Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə Azərbaycan ictimaiyyəti ilə görüşdə nitqi - Prezident sarayı, 9 may 1998-ci il


Əziz dostum, Gürcüstan prezidenti Eduard Şevardnadze!

Prezident Eduard Şevardnadze ilə birlikdə bu gün Gürcüstandan Azərbaycana gəlmiş əziz qonaqlar!

Əziz dostlar, hörmətli xanımlar və cənablar!

Mənim yaxın, çoxdankı dostum, qardaşım Eduard Amvrosiyeviç Şevardnadzenin bu gün Azərbaycana öz iradəsi ilə, qeyri-rəsmi səfər etməsindən son dərəcə mütəəssir oldum. Gürcüstan prezidentinin Azərbaycana əvvəlcədən planlaşdırılmamış, elan olunmamış səfərinin necə keçdiyini nəzərə alsaq, cəsarətlə demək mümkündür ki, bu, ən yüksək səviyyədə rəsmi dövlət səfəridir.

Bunu ilk növbədə Eduard Amvrosiyeviçin gözəl nitqi - Gürcüstanın və Azərbaycanın tarixi, xalqlarımızın tarixi dostlugu barədə və Eduard Şevardnadze ilə Heydər Əliyev arasında dostluq münasibətlərinin tarixi haqqında çox mühüm, maraqlı fikirlər və müddəalar olan nitqi sübut edir.

Eduard Amvrosiyeviç, mən Sizin gözəl nitqinizi böyük diqqətlə və dərin maraqla dinlədim. Bildirmək istəyirəm ki, mən Sizin dediklərinizin hamısı ilə bütünlüklə və tam razıyam. Sizin nitqiniz mənim ad günümə həsr olunmuş təbrik çıxışının çərçivəsindən uzağa gedir. Yenə deyirəm, nitqinizdə çoxlu mühüm fikirlər var, o, konkret tarixi faktlarla zəngindir və buna görə də hesab edirəm ki, nitqiniz çox dəyərlidir. Bu baxımdan hesab edirəm ki, əvvəlcədən elan olunmamış, öz iradənizlə həyata keçirilən səfər gürcü və Azərbaycan xalqlarının tarixi dostluğunun daha bir gözəl səhifəsidir. Mən şadam ki, ad günüm belə görüş, belə gün, belə yığıncaq keçirmək üçün bəhanə olmuşdur. Şübhəsiz ki, bunlar hamısı birlikdə ölkələrimiz və xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Əziz qardaşım Eduard Amvrosiyeviç, buraya gəldiyinizə görə, bu təşəbbüsünüzə görə, bu gün mənə göstərdiyiniz çox böyük diqqət üçün sizə təşəkkür edirəm. Sizə minnətdaram ki, buraya öz silahdaşlarınızı, Gürcüstanın gözəl insanlarını gətirmisiniz. Sizə minnətdaram ki, vaxtilə çox maraqlı bir ideya fikirləşib həyata keçirmisiniz ki, bu da Bakının gözəl guşələrindən birində monumental abidənin, odlar ölkəsi kimi, daim torpaqlarımızın təkindəki güclü enerji ilə, xalqımızın zehnində və qollarında olan enerji ilə yaşayan ölkə kimi Azərbaycanın tarixini əks etdirən kompozisiyalı at heykəlində təcəssümünü tapmışdır.

Əziz dostum, mənim barəmdə dediyiniz xoş sözlərə görə, həyat yolumu yüksək qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirəm. Mən Sizə minnətdaram ki, Zaqafqaziyada birgə fəaliyyətimizin bəzi tarixi mərhələlərini, lap əvvəldən - öz respublikalarımızın, xalqlarımızın rəhbərləri olan vaxtdan eyni zamanda siyasi həmfikir olmağımızı, ideya və mənəvi cəhətdən eyni cür hərəkət etməyimizi xatırlatdınız. Biz xalqlarımızın, ölkələrimizin, respublikalarımızın milli mənafelərini əsas götürərək hərəkət edirdik, bugünkü gün naminə, azadlıq, müstəqillik naminə fəaliyyət göstərirdik. Bəli, biz həqiqətən bir çox onilliklər bundan öncə, Sizin dediyiniz kimi, hər ikimiz öz respublikamızda - Siz Gürcüstanda, mən isə Azərbaycanda cavan rəhbərlər olan zaman dost olmuşuq. Bununla yanaşı, Sizinlə razıyam ki, biz bu gün də Gürcüstanın və Azərbaycanın gənc rəhbərləri olaraq qalırıq. Gənclik anlayışı təkcə yaşla, yaşanmış illərin miqdarı ilə müəyyən edilmir. Bu anlayış onunla müəyyən olunur ki, öz 70 illiyini qeyd etmiş dostum Eduard Amvrosiyeviç öz xalqının rifahı naminə, onun gələcəyi naminə daha böyük fəallıqla çalışır, eyni zamanda bir çox təhlükəli maneələrlə qarşılaşır. Gənclik həm də onunla müəyyən olunur ki, Heydər Əliyev öz 75 illiyini dostu ilə birlikdə qeyd edərək deyir ki, Eduard Amvrosiyeviç, biz hələ çox-çox illər ərzində işləyəcəyik, bizim hələ nə qədər planlarımız var.

70-80-ci illərdə bizim Sizinlə öz respublikalarımıza rəhbərlik edərkən istər Gürcüstanda, istərsə də Azərbaycanda güclü iqtisadi potensial yaratmışdıq. Biz xalqlarımızın intellektual, təhsil səviyyəsini qaldıra bilmişdik. Gürcü və Azərbaycan xalqlarının qədim, özünəməxsus milli mədəniyyətini daha yüksəklərə qaldıra bilmişdik, onu etmişdik ki, hətta o keçmiş totalitar sistem rejimi şəraitində xalqlarımız öz təhsili, mədəni səviyyəsinə görə beynəlxalq standartlar səviyyəsinə qalxa bilsinlər. O illərdə biz buna nail olduq. O illərdə həyata keçirdiyimiz bütün işlər bunun istər iqtisadi, istər mənəvi, istər əxlaqi, istərsə də ictimai-siyasi təməlini qoymuşdur. İndi Gürcüstanda da, Azərbaycanda da biz müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bunu arzuladığımız səviyyəyə çatdırmaq üçün hələ çox işlər görülməlidir. Buna görə də deyirəm, yaxşı iqtisadi potensialı və əhalisinin firavanlıq səviyyəsi yüksək olan və məharətlə təşkil edilmiş, qurulmuş, müstəqil dövlətlərimizi gürcü və Azərbaycan xalqlarının gələn nəslinə çatdırmaq üçün biz Sizinlə hələ çox işləməliyik.

Bu gün biz Sizinlə dedik: Talelərimiz bir-birinə çox oxşayır. Çətin ki, eyni anadan doğulan əkizlər öz həyat yoluna görə, həyat mərhələlərinə və öz imkanlarına görə Eduard Şevardnadze ilə Heydər Əliyev kimi bir-birilə bu dərəcədə oxşar ola bilsinlər. Lakin söhbət Eduard Şevardnadzenin və Heydər Əliyevin heç də təbii göstəricilərindən getmir, söhbət ondan gedir ki, bayaq dediyim kimi, biz hər ikimiz əslində bütün məsələlərdə məsləkdaş, həmfikir olmuşuq. Bununla yanaşı, hər ikimiz öz xalqına, öz millətinə, öz torpağına, öz milli ənənələrinə son dərəcə sədaqətli olmuşuq ki, bu da başlıca şərtdir. Sədaqət naminə heç bir çətinlikdən, təhlükədən qorxub çəkinmir, risqə gedir və müvəffəqiyyət qazanırdıq. Bəli, həqiqətən, 1969-cu ildə mən Azərbaycan rəhbəri seçiləndə və ilk addımlar atanda bu addımlar çox qeyri-adi idi və təəccüb-heyrət doğururdu, eyni zamanda nəinki Azərbaycanda, nəinki Zaqafqaziyada, həm də o vaxtlar yaşadığımız bütün sovetlər ölkəsində çox geniş dəstəklənir və bütünlüklə bəyənilirdi. Aşkarlıq sahəsində atdığım ilk addımlar, yəni həyatımızın qüsurlarından, dövlət və partiya orqanlarının fəaliyyətindəki ciddi çatışmazlıqlardan, korrupsiyadan, sui-istifadə hallarından, təkcə Azərbaycanda deyil, Sovet İttifaqının əslində bütün bölgələrində müxtəlif dərəcədə mövcud olmuş mənfi hallardan açıq-aşkar danışılarkən, bütün bunlar barəsində əsassız surətdə deyil, konkret faktlar, konkret təhlil əsasında açıq söhbət gedərkən və bütün bu məruzələr, çıxışlar, materiallar mətbuatda dərc edilərkən, informasiya vasitələri ilə yayılarkən o vaxt üçün tamamilə yeni bir hal idi. Xalq bunu geniş bəyənir və ruh yüksəkliyi ilə qarşılayırdı. Amma ali instansiya - Moskva buna çox şübhə, qısqanclıqla, hətta mənfi yanaşırdı. Bu yolun doğru olduğunu sübuta yetirmək üçün bu yol ilə bir neçə il getmək lazım gəldi.

3 il sonra dostum Eduard Amvrosiyeviç Gürcüstana rəhbərliyə başladıqda o da məhz bu cür hərəkət etdi və həmin prosesləri daha da dərinləşdirdi, bu istiqamətdə fəaliyyət - çərçivəsini genişləndirdi. Biz həmrəy idik. Ona görə də o vaxtlar bəziləri Gürcüstana və Azərbaycana, bizim təcrübəmizə rəğbətlə, digəriləri isə paxıllıq hissi ilə, başqaları qısqanclıq hissi ilə, bir paraları da, əlbəttə, narazılıq hissi ilə baxırdılar. Eduard Amvrosiyeviç doğru deyir ki, iş elə gətirmişdir ki, bizim siyasi taleyimiz bütün mərhələlərdə, demək olar, sinxron xarakter daşımışdır. Amma qəribəsi odur ki, sonradan Eduard Amvrosiyeviç də, mən də bir çox maneələri, bir çox çətinlikləri dəf edərək öz vətənimizə qayıtdıq və vətənimizə qayıdandan sonra da istər Gürcüstanda, istərsə də Azərbaycanda çox böyük çətinliklərlə, əngəllərlə, təhlükələrlə üzləşdik. Azərbaycanda bunların nə qədər olduğunu bu salonda əyləşənlər bilirlər. Mən bu barədə demişəm, Eduard Amvrosiyeviç də bu haqda çox yaxşı dedi. Gürcüstanda belə problemlərin nə qədər olduğunu biz də yaxşı bilirik. Azərbaycanda nə qədər dövlət çevrilişi cəhdi olub, Gürcüstanda nə qədər olubdur. Azərbaycan prezidentinə qarşı nə qədər terror aktı olub, Gürcüstanda nə qədər olubdur - bunlar hamısı Sizə yaxşı məlumdur. Fevralın 9-da əvvəlcədən hazırlanmış 20 nəfər silahlı terrorçu Eduard Amvrosiyeviçə basqın edəndə, ən güclü silahlar işlədəndə və onun avtomobili vurulub yananda onun bu vəziyyətdən salamat çıxa bilməsi isə möcüzədir. Bu onu göstərir ki, kim öz xalqına sədaqətlə xidmət edirsə, Allah onu qoruyur.

Bu illər ərzində mən də Bakıda belə vəziyyətlərlə rastlaşmışam və hər dəfə də məni hansısa ilahi qüvvə xilas edibdir. Fevralın 9-da mən həmin hadisədən xəbər tutanda Eduard Amvrosiyeviçə zəng etdim, artıq sonra isə televiziya ilə kadrları, videolentləri gördüm. Şübhəsiz, mən bir daha fikirləşdim ki, nə böyük xoşbəxtlikdir ki, Eduard Amvrosiyeviç bu vəziyyətdən salamat çıxmışdır. Ancaq şər nə qədər zərər vursa da, xeyir əvvəl-axır qalib gəlir. Eduard Amvrosiyeviç, indi, bu illərdə, Gürcüstanda və Azərbaycanda müstəqilliyin ilk illərində biz Sizinlə birlikdə çox çətin vəziyyətdəyik. Keçmiş Sovetlər İttifaqına daxil olan ölkələrdən heç biri, - həm daxili siyasi xarakterli problemlər, həm ərazi bütövlüyünün pozulması və separatçıların, terrorçuların əməlləri ilə bağlı problemlər baxımından, həm ölkələrimizin öz milli dövlət, müstəqil siyasətini həyata keçirərkən digər ölkələrdəki müxtəlif qrupların yaratdıqları çox böyük çətinliklərlə üzləşməsi ilə bağlı problemlər baxımından, - Gürcüstan və Azərbaycan kimi belə ağır vəziyyətdə deyildir. Ona görə də bu mərhələ həm Gürcüstanın, həm də Azərbaycanın həyatında mürəkkəb, ağır mərhələdir. Sizin Gürcüstanda edə bildiklərinizi və mənim Azərbaycanda edə bildiklərimi isə hətta bizim müasirlərimiz də hələ qiymətləndirə bilmirlər. İnanıram ki, gələcək nəsillər tarixi ədalətlə, obyektiv şəkildə yazanda öz ölkələrimizin müstəqilliyini, daxili siyasi sabitliyini təmin etmək, sosial-iqtisadi xarakterli məsələləri həll etmək üçün bizim nə kimi səylər göstərdiyimizə, hansı çətinlikləri aradan qaldırdığımıza dolğun qiymət verəcəklər. Amma bu gün demək istəyirəm ki, Eduard Amvrosiyeviç, biz Sizinlə düz yol tutmuşuq. Biz düzgün hərəkət edirik, mən buna əminəm. Bir vaxtlar Sizinlə birlikdə verdiyimiz andı mən də təkrar etmək istəyirəm: Nə olur-olsun, nə qədər çətin olur-olsun, biz heç vaxt dövlət müstəqilliyi, milli azadlıq prinsiplərindən bir addım, bir millimetr belə geri çəkilməyəcəyik. Ancaq eyni zamanda Siz Gürcüstanda nə edirsinizsə, biz Azərbaycanda nə ediriksə, bunların əhəmiyyəti çox genişdir. Sizinlə bizim etdiklərimiz Zaqafqaziyada və Qafqazda sülhü və sabitliyi ardıcıl surətdə möhkəmləndirir. Qafqaz dünyanın xüsusi bir bölgəsidir. O, özünün milli, təbii, iqlim xüsusiyyətləri ilə bir çox cəhətdən xarakterik bölgədir. Bununla bərabər, Qafqaz elə bir bölgədir ki, dünyanın müxtəlif ölkələrindən müxtəlif qüvvələr həmişə buraya gəlməyə can atmışlar. Ona görə də Qafqazda sülhə və sabitliyə nail olmaq tarixi əhəmiyyətli işdir. Eduard Amvrosiyeviç, Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə biz Sizinlə öz işlərimizlə töhfə veririk. Dinc Qafqaz haqqında Tbilisi bəyannaməsi adlandırılan bizim birgə bəyanatımız, zənnimcə, elə bir prosesin bünövrəsini qoymuşdur ki, bu proses getdikcə inkişaf etməlidir. Bu baxımdan biz Sizinlə həmçinin belə bir yekdil fikirdəyik ki, biz Qafqazda sülhə, öz ölkələrimizin - Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə nail olmalıyıq. Biz bütün münaqişələrin sülh yolu ilə aradan qaldırılmasına nail olmalı, Qafqazda sülhə və fəal iqtisadi əməkdaşlığa nail olmalıyıq. Bundan ötrü böyük imkanlar, böyük perspektiv var. Biz Sizinlə hamını inandırmalıyıq ki, qarşıdurmadan, münaqişələrdən, separatçılıqdan, terrorçuluqdan əl çəkmək, dinc münasibətlərin inkişafı yoluna qədəm qoymaq lazımdır. Artıq bu halda bütün Qafqaz xalqları üçün, bütün Qafqaz ölkələri, Zaqafqaziya üçün onların öz milli mənafelərini həyata keçirməkdən ötrü, iqtisadi və sosial sahələrin inkişafında yüksək nailiyyətlər qazanılmasından ötrü daha əlverişli imkanlar açılar.

Bununla bərabər, gürcü və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin tarixi də misilsizdir. Eduard Amvrosiyeviç, biz bu tarixin 30 ili ərzində birlikdə gedirik. Ona görə də bu gün qeyd etmək xoşdur ki, xalqlarımız birlikdə yanyana yaşayaraq həmişə bir-birinə dostluq hissləri bəsləmiş, heç vaxt düşmənçilik etməmiş, onların arasında heç vaxt heç bir münaqişə olmayıbdır. Buna gürcü xalqının sülhsevərliyi sübutdur, buna Azərbaycan xalqının sülhsevərliyi sübutdur.

Daha bir məsələ barəsində. İndi bəzi politoloqlar müxtəlif ideyaları inkişaf etdirərək, müxtəlif dinlərə etiqad bəsləyən xalqlar arasında qarşıdurmadan danışırlar. Azərbaycan islam dininə etiqad edən ölkədir. Gürcüstan xristian dininə etiqad edən ölkədir. Amma bir baxın, aramızda necə xoş münasibətlər, dostluq munasibətləri var. Bu, tarixi səpgidə də belədir və indi dünyada güya dinlərarası münasibətlər əsasında münaqişələr getdiyi bir vaxtda ona sübutdur ki, gürcü xalqı da, Azərbaycan xalqı da sülhsevər xalqlardır. Xalqların sülh istəyi, xalqların dostluq arzusu və xalqların əməkdaşlıq etmək iradəsi olduqda, müxtəlif dinlərə mənsubiyyətin heç bir əhəmiyyəti yoxdur.

Eduard Amvrosiyeviç, Siz uzun illər ərzində Gürcüstan vətəndaşları üçün, gürcü xalqı üçün, gürcü torpağında yaşayanların hamısı üçün, o cümlədən də azərbaycanlılar üçün böyük işlər görmüsünüz. Gürcüstanda 500 min nəfərdən çox azərbaycanlı yaşayır. Onlar orada əsrlərdən bəri məskunlaşmış və gürcülərlə həmişə dostluq şəraitində yaşamış, bir-birinə can deyib can eşitmişlər. Bu gün, Gürcüstanın dövlət müstəqilliyinə nail olduğu Gürcüstan dövlətinə Eduard Amvrosiyeviçin rəhbərlik etdiyi bir dövrdə deməliyəm ki, Gürcüstanda azərbaycanlıların vəziyyəti xeyli dəyişmişdir. Özü də yaxşılığa tərəf. O mənada yaxşılaşmışdır ki, onlar həmişəkinə nisbətən, hətta sovet dövründəkinə nisbətən daha artıq dərəcədə tamhüquqlu vətəndaşlar olmuşlar. Öz aramızdır, bu da mühüm amildir, Gürcüstanın - müstəqil dövlətin və Gürcüstan dövlətinin öz məsələlərini yuxarıdan kimsənin müdaxiləsi olmadan sərbəst həll etdiyi, bunu Azərbaycanda olduğu kimi, düzgün etdiyi bir vaxtda dövlət müstəqilliyinin son dərəcə müsbət nəticəsidir. Odur ki, Eduard Ambrosiyeviç, Gürcüstanda yaşayan azərbaycanlılar üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür etmək istəyirəm. Inanıram ki, Gürcüstanda sosial-iqtisadi məsələlər həll edildikcə və Siz yeni uğurlar qazandıqca, orada azərbaycanlılar daha yaxşı

yaşamağa başlayacaqlar. Başlıcası onda deyil ki, kim kasıb yaşayır, kim firavan dolanır. Başlıcası budur ki, kim hansı hüquqlara malikdir. Başlıcası həm də bundadır ki, azərbaycanlılar Gürcüstanın tam hüquqlu vətəndaşlarıdır, onlara böyük diqqət-qayğı göstərilir, parlamentdə azərbaycanlı deputatlar var, habelə Eduard Amvrosiyeviç Teatr və Kino İnstitutunda Azərbaycan incəsənəti üçün azərbaycanlı milli kadrlar hazırlayan xüsusi fakültə və ya şöbə yaradılması barədə düşünür. Bir fikir verin, bütün bunlar necə də gözəldir. Bütün bunlar üçün çox sağ olun.

Eduard Amvrosiyeviç, Sizinlə bizim həyatımız bir çox maraqlı faktlarla, hadisələrlə o dərəcədə zəngindir ki, biz onlardan saatlarla, günlərlə, aylarla danışa bilərik. Amma hesab edirəm ki, artıq Sizin dediyiniz və mənim dediyim sözlər məsləkdaşların bu cür dostluğunun, öz xalqının, öz ölkəsinin müstəqilliyi uğrunda mübarizə apararaq, eyni zamanda öz qonşusu, öz dostu ilə əlaqələri möhkəmləndirən insanların dostluğunun nə demək olduğunu indiki nəslə aydın və dəqiq şəkildə göstərir.

Keçmişdə həyatımız nə qədər çətin və kəşməkəşli olsa da, biz, hər halda, xoşbəxt insanlarıq. Mən belə hesab edirəm. Ona görə ki, bizim qarşılaşdığımız bütün bu çətinliklərdən keçmək və həm də sağ qalmaq, üstəlik, indi gələcək planlardan danışmaq böyük xoşbəxtlikdir.

Eduard Amvrosiyeviç, Sizə cansağlığı, gözəl günlər, bir də tükənməz enerji arzulayıram. Sizin 75 yaşınız tamam olan günü gözləyirəm. Mən onda elə gələcəyəm ki, sizin bundan xəbəriniz də olmayacaqdır. Göydən paraşütlə düşəcəyəm.

Məsələ onda deyildir ki, biz bir-birimizi həyatımızın bütöv rəqəmli yubileyi ilə təbrik edirik, məsələ ondadır ki, biz birbirimizə o qədər yaxınıq, münasibətlərimizi o qədər qiymətləndiririk ki, indiki zəmanədə bunlar ölkələrimiz üçün, xalqlarımız üçün o dərəcədə vacibdir ki, biz bunları edərkən şəxsi insani məmnunluq duyuruq. Biz bunları öz xalqlarımız üçün, öz ölkələrimiz üçün edirik.

Eduard Amvrosiyeviç, bu hədiyyəyə görə, gürcü rəssamının bu gözəl əsərinə görə çox sağ olun. Mən bunu çox yüksək qiymətləndirirəm. Bu heykəltəraşlıq əsərinə görə sağ olun. Mən çox təsirləndim ki, Siz keçmişdə qarşılıqlı münasibətlərimizdə olan hər şeyi xatırlayırsınız. Mənim mərhum həyat yoldaşımı xatırlayırsınız. Çünki biz ailəliklə o qədər yaxın, bir-birimizə elə arxa-dayaq olmuşuq ki, bunları unutmaq mümkün deyildir. Xahiş edirəm, mənim dost, qardaş salamımı əziz Nanuli Rojdenovnaya yetirəsiniz, Sizə dilədiyim ən xoş arzuları gözəl ailənizin bütün üzvlərinə - oğlunuza da, qızlarınıza da, nəvələrinizə də, qardaşlarınıza da, bütün qohumlarınıza da çatdırasınız. Sizə cansağlığı, səadət və firavanlıq arzulayıram. Sağ olun!