Türkiyə Cümhuriyyətinin Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 16 aprel 1999-cu il


Möhtərəm cənab prezident!

Əzizi dostum və qardaşım!

Dünyanın ən nüfuzlu mükafatlarından olan "Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görülməyimdən hədsiz şərəf və qürur hissi duyuram. Bu mükafat XX əsrin ən böyük tarixi simalarından biri - Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıdığına görə mənim üçün daha qiymətli və əzizidir.

Əslində bu ali təltif Azərbaycanın istiqlaliyyətinə və dövlətçiliyinə verilən yüksək qiymətdir. Bu sülh mükafatı ilk növbədə Azərbaycan dövlətinin sülhsevər siyasəti, Ermənistan - Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə həll olunması uğrunda ardıcıl, gərgin fəaliyyətimizlə bağlıdır və o, müstəqil Azərbaycanda əmin-amanlığın, daxili ictimai-siyasi sabitliyin təmin olunmasında əldə edilən nailiyyətlərə obyektiv münasibətin təzahürü kimi qəbul olunmalıdır.

Azərbaycanın xarici siyasətində və ilk növbədə Qafqazda apardığı strateji kursunda böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipləri gerçəkləşdirilərək daim həyata keçirilir.

Atatürk mükafatı sarsılmaz Türkiyə - Azərbaycan dostluğunun və qardaşlığının parlaq ifadəsi olaraq bizim siyasi - iqtisadi və mədəni əlaqələrimizin daha yüksək mərhələyə çatdırılmasını tələb edir. Əminəm ki, üzümüzə gələn əsrdə Türkiyə - Azərbaycan əlaqələri dünyada gedən iqtisadi inteqrasiya proseslərinə öz layiqli töhfəsini verəcəkdir.

Bu mükafat məni, dövlətimizi, xalqımızı Azərbaycanın müstəqilliyini möhkəmləndirməyə, yaşatmağa, onu əbədi etməyə ruhlandırır.

Atatürk mükafatı ilə mənim fəaliyyətimə verilən yüksək qiymətə, mənə, Azərbaycan xalqına göstərilən qayğı, diqqət və ehtiramınıza görə Sizə, cənab prezident, komitə üzvlərinə hədsiz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Böyük öndər Mustafa Kamal Atatürkün şəxsiyyətinə, onun yüksək amallarına və bəşəriyyətə bəxş etdiyi ən dəyərli miras olan Türkiyə Cümhuriyyətinə dərin məhəbbət, hörmət və ehtiramımı ifadə edirəm.

Əziz dostum!

Sizə, qardaş türk xalına səmimi minnətdarlığımı bildirir, səadət, əmin-amanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.