Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Xarici İşlər nazirinin birinci müavini Osman Faruq Loğoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 20 yanvar 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Hörmətli Loğoğlu, siz Azərbaycanda səfir oldunuz və çox yaxşı işlər gördünüz. Yəqin o vaxtdan ölkəmizə gəlməmisiniz.

Osman Faruq Loğoğlu: Cənab Prezident, üç ildir Azərbaycana gəlməmişəm.

Heydər Əliyev: Üç ildir gəlməmisiniz. Üç ildən sonra gəlmisiniz, güman edirəm ki, sizin üçün də maraqlıdır ki, bu üç ildə Azərbaycanda nə var, nə yox, nə dəyişilib, ya da dəyişilməyibdir. Hesab edirəm ki, dəyişilibdir. Mən sizin səfərinizdən çox məmnun olduğumu bildirirəm.

Təbiidir ki, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri bizim müxtəlif səviyyələrdə daim görüşlərimizin, danışıqlarımızın aparılmasını tələb edir. Buna görə də sizin təşəbbüsünüzü, Azərbaycana gəlişinizi mən bəyənirəm və yüksək qiymətləndirirəm. Xoş gəlmisiniz.

Osman Faruq Loğoğlu: Sayın Cümhurbaşqanım, çox təşəkkür edirəm. Böyük fasilədən sonra təkrar Azərbaycana gəlməyimdən çox məmnunluq və şərəf duyuram. Məni və başçılıq etdiyim nümayəndə heyətini belə bir gündə qəbul etdiyiniz üçün Sizə minnətdarıq. Azərbaycan xalqının dərdinə şərik çıxır, şəhidlərinizi hörmətlə yad edirik, onlara Allahdan rəhmət diləyirik. Bu hüznlü, eyni zamanda qəhrəmanlıq günündə azərbaycanlı qardaşlarımızla birlikdə olduğumuzu bildirmək istəyirəm.

Buraya Türkiyə Xarici İşlər Nazirliyinin xüsusi təmsilçisi kimi gəlmişəm. Türkiyə prezidenti hörmətli Əhməd Necdət Sezərin, Baş nazir Bülənd Ecevitin, Xarici İşlər naziri İsmayıl Cemin Sizə ən səmimi salamlarını, hörmət və sevgilərini çatdırmaq istəyirəm.

Dünən dövlətimizin başçısı Əhməd Necdət Sezər tərəfindən qəbul edildim. O, tezliklə Sizi Türkiyədə görməkdən böyük şərəf duyacağını bildirdi. Bu səbəblə - Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə Türkiyənin təbriklərini Sizə yetirmək istəyirəm. Türkiyədə biz bundan qürur duyuruq. Azərbaycan qarşısına çıxan bütün əngəlləri qısa bir vaxtda aradan qaldırmış, Avropa Şurasının üzvü olmuşdur. Əminik ki, Avropa Şurasında özünə layiq yer tutacaqdır. Türkiyə həmişə ölkənizlə bir olacaqdır. Türkiyə ilə Azərbaycan arasında mövcud olan əlaqələrin əhəmiyyətini bilən və bunun vacibliyinə inanan bir şəxs kimi, bu əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə əminəm. İcazə versəydiniz, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə Türkiyə prezidenti Əhməd Necdət Sezərin göndərdiyi təbrik məktubunu, aprelin 26-27-də türkdilli dövlətlərin İstanbulda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün zatialinizə dəvətini təqdim edərdim.

Hörmətli Prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Sizə xoşbəxtlik diləyir, cansağlığı arzulayırıq.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəla, sizin Azərbaycana səfərinizdən çox məmnunam. Mənim dostlarımın - hörmətli cümhurbaşqanı Əhməd Necdət Sezərin, hörmətli Baş nazir Bülənd Ecevitin və hörmətli Xarici İşlər naziri İsmayıl Cemin mənə yetirdiyiniz salamlarına görə çox məmnunam və təşəkkür edirəm. Xahiş edirəm, mənim salamlarımı, hörmət və ehtiramımı, sayqımı hörmətli cümhurbaşqanı Əhməd Necdət Sezərə, hörmətli Baş nazir Bülənd Ecevitə, hörmətli Xarici İşlər naziri İsmayıl Cemə, bütün dostlarıma - orada mənim dostlarım çoxdur, onların hamısına - çatdırasınız. Güman edirəm ki, bu görüş hər iki tərəf üçün faydalı olacaqdır.

Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar təbriklərinizi və hörmətli Cümhurbaşqanının şəxsi təbrikini mənə təqdim etdiyinizə görə çox məmnunam və bu təbrikə görə çox təşəkkür edirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, biz dörd il Avropa Şurasının üzvlüyünə namizəd - siz buna yedək deyirsiniz - olmuşuq. Bu dörd il müddətində Avropa Şurasına daxil olmaq prosedurlarından keçmişik. Bilirsiniz ki, son 4-5 ayda da bu prosedurlar çox sərt olmuşdur. Biz Avropa Şurasında namizəd kimi fəaliyyətə başlayandan son dəqiqəyə qədər, yəni Azərbaycanın yanvarın 17-də Avropa Şurasına qəbul olunması gününə qədər Türkiyənin, ölkənizin Xarici İşlər Nazirliyinin və Türkiyənin Avropa Şurasındakı təmsilçilərinin dəstəyini, köməyini həmişə hiss etmişik. Birinci növbədə Türkiyə dövlətinə, Xarici İşlər Nazirliyinə arxalanmışıq. Çünki bilirsiniz ki, əngəllər də var idi. Biz hiss edirdik ki, Ermənistanla Azərbaycanın eyni vaxtda Avropa Şurasına üzv qəbul olunması məsələsində ölkəmizə qarşı ədalətsizliklər də var. Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir, təcavüzkardır.  Ermənistanın Avropa Şurasına qəbul olunması üçün Azərbaycanın qarşısına qoyulduğu qədər şərtlər irəli sürülmədi. Yəni biz belə bir gərgin mübarizədən sonra Avropa Şurasına daxil ola bildik.

Ancaq bu mübarizədə də yenə Türkiyə Cümhuriyyəti, onun hökuməti, Xarici İşlər Nazirliyi və Türkiyənin Avropa Şurasındakı təmsilçiləri həmişə bizə yardımçı oldular. Mən bu münasibətlə iki dəfə sizin hörmətli Xarici İşlər naziriniz İsmayıl Cem ilə də danışmışdım. O da Avropa Şurasında bu beynəlxalq təşkilatın rəhbərləri ilə danışmışdır. Ona görə də indi artıq Avropa Şurasının üzvü olaraq, Türkiyənin bu məsələdə də Azərbaycana çox böyük yardım göstərdiyini qeyd edirəm və buna görə təşəkkür edirəm.

Bilirəm ki, biz geniş söhbət aparacağıq. Ancaq indi mətbuatın burada olmasından istifadə edərək onu demək istəyirəm ki, son vaxtlar bəzi ölkələrdə Türkiyənin vaxtilə soyqırımı etməsi haqqında fikirlər irəli sürülür, qərarlar qəbul edilir. Bu, Türkiyəni narahat etdiyi, incitdiyi kimi, bizi də incidir. Mən dünən bizim deputatlarımızı Avropa Şurasına yola salarkən bu mövzuya da toxundum. Dedim ki, bizə dəyən daş Türkiyəyə dəyən daşdır. Türkiyəyə dəyən daş Azərbaycana dəyən daşdır. Ona görə də biz bunu bütün türk dünyasına, o cümlədən Azərbaycana qarşı bir ədalətsizlik kimi qiymətləndiririk. Mən bir neçə dəfə demişəm və bu gün də bəyan etmək istəyirəm ki, Azərbaycan dövləti bütün bu qərarlara etirazını bildirir, onların tamamilə ədalətsiz olduğunu bəyan edir. Bu tarixi biz də az bilmirik, yaxşı bilirik. Bilirik ki, ermənilər türklərə, o cümlədən azərbaycanlılara qarşı soyqırımları ediblər. Amma türklərin ermənilərə qarşı soyqırımı olmayıbdır. Ona görə də mən, fürsətdən istifadə edib, prezident kimi, Azərbaycan dövlətinin bəyanatını bir daha elan edirəm. Güman edirəm ki, bu məsələlər barəsində indi geniş fikir mübadiləsi aparacağıq.