Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının milli günü münasibətilə Pakistanın Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi ziyafətdə nitqi - Azərbaycan Tarixi Muzeyinin böyük salonu, 23 mart 1996-cı il


Hörmətli cənab səfir, hörmətli xanımlar və cənablar!

Pakistan xalqının, Pakistan Respublikasının milli bayramı, müstəqillik bayramı münasibətilə Pakistan xalqını və buraya toplaşanları səmimi qəlbdən təbrik edir, Pakistan xalqına səadət və xoşbəxtlik arzu edirəm.

Pakistan xalqı çoxəsrlik tarixində 49 il bundan öncə dövlət müstəqilliyini əldə edib və Asiya qitəsinin ən böyük dövlətlərindən biri olaraq Dünya Birliyində özünə layiq yerini tutubdur. Pakistan xalqının böyük tarixi keçmişi dünyaya məlumdur. Onun tarixi keçmişi haqqında Azərbaycanda da ətraflı məlumatlar var və biz Pakistan xalqının əsrlər boyu keçdiyi yolu parlaq bir həyat yolu sayır və bu xalqın tarix boyu əldə etdiyi nailiyyətləri onun özünəməxsus milli, mənəvi ənənələrinə uyğun olan nailiyyətlər kimi qiymətləndiririk.

Pakistan xalqının dövlət müstəqilliyi əldə edəndən sonra qazandığı nailiyyətlər çox böyükdür. Bu müsəlman ölkəsində eyni zamanda demokratik prinsiplər əsasında dövlət quruculuğu prosesi çox sürətlə inkişaf edibdir. Pakistanın iqtisadiyyatında böyük dəyişikliklər müşahidə olunur və xalqın rifahının yüksəldilməsi üçün dövlət tərəfindən çox böyük işlər görülüb və görülməkdədir.

Pakistan öz nailiyyətləri, çoxsaylı əhalisi ilə, böyük ərazisi, təbii sərvətləri ilə Dünya Birliyində layiqli yer tutur. Onun apardığı düzgün, sülhsevər siyasət Asiya qitəsində sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olması üçün çox əhəmiyyətli bir amildir.

Xalqlarımızın - Pakistan xalqının və Azərbaycan xalqının tarixi əlaqələri çox böyükdür. Bizim keçmişimiz və bu günümüz bir-birinə çox bənzərdir. Dinimiz eyni olduğuna görə, bir çox oxşar milli ənənələrimizə görə yaxın olduğumuz üçün və bir regionda məskun olduğumuza görə bu əlaqələr çox sıx olubdur və bu gün daha da sıxdır. Pakistan ilə Azərbaycan Respublikası arasındakı əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndən sonra bu əlaqələr çox sürətlə inkişaf etməkdədir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Pakistan dövləti Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.

Qısa bir müddətdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranması, Azərbaycanda Pakistan dövlətinin səfirliyinin fəaliyyət göstərməsi və buna bənzər bütün başqa amillər ölkələrimiz arasında əlaqələrin sıx olduğunu nümayiş etdirir.

Keçən il Pakistan prezidenti cənab Əhməd xan Leqarinin Azərbaycana rəsmi səfəri zamanı ölkələrimiz arasında çöx mühüm müqavilələr imzalanmışdır və bunlar əməli surətdə həyata keçirilir. Pakistanın baş naziri xanım Bənəzir Bhutto ilə bir neçə görüşümüz olmuşdur. Pakistan prezidentinin Azərbaycana səfəri zamanı olduğu kimi, bu görüşlərdə də dövlətlərimiz, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha sürətlə inkişaf etdirilməsi problemlərini müzakirə etmiş və bu məsələlər barəsində eyni fikirdə olduğumuzu bildirmişik. Hesab edirəm ki, əlaqələrimizin perspektivi çox böyükdür və ona görə də Pakistan prezidentinin dəvətini qəbul edərək bu ölkəyə rəsmi səfərə getmək barədə qərar qəbul etmişəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu rəsmi səfər zamanı danışıqlarımızı davam etdirəcək, yeni müqavilələr imzalayacaq və Pakistan ilə Azərbaycan arasında olan əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni addımlar atacağıq.

Pakistanı bir ölkə, dövlət kimi dünyada tanıtdıran, ona hörmət qazandıran bir çox amillər var. Pakistanın islam ölkəsi olaraq demokratiya yolu ilə getməsi və öz həyatını demokratik prinsiplər əsasında qurması bu prinsiplər əsasında dövlət idarəsini təşkil etməsi çox maraqlı və dünya ictimaiyyəti tərəfindən çox böyük hörmətlə qarşılanan amillərdir.

Pakistan böyük, zəngin ölkədir. Təbii sərvətlərdən istifadə edilməsində Pakistan xalqının çox parlaq gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan Respublikası bu bayram günündə Pakistan xalqına ən xoş arzularını bildirir. Pakistan xalqa xoşbəxtlik, səadət arzulayır, Pakistan dövlətinə, hökumətinə qarşılarında duran vəzifələrin həyata keçirilməsində uğurlar diləyirəm.

Pakistan Respublikasının, Pakistan dövlətinin rəhbərlərinə - prezident Əhməd xan Leqariyə, baş nazir xanım Bənəzir Bhuttoya, bütün Pakistan xalqına hörmət və ehtiramını bildirirəm. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış