Baxşəliyev Fərid Rafiq oğlu. “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLARIN ƏSAS İSTİQAMƏTLƏRI (problemin öyrənilməsinin müqayisəli-tarixi təcrübəsi)” (2011)


İxtisas: 13.00.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

DISSERTASIYANIN ÜMUMI SƏCIYYƏSI

Mövzunun aktuallığı. XX əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində keçmiş Sovetlər Birliyində genişlənən milli-azadlıq hərəkatı ölkədə davam edən inzibati-amirlik rejimini sarsıtdı. Marksistleninçi, bolşevik təlimi və doktrinası ləğv edildi. 90-cı illərin əvvəllərindən milli müstəqillik qazanan Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoydu. 1991-ci ilin oktyabrın 18-də respublika parlamentində (Milli Məclisində) “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ölkədə iqtisadiyyatın dağıldığı, vətəndaş qarşıdurması və dövlət çevrilişlərinə cəhdlərin artdığı, ordu quruculuğunda və xarici siyasətdə əks-mövqeyin hökm sürdüyü dövrə təsadüf edirdi.

Bu zaman Azərbaycan təhsili keçid dövrünü yaşayırdı. İqtisadi, ictimai-siyasi və mədəni-mənəvi həyatdakı ziddiyyətlər Azərbaycan təhsilini böyük çətinliklər qarşısında qoymuşdu.

Bu dövr həm də milli və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanan təhsil islahatlarının aparılması ilə səciyyələnir. Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası və əsaslı şəkildə təkmilləşdirilməsi nəzərdə tutulurdu.

Müasir şəraitdə Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası, elmin, texnikanın inkişaf səviyyəsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tədris prosesinə geniş tətbiqi obyektiv reallığa çevrilmişdir.

Müasir mərhələdə dünya təhsil sistemində həyata keçirilən əsaslı islahatlar, onun gələcək inkişaf dinamikasını müəyyənləşdirməyə, bu sistemin mükəmməl bünövrə üzərində qurmağa kömək edə bilər. Məhz buna görədir ki, indi dünya fəlsəfi və pedaqoji fikrində təhsil sisteminin ciddi qüsurları, onu təkmilləşdirməyin prinsip və yolları haqqında müxtəlif fikirlər, mübahisə və diskussiyalar davam etməkdədir, çünki dünyada baş verən müasir sosial tərəqqi bilavasitə təhsillə bağlıdır.

Ulu öndər Heydər Əliyev bu dövrü belə səciyyələndirmişdi: «1920- ci ildən 1991-ci ilə qədər Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil olmamışdır, ancaq Azərbaycan xalqı böyük inkişaf yolu keçmişdir». Bu nəzəri tezis 70 illik tariximizin obyektiv öyrənilməsinin metodoloji əsası kimi qəbul edilməli və dövrün konseptual problemləri məhz bu mövqedən işıqlandırılmalıdır.

Azərbaycan təhsil sistemi tarixini tədqiq edib ümumiləşdirmək tarixçi mədəniyyətşünas tədqiqatçılarla bərabər, həm də pedaqoq-tədqiqatçı alimlərimizin də ciddi marağına səbəb olmuş və təhsilin pedaqoji aspekti ilə bağlı bir sıra sanballı tədqiqat əsərləri yazılıb nəşr olunmuşdur.

Lakin tədqiqatlar birtərəfli və pərakəndə aparıldığından təhsil sisteminin inkişafının bütün mərhələlərini əhatə etməmiş, sovet tədqiqat metodologiyasının prinsiplərinə üstünlük verilmiş, pedaqoji elmdə təhsilin ayrı-ayrı başlıca problemlərinə siyasi mövqedən qiymət verilmişdir. Eyni zamandan bu dövrdə digər humanitar elmlər kimi pedaqogika elmi və pedaqogika tarixi, habelə təhsil dövlətin ideoloji maraqlarının ifadəsinə çevrilmişdi. Ölkədə partiya və dövlət tərəfindən maliyyələşdirilən və idarə olunan, habelə onlara xidmət edən təhsilə, təlim-tərbiyəyə inzibati-amirlik metodlarının tətbiqi pedaqoji nəzəriyyə və pedaqoji elmin inkişafını xeyli zəiflətmişdi. Bu səbəbdən də Azərbaycan təhsilinin təşəkkülü, inkişaf yolları, əsas mərhələləri və səciyyəvi xüsusiyyətləri haqqında bitkin elmitədqiqat işi yaratmaq mümkün olmamışdır. Problemin öyrənilməsinə təşəbbüs göstərilsə də, bu sahədə əsaslı araşdırmalar aparılmamışdır. Belə ki, bəhs edilən illərdə aparılmış bir sıra tədqiqatlarda fakt və hadisələr təhrif olunmuş, elmi nəticələr partiyalılıq prinsipinə uyğunlaşdırılmış, təlim və tərbiyə nəzəriyyəsi marksizim-leninizm metodologiyası zəminində araşdırılmış, repressiyaya uğradılmış əsərlərin heç biri tədqiqata cəlb edilməmişdir. Tədqiqat zamanı təhsilin bütün sahələrinə (məktəbəqədər, ibtidai, natamam orta, orta təhsili, orta ixtisas və ali təhsil) deyil, ancaq onun bəzi problemlərinə toxunulmuşdur. Müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyalarında Azərbaycanda təhsilin təşəkkülü və inkişafına təkan verən siyasi, iqtisadi, mədəni, elmi zəmin müəyyənləşdirilməmiş, tarixi mənbələr aşkar edilməmiş, təhsilin inkşafını şərtləndirən başlıca amillər: kadr hazırlığı, tədris və dərs vəsaitlərinin hazırlanması üzə çıxarılmamış, beynəlxalq əlaqələrin təhsilin inkişafındakı mövqeyi işıqlandırılmamış, perspektivlər müəyyənləşdirilməmişdir. Bu mənada problemin hərtərəfli və sistemli tədqiqinə ehtiyac duyulur. Azərbaycan pedaqogikası tarixində təhsilin inkişaf tarixinin öyrənilməsinə olan ümumi maraq, həm də XX əsr Azərbaycan tarixinin hərtərəfli tədqiqi məntiqindən doğur. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və tələbi ilə yazılmaqda olan «XX əsr Azərbaycan tarixi»nin müvafiq bölmələrinin hazırlanmasında pedaqoq alimlərimiz qarşısında da mühüm vəzifələr durur.

 Azərbaycanda XX əsrin 90-cı illərinin əvvəllərindən həyata keçirilməsi nəzərdə tutulan təhsil islahatlarını yalnız ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və böyük köməyi nəticəsində reallaşmaşdırmaq mümkün olmuşdur. Bununla əlaqədar respublika mətbuatı səhifələrində rəsmi dövlət sənədləri –ulu öndər Heydər Əliyevin fərmanları, sərəncamları, təhsillə bağlı keçirilən mərasimlərdə: Azərbaycan müəllimlərinin qurultaylarında və müşavirələrdə etdiyi məruzələr, çıxışlar, nitqlər, apardığı müsahibələr diqqətlə nəzərdən keçirilib öyrənilmiş və təbqiqat işində onlardan ətraflı istifadə olunmuşdur. Bizim araşdırmalarımıza bilavasitə kömək edən amillərdən biri də son illərdə Təhsil Nazirliyinin, xüsusilə təhsil naziri, professor Misir Mərdanovun təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyevin 1969-2003-cü illərdə təhsillə əlaqədar bütün məruzə, nitq, çıxış, müsahibələrinin toplanıb sistemə salınması və ayrıca monumental sənədlər kimi nəşr edilməsi olmuşdur. Bu cəhətdən Heydər Əliyevin «Təhsil millətin gələcəyidir…» əsəri xüsusi maraq doğurur. Kitabda Heydər Əliyevin 1969-2002-ci illərdə müəllimlər qurultaylarında, mötəbər məclislərdə, görüşlərdə uşaq və gənclərin təhsili, ölkəmizdə milli təhsil quruculuğu və islahatları haqqında etdiyi məruzə, nitq və çıxışlar xronoloji ardıcıllıqla toplanmışdır. Bu əsərə təhsil naziri M.Mərdanovun yazdığı 53 səhifəlik girişdə görkəmli dövlət xadimi və böyük siyasətçi Heydər Əliyevin təhsil sahəsindəki fəaliyyəti hərtərəfli işıqlandırılmış və təhlil edilmişdir. Kitab bu böyük insanın öz xalqının təhsilinə, intellektual potensialının möhkəmləndirilməsinə, təhsil sisteminin ahəngdar inkişafına göstərdiyi böyük qayğının əyani sübutudur.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş təhsil naziri M.Mərdanovun redaktəsi ilə «Azərbaycan təhsili müstəqillik illərində» adlı topluda Heydər Əliyevin 1993-2003-cü illərdə təhsillə bağlı müxtəlif tədbirlərdə etdiyi çıxışları, söylədiyi nitqlərin mətni toplanmış, habelə görkəmli dövlət başçısının həmin dövrdə təhsillə bağlı imzaladığı sərəncam və fərmanlar öz əksini tapmışdır.

Təhsil naziri M.Mərdanovun yeni təhsil islahatları ilə əlaqədar nəşr etdirdiyi əsərlər xüsusi əhəmiyyətə malikdir. Onun son illərdə çap olunmuş «Prezident İlham Əliyev və Azərbaycan təhsilinin inkişafı (2003-2008) və «Azərbaycan təhsili yeni inkişaf mərhələsində» prezident Heydər Əliyevin və İlham Əliyevin təhsil islahatlarının həyata keçirilməsində rolu açqılanır. Bu əsərlərdə son illərdə təhsilin inkişafı, xüsusən beynəlxalq qurumlarla birilkdə həyata keçirilən islahatlar, bu sahədə dövlət proqramları, ümumtəhsil, orta ixtisas və ali məktəblərdə islahatların real nəticələri verilmişdir.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq biz Azərbaycan təhsil sistemində aparılan islahatların əsas istiqamətlərini tədqiq etməyi məqsədəuyğun hesab etdik.

Tədqiqatın obyekti Azərbaycan Respublikasının təhsil sistemidir.

Tədqiqatın predmetini Heydər Əliyev və Azərbaycan təhsil sistemində aparılan islahatların əsas istiqamətləri təşkil edir.

Tədqiqatın məqsədi Azərbaycanda həyata keçirilən təhsil islahatlarının ilk təşəbbüskarı və memarı Heydər Əliyevin bu sahədə səmərəli və tükənməz fəaliyyətini işıqlandırmaqdan, onun milli təhsil quruculuğunda əvəzsiz xidmətlərini göstərməklə yanaşı, respublikada təhsilin növləri, onun inkişaf mərhələləri, qanunauyğunluqları və səciyyəvi xüsusiyyətlərini aşkara çıxarmaqdan, bu prosesin yeni cəmiyyət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının mənəvi-mədəni, elmi, siyasi və iqtisadi həyatında rolunu müəyyən etməkdən, islahatların keçirilməsini şərtləndirən amilləri, eləcə də təcrübi istiqamətlərini təhlil etməkdən, təhsilin müstəqil dövlət quruculuğu prosesində perspektivini əsaslandırmaqdan ibarətdir.

Tədqiqatın vəzifələri. Məqsədə nail olmaq üçün bir sıra kompleks vəzifələr həyata keçirilmişdir:

- Azərbaycanda təhsilin təşəkkülü və inkişafına təkan verən siyasi, iqtisadi, mədəni, elmi zəmini müəyyənləşdirmək;

- təhsilin inkişaf mərhələlərinin təsnifatını vermək və onun təşəkkülü prosesini təhlil etmək;

- Azərbaycanda təhsilin formalaşmasını şərtləndirən səbəbləri, ictimai-siyasi və tarixi amilləri, onun nəzəri-metodoloji problemini aşkara çıxarmaq və yeni milli təhsilin rolu və əhəmiyyətini müəyyənləşdirmək;

- təhsilin tarixinə aid elmi ədəbiyyata tarixi xülasə vermək;

- milli təhsil quruculuğu sahəsində aparılan islahatların mahiyyətinin məzmununu, istiqamətlərini, perspektivlərini uzə çıxarmaq;

- təhsilin nəzəri-metodoloji problemlərinin öyrənilməsində Azərbaycan alimlərinin fəaliyyətini aşkara çıxarmaq, metodoloji prinsiplərin təşəkkülü, inkişafı və deformasiya səbəblərini müəyyənləşdirmək;

- mütərəqqi dünya təhsil sisteminin Azərbaycanda təhsilin inkişafına təsirini aşkara çıxarmaq;

- təhsil sahəsində çalışan maarif, elm nümayəndələrinin regional və beynəlxalq yaradıcılıq əlaqələrinin əhəmiyyətini göstərmək;

- milli təhsil və pedaqoji fikir tariximizin öyrənilməsinə həsr olunmuş araşdırmaları qruplaşdırmaq, nailiyyətləri təqdir etməklə buraxılmış nöqsan və qüsurların obyektiv və subyektiv səbəblərini müəyyən etməkdir.

Tədqiqatın nəzəri-metodoloji əsasını pedaqoji fakt, hadisə və prosesləri öyrənmək, dərk etmək və dəyişdirmək məqsədi ilə tətbiq edilən nəzəri müddəaların, metod və vasitələrin məcmusu təşkil edir.

Tədqiqatın metodları. Nəzəri və tarixi müqayisəli təhlil; arxiv sənədlərinin, dövri mətbuatın və digər elmi, ədəbi-bədii tarixi materialların öyrənilməsi, müşahidə, statistik metodlar, induksiya və deduksiya.

Təhlilə cəlb olunan pedaqoji fakt və hadisələr tarixilik, obyektivlik və müasirlik mövqeyindən işıqlandırılmışdır.

Tədqiqatın elmi yeniliyi. Müasir dövrdə Azərbaycanda təhsilin inkişaf tarixinin araşdırılması və tədqiqi bu sahədəki boşluğu doldurmaqla yanaşı, həyata keçirilən təhsil islahatının memarı Heydər Əliyevin tarixi xidmətlərinin üzə çıxarılmasına kömək etmişdir. Eyni zamanda, Azərbaycanda təhsilin inkişafının dövrləşməsi tarixi yeni mövqedən işıqlandırılmışdır.

Tədqiqatın nəzəri əhəmiyyəti. Tədqiqat işi Azərbaycanda təhsilin inkişaf xüsusiyyətləri və tendensiyalarının inkişaf qanunauyğunluqlarının öyrənilməsi, təhsil tarixşünaslığını yaratmağa cəhd göstərməklə yanaşı, həm də gələcək tədqiqatçılar üçün nəzəri özül, məktəblərimizdə təlimtərbiyə prosesinin optimallaşdırılmasına kömək etməklə pedaqogika elminin perspektivlərini müəyyənləşdirməkdə köməkçi vasitə ola bilər.

Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işi aşağıdakı praktiki problemlərin həlli üçün mühüm əhəmiyyətə malikdir: a) onun materiallarından pedaqoji universitet və institutlarda «Pedaqogika tarixi», «Azərbaycan məktəbi və pedaqoji fikir tarixi», pedaqoji biblioqrafiyaların, müntəxabatların tərtibində; b) pedaqogika tarixi üzrə dərslik və tədris vəsaitlərinin yazılmasında, təkmilləşdirilməsi və yeniləşdirilməsində istifadə etmək faydalı ola bilər.

Müdafiəyə çıxarılan müddəalar:

- Azərbaycanda təhsilin inkişafını təmin edən siyasi, iqtisadi, mədəni, elmi zəmin müəyyənləşdirmişdir;

- mütərəqqi dünya təhsil təcrübəsi əsasında Azərbaycanda təhsil sistemi mütəmadi yeniləşmişdir;

- müstəqil Azərbaycan Respublikasında təhsilin inkişaf istiqamətləri, xüsusiyyətləri və meylləri yeni məzmun kəsb etmişdir;

- son illərdə Azərbaycanda həyata keçirilən təhsil islahatlarının təşəbbüskarı və memarı ümumilli liderimiz Heydər Əliyev olmuşdur;

- Azərbaycanda aparılan təhsil islahatları millətin gələcəyinə, azərbaycançılıq ideologiyasına sadiq olan, əqli cəhətdən inkşaf etmiş, mənəvi cəhətdən yetkin, fiziki cəhətdən sağlam nəslin yetişdirilməsinə ünvanlanmışdır.

Tədqiqat işinin aprobasiyası. Tədqiqatın nəticələri haqqında elmitədqiqat işlərinin yekunlarına həsr olunmuş konfranslarda, təhsilin aktual problemlərinə dair ali məktəblərin elmi toplantılarında, «Təhsil islahatı, ümumtəhsil, orta ixtisas və ali məktəblərin aktual problemləri» mövzusunda keçirilən konfransda məruzə və çıxışlar edilmiş, ADPU-nun “Xəbərləri”ndə, Qafqaz Universitetinin keçirdiyi respublika konfransının materiallarında və s. məcmuələrdə dərc olunmuşdur.

Tədqiqatın strukturu. Dissertasiya giriş, 3 fəsil, 13 yarımfəsil, nəticə, istifadə edilmiş mənbələr və ədəbiyyat siyahısından ibarətdir.

DISSERTASIYANIN ƏSAS MƏZMUNU

Girişdə mövzunun aktuallığı, tədqiqatın obyekti, predmeti məqsədi, vəzifələri, tədqiqat metodları, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, tətbiqi, aprobasiyası haqqında yığcam məlumat verilir.

Dissertasiyanın “Yeni islahatlara qədərki dövrdə Azərbaycanda təhsilin vəziyyəti (XX əsrin 60-90-cı illəri)” adlı birinci fəslində respublikada təhsilin inkişafını şərtləndirən sosial-siyasi zəmin şərh edilir, Azərbaycanda təhsilin təşkili və inkişafının əsas mərhələləri haqqında xülasə verilir. Həmin fəslin “Azərbaycanda təhsilin təşəkkülü və inkişafının əsas mərhələləri haqqında xülasə” paraqrafında Azərbaycan təhsilinin keçdiyi mürəkkəb, çətin, ziddiyyətli və eyni zamanda şərəfli inkişaf yolu göstərilir və qısa təhlil olunur. Burada açıqlanır ki, qədim tarixə malik olan Azərbaycan təhsili və pedaqoji fikri yalnız Şərq dünyasında diqqəti cəlb etmiş, tanınmağa və öyrənilməyə başlamışdır. Tarixi qaynaqlar sübut edir ki, hələ ilk yazının yaranmadığı dövrlərdə Azərbaycanda yaşayan insanlar öz fikir və düşüncələrini qayaüstü rəsmlərdə işarələrlə ifadə etmişdilər. Hazırda Qobustandakı və Naxçıvanda “Gəmiqayadakı mövcud rəsmlərin 3 min -3.5 min il bundan əvvəlki insanların bilgi, məlumat və düşüncələrini yazılığı ifadə etmək istəklərinin nişanələridir.

Hələ miladdan 1500 il əvvəl Azərbaycanda yaşayan insanların təlimtərbiyə işini, məntiqini, təsərrüfat həyatını, dünyabaxışlarını, fəlsəfi düşüncələrini, dini etiqadını əks etdirən “Avesta”dakı xeyirxah fikir, xeyirxah söz, xeyir əməl” fikri qədim yunan filosoflarının dünyagörüşünün formalaşmasına təsir göstərmiş, insan fəaliyyətinin əsas mənasına çevrilmişdi. Azərbaycanda milli tərbiyənin əsaslarını təşkil edən ideyaların bir çoxu 1300 il bundan əvvəl yaranmış ilk yazılı abidəmiz olan “Kitabi Dədə Qorqud”da əks olunmuşdur.

Azərbaycanda ilkin savad təlimi verən ayrıca məktəblər eramızın III əsrindən mövcud olmuşdur. Sonralar isə təhsili və elmi yüksək məqama qaldıran İslam dininin təsiri ilə oxumaq istəyənləri əhatə edən təhsil sistemi yaranmışdır. Artıq X-XIII əsrlərdə Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Həmədan, Ərdəbil kimi şəhərlər təhsil, elm və mədəniyyət mərkəzinə çevrilmişdi. Doğrudur, təhsil kütləvi və pulsuz deyildi, hamını əhatə etmirdi. Lakin təhsilə, elmə maraq göstərənlər, sistemli təhsil alıb ölkənin sosial-iqtisadi, siyasi, mədəni həyatında fəal iştirak edirdilər. XVII əsrin ortalarında Azərbaycanda olmuş Övliya Çələbinin yazdığına görə, 1647-ci ildə yalnız Təbriz şəhərində 600 ibtidai, 47 orta Şamaxıda isə 40 ibtidai, 7 orta məktəb vardı.

XIX əsrin əvvəllərində Azərbaycanın şimal hissəsi Rusiya imperiyası tərəfindən işğal edilib Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri əsasında imperiyanın tərkibinə qatıldıqdan sonra qısa müddət ərzində milli məktəblər ləğv edilib, əvəzində təhsili və təlimi rus dilində olan təhsil müəssisələrinin yaradılması milli təhsil sisteminin əsaslarına güclü zərbə vururdu.

XIX əsrin 70-ci illərində görkəmli Azərbaycan maarifçiləri A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani, H.B.Zərdabi, M.Ə.Sabir kimi ziyalıların səyləri nəticəsində Azərbaycanda milli maarifçilik ənənələri inkişaf edir. Hacı Zeynalabdin Tağıyev və başqa xeyriyyəçilərin təşəbbüsü ilə milli məktəblər yaradılması sahəsində müəyyən işlər görülürdü. 1879-cu ildə Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin fəaliyyətə başlaması da o dövr üçün çox müsbət hadisə idi. Bu seminariyyanın məzunları yüksək intellekti, dərin biliyi, hərtərəfli elmi hazırlığı, pedaqoji ustalığı ilə seçilmiş, təlimin ana dilində aparılmasına, dünyəvi təhsilin genişləndirilməsinə, milli dərsliklərin yaradılmasına, milli kadr hazırlığı üçün orta ixtisas və ali məktəblərin açılmasına, pedaqoji təhsilin və mətbuatın təşəkkülünə şərəflə xidmət etmişlər.

Azərbaycanın milli istiqlal tarixində 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əsası qoyulan yeni mərhələ başlandı. Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyəti dövründə təhsil sahəsində də xeyli iş görə bildi. Belə ki, məktəblər milliləşdi, təlim ana dilində aparılmağa başlandı, pedaqoji və digər sahələr üçün kadrlar hazırlayan məktəblərlə yanaşı, Şərqdə ilk dünyəvi təhsil ocağı Bakı Dövlət Universiteti yaradıldı. İbtidai və orta məktəblər üçün milli dərsliklərin nəşrinə başlandı. Ölkədə təhsil sistemini nizama salmaq, milli təhsilin möhkəm bunövrəsini qoymaq məqsədilə Xalq Maarif Komissarlığı yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirməyə çalışdığı mühüm işlərdən biri də azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərində yüksəkixtisaslı kadrlar kimi hazırlanmasına şərait yaratması oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti 100 nəfər gənci xarici ölkələrin ali məktəblərinə göndərmək üçün qərar qəbul etdi. Onların 45 nəfəri Fransaya, 23-ü İtaliyaya, 10-u İngiltərəyə, 1 nəfəri Türkiyəyə göndərildi. 13 nəfər isə Rusiyaya yola salınmalı idi. Lakin orada vətəndaş müharibəsi başladığına görə onlar bu ölkəyə gedə bilmədilər.

Bu mühüm tədbirlər gənc Azərbaycan hökumətinin ölkənin gələcəyinə göstərdiyi diqqət və qayğı idi. lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində onların bir hissəsi maddi çətinlik üzündən təhsilin başa çatdıra bilmədi, bir hissəsi isə siyasi quruluşun dəyişməsi ilə əlaqədar təhsilini bitirdikdən sonra Vətənə qayıda bilmədi, qayıdanların bir qismi isə müxtəlif repressiya və təqiblərə, işgəncələrə məruz qaldılar.

Bu yarımfəsildə həmçinin 1920-ci ilin aprelində dövlət çevrilişi nəticəsində Azərbaycanda Sovet rejiminin qurulması, təhsilin sovetləşməsi məsələlərinə yer verilmişdir. Sovet təhsil sistemi həm də bir sıra mütərəqqi xüsusiyyətləri, həm də bəzi neqativ meyilləri özündə birləşdirən təhsil sistemi kimi dünya təhsil tarixində özünəməxsus yer tuturdu. Belə ki, Azərbaycan xalqı bu təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksəkixtisaslı milli kadrlar hazırlamaq imkanı əldə etmişdir. Sovet təhsil sistemi Azərbaycanda təhsilin kütləviləşməsini təmin etməklə savadsızlığın aradan qaldırılmasına şərait yaratmış, təhsilin maddi-texniki bazasının möhkələndirilməsinin, ümumtəhsil, orta ixtisas, peşə-texniki və ali məktəblərin təlim şəbəkəsini formalaşmasını təmin etmişdir. Təlimin tədricən Azərbaycan dilində aparılmasına başlanmışdır. Etiraf etmək lazımdır ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin universitetləri və elmi-tədqiqat müəssisələrində müvəffəqiyyətlə işləyən Azərbaycan alimləri sovet təhsil sisteminin yetirmələridirlər. Bunu xarici ölkələrdə olarkən sovet təhsil sisteminin müsbət və mənfi cəhətlərini daxilən hiss edir, xüsusən dəqiq elmlər sahəsində alimlərimizin qazandıqları nailiyyətlərlə fəxr edirik.

Eyni zamanda, Azərbaycanda təhsilin inkişafı bütövlükdə keçmiş SSRİ-də qəbul edilmiş təhsil strategiyasının ruhuna və tələblərinə uyğun olaraq mərkəzlədirilmiş qaydada həyata keçirilirdi. Müəyyən edilmiş strategiyadan kənara çıxmaq, milli xüsusiyyətlərə cavab verən təhsil konsepsiyası hazırlamaq, təbii ki, inzibati-amirlik idarəetmə metodlarını əldə rəhbər tutan bir cəmiyyətdə qeyri-mümkün idi. Lakin mövcud strateji kurs daxilində təhsilin maddi-texniki bazasını möhkəmləndirmək, maarifə qayğısını gücləndirmək imkanları da yox deyildi. Bu isə artıq respublika rəhbərliyinin iş qabiliyyəti, təhsili və elmi rolunu qiymətləndirmək bacarığı, xalqın milli və mədəni tərəqqisinə sədaqətlə xidmət etmək istəyi ilə bağlı idi.

Birinci fəslin ikinci yarımfəsli “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf yolları” adlanır. Burada 1969-cu ilin iyulun 14-də Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyevin mövcud sovet rejiminin sərt qanunları çərçivəsində çox məharətlə düşünülmüş strategiya və taktika seçməyə nail olmaq məsələlərindən bəhs olunur. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə, müdrikliklə aydın görürdü ki, təhsili və elmi inkişaf etməyən millətin tərəqqisi mümkün ola bilməz. Ona görə də bu müdrik şəxsiyyətin respublika rəhbərlliyinə gəlməsi ilə təhsilin və elmin inkişafı Azərbaycan hökumətinin fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirilmişdi.

Təhsilin hər bir dövlətin həyatının mühüm sahəsi, xalqın və millətin intellektual xüsusiyyətlərini əks etdirən xüsusi sferası olduğunu dərindən bilən Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günündən Azərbaycan təhsilinin inkişafına qayğısını ön plana çəkdi. Ölkənin sosial-iqtisadi inkişafında aparıcı istiqamətlərdən biri kimi onun tərəqqisinə nail olmaq üçün bütün potensial imkanlardan istifadəyə geniş şərait yaratdı. Azərbaycan təhsilinin son 34-35 illik tarixi (1969-2003) inkişafının təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir: 1) Azərbaycan təhsilinin yenidən təşkili və yüksəlişi dövrü (1969-1982-ci illər); 2) Azərbaycan təhsilinə Heydər Əliyevin Moskvada yüksək hökumət vəzifəsində çalışdığı dövrdə qayğı və köməkliyi (1982-1987-ci illər); 3) Heydər Əliyevin tutduğu rəhbər vəzifələrdən uzaqlaşdırılması ilə əlaqədar respublika həyatının bütün sahələri kimi Azərbaycan təhsilinin depressiya dövrü (1993-cü ilin iyun ayından – 1999-cu ilin birinci yarısınadək olan dövr – yəni yeni təhsil islahatlarının aparılmasınadək olan dövr); 5) yeni təhsil islahatlarının hazırlanması və keçirilməsi mərhələsi 1999-cu ilin ikinci yarısından – 2003-cü ilin sonuna kimi olan dövr; 6) habelə ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, təhsil siyasətinin də layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi (2003-cü ildən indiyə kimi).

Bəhs edilən yarımfəsildə Azərbaycanda təhsilin geniş vüsət alması, tərbiyə müəssisələrindən tutmuş ali məktəblər də daxil olmaqla bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə çıxaraq ölkə əhalisinin mədəni və mənəvi intellektual səviyyəsinin yüksəlməsində Heydər Əliyev fenomeninin, onun dönməz təhsil strategiyası və taktikası faktiki materiallar və əsaslı dəlillərlə əsaslandırılmış şəkildə şərh edilir. Həmin illərdə təhsil sahəsində aparılmış uzaqgörən və məqsədyönlü təhsil siyasəti nəticəsində qısa müddətdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılmışdı. Bu dövrdə 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, tədricən 8 illik təhsildən orta icbari təhsilə keçilmişdi. Peşə məktəblərinin sayı 84-dən 173- ə, orada təhsil alanların sayı isə 44 mindən 120 min nəfərə çatdırılmışdı. Yalnız 1969-1982-ci illərdə respublikada 5 yeni ali məktəb yaradılmış, bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmişdi. Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün tədris korpusları, yataqxanalar inşa edilmiş, Bakı Dövlət Universiteti üçün (o zamankı ADU) yeni şəhərciyin tikilməsi haqqında, Azərbaycan Kənd Təsərrüfat Akademiyası (o zaman AKTİ, hazırda Gəncə Dövlət Aqrar Universiteti) üçün Gəncədə xüsusi şəhərciyin salınması planlaşdırılmış və bu barədə qərar qəbul edilmişdi. Lakin Heydər Əliyevin sonralar Moskvaya rəhbər vəzifəyə irəli çəkilməsi ilə bağlı mərkəz hər iki layihəni tam başa çatdırmağa imkan verməmişdi.

70-80-ci illər Azərbaycan təhsilinin uğurlu inkişaf mərhələsi idi. Bu illərdə fəaliyyət göstərən 78 orta ixtisas məktəbində hər il orta hesabla 70- 80 min nəfər şagird təhsil alır. Bu dövrdə ali məktəblərin sayı 12-dən 17-yə çatdırılmışdı. Əgər Heydər Əliyevə qədər, yəni 1969-cu ilin birinci yarısınadək respublikanın 12 ali məktəbində 105 fakültə, 450 kafedra, 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1981/1982-ci tədris ilində 17 ali məktəbdə 136 fakültə, 530 kafedra, 175 ixtisas üzrə kadrlar hazırlanırdı.

Birinci fəslin “Heydər Əliyev və Azərbaycandan kənarda təhsil (XX əsrin 70-80-ci illəri)” adlanan üçüncü yarımfəslində Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı yolundakı böyük xidmətlərindən bəhsolunur. 70-80-ci illərdə Ulu Öndərin təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu olan məktəbində respublikamızın xalq təsərrüfatı, təhsil, elm və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 min nəfərdən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislərin “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirərək onların potensial imkanlarının bir istiqamətdə cəmləşdirilməsi, ondan Azərbaycanın sosial-iqtisadi və mədəni quruculuğunda səmərəli istifadə olunması nəzərdə tutulurdu. Keçən əsrin 70-ci illərində əsası qoyulmuş bu tarixi ənənədən bəhs edən prezident Heydər Əliyev Azərbaycan gənclərinin 1996-cı ilin fevralın 2-də keçirilən I Forumunda o zaman başladığı bu böyük işin müsbət nəticələrindən bəhs edərkən demişdir: “... O zaman bizim gördüyümüz bu böyük işin nəticəsi mənə yaxşı məlum idi. Bəhs etdiyimiz dövrdə gəclərin hər il təhsil ocaqlarına göndərilməsi burada bir daha yada salındı. Doğrudan da, hər il burada, bu salonda (indiki Heydər Əliyev Sarayı nəzərdə tutulur) biz həmin gəncləri Moskvaya, Leninqrada, Kiyevə, başqa-başqa şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onlara yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsəmək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaradılıb. Mən bu cəmiyyəti salamlayıram, ona çox böyük ehtiramımı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünki vaxtilə belə kadrların hazırlanması üçün mən xeyli səylər göstərmişəm”.

Sonrakı illərdə belə görüşlərin keçirilməsi bir ənənə halını almışdı. 1998-ci il avqustun 31-də artıq müstəqil Azərbaycan Respublikası gənclərinin dünya ölkələrinin ən nüfuzlu ali məktəblərinə təhsillərini davam etdirmələrinə həsr edilmiş ənənəvi toplantıda prezident Heydər Əliyevlə yeni görüşün keçirlməsi Ulu Öndərin sovet məqamında olduğu kimi, o zaman xaricdə kadr hazırlığınına yenə böyük diqqət və xüsusi əhəmiyyət verməsi zərurətini sübut edirdi. Həmin dövrü xatırlayan prezident Heydər Əliyev davam edərək bildirirdi ki, əgər 70-ci illərdə, yuxarıda dediyimiz kimi, ildə keçmiş SSRİ-nin ali məktəblərinə 800-900 nəfər gənci təhsil almağa göndərirdiksə, 80-ci illərin əvvəllərindən ildə 1000-1400 nəfərə qədər Azərbaycan gənci respublikadan kənarda keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərilirdilər. Prezident bu tarixi həqiqəti belə etiraf edirdi: “...bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci illərdə başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanı XXI əsri haqqında düşünürəm ”.

Azərbaycanın çağdaş tarixində Heydər Əliyevin bu fikirləri milli təhsil tariximizin qızıl hərflərlə yazılmış səhifləridir. Onun 70-80-ci illərdə respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almalarına geniş imkan yaratmasının və bu işə daim qayğı göstərməsini, onun tarixi xidmətlərinin miqyasını bu həqiqəti bir də etiraf etməliyik ki, respublikada mövcud ali məktəblərdən əlavə hazırlanmış bu rəmzi ali məktəbin yaradıısı və rəhbəri Heydər Əliyev idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 70-ci illərdə əsası qoyulan və 15 mindən çox yetirməsi olan Heydər Əliyev məktəbinin məzunları, kadrlarıdır. O illərdə görülən işlərin tarixilik və dövlətçilik baxımından miqyasını, mahiyyətini və perspektvliyini dərindən dərk etmək üçün Heydər Əliyevin Azərbaycana rəhbərliyin birinci mərhələsində respublikadan kənara təhsil almağa gedən gənclərlə bağlı bəzi rəqəmlərə diqqət yetirək. Heydər Əliyevin apardığı uzaqgörən milli təhsil siyasəti nəticəsində azərbaycanlıların sayı durmadan artırılaraq 1976-cı ildə 85%, 1977-ci ildə 92%, 80-ci illərin əvvəllərində 97,6%-ə yüksəlmişdi. Bu, böyük tarixi-mədəni nailiyyət idi və bu tarixi uğur Heydər Əliyevin adı ilə bağlıdır.

Dissertasiyanın ikinci fəsli “Heydər Əliyev və Azərbaycanın təhsil sistemində aparılan islahatların əsas istiqamətləri” adlanır. Fəslin “Təhsil sistemini təşkilati-struktur problemləri və onu qurmaq zərurəti” adlı ilk yarımfəslində keçən əsrin ortalarından başlayaraq sovet cəmiyyətinin sosial-iqtisadi həyatının bir çox sahələrində əsaslı kəmiyət dəyişiklikləri aparılarkən, cəmiyyətin tələbləri ilə məktəbin – təhsilin inkişaf səviyyəsi arasında ciddi ziddiyyətlər olduğu aşkar edildi. Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə 50-ci illərin sonunda Sov. İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qəbul etdikləri “Məktəbin həyatla əlaqəsi və onu yenidən möhkəmləndirmək tədbirləri haqqında” qərarında sovet məktəbinin və təhsilin sosializm quruculuğundan ayrı düşdüyü, onun həyatın tələblərinə cavab vermədiyi qeyd edilir, təhsil sistemində əsaslı dəyişikliklər edilməsi zərurəti göstərilirdi. Lakin təhsil sistemində yaranmış vəziyyəti nizama salmaq mümkün olmadı.

80-ci illərin ortalarında keçmiş SSRİ-də keçirilən məktəb-təhsil islahatlarının aqibəti də uğursuz oldu və bu səbəbdən yarımçıq qaldı. 1984- cü ildə həyata keçirilməsi nəzərdə tutulan, lakin yarımçıq qalan Ümumtəhsil məktəb İslahat Komissiyasının Heydər Əliyevin sədrliyi ilə hazırladığı “Məktəb islahatı haqqında qanun layihəsi”ndə də məktəbin real həyatdan ayrı düşdüyü, xalq təsərrüfatı və mədəniyyətinin müxtəlif sahələri üçün mütəxəssislərin hazırlanması tələblərinə cavab vermədiyi göstərilirdi. M.S.Qorbaçov 1985-ci ilin yazında Sov.İKP MK-nın Baş katibi və SSRİ Ali Sovetinin sədri seçildikdən sonra görülmüş işlərə qarşı onda qısqanclıq yarandı və məktəb islahatının həyata keçməsinə imkan vermədiyindən və şərait yaratmadığından yarımçıq qaldı. O, yeni islahatlar, ilk növbədə yenidənqurma dəyişiklikləri aparan üsyanı irəli sürdü. Ancaq buna baxmayaraq məktəb haqqında o zaman qəbul olunmuş qanun və qərarlar öz işini gördü və məktəbin-təhsilin təkmilləşməsi sahəsində bir çox əhəmiyətli işlər görüldü. Bu dövrdə keçmiş Sovetlər Birliyinin təhsil sistemində yaranmış vəziyyətindən bəhs edən prezident Heydər Əliyev 1998-ci ilin sentyabrında Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqində demişdi: “Sovetlər İttifaqı dövründə yaranmış təhsil sisteminin böyük üstünlükləri vardı. Biz bunu başqa ölkələrin təhsil sistemləri ilə müqayisədə görürük. Ancaq o sistem də tam təkmil sistem deyildi. Ona görə də onu təkmilləşdirmək lazım idi”.

Sovet cəmiyyətində tərəqqi və inkişafın yüksək olmadığı bu dövrdə təhsilin inkişafında mövcud ləngimələr o qədər də hiss olunmurdu, çünki sovet məkanında bütün ölkə üçün məktəbin vahid modeli mövcud idi. Bu sistemin ən böyük qüsuru şagirdə obyekt kimi münasibət bəslənilməsi, ona öz istədiyini deyil, məsləhət bilinəni öyrətməyə məcbur edilməsi idi.

Eyni vəziyyət Azərbaycan təhsil sistemində də mövcud idi. Keçən əsrin 20-ci illərinin əvvəlində bu sistemdə də əsaslı dəyişikliklər edilməsi zərurəti qarşıda duran mühüm vəzifə idi. Belə ki, keçmiş sovet təhsil sistemi bütün müsbət cəhətləri və keyfiyyətlərinə baxmayaraq, müstəqil Azərbaycan Respublikasının yeni milli təhsil siyasətinin tələblərinə cavab vermədiyindən dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi onun yenidən qurulması, inkişaf etmiş ölkələrin təhsil standartlarına uyğunlaşdırılması və inteqarsiyası, habelə qarşılıqlı əməkdaşlığı prosesində təhsilin məzmununu milli və ümumbəşəri dəyərlərin dialektik vəhdəti proseslərindən, onun idarə olunmasına yeni demokratik metodların tətbiqi və s. kimi qlobal, konseptual problemləri qarşıya qoyurdu. Lakin o zaman müstəqil Azərbaycanın üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət, qeyrisabit ictimai-siyasi şərait, habelə respublikanın beynəlxalq aləmdə hələ kifayət qədər tanınmaması, ən əsası isə ölkənin yeni yolla apara biləcək nüfuzlu və qüdrətli dövlət başçısının olmaması, siyasətdə və təcrübədə səriştəsiz, təcrübəsiz şəxslərin hakimiyyət boşluğundan istifadə edib müəyyən qrupların hakimiyyəti zəbt etmələri, onsuz da ağır olan vəziyyəti daha da həlledilməz problemə çevirmişdi. Belə bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında hakimiyyətə gələn Heydər Əliyevin ölkəni düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq, pozulmuş və dağılmaqda olan iqtisadiyyatı, təhsili, elmi və mədəniyyət kimi bəşəri əhəmiyyətli problemləri həll etmək kimi olduqca çətin vəzifələrlə qarşılaşması idi.

Müstəqilliyə qovuşduqdan sonra Azərbaycan Respublikasında aparılan islahatlar illərində təhsil sahəsində görülən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Təhsilin inkişafına xüsusi diqqət yetirən Heydər Əliyevin hakimiyyəti dövründə 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirilmiş, planlı islahatların əsası qoyulmuşdu. Ölkədə müharibə şəraitinin və bir sıra sosial-iqtisadi səciyyəli problemlərin olmasına baxmayaraq, son 9 ildə uşaqların təhsildən kənarda qalmasına imkan verilməmişdi. Bu dövrdə ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artmışdı. Əgər 1993- 1994-cü dərs ilində respubilkanın 4364 ümuitəhsil məktəbində 1 mln. 549 min, 2002/2003-cü dərs ilində 4561 ümumtəhsil məktəbində 1 mln. 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.

Bu dövrdə təhsilin maddi-texniki bazası yaxşılaşdırılmış, 200 yeni məktəb binası tikilib istifadəyə verilmiş, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edilmşidir. Istedadlı uşaqların qabiliyyətinin inkişaf etdirmək məqsədilə 30- a yaxın lisey və gimnaziya təşkil edilərək bura 12 minə yaxın şagird cəlb olunmuşdur.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra pedaqoji işçilərin əmək haqqının artırılması barədə 9 xüsusi sərəncam imzalanmış, müəllim kadrlarının əmək haqqı 4.5 dəfə yüksəldilmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təhsil sahəsində qarşıda duran ilk vəzifə təhsil sistemini yenidən qurmaq, məktəbi hakim sovet amirlik ideologiyasının təzyiqindən xilas etmək idi. Ölkənin yeni milli təhsil komissiyası yaradılmalı və həyata keçirilməli idi. 1998-ci ilin martın 30-da prezident Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası” yaradılmış, Təhsil naziri Misir Mərdanov həmin komissiyanın sədri təyin olunmuşdu. Mərhələlərlə həyata keçiriləcək islahatlara Dünya Bankı ilk dəfə 1999/2000-ci tədris ilində 300 min, ikinci mərhələ üçün isə 5 mln. ABŞ dolları ayırmağı nəzərdə tutmuşdu.

Tədqiqatın ikinci fəslinin ikinci yarımfəsli “Heydər Əliyev milli təhsil-tərbiyə nəzəriyyəçisi kimi və yeni təhsil islahatının yaradıcısıdır” adlanır. Burada Ulu öndərin qeyd etdiyimiz sahələrdə zəngin yaradıcılıq irsi, gənc nəslin milli və ümumbəşəri dəyərlər zəminində tərbiyə olunması və təhsil alması işinin səmərəli təşkili üçün məsləhət və tövsiyələri verilir.

İkinci fəslin üçüncü yarımfəsli “İslahatın həyata keçirilməsinin hüquqi-normativ əsasları”na həsr edilmişdir. Burada 1995-ci il noybarın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan vəzifələr, təhsil almaq, təhsilin forma və növləri açqılanır.

Dissertasiyanın üçüncü fəsli “Təhsil islahatlarının mərhələləri: Uğurlar, prioritetlər və dünya təhsil sisteminə inteqarsiya (qovuşmaq) prosesləri” adlanır. Fəslin birinci yarımfəslində təhsil sisteminin madditexniki bazasının möhkəmləndirilməsi, onun iqitsadiyyatı və maliyyələşdirilməsi istiqamətində qarşıda duran vəzifələr və ilk nəticələr şərh olunur. Burada keçən XX əsrin son 3 ili (1998-2003) yeni XXI əsrin 8 ili (2001-2008) Müstəqil Azərbaycanın milli təhsil tarixinə əsaslı islahatlar dövrü kimi daxil olmuşdur. Bu dövrdə təhsilin təkmilləşdirilməsi istiqamətində həlledici mərhələlər kimi daxil olan bu dövrdə əsaslı işlər görülmüşdür. Dünyanın 40-a yaxın ölkəsinin təhsil sistemi nəzərdən keçirilib, tətbiq olunan modellər və mexanizmlər öyrənilib, lokal şəkildə eksperimentlər keçirilmiş, analitik təhlillər aparılmışdır. Həyata keçirilən islahatların uğurlu nəticələri beynəlxalq təşkilatların köməyi nəticəsində səmərəli olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil siyasəti ölkə başçısı İlham Əliyev tərəifndən uğurla davam etdirilir. 2004- cü il avqustun 31-də prezidentin imzaladığı “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərman və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təşkilatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycanda təhsilin müasir dünya standartlarına uyğunlaşdırılmış və ölkənin gələcəyi üçün kadr hazırlığının formalaşmasına istiqamətləndirilmişdir.

Fəslin “Təhsil sisteminin idarə olunmasının İslahat Proqramına uyğun yenidən qurulması və mərkəzləşdirilməsi istiqamətində tədbirlər” adlanan ikinci yarımfəslində qeyd olunur ki, milli təhsil sistemində keçirilən islahatların strateji istiqamətlərindən biri təhsilin idarə olunmasının yeni mexanizminin hazırlanması və onun həyata keçirilməsi təşkil edir. Son illərə qədər milli təhsil sistemi keçmiş totalitar rejimdən miras qalmış üsulla idarə olunurdu. Təhsil müəssisələrinin müxtəlif nazirilklər, komitələr və digər təşkilatlar, habelə orqanlar tərəfindən idarə olunması, vahid mərkəzi idarəçilik aparatının olmaması təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsinə ciddi maneələr yaradırdı. Mövcud vəziyyətə son qoymaq məqsədilə 1998-ci il mayın əvvəllərində prezident Heydər Əliyevin fərmanı ilə Dövlət Ali Ekspert Komitəsinin ləğv edilməsi və onun səlahiyyətlərinin birbaşa Təhsil Nazirliyinə verilməsi idarəetmə sistemində mərkəzləşməyə sübut idi. Bu vaxtdan başlayaraq hər bir özəl təhsil müəssisəsinə lisenziyanın Təhsil Nazirliyi tərəfindən verilməsi müəyyən edirdi. Prezident Heydər Əliyevin 13 iyul 2003-cü il tarixli “Azərbaycan respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqınla” fərmanı ilə güc nazirlikləri nəzdində fəaliyyət göstərən təhsil ocaqları istisna edilməklə yerdə qalan bütün təhsil müəssisələrinə rəhbərlik və nəzarət etmək Təhsil nazirliyinin sərəncamına verilmişdi. Bu islahatların sonrakı mərhələlərdə də daha uğurla həyata keçirməyə şərait yaratmış və təhsil işçilərinin sosial müdafiəsinin təmin olunması, bununla da, dövlət siyasətini həyata keçirməyə yeni uğurlar qazamağa imkan vermişdi.

III fəslin “Təhsil sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi vəzifələri və görülən işlər” adlı üçüncü yarımfəslində Azərbaycan təhsilinin dünyanın YUNESKO, YUNİSEF, YUNİVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası, Avropa İttifaqı və başqa nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarında yaxından tanınması və qəbul edilməsinin nəticəsidir ki, Azərbaycanın Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə həmin beynəlxalq təşkilatların 20-dən artıq ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən konfranslarda Azərbaycanın fəal iştirakı, 1998-2000-ci illərdə Təhsil Nazirliyinin 86 əməkdaşının 30-a yaxın ölkəyə təcrübə mübadiləsi və əməkdaşlığı genişləndirməyə ezam olunmaları, habelə xarici ölkələrin təhsil işçilərinin təhsil sistemimizlə bağlı respublikaya səfərləri, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə sübutdur. Sonuncu fəslin dördüncü yarımfəsli olan “Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil sisteminə inteqarsiya olunmaq imkanları Boloniya prosesi və Azərbaycan konteksti istiqamətində yeni vəzifələr və ilk uğurlar”a həsr olunmuşdur. 2001-ci ildən başlayaraq Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Qərb dövlətləri ilə inteqarsiyasını sürətləndirdi. Azərbaycan öz ali təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa Təhsil məkanında gedən proseslərə qoşmaqla öz mövqeyini xeyli möhkəmləndirdi. Hazırkı mərhələdə ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və Ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur (Misir Mərdanov. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı, Çaşıoğlu, 2009, s. 438-460). Boloniya prosesinin əsası 1998-ci il mayın 25-də Fransada Tarix Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri tərəfindən “Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında” Sarbonna Bəyannaməsi qəbul edildikdən sonra başlamışdır. Bu Bəyannaməni imzalanmış 4 nazir təhsil sənədlərinin tanınması prosesinin təkmilləşdirilməsinə, təhsilalanların mobilliyini, məzunların işə düzəlmə imkanlarını genişləndirməyi qərara almışlar. 1999-cu ilin yayında İtaliyanın Boloniya şəhərində Avropanın 30 ölkəsinin təhsil nazirləri Avropa ali təhsil müəssisələrinin inkişaf tendensiyalarını təsdiqləyən sənəd imzalamışlar. Bu hadisə tarixə “Boloniya prosesi” kimi daxil olmuşdur (Misir Mərdanov. Göstərilən əsəri, s. 438). 2001-2003-cü illərdə bu prosesə Avropanın 46 ölkəsindən 45-i qoşulmuşdur. Azərbaycan Boloniya prosesinə 2004-cü ildə qoşulmağa başlamış və təhsil naziri M.Mərdanov 2005-ci il mayın 19-da Norveçdə keçirilən konfransda rəsmi sənəd imzalamaqla Boloniya prosesinə qoşulmuşdu. Azərbaycan bu təşkilatın üzvü olduqdan sonra nazirliyin aparıcı mütəxəssislərindən ibarət işçi qrupu yaradılaraq “Azərbaycan Respublikası Təhsil sistemində” 2006- 2010-cu illərdə Boloniya Bəyannaməsi müddəalarını həyata keçirilməsi üçün tədbirlər planı hazırlamışdır (yenə orada, s. 439).

Keçən 4-5 il ərzində Azərbaycan xarici ölkələrlə və beynəlxalq təşkilatlarla təhsil sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmişdir. Yalnız 2004/2005-ci dərs ilində 4000 mindən artıq soydaşımız qeyri-dövlət xəttilə xarici ölkələrdə təhsil almışlar.

Dissertasiyanın “Nəticə” bölməsində dissertant öz mülahizələrini, təkliflər kimi vermiş, bəzi prinsipial məsələləri irəli sürmüşdür.

Dissertasiyanın əsas məzmumu müəlilfin dərc etdirdiyi aşağıdakı əsərlərdə öz əksini tapmışdır:

  1. Azərbaycan Respublikasının təhsil siyasıtinin əsas prinsipi // «Pedaqoji tədqiqatlar” I Buraxılış, 2000, s. 169-175
  2. Heydər Əliyev və hərbi-vətənpərvərlik tərbiyəsi // Xəbərlər ADPU, № 3, 2003, s.30-34
  3. İslahataqədərki dövrdə Azərbaycanda təhsilin vəziyyəti // Xəbərlər ADPU, № 4, 2005, s. 160-166
  4. İslahatlara qədərki dövrdə təhsil sisteminin məzmununun vəziyyəti, təşkilati struktur problemləri və onu yenidən qurmaq zərurəti// Xəbərlər ADPU (humanitar pedaqoji, psixoloji elmlər seriyası), № 1, 2006, s. 503-510
  5. Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf yolları (1969-1999-cu illər – islahataqədərki dövr) // Xəbərlər ADPU, № 4, 2006, с. 68-78
  6. Heydər Əliyev milli təhsil nəzəriyyəsinin və yeni təhsil islahatının yarıdıcısıdır // Xəbərlər ADPU, № 5, 2007, s.21-27.
  7. Heydər Əliyev və Azərbaycanın təhsil sistemində aparılan islahatların əsas istiqamətləri (monoqrafiya) /ADPU-nun nəşriyyatı, 2009, 168 s.
  8. 8.Основные этапы становления и развития образования в Азербайджане // Приложение к журналу Вестник Академии образовательных наук Грузии. Тбилиси, 1/(16) 2010, с. 13-17
  9. Heydər Əliyevin təhsil sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu vəzifələr və görülmüş işlər / Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş gənc tətdiqatçıların ümumrespublika elmi konfransı. 6-7 may 2010, Bakı, s. 294.

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/ped/ped_n_bfr_24_05_11.pdf