Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistanın keçmiş prezidentinin sabiq müşaviri Jirayr Libaridyanı qəbul edərkən söhbətindən - 13 mart 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab Libaridyan, biz sizinlə keçən illərdə Ermənistan - Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün əməkdaşlıq etmişik. Təəssüf ki, məsələni həll edə bilməmişik. Şübhəsiz ki, əməkdaşlığımız azca da olsa irəli getməyə bizə kömək etmir.

Mən şəxsən sizinlə son dəfə Almaniyada görüşmüşdüm. Biz orada sizinlə çox ətraflı söhbət etdik. O mənada ki, biz Ermənistan-Azərbaycan münaqişəsini nə qədər tez həll etsək, münaqişə aradan götürülsə, həm Ermənistan, həm də Azərbaycan üçün bir o qədər faydalı olacaqdır. Çox təəssüf ki, biz buna nail ola bilmədik. Ancaq bu gün də əvvəlki mövqedə dururuq, münaqişənin sülh yolu ilə həll olunmasına üstünlük veririk.

Hesab edirəm ki, əgər süni maneələri aradan qaldıra bilsək, biz bu barədə, bu sahədə, bu istiqamətdə istədiyimizə nail ola bilərik. Münaqişənin başlanmasından 10 ildən çox vaxt keçib, fevral ayında 11 il tamam oldu. Mənə elə gəlir, tarixi nöqteyi-nəzərdən bu, yetərli qədər böyük bir müddətdir, - həm Ermənistan, həm də Azərbaycan tərəfi dərk edə bilsinlər ki, belə vəziyyət daimi davam edə bilməz.

Biz bu gün də münaqişənin tezliklə həll olunmasının, ancaq ədalətli həllinin tərəfdarıyıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır, yerindən-yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdırlar və Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməlidir. Ümid edirəm, biz bundan sonra səylərimizi daha da artırmalıyıq ki, bu məqsədlərə nail olaq.

Mən bilirəm ki, siz bir müddət bundan əvvəl Ermənistanda apardığınız işdən ayrılmısınız, indi Amerika Birləşmiş Ştatlarında daimi yaşayırsınız. Müəyyən qədər kənara çəkiləndən sonra məsələləri daha obyektiv təhlil etməyə imkanınız vardır. Ona görə siz bəlkə də indi daha səmərəli məsləhətlər verə bilərsiniz. Mən bu münasibətlə sizin Azərbaycana gəlmək təşəbbüsünüzü də qiymətləndirirəm. Mənə belə dedilər ki, siz Azərbaycana ilk dəfədir ki, gəlmisiniz. Demək, sizin üçün daha da əhəmiyyətlidir ki, indiyə qədər görmədiyiniz, amma əməkdaşlıq etdiyiniz bir ölkəni hazırda öz gözünüzlə görürsünüz.

Mən sizin bu təşəbbüsünüzü bəyənirəm. Hesab edirəm ki, Azərbaycanda olduğunuz zaman keçmiş həmkarınız Vəfa Quluzadə ilə danışıqlarınızı davam etdirə bilərsiniz və fikir mübadiləsi aparmaq olar.

Jirayr Libaridyan: Cənab prezident, çox sağ olun. Mənim üçün burada olmaq başucalığıdır, məni qəbul etməyiniz çox xoşdur. Siz çox doğru deyirsiniz, mən əvvəlki mövqeyimdən bir il yarımdır ki, çəkilmişəm. Mən Ermənistana altı aylığa işləməyə gəlmişdim. Sonra həmin altı ay dönüb yeddi il oldu. Keçmiş şefim Ter-Petrosyan dedi ki, sən yaxşı tarixçisən, lakin yaxşı riyaziyyatçı deyilsən, mən altı ayın nə vaxt bitdiyini sənə deyəcəyəm. Sonra mən onu inandırmalı oldum ki, yeddi il həqiqətən altı aydan uzun bir müddətdir və geriyə, ailəmin yanına dönməliyəm. Bir halda ki, mən yeddi il işləməyə qadir oldum, işləyə-işləyə ailəm də məni dəstəkləyirdi, bu o deməkdir ki, biz hamımız münaqişənin sülh yolu ilə həll olunması işinə sadiqik.

Mən hazırda sərbəst şəxsəm, Şərq-Qərb İnstitutunun, eləcə də Vaşinqtondakı Areks İnstitutunun nümayəndəsi kimi buradayam. Hazırda kitab yazıram. Həmin kitabı bu il tamamlayacağam. Kitab bu münaqişə haqqında olacaqdır. Mən bu kitabı elə yazmaq istəyirəm ki, orada bütün mövqelər ədalətli göstərilsin. İstəyirəm kitabımda göstərim ki, bu kiçik münaqişə sonra iki adamın, iki millətin, iki xalqın münaqişəsinə, daha sonra regional və hərbi münaqişəyə necə çevrildi.

Mən öz kitabımda eyni zamanda, müxtəlif baxışları da əks etdirmək istəyirəm. Bu kitabımda münaqişənin həll olunması məsələsində müxtəlif metodologiyalardan istifadə edilməsinə də yer vermək istəyirəm. Müxtəlif dövlətlərin vasitəçilik məsələsinə necə qatıldığını və bu vasitəçilikdə onların hansı rolu oynadığını da kitabımda göstərəcəyəm.

Mən elə bilirəm, bu, gözəl fürsətdir ki, fikirləşmək və yazmaq imkanı əldə etmişəm. Elə bilirəm ki, Siz də, mənim dostum Vəfa Quluzadə də bunu çox yaxşı başa düşürsünüz. Hazırda mən sərbəst işləmək imkanı əldə etmişəm.

Sərbəst şəxs olmaq heç də o demək deyildir ki, regiona marağım sönübdür, münaqişə ilə daha maraqlanmıram. Mən imkan ələ düşən kimi bu region, bu münaqişə haqqında oxuyuram, mütaliə edirəm. İmkan düşən kimi, hamı ilə, eləcə də Sizinlə görüşməyə hazıram ki, bu məsələ barədə daha aydın təsəvvürüm olsun, bu münaqişənin fundamental məsələlərini daha dərindən təhlil edə bilim.

Cənab prezident, Siz çox doğru deyirsiniz ki, danışıqlar masası arxasında oturmayanda düşünməyə daha çox imkan var. Elə bilirəm ki, mənim yazdıqlarım münaqişəni daha yaxşı başa düşmək, həll etmək istəyənlərə yardım etmiş olacaqdır.

Qətiyyən şübhəm yoxdur ki, münaqişəyə qatılmış tərəflər bu məsələnin həll olunmasını istəyirlər. Mən elə bilirəm ki, bu münaqişəyə qatılmış bütün vətəndaşların, eləcə də bu regionda yaşayan bütün vətəndaşların, dünyanın bütün vətəndaşlarının haqqı vardır ki, sülh şəraitində və məğrur yaşasınlar. İndi bunu etməyə siyasi iradə lazımdır. Təəssüf ki, işlədiyim yeddi il müddətində bu siyasi iradə bir araya gələ bilmirdi. Elə bilirəm ki, biz indi özümüzdə qüvvə tapıb ümumi siyasi iradəyə gəlməliyik.

Həm də aydındır ki, bu həll kompromislərə əsaslanmalıdır. Elə bilirəm ki, əsas məsələlər - bu məsələ necə həll olunmalıdır, - bu, kənarda qalan suallardır. Mənə o da aydındır ki, - elə bilirəm, bu, çox adama aydındır, lakin təəssüf ki, hamıya aydın deyildir, - biz ümumiyyətlə, məsələyə elə baxmalıyıq ki, Ermənistan xalqı öz qonşuları ilə daimi düşmənçilik vəziyyətində olmasın. Ona görə də elə bilirəm ki, qüvvə tətbiq edilməklə həll ola bilməz, həll yalnız danışıqlar yolu ilə əldə edilməlidir. Bunun da nəticəsi o olacaq ki, qonşuluqda yaşayan xalqlar düşmən olmayacaqlar. Bu ölkələrin qazandıqları müstəqillik onlara imkan verir ki, sülh, regional əməkdaşlıq, dostluq şəraitində yaşasınlar. Eyni zamanda, bu ölkələrin xalqlarına da imkan verir ki, əvvəllər faciəyə gətirmiş hərəkətləri bir daha təkrar etməsinlər.

Mən keçmiş həmkarım, lakin həmişəlik dostum Vəfa Quluzadə ilə olan əməkdaşlığıma böyük hörmətlə yanaşmışam. 1996-cı ilin iyulunda Bonnda Sizinlə görüşümüzü də çox gözəl xatırlayıram. Yadımdadır, çox gec idi. Sizin fikirləriniz, müşahidələriniz, şərtləriniz bizim sonra danışıqları davam etdirməyimizə çox kömək etdi və mən buna böyük hörmətlə yanaşıram.

Hazırda, sərbəst vətəndaş olduqdan sonra mən bütün ölkələrdən olan keçmiş həmkarlarıma deyirəm ki, bu məsələnin həllinə marağım, bu məsələ ilə bağlı narahatlığım heç də azalmayıbdır. Əlbəttə, mən bu prosesə nə isə xələl gətirəcək, yaxud, ona hansı yollasa müdaxilə olacaq bir söz demək istəmirəm. Lakin hesab edirəm ki, nə isə etsəm və ya hansısa bir söz desəm, bu, hamı üçün xeyirli olacaqdır.

Keçən ilin noyabrında məndən, eyni zamanda, azərbaycanlı yazıçılardan da xahiş olunmuşdu ki, məsələyə baxışlar haqqında bir yazı yazılıb ATƏT-ə göndərilsin. Mən həmin işimi davam etdirirəm. Ümid edirəm ki, müzakirələr ritorikaya, qarşıdurmaya əsaslanmayacaq, xoş əhval-ruhiyyədə keçiriləcəkdir. Zənnimcə, məsələni həll etməkdən ötrü digərlərinin mövqeyini anlamaq, onların nöqteyi-nəzərini başa düşmək çox vacibdir və mən də sərbəst bir şəxs kimi bunu etmək istəyirəm.

Mən inanmıram ki, münaqişənin davam etməsində ona qatılmış tərəflərin, xalqların marağı olsun və vaxt kiminsə xeyrinə işləsin. Münaqişəyə qatılmış bütün tərəflər bu və ya başqa cür əziyyət çəkirlər. Münaqişə və müharibələr insanların reallığı, gerçəkliyi dərk etməsinə xələl gətirir. İstəyirəm ki, bu regionda yaşayan hər bir uşağın mənim qızımın malik olduğu imkanları, yaxşı həyatı, oxumaq, təhsil almaq imkanı olsun. Ümumiyyətlə, mənim üçün başlanğıc və son nöqtə həmişə uşaqlar olub, çünki uşaqlar həyatın gələcəyidir. Çox vaxt biz çılğın oluruq. Lakin artıq biz yetkin şəxslərik, bizi dəyişdirmək çətindir. Ancaq uşaqlara yaxşı həyat bəxş etmək olar. Biz uşaqların hamısına həyatda yaxşı imkan verməliyik. Qoy onlar bir-birinə, insanlığa qarşı nifrət hissləri ilə böyüməsinlər.

Bu görüş imkanına görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Elə bilirəm ki, Sizin səyləriniz, eləcə də digərlərinin səyləri və ümumi realist baxış elə bir mexanizmdir ki, o bu münaqişənin həllinə gətirib çıxaracaqdır.

Heydər Əliyev: Mən sevinirəm ki, indi siz də, biz də bu məsələyə eyni fikirlərlə yanaşırıq. Bu da ondan ibarətdir ki, münaqişənin davam etməsi heç kəsə fayda gətirmir və gətirməyəcəkdir. Biz çalışmalıyıq ki, münaqişəni nə qədər mümkündürsə tez həll edək və bölgədə sülh, əmin-amanlıq yaradaq.

Mən bu fikri bir neçə dəfə bəyan etmişəm ki, Azərbaycan heç də Ermənistanla daim düşmənçilik münasibətləri şəraitində yaşamaq istəmir. Güman edirəm, Ermənistan da belə düşünür. Çünki biz özümüzdən asılı olmayaraq, taleyimizə görə bir regionda yaşayırıq və bir-birimizlə qonşuyuq. Heç kəs - nə Ermənistan, nə də Azərbaycan qonşuluğu tərk etməyəcəkdir. Demək, indiyə qədər qonşu yaşadığımız kimi, bundan sonra da əsrlər boyu qonşu yaşayacağıq. Ona görə münasibətlər bərpa olunmalıdır.

Şübhəsiz ki, bu da münaqişənin aradan götürülməsi ilə əlaqədardır. Əminəm ki, əgər biz buna nail ola bilsək, Ermənistanla Azərbaycan arasındakı münasibətlər qısa bir zamanda tam normallaşa bilər və iki müstəqil ölkə bir-biri ilə çox səmərəli əməkdaşlıq edə bilər. Bizim bölgədəki vəziyyət də tam normallaşar. Gəlin siz də, biz də bu yolda çalışaq.

"Azərbaycan" qəzeti, 14 mart 1999-cu il.