Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdəki söhbətindən - Tbilisi, Prezident sarayı, 24 yanvar 1998-ci il


Heydər Əliyev: Əziz dostum, qardaşım Eduard Amvrosiyeviç. Sizi anadan olmağınızın 70 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə, gürcü xalqının böyük oğluna qarşıdakı əzəmətli işlərinizdə yeni uğurlar arzulayıram.

Eduard Şevardnadze: Mənim qardaşım, gürcü xalqının böyük dostu Heydər Əliyeviç. Sizi səmimi-qəlbdən, dostcasına salamlayıram. Məni anadan olmağımın 70 illiyi münasibətilə təbrik etmək üçün Tbilisiyə səfərə gəldiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Xalqlarımızın tarixi qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində və Azərbaycan-Gürcüstan əməkdaşlığının durmadan inkişaf etdirilməsində, Heydər Əliyeviç, Sizin müdrik siyasətiniz böyük rol oynamışdır. Onu da vurğulamaq istəyirəm ki, Sizinlə hər bir görüşüm məndə, həmişə xoş duyğular və sevinc hissi oyatmışdır. 1997-ci ilin fevralında Sizin dəvətinizlə Bakıya rəsmi səfərim zamanı mənə göstərilən qonaqpərvərlikdən məmnun qaldığımı bildirirəm.

İki qonşu ölkənin iqtisadi əməkdaşlığının möhkəmləndirilməsində və genişləndirilməsində Azərbaycan neftinin Gurcüstan ərazisindən Qərbə ixracı da şübhəsiz ki, böyük rol oynayacaqdır. Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin dünya bazarına çıxaracaq boru kəmərlərindən birinin Gürcüstan ərazisindən keçməsi barədə qərarın qəbul olunmasına verdiyiniz dəstəyə, diqqət və qayğıya görə, Heydər Əliyeviç, Sizə dərin təşəkkürümü bildirirəm. Sizin bu müdrik və cəsarətli addımınız Gürcüstan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Heydər Əliyev: Əziz dostum Eduard Amvrosiyeviç, səmimi sözlərə görə Sizə, Gürcüstan rəhbərinə minnətdarlığımı bildirirəm. Onu da vurğulamaq istəyirəm ki, 1996-cı ilin martında Tbilisidə və 1997-ci ilin fevralında Bakıda Azərbaycan ilə Gürcüstan arasında imzalanmış böyük əhəmiyyətli sənədlər dövlətlərimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının genişləndirilməsi üçün yaxşı əsas olmuşdur. Nəzərə çatdırmaq istəyirəm ki, ölkələrimiz bir-birinə bənzər eyni problemlərlə qarşılaşmışdır. Azərbaycanda da, Gürcüstanda da hüquqi demokratik dövlət quruculuğu, iqtisadisiyasi dəyişikliklər aparılması, islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində əldə edilmiş uğurları yüksək qiymətləndirirəm. İqtisadiyyat, elm, mədəniyyət sahələrində dövlətlərimizin qarşılıqlı münasibətlərinin daha da canlandırılması gənc, müstəqil dövlətlərimizin suverenliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Eduard Şevardnadze: Biz, Azərbaycan və Gürcüstan dövlətləri beynəlxalq və regional məsələlərin həllində beynəlxalq hüquq normalarını daim əsas tutur, sülh mövqeyindən çıxış edirik. MDB-də, digər beynəlxalq təşkilatlarda hər iki qonşu ölkə prinsipial, birgə mövqe nümayiş etdirirlər.

Heydər Əliyev: Azərbaycan dövləti Gürcüstanda sabitliyin möhkəmləndirilməsinə, orada yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına qayğı ilə yanaşır. Gürcüstanda yaşayan yarım milyondan çox azərbaycanlı keçmiş iqtidarların dövründə böyük sıxıntılara məruz qalmışdı. Hazırda azərbaycanlılar öz tarixi-etnik torpaqlarında kütləvi milli ayrı-seçkilikdən yaxa qurtarmışdır. Biz Qafqazda sülhü, əmin-amanlığı bərpa etmək, sülhyaratma prosesini sürətləndirmək üçün nüfuzlu beynəlxalq təşkilatlarla daha sıx əlaqədə işləyirik.

Eduard Şevardnadze: Heydər Əliyeviç, mənim 70 illik yubileyim mühasibətilə Tbilisiyə səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Mən Sizə hədsiz dərəcədə minnətdaram.

Heydər Əliyev: Biz uzun illərdir Sizinlə sıx münasibətlər saxlayırıq. Uzun tarixə malik dostluğumuz var. Əminət ki, bu dostluq münasibətləri iki qonşu respublikanın, iki qonşu xalqın arasında mehriban və səmimi dostluq əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir.