Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı - 5 noyabr 1993-cü il


Hörmətli Məclis üzvləri, deputatlar, qonaqlar! Mən respublikanın prezidenti seçildiyimə görə Ali Məclisin iclası bu müddətdə toplaşa bilməmişdir. Elə bilirəm ki, bu gün Ali Sovetin sədri kimi son dəfə bu iclası başlamağa imkanım var.

Burada bir neçə ay müddətində birlikdə fəaliyyət göstərdiyimizə, işlədiyimizə görə və bu müddətdə Ali Sovetin sədri kimi mənə göstərilən yardıma, etimada görə, Ali Sovet sədrinin vəzifəsini aparmaqda mənimlə Məclisin həmrəy olduğuna görə Milli Məclisə, onun üzvlərinə təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, bu dövrdə mənim əvvəlki həyatım boyu keçdiyim iş təcrübəsinin üzərinə böyük bir təcrübə də gəldi. Milli Məclisə bir neçə ay müddətində rəhbərlik etmək, onun iclaslarını aparmaq, mürəkkəb məsələlərin həllində Məclis üzvlərinin rəylərini toplayıb daha düzgün qərarlar qəbul olunmasını təmin etmək - bunların hamısı mənim üçün bir təcrübə məktəbi oldu və mən bu təcrübəyə görə və bu salonda bərabər çalışdığımıza görə Milli Məclisə minnətdarlığımı bildirmək istəyirəm.

Bu dövrdə Məclisin iclaslarında daim demokratiya prinsiplərinə riayət olunubdur. Mən çalışırdım ki, burada fikir müxtəlifliyi daim təmin edilsin, hər bir Məclis üzvünün fikri nəzərə alınsın. Bəzən iclaslarımız çox vaxt alıbdır, bəzən ayrı-ayrı Məclis üzvlərinin çıxışları reqlamentdən də xeyli artıq olubdur, bəzən mənim də çıxışlarım, danışıqlarım reqlamentdən artıq olubdur. Ancaq bunların hamısı zərurətdən doğan hallar idi, yalnız və yalnız geniş fikir mübadiləsi aparıb, məsələləri təhlil və müzakirə edib daha düzgün, daha doğru qərarlar qəbul olunmasına çalışmaq məqsədi daşıyıbdır. Ona görə də mən hesab edirəm ki, həmin aylarda bu salonda Məclisin işində daim demokratik prinsiplər, parlament etikası, parlament təcrübəsi hökm sürübdür və əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da hökm sürəcəkdir.

Bir daha sizin hamınıza təşəkkür edirəm, Məclisə, onun üzvlərinə bundan sonrakı fəaliyyətində uğurlar diləyirəm. Mənim prezident vəzifəsinə seçilməyimdə də Milli Məclisin, xalq deputatlarının böyük fəaliyyəti olubdur Azərbaycanda iyun ayının 4-dən başlanmış gərgin vəziyyət, qarşıdurma halları yalnız və yalnız Milli Məclisin qərarları ilə aradan qaldırılıbdır, vətəndaş müharibəsinin, indiki ağır müharibə dövründə ayrı-ayrı qüvvələr tərəfindən respublikanın parçalanması meyllərinin qarşısı bu qərarların sayəsində alınıbdır. Bunların hamısı Milli Məclisin fəaliyyətinin, xidmətinin nəticəsidir.

Ötən dövrdə Milli Məclis daim axtarışlar yolunda olub, bu vəziyyətdən çıxmaq yollarını arayıb və bu məqsədlə çox səbrlə, təmkinlə öz işini aparıb, əmələ gəlmiş gərgin vəziyyətdən çıxmaq üçün referendum keçirilməsi, keçmiş prezident haqqında, sonra prezident seçkiləri keçirilməsi haqqında qərarlar qəbul edibdir. Xalq, Azərbaycanın seçiciləri də Milli Məclisin qərarlarına hörmət, ehtiram göstərərək öz rəyini bildiriblər və bunların nəticəsində mən prezident seçilmişəm.

Oktyabrın 10-da mən prezident vəzifəsinə başlayarkən bu barədə öz fikirlərimi demişəm. Bir daha qeyd etmək istəyirəm ki, belə yüksək vəzifə mənim üzərimə eyni zamanda çox böyük məsuliyyət, mənim qarşımda dövlət başçısı kimi çox böyük və çətin problemlər qoyubdur Son həftələrdə respublikamızın Ermənistanla həmsərhəd bölgələrində baş vermiş hadisələr nəticəsində bu problemlərin həll olunması daha da çətinləşib, daha da ağırlaşıbdır. Mən bütün bu çətin, ağır işləri görmək üçün üzərimə düşən məsuliyyəti hiss edərək, qarşımda duran vəzifələri həyata keçirmək üçün, məni bu vəzifəyə seçən seçicilərin etimadını doğrultmaq üçün Ali Sovetin, Milli Məclisin fəaliyyətinə daim güvənəcəyəm və Ali Sovetlə, Milli Məclislə birlikdə işlərin aparılmasını təmin edəcəyəm. Bundan sonra da öz işimi bəyan etdiyimiz demokratik prinsiplər əsasında quracağam.

İndi respublikanın böhran vəziyyətində - iqtisadi böhran, ictimai-siyasi böhran, eyni zamanda ağır müharibə vəziyyətində hamımız birgə çalışmalı, birgə fəaliyyət göstərməli, həmrəylik - vətəndaş həmrəyliyi, milli həmrəylik nümayiş etdirməliyik. Mən bu həmrəyliyin yaranması üçün əlimdən gələni əsirgəməyəcəyəm və bu sahədə də Milli Məclislə bərabər çalışmağa söz verirəm. Bilirəm ki, son vaxtlar sərhəd bölgələrində, döyüş bölgələrində yaranmış vəziyyətlə əlaqədar məsələlərin Milli Məclisdə müzakirə olunması haqqında təkliflər var. Şübhəsiz ki, bu məsələlər müzakirə edilməlidir. Ancaq eyni zamanda Məclisin üzvlərinə məlumdur ki, biz bu məsələlərlə daim məşğul oluruq. Yaranmış vəziyyət Müdafiə Şurasının iclasında ətraflı təhlil olunub, lazımi tədbirlər görülübdür. Müdafiə Nazirliyinin və hərbi hissələrin rəhbərliyində ciddi dəyişikliklər aparmaq haqqında qərarlar qəbul olunubdur. Lazımi tədbirlər görülür və bunların hamısı Azərbaycan Respublikasının müdafiə imkanlarını möhkəmləndirməyə, torpaqlarımızı etibarlı müdafiə etməyə və eyni zamanda diplomatik, siyasi yollarla sülh danışıqları aparıb bu problemin tamamilə həll edilməsinə nail olmağa yönəldilib.

Eyni zamanda mən tam razıyam ki, bu məsələlərə Milli Məclisdə də baxılmalıdır, müzakirə olunmalıdır və təkcə Milli Məclisdə yox, respublikamızın bütün siyasi, ictimai qüvvələri ilə müzakirə edilməlidir. Respublikanın bu ağır günündə hamı öz səyini göstərməlidir, biz birlikdə lazımi tədbirlər görməli və onları həyata keçirməliyik.

Tarixi arayış