Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qazilərini Prezident sarayında qəbul edərkən giriş nitqi - 15 avqust 2000-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Əziz dostlar, əziz qonaqlar!

Mən məmnunam ki, dəvətimi qəbul etmisiniz, Azərbaycana qonaq gəlmisiniz. Siz gələn gündən burada olmağınız mənim nəzarətim altındadır. Çünki siz mənim şəxsi qonağımsınız. Mənə verilən məlumatlara görə, siz Azərbaycanla bir az tanış ola bilmisiniz, istirahət etmisiniz. İki qardaş xalqın, qardaş və dost ölkələrin bir-biri ilə nə qədər dost, məhəbbət hissiyyatları olduğunu burada hiss etmisiniz.

Bir daha təşəkkür edirəm. Eyni zamanda təbiidir ki, - mən o vaxt Gülhanədə görüşəndə də demişdim, indi də deyirəm, - sizə və sizin simanızda bütün qardaş Türkiyənin, Türkiyə Cümhuriyyətinin qazilərinə böyük hörmət-ehtiramımı bildirirəm. Siz qazilər və qardaş türk xalqının öz dövlətinin bütövlüyünü qorumaq uğrunda, terrorizmə qarşı mübarizədə, PKK terrorizminə qarşı mübarizədə şəhid olmuş bizim qardaşlarımız, övladlarımız - hamınız birlikdə həm Türkiyə Cümhuriyyətinin, türk xalqının fəxrisiniz, iftixarısınız, eyni zamanda Azərbaycan xalqının iftixarısınız, fəxrisiniz.

Siz bilirsiniz ki, Azərbaycan 12 ildən çoxdur ki, Ermənistanın təcavüzü ilə rastlaşıbdır. 1988-ci ildən Azərbaycana hərbi təcavüz edilibdir. Bundan sonra böyük müharibə olubdur. Bizim xalqımız çoxlu şəhidlər veribdir. Azərbaycanın da qaziləri var. 1994-cü ildə biz döyüşü, yəni atəşi dayandırmışıq, bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Ancaq xalqımızın verdiyi şəhidlərin xatirəsi bizim qəlbimizdə həmişə yaşayır və yaşayacaqdır. Həmin o döyüşlərdə, müharibədə qəhrəmanlıq göstərmiş, yaralanmış, xəsarət almış, əlil olmuş Azərbaycan övladları da bizim əziz övladlarımızdır. Biz onlara daim qayğı göstəririk və onlar buna layiqdirlər. Ona görə Azərbaycan üçün bu məsələ bəlkə başqalarına nisbətən daha da məlum, tanış bir məsələdir.

Siz Türkiyə Cümhuriyyətinin içərisində PKK terrorçuları ilə mübarizədə və yenə də deyirəm, Türkiyənin torpaq bütövlüyü uğrunda, Türkiyənin daxili sabitliyini pozmağa çalışanların qarşısını almaqda qəhrəmanlıqlar göstərmisiniz. Şəhidlər də bu yolda şəhid olublar.

Azərbaycanın qəhrəmanları, şəhidləri də Azərbaycanın torpaq bütövlüyü uğrunda, bir müstəqil dövlət kimi ölkəmizin suverenliyi uğrunda döyüşlərdə qəhrəmanlıq göstəriblər, şəhid olublar. Ona görə də bizim xalqlarımızın keçmişi də eynidir, adət-ənənəsi də eynidir, dili də, dini də - hamısı eynidir. İndi burada oturmusunuz, baxırsınız. Kim deyə bilər ki, bu, Anadolu türküdür, yaxud Azərbaycan türküdür? Fərqi yoxdur. Yəni biz bir kökdənik. Ona görə də bizim xarici görünüşümüz də bir-birinə çox bənzəyir. Bizi bir-birimizdən seçmək mümkün deyildir. Amma bizim dərdlərimiz də böyükdür.

Güman edirəm ki, siz Azərbaycanın torpaqları uğrunda aparılan müharibədə şəhid olanların və eyni zamanda, 1990-cı ilin yanvar ayında kommunist hökumətinin, Moskva hökumətinin Azərbaycana qarşı etdiyi təcavüz nəticəsində şəhid olmuş Azərbaycan övladlarının məzarlarını, qəbirlərini Şəhidlər xiyabanında gördünüz. Ora bizim müqəddəs yerimizdir. Bizim bütün bayram günlərimizdə, kədərli günlərimizdə də, sevincli günlərimizdə də hər bir Azərbaycan vətəndaşı oranı ziyarət etməyi özünə borc bilir. İndi bizim gənclərimiz ailə quranda, yəni evlənəndə öncə gedib o Şəhidlər xiyabanında, orada ucaldılmış əbədi məşəl abidəsi qarşısında bir-birinə sədaqət andı içirlər, sonra evlənirlər. Bu, təbiidir, çünki insanlar, yəni cəmiyyət, xalq, millət, dövlət gərək heç vaxt öz qəhrəmanlarını, şəhidlərini unutmasın.

Mən yaxşı bilirəm ki, Türkiyədə şəhidlərə, onların xatirəsinə və Türkiyənin müdafiəsi yolunda, - harada olur-olsun, yaxud sərhəd savaşı olsun, yaxud da içəridə, dağlarda PKK terroristləri ilə, başqaları ilə mübarizədə, - fərqi yoxdur, qəhrəmanlıq göstərmiş insanlara nə qədər böyük hörmət, ehtiram vardır və şəhidlər, onların məzarları, onların şəhidliyi nə qədər müqəddəsdir. Mən bunu Türkiyədə dəfələrlə öz gözlərimlə görmüşəm, televiziya ilə seyr etmişəm. Eyni vəziyyət də buradadır. Yəni bu da bizim adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin eyni olduğunu, bir-birinə bənzər olduğunu bir daha göstərir.

Mənim xatirimdədir, 1991-92-93-cü illərdə Naxçıvanda işləyirdim. Bilirsiniz ki, Naxçıvan Muxtar Cümhuriyyətdir. Biz o vaxt Türkiyə ilə Azərbaycanın arasında ilk dəfə bir körpü yaratdıq. Bilirsiniz ki, Araz çayı Türkiyə-Azərbaycan sərhədini təşkil edir. Biz bir olmağımıza baxmayaraq, təəssüflər olsun ki, vaxtilə bu xəritələr elə qurulubdur ki, Azərbaycanla Türkiyənin cəmi 11 kilometrlik məsafədə sərhədi vardır. O da Azərbaycanın Naxçıvan bölgəsindədir. Ancaq bu sərhəddən Azərbaycan da, Türkiyə də heç vaxt istifadə edə bilməmişdir. 1992-ci ildə Türkiyə hökuməti bizimlə birlikdə qısa bir müddətdə o körpünü inşa etdi və buna insanlar "Həsrət körpüsü", "Ümid körpüsü" adı verdilər. Doğrudan da, indi oradan həm Türkiyənin şərq tərəfi - Ərzurumdur, Qarsdır, İqdırdır, Diyarbəkirdir - bunlar hamısı körpü vasitəsilə Naxçıvana gedib-gəlirlər. Naxçıvandan da oraya təyyarə ilə gəlirlər. Eləcə də buradan. Demək, bu adlar düz verilmişdir: "Həsrət körpüsü" - ona görə ki, bizim xalqlarımız 70 il bir-biri ilə görüşmək həsrətini çəkmişdir, "Ümid körpüsü" - ona görə ki, bilirsiniz, Naxçıvan Azərbaycanın bir parçası olaraq muxtar cümhuriyyətdir.

Təəssüflər olsun ki, 1920-ci ildə Sovet hökuməti Ermənistan-Azərbaycan sərhədini elə bölübdür ki, Azərbaycan torpağı olan Naxçıvan ilə Azərbaycanın bu biri hissəsini birləşdirən Zəngəzur mahalını Ermənistana veribdir. Ora da Azərbaycan torpağıdır, orada da azərbaycanlılar yaşayıblar, amma Ermənistana verilibdir. Ona görə də Naxçıvan Azərbaycanın böyük torpağından aralı düşübdür.

Vaxtilə, sovet dövründə elə bir problem yox idi. Çünki onda bir dövlət idi. Ancaq sonra Ermənistanla Azərbaycan arasında müharibə başladı və bu, Ermənistanın hərbi təcavüzü nəticəsində başladı. Naxçıvan Muxtar Cümhuriyyəti orada bir ada kimi qaldı. Ona görə də o körpünün açılması, yaranması Azərbaycan üçün, onun bir parçası olan Naxçıvan üçün həm "Həsrət körpüsü" idi, - ona görə ki, o, 70 illik həsrətdən çıxdı, ikincisi də "Ümid körpüsü" idi, - çünki ümid də orada idi. Başa düşürsünüz?

O vaxtlar Naxçıvanla Ermənistanın sərhədində də bəzən döyüşlər gedirdi. Yəni Ermənistan silahlı qüvvələri çalışırdılar ki, Dağlıq Qarabağ ətrafında apardıqları savaşla bərabər, orada da bir savaş etsinlər. Bir, iki, üç dəfə belə savaşlar oldu. Bizim gənc övladlarımız vuruşdular, döyüşdülər, şəhid oldular. Amma bəziləri də yaralandılar. Onda Azərbaycanın iqtisadi, siyasi durumu çox çətin idi. Bu, 1992-ci ildə idi. Şəhid olan şəhid oldu, biz onları şəhid kimi torpağa verdik. Amma yaralananları, qaziləri - o vaxt Türkiyənin baş naziri işləyən, mənim əziz dostum Süleyman Dəmirəl ilə biz telefonla danışdıq - onları oradan Ərzuruma apardılar. Onları Ərzurum xəstəxanasında müalicə edirdilər. İndi bu, yadıma düşür.

Mən o vaxt iki aydan sonra Naxçıvandan Ankaraya getmişdim. Təbiidir ki, oraya İqdır, Ərzurum vasitəsilə gedirdim. Geriyə dönəndə Ərzurumda xahiş etdim ki, - Ərzurum Universitetinin böyük xəstəxanası var, - oradakı Azərbaycan övladlarını, qazilərini ziyarət edim. Oraya getdim, onları gördüm, danışdım, onların müalicəsi haqqında yenə də bəzi tədbirlər görüldü və onlar sağaldılar, gəldilər.

İndi mən bunu niyə xatırlayıram? Çünki Ankarada da olanda mən Gülhanədə qaziləri gördüm. Yəni 1992-ci ildə Naxçıvanın, Azərbaycanın qazilərini, yaralananlarını görmüşdüm. 1999-cu ildə Gülhanədə isə bunları gördüm. İndi bunlar mənim beynimdə eyni bir mənzərə kimi görünür. Ona görə də mən deyirəm ki, Türkiyədə olduğu kimi, bizdə də sizlərə böyük hörmət, ehtiram vardır.

Bilirəm ki, Türkiyədə də sizə çox qayğı göstərilir, dövlətin, hökumətin qayğısı altındasınız. Ən əsas da odur ki, Türkiyənin çox güclü ordusu və çox da intizamlı ordusu vardır. Türk ordusu həmişə güclü olubdur.

İndi bizim bu son illərdəki dostluğumuz, əməkdaşlığımız Azərbaycan müstəqillik əldə edəndən sonra olubdur. Bilirsiniz ki, 1918-ci ildə də Azərbaycan müstəqillik əldə etdi. Amma burada ermənilər yenə də azərbaycanlılara qarşı böyük ədalətsizliklər, savaşlar edirdilər. Onda hələ Osmanlı ordusu idi. Osmanlı ordusunun böyük bir hissəsi, böyük bir korpusu Nuru Paşanın rəhbərliyi altında buraya gəldi. Onlar burada - Bakıda, Gəncədə ermənilərin törətdiyi qırğınların qarşısını aldılar, şəhid oldular. O vaxt orada şəhid olmuşdular. O vaxt da onları indi bizim şəhidlərin məzarları olan yerdə dəfn etmişdilər.

Təəssüflər ki, sonralar - sovet hakimiyyəti dövründə bu, tamamilə unudulmuşdu və bizim xalqımız da heç bilmirdi. Xalqımızın tarixində var ki, Türkiyənin Osmanlı ordusu gəlib Azərbaycanın erməni qırğınlarından xilas olunmasına yardım edibdir. Amma adamlar şəhidlərin məzarlarının, qəbirlərinin harada olduğunu bilmirdilər. Bunu biz aradıq, tapdıq. Sadiq Paşa ilə birlikdə Türkiyənin buradakı səfirliyi ilə birlikdə orada böyük bir abidə yaratdıq. Siz oranı da ziyarət etdiniz. Bunlar hamısı millətimizin qəhrəmanlarına, millətimizin şəhidlərinə göstərilən qayğımızdır, hörmətimizdir.

İndi XX əsr sona çatır. XX əsrin ilk dövründə də bizim xalqımız bir-birinə yardım edibdir. XX əsrin sonunda da biz yenə bir-birimizə yardım edirik. Xüsusən Türkiyənin yardımı bizim üçün əhəmiyyətlidir. Bunları deyərək bir daha onu qeyd etmək istəyirəm ki, türk ordusu keçmişdə də çox güclü ordu olubdur. Amma Mustafa Kamal Atatürk tərəfindən yaradılmış cümhuriyyət və onun ordusu Türkiyəni bütün fəlakətlərdən xilas edibdir.

Siz tarixi yaxşı bilirsiniz. Amma bunu mən bir də qeyd etmək istəyirəm ki, əgər o vaxt Türkiyədə böyük Mustafa Kamal Atatürk kimi şəxsiyyət olmasaydı, bəlkə də Türkiyəni dağıtmaq istəyənlər buna nail ola bilərdilər. Ancaq o vaxt Mustafa Kamal Atatürk və onun silahdaşları, onunla eyni fikirdə olan adamlar birlikdə Türkiyəni xilas etdilər, Türkiyə Cümhuriyyəti yaratdılar. İndi 75 ildir ki, bu Türkiyə Cümhuriyyəti yaşayır və bunun da əsasını təşkil edən Mustafa Kamal Atatürk tərəfindən yaradılmış türk ordusudur. Biz buna həmişə - keçmişdə də heyranlıqla baxmışıq, bu gün də o, çox güclü olubdur, çox mütəşəkkil ordudur və bu ordunun da özünəməxsus ənənələri vardır. Ona görə türk ordusunda xidmət edən hər bir türk oğlu üçün bu, böyük şərəfdir. Amma bu orduda şəhid olmaq, yaxud bu orduda qəhrəmanlıq göstərib qazi olmaq ikiqat şərəfdir.

Mən sizi bir də ona görə sevirəm ki, siz bizim qardaş Türkiyə Cümhuriyyətinin ordusunun, Mustafa Kamal Atatürkün yaratdığı ordunun əsgərlərisiniz. Türk əsgəri bizim gözümüzün önündə həmişə qəhrəmanlıq nümunəsidir. Siz də qəhrəmanlardansınız. Ona görə də mən sizin Azərbaycana gəlməyinizi arzu etdim, siz də gəldiniz. Amma mən çox dəvət etmişdim, az gəldiniz. Mən istəyirdim ki, hamısı gəlsin, Azərbaycanı görsünlər.

Güman edirəm ki, gördükləriniz sizin üçün yeni bir şeydir. Azərbaycanı heç vaxt görməmişdiniz Ümid edirəm ki, siz burada olmağınızdan məmnunsunuz. Sizə bir daha hörmət və ehtiramımı bildirirəm.

Yekun nitqi

Mən bu görüşdən məmnun olduğumu bir daha bildirmək istəyirəm. Bilirəm ki, siz sabah Türkiyəyə dönürsünüz. Türk əsgərinə məndən salamlar, hörmətlər, sayqılar çatdırmağınızı rica edirəm. Bu fürsətdən istifadə edərək, bütün türk xalqına Azərbaycan xalqının sevgi və məhəbbətini bir daha bəyan edirəm. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, sarsılmazdır. Bu ifadələri mən neçə illərdir işlədirəm, nə qədər ki, nəfəsim gedib-gəlir, işlədəcəyəm. Bizim əbədiyyətə qədər davam edəcək bu dostluğumuz, qardaşlığımız həm Türkiyənin, həm də Azərbaycanın inkişafını və bizim birliyimizi təmin edəcəkdir.

Azərbaycan müstəqil dövlətdir və bundan sonra da öz müstəqilliyini əlindən verməyəcəkdir. Bizim əldə etdiyimiz istiqlaliyyət tariximizin ən böyük qələbəsidir, ən böyük nailiyyətidir. Beləliklə, Azərbaycan bir müstəqil dövlət kimi qardaş Türkiyə Cümhuriyyəti ilə dostluğu, qardaşlığı ən əziz nemət hesab edir. Bu, belə də olacaq! Xalqımız da bu fikirdədir, dövlətimiz də bu fikirdədir, mən də bu fikirdəyəm. Xahiş edirəm, bu fikirləri birincisi türk əsgərinə, ikincisi də bütün türk xalqına çatdırasınız. Sağ olun.

"Azərbaycan" qəzeti, 16 avqust 2000-ci il.