Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilsonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 29 noyabr 2000-ci il


...Ross Uilson: Cənab prezident, mən yaxşıyam. Amma gərək soruşum ki, Siz necəsiniz və ötən şənbə günü baş vermiş zəlzələdən sonra Azərbaycan özünü necə hiss edir?

Heydər Əliyev: Zəlzələ çox ağır idi. Statistika göstərir ki, Bakıda 1842-ci ildən sonra belə böyük zəlzələ olmamışdır. Amma buna baxmayaraq, 1966-cı ildən sonra ümumiyyətlə, bizim Azərbaycanda bütün binaların 8 bal gücündə zəlzələyə dözməsi üçün tikinti zamanı lazımi tədbirlər görülübdür. Ona görə də o qədər də çox binalarımız dağılmadı. Yəqin ki, keçmişdə tikilmiş binalarda da bunları nəzərə almışdılar. Ancaq itkilərimiz var. Bu günlər Fövqəladə Hallar üzrə Dövlət Komissiyası yeni məlumat verəcəkdir. 90-dan artıq ev, yaşayış binası qəza vəziyyətindədir. Ona görə biz oradan sakinləri köçürürük. Bəzi məktəblərdə, başqa təhsil müəssisələrində dərs keçilməsi qadağan olunubdur. Çünki binaların vəziyyəti təhlükəlidir. Hər halda, böyük zərər dəyibdir. Bilirsiniz ki, ölənlər olubdur. Doğrudur, binanın birində zəlzələdən yox, qazdan partlayış baş veribdir. Orada insanlar həlak olublar. Zəlzələ baş verən kimi, biz təcili, hesab edirəm ki, lazım olan bütün tədbirləri gördük. Mən özüm zəlzələni - həm birinci təkanı, həm də ikinci təkanı hiss etdim. Təbiidir ki, dərhal iş yerimə gəldim. Mənim buraya gəlməyim təxminən 15 dəqiqə çəkdi. Ancaq məni mühafizə edənlər gəlməyə qoymurdular. Deyirdilər ki, bilmək olmaz, bəlkə təkanlar təkrar olunacaqdır. Təbiidir, onlar öz fikirlərini deyə bilərlər. Amma mən hər işi öz iradəmlə edirəm. Onlara dedim ki, belə bir halda hərə özünü, ailəsini xilas etməyə çalışır. Mən isə prezident kimi, gərək ölkəni, vətəndaşlarımızı xilas edim. Ona görə indi mənim təhlükəsizliyim artıq son plana keçibdir.

Biz dövlət orqanlarını səfərbər edə bildik. Düzdür, bəzilərini yerlərində gec tapdıq. Ona görə də mən müşavirə keçirərkən onları çox ciddi tənqid etdim. Sonra böyük təkanlar olmasa da, biz lazımi tədbirlər gördük ki, əgər baş verərsə, böyük dağıntılar olmasın. Məsələn, bizim tədbirlərimiz olmasaydı, çox böyük faciəli hadisələr ola bilərdi. Biz birinci növbədə şəhərə gələn qazı tamamilə kəsdirdik. Çünki qaz çox təhlükəlidir. Həmin o evin dağılmasına da, orada beş, ya altı nəfərin həlak olmasına da səbəb zəlzələ deyildir. Sadəcə, evdə qaz qalmış zəlzələdən sonra gəlib işığı yandıranda partlayış olmuşdur.

Təbiidir ki, bunlar bizim üçün həm böyük sınaq, həm də böyük faciədir. Ancaq hesab edirəm ki, biz bu sınaqdan uğurla keçə bildik. Qəza vəziyyətində olan binaları bərpa edəcəyik. Bizim Neftçilər prospektində çox qədim və çox gözəl memarlıq abidəsi olan bir binada da çat əmələ gəlibdir. Başqa evlərdə də çatlar çoxdur. Mənim iş otaqlarımda da çatlar vardır. Mən gəlib iş otağına girəndə gördüm ki, orada çat, burada çat var. Mənə dedilər ki, siz burada oturmayın. Bəs harada oturum? Gedib küçədə oturum? Harada otursan da, bina uçsa, yenə başına düşəcəkdir. Hesab edirəm, biz zəlzələnin nəticəsini qısa müddətdə aradan qaldıracağıq. Mən dünən sərəncam verdim. Birinci növbədə bizim neft şirkətindən Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sərəncamına 25 milyard manat keçirdim ki, onlar ilk işləri görsünlər. Bizə kömək etmək istəyən ölkələr, beynəlxalq təşkilatlar da bu barədə artıq öz fikirlərini bildiriblər.

Ross Uilson: Cənab prezident, icazə verin, mən həm Sizə, həm də bütün Azərbaycan xalqına bu hadisə ilə bağlı başsağlığı verim.

Amerika səfirliyinin Azərbaycandakı işçiləri də həmin gecə şok vəziyyətinə düşmüşdü. Hamımız - mənim ailə üzvlərim bütün səfirliyin işçiləri sanki bir ailə kimi bir yerə toplaşmışdıq. Dərhal məlumat alanda sevindim ki, bizim işçilərimizə, burada olan amerikalı nümayəndələrə xətər toxunmayıb, xəsarət alan olmayıbdır. Sonra öyrəndim ki, şəhərə zərər dəysə də, daha böyük təhlükələrdən sovuşmuşdur.

1988-ci ildə mən Moskvadakı səfirliyimizdə çalışırdım. O vaxt məni Moskvadan Ermənistana göndərmişdilər. Orada baş vermiş zəlzələnin dağıdıcı nəticələrinin araşdırılmasında iştirak etmişdim. Mən zəlzələnin necə təhlükəli nəticələr verdiyini gözlərimlə görmüşəm. O vaxt gördüklərim həyatımda yaşadığım ən qəmli mənzərələrdən biri olmuşdur. Mən istəməzdim ki, bir də elə mənzərələrlə rastlaşım.

Möhtərəm prezident, bu gün Sizinlə görüşə gəlməkdən məqsədim ABŞ prezidenti cənab Bill Klintonun başsağlığı məktubunu Sizə yetirməkdir. O, məktubunda bildirir ki, Amerika xalqı çətin günlərini yaşayan azərbaycanlıların yanındadır, onlara öz dualarını yetirir.

Prezident Klinton məktubunda yazır ki, Azərbaycanın hakimiyyət orqanlarının zəlzələ baş verən kimi hadisəyə dərhal reaksiya verməsi, mövcud ola biləcək tələfatların və təhlükələrin qarşısının alınmasında mühüm rol oynayıbdır. O, bunu qiymətləndirir və bunun ölkə üçün əhəmiyyətli olduğunu vurğulayır. Prezident Klinton bu çətin günlərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan hökumətinə hər cür kömək göstərməyə hazır olduğunu bu məktubunda bir daha Sizə açıq bildirir.

Cənab prezident, yalnız onu əlavə etmək istəyirəm ki, həqiqətən, biz də Sizin bu vəziyyətdən çıxmağınız üçün hər hansı bir köməyi göstərə biləriksə, onu etməyə hazırıq. Təsadüfə baxın ki, bu həftə Amerika Birləşmiş Ştatlarından Azərbaycana böyük bir nümayəndə heyətinin gəlməsi planlaşdırılırdı. Şübhəsiz, biz zəlzələnin olacağını bilmirdik. Həmin nümayəndə heyətinin məqsədi baş verə biləcək təbii fəlakətlərə hazır olmaqda, çevikliyin təmin edilməsi işində Azərbaycana kömək göstərməkdir.

Onlar kommersiya qurumudur. Bu qrup burada olacaqdır. Şübhəsiz, biz hakimiyyət dairələrindən onlarla görüşlərə razılıq istəyəcəyik. Əminəm ki, onlar burada olduqları zaman kifayət qədər məlumat alacaq, yaxşı tövsiyələr hazırlaya biləcəklər ki, biz bu sahədə Sizə yardımçı ola bilək.

(Sonra cənab Uilson dövlət başçımıza ABŞ Prezidenti Bill Klintonun məktubunu təqdim etdi.)

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Çox səmimi məktubdur, dostluq məktubudur. Təbiidir ki, prezident cənab Bill Klintonun bu məktubu bizim xalqımızda təskinlik yaradacaqdır. Mən buna görə təşəkkür edirəm. Xahiş edirəm, mənim təşəkkürümü, minnətdarlığımı prezident cənab Bill Klintona çatdırasınız. Məktubda sizin hökumətinizin Azərbaycana lazım olan yardımın göstərilməsinə hazır olduğu bildirilir. Buna görə də təşəkkür edirəm.

Təbiidir ki, bir neçə günə qədər bizim Fövqəladə Hallar üzrə Dövlət Komissiyası vurulmuş zərərin həcmini və nə qədər vəsait lazım olduğunu araşdıracaqdır. Əgər ehtiyac olsa, biz bu barədə sizə müraciət edəcəyik. Bu münasibətinizə görə də çox sağ olun.

Sizin səfirlikdə heç bir şey zədələnməyibdir?

Ross Uilson: Cənab prezident, Sizin binada olduğu kimi, bir sıra çatlar əmələ gəlibdir. Onların bəziləri ciddidir. Amma səfirliyin özünün binası yaxşı vəziyyətdədir. Bunları soruşduğunuza görə sağ olun.

Heydər Əliyev: Yəqin ki, siz özünüz bunun öhdəsindən gələrsiniz. Bizim köməyimizə ehtiyacınız yoxdur?

Ross Uilson: Cənab prezident, Sizə onu da deməliyəm ki, həm mənə, həm də mənimlə bərabər Amerikadan gəlmiş işçilərimə ən böyük dəstək və yardım bizim səfirlikdə çalışan yerli vətəndaşların, azərbaycanlıların diqqət və qayğısı oldu. Səfirliyimizin azərbaycanlı işçilərinin böyük əksəriyyəti dərhal səfirliyə qayıtmışlar və öz iş yoldaşlarına hər cür yardım, qayğı göstərdilər, dəstək verdilər. Biz bunu olduqca yüksək qiymətləndiririk və mən onlara da dedim ki, biz bütün bunlara görə Sizə minnətdarıq.

Heydər Əliyev: Sizin orada bağçanız böyükdür. Yəqin bağçaya çıxmışdınız, üşümədiniz ki?

Ross Uilson: Cənab prezident, uşaqlarım üşüdü.

Heydər Əliyev: Bizim insanların çoxu üşümüşdü. İnsanların hamısı küçədə idi.

İndi bu təkanlar hələ davam edir. Düzdür, onlar zəif, iki, ya üç bal gücündədir. Deyirlər ki, hələ davam edəcəkdir.

Mütəxəssislər deyirlər ki, üç ballıq təkanı kimsə hiss edə bilər, bəziləri hiss eləmir. Amma təhlükəli deyildir. Bizim mütəxəssislər bildirirlər ki, bu təkanlar təxminən 40 gün davam edəcəkdir. Təkcə bizimkilər yox, Moskvada, Türkiyədə olan mütəxəssislərin də fikri belədir.

Doğrudur, mən bizim seysmoloji xidməti çox tənqid etdim. Ona görə yox ki, onlar zəlzələni əvvəldən bilib bizə deməyiblər. Deyirlər, bu, dünyanın heç bir yerində mümkün deyildir. Amma indi kimsə istəyir günahlandırsın ki, bunu vaxtında niyə bizə demədiniz. Ona görə ki, bizim seysmoloji xidmətimiz lazımi müasir cihazlar ilə təmin olunması üçün onlar indiyə qədər təşəbbüs etməyiblər. Ümumiyyətlə, bizdə çox arxayınçılıq yaranıbdır. Ancaq bu hadisə nə qədər ağır olsa da, eyni zamanda bizim üçün xəbərdarlıqdır. Biz çox mühüm tədbirlər görəcəyik ki, dövlət orqanlarını səfərbər edək, hansı bir fəlakət baş verən kimi, onun xarakterindən asılı olmayaraq daha çevik hərəkət etsinlər. Amma onu da deyə bilərəm ki, o gecə bizim dövlət orqanları həqiqətən çevik hərəkət ediblər və bunu prezident Klinton da öz məktubunda göstərir. Ancaq mənim xasiyyətim belədir ki, nə qədər yaxşı olsa da, yenə də mənfi cəhətləri tapıb tənqid edirəm. Çünki bu, bizim xeyrimizədir. İşini nə qədər etibarlı tutsan, işin o qədər də yaxşı gedər. Sizə bir daha təşəkkür edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 30 noyabr 2000-ci il.