Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə qısamüddətli işgüzar səfəri zamanı Ankarada təntənəli qarşılanma mərasimində bəyanatı - 9 yanvar 2000-ci il


Əziz dostum, qardaşım, prezident hörmətli Süleyman Dəmirəl!

Hörmətli mətbuat nümayəndələri!

Mən çox məmnunam ki, bu gün, bayram günü Türkiyədəyəm və dostlarımla, qardaşlarımla bir yerdəyəm. Mən buraya cümhur başkanı, dostum Süleyman Dəmirəlin dəvəti ilə qısa bir müddətli işgüzar səfərə gəlmişəm.

İlk öncə, hörmətli dostum, qardaşım Süleyman Dəmirəl, Sizi, Sizin simanızda bütün Türkiyə xalqını, Türkiyənin vətəndaşlarını həm Yeni il - 2000-ci il münasibətilə, həm də bizim hamımız üçün, müsəlmanlar üçün çox əziz olan Ramazan bayramı münasibətilə təbrik edirəm və Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına sağlıq, xoşbəxtlik, səadət və işlərində uğurlar arzulayıram.

Mənim buraya gəlməyimin məqsədi və məramını dostum, hörmətli cümhur başkanı Süleyman Dəmirəl artıq söylədi. Bu, həqiqətən belədir və bunun da səbəbi ondan ibarətdir ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan əlaqələr yüksək dərəcəli dostluq və qardaşlıq əlaqələridir. Ona görə də biz bir çox məsələlərin - həm dünya, beynəlxalq məsələlərin həll olunmasında, həm bölgəmizdə olan məsələlərin həll olunmasında, başqalarında öz ölkələrimizin, öz dövlətlərimizin siyasətini müəyyən etmək üçün, yaxud da konkret tədbirlərini müəyyən etmək üçün daim məsləhətləşirik, görüşürük. Bu məsləhətlər, bu görüşlər, bu danışıqlar hər iki tərəf üçün fayda veribdir. Mən şəxsən deyə bilərəm ki, bu, Azərbaycan üçün çox faydalıdır və yeddi ilə yaxındır ki, hörmətli dostum, qardaşım Süleyman Dəmirəl Türkiyənin cümhur başkanı olduğu dövrdə mən Azərbaycan prezidenti kimi bu görüşlərdən, bu danışıqlardan, bu məsləhətləşmələrdən həmişə böyük faydalar almışam.

Güman edirəm ki, bu müddətdə də biz bir çox məsələləri müzakirə edəcəyik. Həqiqətən bizim bölgəmizdə olan vəziyyəti müzakirə edəcəyik, ümumiyyətlə, Qafqazda indi yaranmış gərgin vəziyyət haqqında fikir mübadiləsi aparacağıq və ən əsası, - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barəsində fikir mübadiləsi, danışıqlar aparacağıq.

Bilirsiniz ki, bu problem artıq 12 ildir ki, mövcuddur. Beş il bundan öncə Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişi, anlaşması əldə olunubdur. İndi saziş yoxdur, atəşkəs vardır, ancaq sülh də yoxdur. Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı atındadır və bu işğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlılar zorla çıxarılıblar. İndi onların tam əksəriyyəti çadırlarda yaşayır. Bax, burada bu qarı görürəm, soyuğu görürəm. Bilin ki, Azərbaycanda da belədir. Belə bir vəziyyətdə, qışın soyuğunda, yayın istisində, yağışda, yaxud başqa hallarda çadırın içərisində bu qədər yaşamaq çox ağır bir haldır. Amma yaşayırlar, dözürlər və ümid edirlər ki, məsələ sülh yolu ilə həll olunacaqdır. Ümidlərinin də çoxu onunla bağlıdır ki, biz Türkiyə ilə bu barədə daim iş birliyi edirik.

Türkiyə birinci bizim dostumuzdur, bizim üçün ən yaxın ölkədir. Ermənistan - Azərbaycan münaqişəsində Türkiyə həmişə Azərbaycanın haqq işini dəstəkləyibdir, müdafiə edibdir. Bütün beynəlxalq təşkilatlarda, hər yerdə Türkiyə hökuməti, Türkiyənin cümhur başkanı həmişə Ermənistanı Azərbaycana təcavüz etmiş bir dövlət kimi qiymətləndiribdir, bildiribdir və eyni zamanda Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür.

Bilirsiniz ki, bu məsələnin sülh yolu ilə həll olunması ilə ATƏT məşğul olur. ATƏT də bundan ötrü hələ 1992-ci ildə Minsk qrupu yaradıbdır. Bu Minsk qrupunun üzvlərinin biri də Türkiyədir. Bir də ki, bu məsələnin həll olunmasında təkcə ATƏT-in Minsk qrupunun üzvü kimi yox, Türkiyənin iştirakı olmadan bu məsələlər tamamilə həll edilə bilməz. Çünki Ermənistanla Türkiyənin böyük bir sərhədi vardır və Türkiyə Azərbaycanın yaxın dostudur. Qafqazda olan problemlər Türkiyəsiz həll edilə bilməz.

Məsələn, mən İstanbul zirvə görüşündə belə bir təklif irəli sürdüm ki, Cənubi Qafqazda təhlükəsizlik, sülh və əməkdaşlıq paktı yaransın. Bu paktın yaranmasında da mən bir neçə dövlətə müraciət etdim. Birinci növbədə Türkiyəyə. Çünki Türkiyəsiz bunları etmək mümkün deyildir.

Bunların hamısına görə də mən buraya gəlmişəm. Azərbaycan xalqının Türkiyə xalqına salamını, hörmət və ehtiramını gətirmişəm və bütün Azərbaycan xalqı adından Sizi və bütün Türkiyə vətəndaşlarını bu bayram günləri münasibətilə ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı, yeni-yeni uğurlar arzulayıram.