Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti Emil Konstantinesku ilə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il


Emil Konstantinesku: Hörmətli cənab Prezident Əliyev! Sizi salamlayıram və belə mötəbər məclisdə görüşmək imkanından çox məmnun qaldığımı bildirirəm. Nəzərinizə çatdırıram ki, biz demokratiya yolu ilə irəliləyən və müstəqil siyasət yeridən Azərbaycan Respublikasına böyük maraq göstəririk.

Heydər Əliyev: Hörmətli cənab Konstantinesku, səmimi salamlarınıza görə təşəkkür edirəm. Xatırladıram ki, Rumıniya senatının sədri Petre Roman başda olmaqla parlament nümayəndə heyətinin bu yaxınlarda respublikamıza səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında daha bir addım oldu.

Rumıniya ilə Azərbaycan arasında əməkdaşlığın tarixi çox-çox əvvəlki illərə təsadüf edir. Vaxtilə bizim əlaqələrimiz geniş idi. Azərbaycan neftçiləri Rumıniyanın neft sənayesinin inkişafına yaxından kömək göstərmişlər. İndi respublikamız müstəqillik qazandıqdan sonra hərtərəfli əməkdaşlıq üçün daha yaxşı imkanlar yaranmışdır. Zənnimcə, Xəzərin Azərbaycan sektorundakı yataqlardan çıxarılacaq neftin ixracı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi etməyimiz çox faydalıdır.

Emil Konstantinesku: Cənab Əliyev, bununla əlaqədar bizim müxtəlif layihələrimiz vardır və müvafiq məsləhətləşmələr aparmağı məqsədəuyğun sayıram. Söhbət zamanı iqtisadi əlaqələrlə bağlı digər məsələlərə, o cümlədən Transqafqaz nəqliyyat dəhlizindən istifadənin perspektivlərinə də toxunulması və qeyd olunduğu kimi, qarşılıqlı anlaşmaya gəlməyimiz, nəinki hər iki ölkə üçün, həm də bütövlükdə region üçün çox faydalıdır, çünki hər cəhətdən sərfəli olan bu nəqliyyat dəhlizi Avropanı Mərkəzi Asiya ilə birləşdirən ən qısa yoldur.

Heydər Əliyev: Cənab Konstantinesku, sizin Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması vəziyyəti ilə maraqlandığınıza cavab olaraq bildirirəm ki, uzun müddət davam edən bu münaqişənin kökləri Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindədir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana çox böyük maddi və mənəvi zərər vurulmasına baxmayaraq, biz problemin sülh yolu ilə həllinə çalışırıq. Ancaq bu, ədalətli, beynəlxalq hüquq normalarına əməl edilməklə, ATƏT-in Lissabon Zirvə görüşündə münaqişənin həllinə dair qəbul edilmiş prinsiplər əsasında olmalıdır. Bu baxımdan Minsk qrupunun həmsədrlərinin son təklifləri ümidvericidir və biz böyük sülhə nail olmaq üçün əsas kimi onu qəbul etməyə raziyiq.

Emil Konstantinesku: Biz münaqişənin tezliklə aradan qaldırılmasını arzulayırıq. Rumıniya bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını müdafiə edir. Cənab Əliyev, Sizi Rumıniyaya rəsmi səfərə dəvət edirəm.

Heydər Əliyev: Cənab Konstantinesku, dəvətinizi razılıqla qəbul edirəm və eyni zamanda Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa