Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Prezidentinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi, səfir Stiven Mənn ilə görüşü -Prеzidеnt sаrаyı - 24 nоyаbr 2002-ci il


Heydər Əliyev: Hörmətli səfir, Sizi salamlayırаm, və yеnidən görüşməyimdən çox məmnun olduğumu bildirirəm. Hesab edirəm, Azərbaycana bu səfərinizi çox vaxtında həyata keçirmisiniz. Bu, sizə məlum olan səbəblərə görə indi çox vacibdir. Güman edirəm ki, bu səfəriniz indiki mərhələdə Bakı–Tbilisi–Ceyhan layihəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin həllinə kömək edəcəkdir.

Burada elə bir gizli şey yoxdur, ona görə mən mətbuatdan da gizlətmək istəmirəm. Son vaxtlar Gürcüstanda Bakı–Tbilisi–Ceyhan layihəsinin inşasına başlanması ilə əlaqədar bəzi problemlər yaranıbdır. Mən Praqaya getməzdən qabaq səfir Ross Uilson gəlmişdi, o məndən xahiş edirdi ki, bu məsələnin həllinə kömək edim, Praqada Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə bu barədə lazımi danışıqlar aparım. Mən isə ona dedim ki, onsuz da bu problemlə məşğulam. Təbiidir ki, Praqada Prezident Şevardnadze ilə söhbət etdik. Amma mən arzu edərdim ki, Amerika Birləşmiş Ştatları bu məsələdə ciddi addımlar atsın. Güman edirəm ki, Siz elə bu məqsəd üçün gəlmisiniz.

Stiven Mənn: Cənаb Prеzidеnt, səmimi qəbul üçün təşəkkür edirəm. Sizinlə hər bir görüşdən şərəf duyduğumu vurğulayırаm.

Məlumаt vеrim кi, İqtisad Universitetindəki görüşümdən çох razı qaldım. Çох vаlеhеdici univеrsitеtdir, tələbələrdə çox ruh yüksəkliyi var.

Mən sizinlə razıyam ki, boru kəməri layihəsinin həyata keçirilməsi üçün həqiqətən, çox vacib məqama gəlib çatmışıq. Həmişəki kimi, indi də inanıram ki, bu çətinliyin də öhdəsindən gələcəyik.

Burada olduğum müddətdə cənab İlham Əliyevlə və onun həmkarları ilə həm Bakı–Tbilisi–Ceyhan, həm də ki, «Şahdəniz» layihələrinə aid çox maraqlı görüşlərim olubdur. Siz tamamilə doğru deyirsiniz, Bakı–Tbilisi–Ceyhanla əlaqədar görülməli işlər çoxdur. Mən həftənin birinci günü Gürcüstana gedəcəyəm, bu məsələləri müzakirə edəcəyəm.

Bu gün səhər cənab İlham Əliyevin sədrliyi ilə görüşümüz oldu. Bu görüşə gürcülər də qatılmışdılar. Orada mən Gürcüstanın həmin məsələni necə gördüyünü daha yaxşı anlamağa başladım. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının da mövqeyini bildirdim. Bəyan etdim ki, biz bu marşrutu düzgün hesab edirik.

Mənim səfərimin məqsədi odur ki, layihəni irəli aparaq, tərəddüdlərə yer qalmasın. Bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları, həmişəki kimi, bu dəfə də öz mövqeyində möhkəmdir. Cənab Prezident, bu məsələdə möhkəm iradə göstərdiyinizə, Şərq–Qərb enerji dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın bütün səylərinə görə Sizə minnətdaram.