Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin «Avropada etno-siyasi münaqişələrin nizama salınmasının hüquqi çərçivəsi» mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşü - Prezident sarayı, 12 yanvar 2002-ci il


Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı dedi ki, Venesiya Komissiyası ilə Azərbaycanın Konstitusiya Məhkəməsi arasında yaxşı əlaqələr mövcuddur. Ölkəmiz artıq Avropa Şurasının üzvüdür. Azərbaycan bu təşkilatlarla öz əlaqələrini dostluq və əməkdaşlıq çərçivəsində inkişaf etdirməkdədir.

Prezident Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunması və görülən digər işlərdən danışaraq, bütün məsələlərdə Avropa dəyərlərinə yaxınlaşmağın vacibliyini qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Bakıda keçirilən seminarın mövzusu çox aktualdır və Azərbaycan üçün vacib məsələdir.

Çünki Azərbaycan neçə illərdir ki, münaqişədən əziyyət çəkir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün imkanlardan istifadə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların çıxardıqları qərarlara məhəl qoymur, münaqişənin həllinə maneələr törədir.

Səmimi qəbul üçün görüş iştirakçıları adından Prezident Heydər Əliyevə təşəkkür edən Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio ölkəmizlə Venesiya Komisssiyası arasında həqiqətən sıx əməkdaşlıq olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra bu əməkdaşlıq daha məhsuldardır. Təmsil etdiyi təşkilatla Azərbaycanın əməkdaşlığını yüksək qiymətləndirən qonaq bu sahədə Prezident Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. Konfransın uğurlu işi barədə məlumat verən cənab Bukikkio dedi ki, Venesiya Komissiyası siyasi təşkilat deyildir.

O, Avropada toplanmış təcrübədən istifadə edərək, münaqişələrin həllinə kömək göstərməyə çalışır. Sonra görüş iştirakçıları çıxış edərək konfrans barədə mülahizələrini söylədilər. Belə bir fikir xüsusi vurğulandı ki, hər hansı bir münaqişənin həllinə beynəlxalq hüquq normaları baxımından yanaşılmalıdır.

Separatizmlə mübarizənin zəruriliyini qeyd edən Prezident Heydər Əliyev bildirdi ki, belə təhlükəli halların qarşısı vaxtında alınmadıqda münaqişəyə gətirib çıxarır. Ölkəmizin başçısı ümidvar olduğunu bildirdi ki, belə konfranslar öz bəhrəsini verəcək və etno-münaqişələrin həlli ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılmasına şərait yaradacaqdır.

Respublikamızın rəhbəri vurğuladı ki, Ermənistan–Azərbaycan münaqişəsinə gəldikdə, burada beynəlxalq hüquq normaları əsas götürülməli, yəni ölkəmizin bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır.