Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Prezidentinin və Dövlət Katibinin xüsusi müşaviri, səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 16 dekabr 1998-ci il


Heydər Əliyev: Mən sizi salamlayıram. Azərbaycanda sizinlə yenidən görüşməyimdən çox məmnunam. Cənab Morninqstar, biz sizinlə oktyabrın sonunda Türkiyədə, Ankarada görüşmüşdük. Hesab edirəm ki, biz birlikdə əhəmiyyətli iş gördük. Bakı-Ceyhan boru kəməri haqqında Ankara bəyannaməsi o vaxtdan indiyədək dünya ictimaiyyətinin diqqət mərkəzindədir və müzakirə mövzusuna çevrilibdir. Kimsə müzakirə edir, biz isə bu işləri əməli surətdə həyata keçiririk. Ona görə də mən çox məmnunam ki, siz yenidən bizim regionumuza gəlmisiniz və görüşüb danışmağa, gələcək işləri müzakirə etməyə imkanlar vardır.

Riçard Morninqstar: Cənab prezident, çox sağ olun. Səmimi sözlərə görə minnətdarlığımı bildirirəm, mən ABŞ prezidenti Bill Klintonun və vitse-prezident Albert Qorun salamlarını Sizə yetirmək istəyirəm. Mən Ankara bəyannaməsinin əhəmiyyəti barədə Sizin dediyiniz fikirlərlə tam razıyam. Ankara bəyannaməsi oktyabrın 29-da imzalanmışdır. Siz bu sahədə dönüş nöqtəsi yaratmaqda xüsusi, müstəsna rol oynamısınız. Mən inanıram ki, biz o zamandan etibarən müəyyən tərəqqi əldə etmişik. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, Azərbaycan Dövlət Neft Şirkətinin və Türkiyə hökumətinin apardığı birgə iş artıq öz bəhrələrini verməkdədir. Şirkətlər Bakı-Ceyhan layihəsinin arxasında duran siyasi reallıqları artıq duymağa, dərk etməyə başlayırlar. Onlar bu regionun liderlərinin - prezidentlər Süleyman Dəmirəlin, Heydər Əliyevin, Eduard Şevardnadzenin bu işə nə dərəcə ciddi yanaşmalarını da hiss edirlər. Lakin bəzi kommersiya məsələlərinin hər biri işlənilməlidir.

Mənə məlumdur ki, oktyabrın 29-da Ankarada keçirilmiş görüşlərdən sonra Türkiyənin xüsusi nümayəndəsi Azərbaycana gəlmiş, Sizinlə görüşmüş, qiymətlərə münasibətləri haqqında fikirləri Sizə təqdim etmiş, özlərinin və ABƏŞ-in qiymətləri arasındakı fərqi göstərmişdir.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevlə və şirkətin birinci vitse-prezidenti İlham Əliyevlə birlikdə biz bu gün səhər həmin məsələləri müzakirə etmişik. Biz məsələnin müzakirəsinin üçüncü mərhələsinə keçmişik. Bizim və Türkiyənin irəli sürdüyü qiymətlər bir-birinə çox yaxındır. Biz razılığa gəlmişik, ARDNŞ və Türkiyə hökuməti qarşıdakı həftə ərzində şirkətlərlə sıx işləməlidirlər ki, qiymətlər arasında daha çox yaxınlıq olsun. Biz belə düşünürük ki, Türkiyə hökuməti Bakı-Ceyhan layihəsinin həyata keçirilməsi üçün bu cəhətdən lazımi şərait yaradacaqdır və eyni zamanda şirkətlərin narahat olduqları məsələlər haqqında da lazımi qərarlar qəbul ediləcəkdir. Biz ümid edirik ki, Bakı - Ceyhan layihəsinin həyata keçirilməsi üçün tezliklə ümumi razılıq əldə olunacaqdır.

Heydər Əliyev: Söylədiyiniz fikirlərə görə sizə minnətdarlığımı bildirirəm - ABŞ prezidenti cənab Bin Klintonun və vitse-prezident cənab Albert Qorun mənə çatdırdığınız salamlarına görə təşəkkür edirəm. Xüsusilə Milad və Yeni il bayramları qarşısında mənim də salamlarımı və ən xoş arzularımı prezident cənab Bill Klintona və vitseprezident cənab Albert Qora çatdırmağınızı xahiş edirəm. Mən Ankaradan Bakıya dönəndən sonra Bakı–Ceyhan neft kəməri haqqında imzaladığımız bəyannamə ilə əlaqədar olaraq prezident cənab Bill Klintona və vitse-prezident cənab Albert Qora məktublar göndərdim və bir çox mülahizələrimi onlara bildirdim. Bilirsiniz ki, prezident cənab Bill Klinton və vitseprezident cənab Albert Qor vaxtilə bu məsələ ilə əlaqədar mənə məktublar göndərmişdilər. Bakı-Ceyhan boru kəməri haqqında bəyannamənin imzalanıb-imzalanmaması barədə müəyyən qədər narahatlıq var idi. Ötən zaman göstərdi ki, ümumi səylərimiz nəticəsində biz öz istədiyimizə artıq nail olduq. Amma mane olmaq istəyənlər çox idi və bu gün də vardır. Bir daha qeyd edirəm, bu münasibətlə sizin regiona gəlməyiniz və işlərin daha da dərindən müzakirə olunması çox əhəmiyyətlidir.

Bakı-Ceyhan boru kəmərinin qiymətləri haqqında fərq Ankara bəyannaməsi imzalanmazdan əvvəl də bizə məlum idi. Ona görə də bəyannamə imzalanan kimi biz, yəni Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin müvafiq orqanları ilə birlikdə çox böyük işlər gördük. Noyabrın əvvəlində İstanbulda bir görüş keçirildi və məsələlər orada müzakirə olundu. Sonra isə Türkiyənin nümayəndə heyəti Azərbaycana gəldi. Beləliklə, hesab edirəm ki, Bakı-Ceyhan xəttinin qiymətləri ümumi səylər nəticəsində daha da dəqiqləşdirilir. Ancaq mən sızinlə razıyam ki, bu işləri, xüsusən konsorsiuma daxil olan şirkətlərlə davam etdirmək lazımdır.

Bilirsiniz ki, neftin qiymətinin son vaxtlar aşağı düşməsi ilə əlaqədar Xəzər hövzəsindəki ehtiyatlar haqqında da müxtəlif fikirlər dolaşır. Bəziləri hesab edirlər ki, bu imzalanmış müqavilələr artıq həyata keçirilməyəcək, yaxud da Xəzər hövzəsindəki ehtiyatlar indi o qədər böyük əhəmiyyət daşımır. Bir sıra ölkələrdə bəzi dairələr bizim işimizə mane olmaq, Azərbaycanda, ümumiyyətlə, Xəzər hövzəsindəki neft ehtiyatlarının miqdarını həmişə azaltmaq və dünyada başqa bir ictimai fikir yaratmaq üçün əvvəllər də belə fikirlər irəli sürürdülər. Təəssüflər olsun ki, Azərbaycanda müxalifətdə olan bəzi qüvvələr də bu fikirləri yayırlar və hətta buna görə sevinirlər.

Mən dünən ANS televiziyasına baxırdım. Müxalifətdə olan bir şəxs orada çıxış edib yalan məlumatlar verirdi ki, guya neft şirkətlərinin bəziləri artıq buradan çıxıb getmək istəyirlər, bəziləri də guya gəlmək istəmirlər. Mən respublikamıza düşmən olan bəzi ölkələrin xadimlərinin çıxışına oxşar çıxışı Azərbaycanda da gördüm.

Ancaq mən həmin axşam fikirləşdim ki, bunların ya dünyadan xəbəri yoxdur, yaxud da onlar yalan danışmağa öyrəşiblər. İş burasındadır ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ-ın "Frontera pesorses" şirkəti arasında dekabrın 15-də Bakıda yeni bir müqavilə imzalanıbdır. Amerika Birləşmiş Ştatlarının və Avropa ölkələrinin şirkətləri yeni müqavilələrin imzalanması ilə əlaqədar bu gün də bizə müraciətlər edirlər. Şübhəsiz, mən bunu ona görə deyirəm ki, təəssüflər olsun, ölkəmizin daxilində də təxribat xarakterli belə şayiələr yayanlar vardır. Amma bunların heç biri bizim ümumi işimizə mane ola bilməz. Belələri nə qədər çalışdılar ki, Bakı-Ceyhan boru kəməri haqqında sənəd imzalanmasın, ancaq biz onu imzaladıq. Ümid edirəm ki, Ankarada Türkiyə ilə Türkmənistan arasında qazın nəqli barədə imzalanmış saziş də həyata keçiriləcəkdir. Mən bilirəm ki, siz bunda çox maraqlısınız. Demirəm ki, biz maraqlıyıq, amma biz bunu istəyirik.

Bilirsiniz, Xəzər dənizinin tarixinin nə qədər olduğunu heç kəs deyə bilməz. Yer kürəsinin tarixi nə qədərdirsə, Xəzər dənizinin də tarixi o qədərdir. Ancaq XX əsrin sonunda və XXI əsrin əvvəlində Xəzər dənizinin mineral ehtiyatlarında böyük bir inqilab baş verir. Biz də bu inqilabın iştirakçılarıyıq. Hesab edirəm ki, bu inqilab da bütün xalqlar, o cümlədən Azərbaycan xalqı üçün çox böyük bəhrə verəcəkdir. Ancaq biz gərək bunun üçün çox işləyək.

Xəzər dənizinin sektorlara bölünməsinin dünənə qədər əleyhinə çıxan ölkələrin hər biri indi öz sektorunda fəal işə başlayıbdır. Bilirsiniz ki, dekabrın 15-də Tehranda İranın Neft Nazirliyi ilə "Şell" və "Lazmo" şirkətləri arasında bir saziş imzalanıbdır. Bu da onu göstərir ki, heç kəs Xəzər dənizindən uzaqlaşmır, əksinə, hamı Xəzər dənizinə gəlir. Bizim çox böyük perspektivlərimiz vardır. Hesab edirəm ki, biz bunları sizinlə müzakirə edə bilərik.

Riçard Morninqstar: Cənab prezident, məlumat verim ki, mən həmin gün Bakıda mətbuat konfransı keçirdim və Bakı-Ceyhan boru kəməri marşrutuna münasibətimi bildirdim. İnanıram ki, bütün tərəfləri razı salan cavab alınacaqdır. Mənə elə gəlir ki, bu cavabın alınmasından ötrü biz mümkün qədər sürətlə işləməliyik və eyni zamanda bunu təmin etmək üçün bəzi şirkətlərin narazılıqlarını da nəzərə almalıyıq. Mənim fikrimcə, Türkiyə bu məqsədlə lazımi şərtləri təmin etməyə artıq hazırdır və biz bu məsələ ətrafında birgə işləməliyik.

Mən Transxəzər layihəsinə öz münasibətimi bildirmək istəyirəm. Biz Transxəzər layihəsinə Sizin davamlı dəstəyinizə öz hörmətimizi və ehtiramımızı bildirmək istəyirik. Məlumdur ki, Siz siyasi xadim kimi bu regionda müstəsna rol oynayırsımz. Siz Türkmənistanın da iqtisadi inkişafının lazımlığını duyursunuz və ona görə də bu layihəyə dəstək verirsiniz. Hamıya məlumdur ki, bu layihənin tam həyata keçməsi üçün orada Azərbaycan da iştirak etməlidir. Mən Türkiyədə bu məsələ haqqında dünən danışmışam. Cənab Natiq Əliyev bugünkü görüşümüzdə bu məsələni bir daha irəli sürdü. Mən sabah Türkmənistanda olarkən bu məsələni bir daha qaldıracağam. Biz Türkiyəyə və Türkmənistana ciddi surətdə təklif edəcəyik ki, Azərbaycanla iş birliyi yaratsınlar və bu komissiya birlikdə fəaliyyət göstərsin.

Mən "Şell" və "Lazmo" sazişinə aid fikrimi də bildirmək istəyirəm. Biz Sizin narahatlığınızı tam dərk edirik. Mən Vaşinqtona qayıtdıqdan sonra bu, bizim məşğul olacağımız əsas məsələlərdən biri olacaqdır. Biz bu məsələni Vaşinqtonda lazımi səviyyəyə çatdıracağıq.

Sizinlə yenidən görüşməyimə, bir çox mühüm məsələləri müzakirə edib aydınlaşdırdığımıza görə bir daha təşəkkürümü bildirirəm.