaycanın sevinci bizim sevincimizdir, məlalı bizim məlalımızdır.

Cənab Prezident, bir daha bildirirəm ki, bu gün Siz Türkiyə Böyük Millət Məclisində çox dəyərli bir nitq söylədiniz, bir sıra məsələləri çox gözəl anlatdınız. Türkiyə vətəndaşlarına müraciətlə dediyiniz sözlər də çox dəyərli idi.

Böyük Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti çox çətin mərhələlərdən keçmişdir, indi böyük inkişaf yolu ilə gedir. Türkiyə Cümhuriyyəti yeni müstəqillik qazanmış türkdilli ölkələrin müstəqilliyinin əbədi olacağına əmindir. Türk dünyasında altı yeni dövlətin bayraqları dalğalanır. Bu isə bizdə böyük qürur doğurur.

Cənab Prezident, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük uğurlar qazanır. Mən Sizin ölkənin son dövrdəki iqtisadi göstəricilərinə bir daha nəzər saldım. Azərbaycan böyük inkişaf yolundadır və bu məni çox məmnun edir. Hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Bu məni çox sevindirir. Dünyanın bir çox ölkələrinin iş adamları Azərbaycana sərmayə qoyurlar. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan daha böyük uğurlara nail olacaqdır. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması tarixi bir hadisədir.

Mən əziz dostumu, böyük, qardaş dövlətin müdrik rəhbərini Ankarada qarşılamaqdan hər zaman duyduğum sevinci bu gün bir daha təkrar duyuram. Türkiyəyə xoş gəlmisiniz!

Heydər Əliyev: Əziz dostum, qardaşım. Səmimi sözlərə görə Sizə təşəkkürümü bildirirəm. Mən də Türkiyə üçün, xüsusən də Sizi görmək üçün çox darıxmışdım. Mən bu gün Böyük Millət Məclisindəki nitqimdə dedim ki, Türkiyəyə hər dəfə gəlmək bizim üçün böyük bir sevincdir, böyük xoşbəxtlikdir.

Əziz dostum, son illər Azərbaycanda sizin köməyinizlə çox işlər görülmüşdür. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx əlaqələr yaranmasında Siz böyük xidmətlər göstərmisiniz. Azərbaycan xalqı bunu heç vaxt unutmur və unutmayacaqdır. Siz mənim əbədi dostumsunuz. Böyük Millət Məclisindəki nitqimə və Azərbaycanın bugünkü durumuna verdiyiniz qiymət, respublikamızın 2000-ci ildə əldə etdiyi nailiyyətlər haqqında dediyiniz sözlər, təbiidir ki, məni daha da ruhlandırır. Bütün bunlar məni daha da həvəsləndirir ki, daha da çox işlər görək. Siz yaxşı bilirsiniz ki, bundan da çox nailiyyətlər əldə etməyə imkanlarımız vardır. Biz sizinlə bu barədə dəfələrlə danışmışıq, söhbət etmişik.

Mən bu gün Böyük Millət Məclisində dedim, indi bir daha qeyd edirəm ki, Türkiyə–Azərbaycan dostluğu əbədidir. Onu heç bir şey ilə qırmaq olmaz. Azərbaycanın müstəqilliyi, istiqlaliyyəti əbədidir. Bu müstəqilliyi heç bir qüvvə sarsıda bilməz. Biz bu müstəqilliyi möhkəmləndirmişik. Bu ilin sonunda müstəqilliyimizin 10 illiyini qeyd edəcəyik. Tarixi nöqteyi-nəzərdən 10 il o qədər də çox bir zaman deyildir. Amma bu 10 ildə dünyada, bizim bölgədə və Azərbaycanda nələr olduğunu bir-birinin üstünə qoysaq, ötən 10 il böyük bir tarixdir. Biz bu tarixi yaşamışıq. Bu tarixin acılarını da, çətinliklərini də yaşamışıq, amma xoş günlərini də görürük. Lakin bilirsiniz ki, problemlərimiz də vardır və biz bu problemlərin aradan qaldırılmasına çalışırıq və çalışacağıq.

Siz həm Baş nazir, həm də prezident olduğunuz zaman Azərbaycana çox yardımlar etmisiniz. Biz Sizinlə çox sıx əməkdaşlıq etmişik. Xalqımız, dövlətimiz, millətimiz Sizi bu gün də sevir. Ona görə də bu gün Türkiyədə Sizinlə bir daha görüşmək mənim üçün böyük bir xoşbəxtlikdir. Güman edirəm, vaxt tapıb Azərbaycana da gələcəksiniz, biz orada da görüşəcəyik. Çünki əlaqələrimiz olmayanda, görüşə bilməyəndə darıxıram. Allaha şükürlər ki, qismət oldu, mən buraya gəldim və bu axşam Sizinlə bir yerdəyik. Məndən Nəzmiyyə xanıma da salam söyləyin.

Süleyman Dəmirəl: Əziz dostum, Siz mənə çox böyük şərəf verdiniz. Nəzmiyyə xanımın da Sizə çox böyük salamları vardır.

Heydər Əliyev: Xahiş edirəm, mənim hörmət və ehtiramımı Nəzmiyyə xanıma bildirəsiniz. Əmin olun ki, Azərbaycan Sizi sevib, bu gün də sevir, gələcəkdə də sevəcəkdir.