Avropa komissiyasının sədri zati-aliləri cənab Romano Prodiyə - 7 may 1999-cu il


Hörmətli Romano Prodi,

Avropa Komissiyasının sədri seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Biz Avropa İttifaqının strukturları ilə əlaqələrin genişlənməsinə və sıx əməkdaşlığa böyük əhəmiyyət veririk.

Əminəm ki, yaxın vaxtlarda qüvvəyə minəcək tərəfdaşlıq və əməkdaşlıq haqqında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında saziş əlaqələrimizin hüquqi bazasını təşkil etməklə onların möhkəm təməl üzərində inkişafını təmin edəcəkdir.

Respublikamıza çoxsaylı humanitar və texniki yardımlarına görə Avropa İttifaqına bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, rəhbərlik etdiyiniz Avropa Komissiyası Azərbaycanın Dünya Birliyi ilə inteqrasiyası proseslərinin güclənməsində, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsində bundan sonra da mühüm rol oynayacaqdır.

Sizə işlərinizdə uğurlar diləyir və ən xoş arzularımı yetirirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.