Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşisinda çıxışı - 9 aprel 1994-cü il


Əziz bacılar və qardaşlar, əziz həmvətənlər! Sizi burada, Bərdə şəhərinin mərkəzi meydanında görməkdən çox məmnunam. Hiss etmişəm ki, siz mənimlə görüşmək istəmisiniz. Mən də həmişə arzu etmişəm ki, hər bir Azərbaycan vətəndaşı ilə, o cümlədən bərdəlilərlə, Qarabağ torpağının sakinləri ilə görüşüm. Ona görə də buraya toplaşdığınız üçün sizə təşəkkür edirəm. Sizi ürəkdən salamlayır, hamınıza xoş arzularımı və səmimi duyğularımı çatdırıram.

Səfərimin məqsədi sizə məlumdur. Dünən də, bu gün də bölgədə Azərbaycan Ordusunun hissələrində olmuşam. Əsgərlər və zabitlərlə görüşmüş, onların vəziyyəti ilə tanış olmuşam. Bir sözlə, ordu quruculuğu sahəsində gördüyümüz tədbirlərin həyata keçirilməsinə nəzarət etməyə çalışıram. Bununla əlaqədar bəzi başqa hərbi hissələrə də getmək fikrindəyəm. Eyni zamanda burada olduğum müddətdə yerli camaatla da görüşmək mənim üçün çox xoşdur və bundan çox məmnunam.

Mən buraya gələn kimi bacı-qardaşlarımızdan bir neçəsi müraciət edərək dərd-sərlərini bildirdi. Başa düşürəm ki, hər kəsin dərdi var. Dərdimiz böyükdür, çünki respublikamız altı ildir ki, müharibə vəziyyətindədir, Ermənistan silahlı qüvvələrinin hərbi təçavüzünə məruz qalmışdır. Torpaqlarımızın bir qismi işğal olunmuş, bir milyondan artıq vətəndaşımız qaçqın və köçgün vəziyyətinə düşmüşdür, ağır şəraitdə yaşayır. O cümlədən minlərlə adam burada, Bərdə rayonunun ərazisində sığınacaq taparaq sizin himayəniz altındadır. Şəhidlər vermişik. Mən cəbhə bölgələrində də, Ağcabədidə də, burada da şəhid ailələri ilə rastlaşdım. Əziyyətimiz, dərdimiz çoxdur. Siz məni böyük hörmətlə, çox hərarətlə qarşılayırsınız. Bu, onu göstərir ki, xalqımızın vəziyyəti nə qədər ağır olsa da, həmişə nikbin əhval-ruhiyyə ilə yaşayır, gələcəyə ümidlə baxır. Sizin məni belə gülərüzlə qarşılamağınız da bunu sübut edir. Sağ olun, hamınıza təşəkkür edirəm.

Son illərdə Azərbaycan xalqının verdiyi şəhidləri bir daha yad edərək onların qəhrəmanlığı, ruhu qarşısında baş əyir və sizi, bütün Azərbaycan xalqını əmin edirəm ki, mən də, hər bir Azərbaycan vətəndaşı da şəhidlərin xatirəsini daim qəlbimizdə yaşadacağıq. Allah şəhidlərə rəhmət eləsin, qəbirləri nurla dolsun. Onların qanı yerdə qalmayacaqdır. Onların və respublikamızın müdafiəsində dayanmış əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız qorunur. İşğal olunmuş orpaqlarımız da geri qaytarılacaq, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin ediləcəkdir.

Sizə deyə bilərəm ki, döyüşçülərimizlə, əsgər və zabitlərimizlə görüşlərim mənə yaxşı təəssürat bağışlayır. Onlarda döyüş ruhu, vətənpərvərlik, torpağı qorumaq əhval-ruhiyyəsi yüksəkdir. Çoxları da hərbi peşənin sirlərinə yiyələnmişdir. Gördüklərimə və komandirlərin mənə dediklərinə əsasən güman edirəm ki, son aylarda olduğu kimi, torpaqlarımız bundan sonra da etibarlı şəkildə müdafiə ediləcək, Azərbaycan Respublikasının bir qarış da olsun ərazisi əldən getməyəcəkdir.

Lakin biz bununla kifayətlənə bilmərik. Nə qədər ki, torpaqlarımızın bir hissəsi ermənilərin işğalı altındadır, bacı-qardaşlarımızın böyük bir qismi ev-eşiklərindən,

obalarından didərkin düşərək qaçqın vəziyyətində yaşayır, biz rahat ola bilmərik. Hamımızın, bütün Azərbaycan xalqının yeganə vəzifəsi, borcu zəbt edilmiş torpaqlarımızı geri qaytarmaq, işğalçıları ərazimizdən çıxarmaq, qaçqınları ev-eşiklərinə qaytarmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməkdir.

Başqa vəzifələr də çoxdur. Respublikamız sosial-iqtisadi böhran içərisindədir.

Vətəndaşlarımızın əksəriyyəti ağır maddi şəraitdə yaşayır. Son illərdə sənayedə və kənd təsərrüfatında istehsal aşağı düşmüşdür. Bunlar da bizi narahat edir. Ancaq ən əsas vəzifə bütün çətinliklərə, məşəqqətlərə dözərək torpaqlarımızı müdafiə etmək, işğal olunmuş torpaqları geri qaytarmaqla ərazi bütövlüyümüzü təmin etməkdir. Bunun üçün ordumuza qayğı və diqqət göstərməli, kömək və yardım etməliyik. Orduda xidmət edən övladlarımızın borcu isə həmin əsas vəzifənin yerinə yetirilməsi üçün mərdliklə döyüşməkdir.

Hamımız çalışmalıyıq ki, torpaqlarımızın müdafiəsinin möhkəmləndirilməsinə, ordu quruculuğuna kömək edək, ordunun döyüş qabiliyyətini artıraq, fərariliyin qarşısını alaq. Bu, sizin də, bizim də birgə vəzifəmizdir. Son vaxtlar orduda fərarilik artmışdır. Bu, dözülməz haldır. Fərarilik edənlər xalq qarşısında, Vətən qarşısında xəyanət edirlər. Onlar bilməlidirlər ki, bu, milli mənafeyimizə zərər vuran yoldur. Bizim bir yolumuz var: birləşərək ordumuzu gücləndirək və hamımız əl-ələ verərək torpaqlarımızı azad etməyə nail olaq.

Bu gün sizin qarşınızda çıxış edərkən bir məsədəyə də toxunmaq istəyirəm. Müharibəni biz başlamamışıq. Bu müharibə Azərbaycan xalqına qarşı təcavüz nəticəsində başlanmışdır. Biz onu sona çatdırmaq istəyirik. Çalışırıq ki, buna sülh yolu ilə nail olaq, işğalçılar torpaqlarımızı tərk etsin və beləliklə də xalqımız müharibə şəraitiidən çıxsın. Biz bu istiqamətdə siyasi, diplomatik tədbirlər görmüşük və bundan sonra da görəcəyik. Bunu daha münasib yol sayırıq və bu yolla getməyə çalışırıq. Ancaq erməni təcavüzkarları bu yoldan çəkinirlər. Onlar zahirən sülh tərəfdarı olduqlarını bildirir, eyni zamanda hücumları davam etdirirlər.

Sizə məlumdur ki, son vaxtlar aparılmış danışıqlar nəticəsində fevral ayında Rusiya müdafiə nazirinin iştirakı ilə Azərbaycanın və Ermənistanın müdafiə nazirləri atəşin dayandırılması və sülh danışıqlarına başlanması haqqında saziş imzalamışlar. Ancaq

Ermənistan tərəfi bu sazişi pozdu. Martın əvvəlində ermənilər xüsusən Füzuli rayonu ərazisində güclü hücuma keçdilər. Lakin onlar bir şeyə nail ola bilmədilər.

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənin hücumunu mərdliklə dəf etdilər. Buna baxmayaraq, ermənilər yenə də öz çirkin əməllərindən əl çəkmirlər. Mən hərbi hissələrdən birində olarkən ön xətdəki səngərə getmək istəyirdim. Lakin zabitlərimiz məni ora buraxmayaraq dedilər ki, orada atışma gedir. Bu bir daha onu sübut edir ki, biz atəşin dayandırılmasını, məsələnin sülh yolu ilə başa çatdırılmasını istəsək də, Ermənistan tərəfi buna getmir. Bununla belə, biz yenə sülhsevər siyasətimizi aparacaq və bütün imkanlardan istifadə etməyə çalışacağıq. Bu bizim siyasi-diplomatik vəzifəmizdir. Ancaq bununla yanaşı ordumuzun möhkəmləndirilməsi, onun gücünün artırılması, xalqımızın bu işə kömək göstərməsi əsas vəzifədir. Bu bizim nicatımızdır və gələcəyimiz də bundan asılıdır. Ona görə də bir daha sizin hamınızı orduya daha çox diqqət və qayğı göstərməyə, fərariliklə, ordunun daxilində təxribatçılıqla mübarizə aparmağa çağırıram.

Biz öz taleyimizin sahibiyik. Azərbaycan müstəqil dövlətdir. Bu, tarixi hadisədir. Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır. Mən sizi bu borcu yerinə yetirməyə dəvət edirəm.

Kənd təsərrüfatı işləri ilə də məşğul olmağımız sizə məlumdur. Martın əvvəlində və sonunda Bakıda kənd təsərrüfatı ilə əlaqədar müşavirələr keçirilmişdir. Bərdə rayonu Azərbaycanın kənd təsərrüfatında çox mühüm yer tutur. Sizin rayonun münbit torpağı, böyük potensialı var. Bunlardan səmərəli istifadə etmək lazımdır. Yaz tarla işlərinin aparılması, çiyid səpini, ümumiyyətlə, kənd təsərrüfatı bitkilərinin becərilməsi həm bu günün, həm də gələcəyin vəzifələridir. Dediyim kimi, böhran içərisindəyik. Sənaye və kənd təsərrüfatı istehsalı xeyli aşağı düşmüşdür. Ancaq xalqımız yaşamalıdır. Bundan ötrü isə istehsal, ilk növbədə kənd təsərrüfatı istehsalı artmalıdır. Əhalini yedirdib içirdən, ərzaqla təmin edən kənd təsərrüfatı, kənd əhalisidir. Ona görə də siz öz yaşayışınızı yaxşılaşdırmağa, rayonun, Azərbaycanın iqtisadiyyatını qaldırmağa, respublikanı ərzaqla təmin etməyə çalışmalısınız. Mən sizi buna dəvət edirəm və əminəm ki, bərdəlilər, Azərbaycanın bütün kənd təsərrüfatı zəhmətkeşləri bu il öz sözlərini deyəcək, keçmişdəki ənənələri bərpa edəcəklər və bundan sonra Azərbaycanda kənd təsərrüfatı istehsalı daim artacaq, yüksələcəkdir.

Ölkəmizin bu ağır dövründə xalqımız üçün milli həmrəylik, vətəndaş həmrəyliyi lazımdır. Son beş-altı ildə Azərbaycan xalqı bir çox sınaqlardan çıxmış, əzab-əziyyətlərdən keçmişdir. Bir tərəfdən müharibə, sosial-iqtisadi böhran, digər tərəfdən isə respublikadakı ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət uğrunda bir-biri ilə çəkişməsi son illərdə Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirmişdir. İndi biz sabitliyə doğru gedirik. Respublikada ümumən sabitlik bərqərar olmuşdur. Sabitlik hər bir vətəndaşa lazımdır. Cinayətkarlığa, cürbəcür təxribatçılıq hallarına son qoyulmalıdır. Bu ağır dövrdə xalqımız daha sıx birləşməli, əl-ələ verməli, daxili sabitliyi möhkəmləndirərək xarici düşmənlərlə mübarizəni gücləndirməlidir.

Bildiyiniz kimi, son vaxtlar bu istiqamətdə xeyli iş görülür və bu, öz nəticəsini verir. Bu iş gələcəkdə də davam etdiriləcəkdir. Güman edirəm ki, bərdəlilər də, Qarabağ əhalisi də və bütünlükdə Azərbaycan xalqı da bu yolla getməyi düzgün sayır. Sizin hamınızı milli həmrəyliyə, vətəndaş həmrəyliyinə kömək etməyə çağırıram. Güman edirəm ki, biz belə həmrəyliyə nail olacağıq. Sizin hamınıza daha da dözümlü olmağı məsləhət görürəm. Xalqımız əsrlər boyu çox imtahandan, çox sınaqdan çıxmışdır. Bu, xalqımızın dözümlülüyü, çətinliklərdən səriştə ilə çıxa bilməsi sayəsində mümkün olmuşdur. Xalqımızı böyük gələcək gözləyir. Güman edirəm ki, biz sizinlə birlikdə həmin gələcəyi, gözəl həyatı da, tərəqqi edən müstəqil Azərbaycan dövlətini də görəcəyik. Ona görə də sizi bir daha dözümlü, dəyanətli olmağa çağırıram. Şübhə etmirəm ki, biz birləşərək bütün çətinlikləri aradan qaldıracaq və gələcəyə doğru inamla gedəcəyik.

Sağ olun, xoşbəxt olun!

Tarixi arayış