Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin çıxışı - Strasburq, 25 yanvar 2001-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli cənab sədr!

Hörmətli cənab Nazirlər Komitəsinin sədri!

Hörmətli cənab baş katib!

Hörmətli mərasim iştirakçıları!

Bu gün Avropa parlamentarizminin mərkəzində - Strasburqda, Avropa Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası, həm də Avropa üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə baş verir - Azərbaycan Avropa ailəsinə qəbul edilir. Bununla da Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da tamlaşması, bütövləşməsi başa çatır.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Azərbaycan yalnız son on ildə deyil, tarixinin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qitə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərq köklərindən ayrılmayaraq, Qərb sivilizasiyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır. Məhz Avropa ilə sıx və məqsədyönlü təmasın nəticəsidir ki, XIX əsrin ortalarından başlayaraq müsəlman Şərqində ilk qəzeti, ilk Avropa tipli məktəbləri, ilk teatrı, ilk yenilikçi ədəbiyyatı və ictimai fikri, nəhayət, demokratik respublika tipli ilk dünyəvi dövləti 1918-ci ildə Azərbaycan xalqı yaratmışdır. Bu gün biz yalnız son bir neçə ildəki siyasi əməkdaşlığımızın deyil, həm də iki əsrlik tarixi təcrübəmizin bəhrəsini görürük.

1991-ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan birmənalı şəkildə Avropaya, onun humanist və demokratik dəyərlərinə inteqrasiya yolunu tutdu. Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq, çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivill cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemini yaratdıq, prezident, parlament və bələdiyyə seçkiləri keçirdik. Bir sıra mühüm siyasi və iqtisadi islahatlar apardıq və aparırıq.

Lakin təəssüflər olsun ki, bütün səylərimizə baxmayaraq, biz Avropa Şurasına üzv olarkən yalnız müsbət dəyişiklikləri və uğurları deyil, müəyyən problemlərimizi də özümüzlə gətiririk. Bu, hər şeydən əvvəl bu gün eyni vaxtda Avropa Şurasına üzv olan Azərbaycanla Ermənistan arasında öz həllini tapmamış Dağlıq Qarabağ problemidir. Bu problemin Azərbaycanda doğurduğu çətinliklər, ilk növbədə isə çoxsaylı qaçqınlar ordusu, ağır iqtisadi və sosial vəziyyət təkcə bizim ölkəmizin deyil, bütün regionun demokratiyaya doğru inkişafını ləngidir, insan haqlarının qorunmasında ciddi maneələr yaradır.

Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə və xalqımıza doğru uzadılan dost əli kimi qiymətləndiririk və ona görə də bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq.

Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalılaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur. Hamınıza minnətdarlığımı bildirirəm.

"Azərbaycan" qəzeti, 26 yanvar 2001-ci il.