Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin II Avrasiya Media Forumunun iştirakçılarına müraciəti - Bakı şəhəri, 22 aprel 2003-cü il


Dost və qardaş Qazaxıstanın Almatı şəhərində ikinci dəfə keçirilən Avrasiya Media Forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram.

Kütləvi informasiya vasitələri, mətbu söz dövlətlərarası münasibətlərin möhkəmlənməsində, xalqlar arasında mehriban dostluq əlaqələrinin qurulmasında, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində, bəşəri dəyərlərin təbliği və yayılmasında tarixən çox böyük rol oynamışdır.

Planetimizdə qloballaşmanın vüsət aldığı XXI əsrdə isə kütləvi informasiya vasitələrinin rolu, onların qarşısında duran vəzifələr qat-qat artmışdır və həmişəkindən daha məsuliyyətlidir. Mətbuat, elektron kütləvi informasiya vasitələri ölkələrin və xalqların yaxınlaşmasına daha fəal kömək etməklə, işgüzar və mədəni işbirliyi üçün yeni imkanlar açmaqla yanaşı, planetimizdə sülhə və əmin-amanlığa ən böyük təhlükə olan beynəlxalq terrorizmə, ekstremizmə və təcavüzkar separatizmə qarşı mübarizənin də ön sırasında olmalıdır. Bu isə jurnalistlərdən yüksək peşəkarlıqdan əlavə, həm də həqiqi bəşəri, demokratik dəyərlərə sadiq qalmağı, hadisələrə və faktlara münasibətdə obyektiv mövqe tutmağı tələb edir. Çünki yeni dünya təfəkkürünün formalaşmasında kütləvi informasiya vasitələri aparıcı rol oynayır.

Uzun illərdir Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ərazisinin 20 faizi işğal edilmiş və 1 milyon qaçqın-köçkünü olan Azərbaycan terrorizmin və separatizmin ağır nəticələri, dünya birliyinin, beynəlxalq təşkilatların buna münasibətdə açıq-aşkar biganəlik göstərməsi, əksər hallarda isə problemə ikili standartdan yanaşması ilə bərabər, bir çox kütləvi informasiya vasitələrinin obyektivliyindən uzaq, qərəzli mövqeyindən də əziyyət çəkir.

Belə mövqe son dərəcə təhlükəlidir və terrorizmə, ekstremizmə və təcavüzkar separatizmə, əslində, rəvac verir. Hesab edirəm ki, buna yol verilməməsi hazırda həmin bəlalarla ən çox üzləşən Avrasiya və bu məkanın kütləvi informasiya vasitələri üçün xüsusilə vacibdir.

Ümidvaram ki, Avrasiya jurnalistləri müasir kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə əməkdaşlığı, qarşılıqlı informasiya mübadiləsini daha da genişləndirəcək, bəşəriyyət üçün böyük təhlükə doğuran bəlalara qarşı əlbir və barışmaz mübarizəyə, ən başlıcası isə, XXI əsrdə Avrasiya məkanında və bütünlükdə planetimizdə sülhün, təhlükəsizliyin və əmin-amanlığın daha da möhkəmləndirilməsi işinə öz sanballı töhfələrini verəcəklər. Sizi bir daha salamlayır, hamınıza cansağlığı və səadət, forumun işinə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 24 aprel 2003-cü il.

Tarixi arayış