Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya şöhrətli alim, Türkdilli ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti, professor İhsan Doğramacı, həyat yoldaşı Ayser xanım, oğlu Əli bəy və Qazi Universitetinin rektoru Ənvər Həsənoğlu ilə görüşdə söhbəti - Prezident sarayı, 12 may 1998-ci il


İhsan Doğramacı : Anadan olmağınızın 75-ci ildönümündə Sizin yanınızda olmaq bizim üçün böyük şərəf, böyük nailiyyətdir. Biz bu günü bayram edirik və əminəm ki, yetmiş beşincidən sonra, inşaallah, yüzüncü ilinizi də Sizinlə bərabər olacağıq.

Bu gün bizi qəbul etdiyinizə görə yoldaşlarım adından və öz adımdan təşəkkürlərimi ərz edirəm. İzn versəniz, Sizə iki xatirə hadiyyəsi təqdim edəcəyik. Bunun biri çox sadə hədiyyədir - əntiq saatdır. Onun dəyəri köhnə olmasındadır və hələ də işləyir. Bunu qəbul etməyinizi xahiş edirik. Təqdim edəcəyimiz ikinci hədiyyənin mənəvi dəyəri isə çox böyükdür, qiymətlə ölçülməz. Onun üzərində bu sözlər yazılıb: "Böyük və hörmətli dostum Heydər Əliyevə uzun ömür və cansağlığı diləkləri ilə" (Həmin hədiyyə Azərbaycan prezidenti Heydər Əliyevin büstüdür.)

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

İhsan Doğramacı: Ənvər bəyin də bir hədiyyəsi var, onu Sizə təqdim edəcəkdir.

Ənvər Həsənoğlu: Sayın cümhur başkanım, Qazi Universiteti bu gözəl gündə bu paketi Sizə təqdim edir.

İhsan Doğramacı: Əfəndim, bu il Sizin anadan olmağınızın 75 illiyi kimi bütün türk dünyasında təntənə ilə qeyd edilməlidir. Ancaq Sizin təvazökarlığınız bunun Azərbaycanda qeyd edilməsinə imkan vermədi. Biz isə münasib gördüyünüz tarixdə, inşaallah, Türkiyədə, Ankarada qeyd edəcəyik. Eyni zamanda türk dünyasının, xüsusilə Azərbaycan və Türkiyənin ortaq abidəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illiyi var. Bəlkə də iki yubileyi eyni günlərə təyin edərik ki, bir ziyarətinizdə hər ikisində iştirak edəsiniz.

Heydər Əliyev: Çox sağ olun, əziz qardaşım, əziz dostum İhsan Doğramacı, mənim əziz bacım, qardaşlarım!

Mən birinci növbədə, zəhmət çəkib, vaxt itirib xüsusi olaraq Azərbaycana, Bakıya məhz məni təbrik etmək üçün gəldiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Bu, mənim üçün hər şeydən qiymətlidir. Hədiyyələr, yazılar, başqa şeylər bunların arxasında qalır. Əsas - insanın qəlbi və qəlbində olan hisslərdir. Əziz qardaşım İhsan Doğramacı, Sizinlə mənim aramızda çox səmimi dostluq, qardaşlıq əlaqələri yaranıbdır. Mən bunu özüm üçün çox böyük qürur hissi ilə qəbul etmişəm və bununla fəxr edirəm. Çünki Sizin kimi dəyərli bir insan, böyük alimlə, görkəmli ictimai xadim, xalqına, millətinə, türk dünyasına böyük xidmətlər göstərmiş Sizin kimi insanla dost, qardaş olmaq hər bir insana nəsib ola bilməz. Mən bununla çox fəxr edirəm və bunu həyatımda özüm üçün çox böyük nailiyyət hesab edirəm. Bu müddətdə ki, bizim aramızda bilavasitə təmaslar yaranıbdır, biz bu dostluğumuzu, qardaşlığımızı həm nümayiş etdirmişik, həm də bu dostluq, qardaşlıq əlaqələrinin xalqlarımızın, ölkələrimizin, millətlərimizin arasında olan əlaqələrin inkişaf etməsi və genişlənməsi üçün sərf etmişik.

Mən heç vaxt unuda bilmərəm ki, Naxçıvanda yaşayarkən və onun Ali Məclisinin, Muxtar Naxçıvanın başçısı olduğum zaman, Ankaraya gəldiyim vaxt dövlət, hökumət başçıları - mərhum Turqut Özal ilə, əziz dostum Süleyman Dəmirəl və başqaları ilə görüşdüyüm zaman Sizinlə də görüşüm olmuşdu. Mən Sizin evinizdə qonaq olmuşdum, mənə çox böyük məhəbbət göstərmişdiniz. İlk dəfə Sizin evinizdə mən öz xəttimlə yazılar qoymuşdum. Bu, mənim üçün hər şeydən əzizdir. Çünki o vaxt həm Azərbaycan üçün, həm mənim yaşadığım, doğma diyarım olan Naxçıvan üçün, həm də mənim üçün çox ağır, çətin bir dövr idi. Sovetlər İttifaqının dağılması hələ qurtarmamışdı. Azərbaycan öz dövlət müstəqilliyini elan etmişdi, ancaq bu müstəqillik hələ tam tanınmamışdı. Naxçıvan Muxtar Respublikası da, ərazi nöqteyinəzərincə, Azərbaycanın böyük torpağından aralı düşdüyünə, Ermənistan torpaqları ilə əhatə edildiyinə görə bütün kommunikasiya xətlərindən məhrum olmuşdu, ağır şəraitdə yaşayırdı. O günlər ağır günlər idi, amma bizim üçün əziz günlər idi və o görüşlər də mənim üçün çox əzizdir. Ondan sonra biz Sizinlə dəfələrlə Türkiyədə - Ankarada da, İstanbulda da, Azərbaycanda - Bakıda da görüşmüşük.

Mən çox qiymətləndirirəm ki, hər dəfə Türkiyəyə ziyarətim, səfərim zamanı Siz harada olursa-olsun, gəlib məni tapır, mənimlə görüşürsünüz və mənə öz dostluq, qardaşlıq münasibətinizi göstərirsiniz. Mən bunları çox yüksək qiymətləndirirəm. Şübhəsiz ki, bunlar insani əlaqələrdir. Amma bunların böyük mənası var. Mənası da ondan ibarətdir ki, qeyd etdiyim kimi, biz bu əlaqələrimizlə xalqlarımız arasında, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət edirik, yaxud nümunə göstəririk ki, bu əlaqələri nə cür yaratmaq olar, nə cür qaldırmaq, genişləndirmək olar. Bu sahədə Sizin Azərbaycana olan münasibətiniz xüsusi əhəmiyyət kəsb edir. Sizin Azərbaycan xalqı qarşısında böyük xidmətləriniz var. Bu xidmətlər də ondan ibarətdir ki, Siz Azərbaycanı sevir, onu öz diyarınız, öz ölkənizin bir parçası hesab edirsiniz, türk dünyasının bir hissəsi kimi Azərbaycana daim qayğı göstərirsiniz. Təsadüfi deyil ki, Azərbaycanın bir çox görkəmli insanları, sənət adamları - bəstəkarlar, rəssamlar, musiqiçilər, yazıçılar, şairlər bu müddətdə Sizinlə yaxınlaşıblar, dost olublar. Siz onları himayə edir, onlara qayğı göstərirsiniz. Onlar Sizin yaratdığınız universitetdə çalışırlar, fayda verirlər və Sizinlə bir yerdə olmaqdan da çox ilham alırlar.

Ümumiyyətlə, türk dünyası çox görkəmli şəxsiyyətlərlə zəngindir. Biz fəxr edə bilərik ki, xalqımız, türk dünyası, türk xalqları bəşəriyyətə böyük insanlar - böyük alimlər, yazıçılar, şairlər, bəstəkarlar bəxş ediblər. Hörmətli cənab İhsan Doğramacı, Siz XX əsrdə türk dünyasının bəşəriyyətə bəxş etdiyi ən görkəmli insanlardan birisiniz. Siz nadir adamsınız, yəqin ki, bu da sizin anadangəlmə xüsusiyyətinizdir. İnsanlar həyatda təhsillə, işlə, təcrübə ilə çox şeyə nail olurlar. Amma insanın kökündə, əsasında anadangəlmə, Allahdan böyük, fitri istedad verilməyibsə, həyatda əldə etdiyi nailiyyətlər, şübhəsiz ki, uğurlu olar, ancaq o qədər parlaq ola bilməz. Amma insan anadangəlmə, fitri istedada malikdirsə, Allah ona nadir fitri istedad veribsə, bu, onsuz da parlayacaqdır. Ancaq insan öz təhsili, zəhməti, əməyi, işi ilə istedadını inkişaf etdirirsə, daha da parladır və genişləndirirsə, onda belə insan böyük şəxsiyyət olur. Siz məhz belə bir insansınız. Sizin ulu babalarınızdan belə bir irsi keyfiyyətiniz var. Bunu sizə atanız-ananız və Allah bəxş edibdir. Amma Siz özünüz də sizə verilən bu neməti sadəcə, özbaşına buraxmamısınız ki, "atam-anam necə veribdirsə, qoy o cür də olsun". Siz uşaqlıq vaxtınızda da, həddi-büluğa çatdığınız vaxtda da, gəncliyinizdə də və sonrakı fəaliyyətinizdə də daxilinizdə olan istedadı hər saniyə, hər dəqiqə, hər saat, hər gün inkişaf etdirmiş və xalqınıza fayda vermisiniz. Ola bilər bunlar Sizin daxilinizdə qalaydı, nadir insan kimi onsuz da cəmiyyətdə qiymətli ola bilərdiniz. Amma sizin istedadınızın xalqa, cəmiyyətə həsr olunması Türkiyənin təhsil sistemində nə qədər böyük nailiyyətlər yaradıbdır. Türkiyədə məlumdur, mən də bilirəm, bütün dünya da bilir ki, Türkiyədə neçə-neçə xəstəxanaların, uşaq xəstəxanalarının yaradıcısı olmusunuz. Türkiyənin uşaqlarını, cocuqlarını nə qədər ağır xəstəliklərdən xilas etmisiniz. Türkiyədə nə qədər təhsil ocaqları - məktəblər və ali təhsil ocaqları - universitetlər yaratmısınız. Hansı universitetə baxırsan, onun əsasını İhsan Doğramacı qoyubdur. Əsasını qoyubdur, yaradıbdır, sonra başqalarının ixtiyarına verib, gedib yenidən birini yaradıbdır. Bu, nadir bir şeydir. Siz nadir fitri istedada malik olmaqla bərabər, eyni zamanda öz işinizdə nadir xüsusiyyətlərə malik bir adamsınız. Bunlar da hamısı Sizi həm Türkiyədə, həm türk dünyasında, həm islam aləmində, həm də bütün dünyada məşhurlaşdırıbdır.

Bunun Sizin üçün o qədər böyük əhəmiyyəti yoxdur, çünki göylərə qədər yüksəlmiş bir insansınız. Amma bunun bizim xalqlarımız, millətlərimiz üçün çox əhəmiyyəti var. Birincisi, Siz öz fəaliyyətinizlə dünya miqyasında xalqlarımızın probemlərini həll etməyə çalışmısınız, ikincisi də Siz öz şəxsiyyətinizlə dünyaya, başqa millətlərə göstərmisiniz ki, türk nəyə qabildir, nəyə qadirdir. Çünki bəzən, xüsusən Qərb dünyasında belə bir fikir var ki, bu millətlər geridə qalmışlar, onların mədəniyyəti guya o qədər yüksək deyil, yaxud da islam dininə mənsub olan millətlər xristian dininə mənsub millətlərdən geri qalmışlar. Şübhəsiz ki, bu, yanlış fikirdir. Ancaq təəssüf ki, bu yanlış fikri yaradanlar, yayanlar çox olub və çoxları da buna inanıblar. Şübhəsiz, dünya, bəşər bilir ki, Şərq aləmi, islam, türk aləmi dünyaya ən böyük şəxsiyyətlər veribdir, dünya sivilizasiyasına, dünya mədəniyyətinə ən güclü, ən dəyərli töhfələr veribdir. Bunu bizim ulu babalarımız ediblər. Ancaq bunu hər gün etmək lazım idi. Bunu XX əsrdə də etmək lazımdır, XXI əsrdə də etmək lazım olacaqdır. XX əsrdə bu işi görən, bu vəzifəni öz üzərinə götürən insanların ən görkəmlilərindən biri sizsiniz, mənim hörmətli qardaşım. Ona görə də Sizinlə bu dostluğuma xüsusi əhəmiyyət verirəm.

Siz də mənə göstərdiyiniz münasibətlə Azərbaycan xalqına öz münasibətinizi göstərirsiniz. Sizin Azərbaycan xalqını, Azərbaycan dilini, Azərbaycanın mədəniyyətini, tarixini sevdiyinizi gördükcə mən həddindən artıq sevinirəm. Bəzən bizim azərbaycanlılara, lap tarixi, ədəbiyyatı bilənlərə deyirəm ki, siz Azərbaycan dilini, Azərbaycanın tarixini İhsan Doğramacı kimi bilmirsiniz. Azərbaycanda yaşamamış bir adam Azərbaycan dilinin cürbəcür ləhcələrini bilir və o ləhcələrdə danışır, - bunu heç bir azərbaycanlı edə bilməz. Burada naxçıvanlı Naxçıvan ləhcəsi, bakılı Bakı ləhcəsi, lənkəranlı Lənkəran ləhcəsi, gəncəli Gəncə ləhcəsi ilə danışır. Amma İhsan Doğramacı bütün bu ləhcələri bilir. Bilirsiniz, bu, qeyri-adi bir şeydir. Mən bu barədə çox danışa və Sizin haqqınızda saatlarla mühazirələr oxuya, nitqlər söyləyə bilərəm. Bunlar da hamısı mənim daxilimdə olan həm hissiyyatlar, həm Sizin haqqınızda aldığım bilgilər, həm də şəxsi müşahidələrimdir. Heç kəs bunu mənə kənardan gətirməyibdir, tövsiyə etməyib, beynimə doldurmayıbdır, mənim beynimdə sizinlə görüşlərimdən və Sizinlə olan danışıqlarımızdan meydana çıxıbdır. Ona görə də zəhmət çəkib bu münasibətlə Azərbaycana gəlməyiniz mənim üçün çox əzizdir. Siz bu barədə telefonla mənə müraciət edəndə sizə bildirdim ki, 75 illiyi heç bir vəchlə qeyd etmək istəmirəm. Ayın 10-da 75 yaşım tamam oldu, indi 76-nı addımlayıram, - bu günlərdə bir neçə dəfə demişəm, - ancaq indiyə qədər heç vaxt öz doğum günümü qeyd etməmişəm.

Keçmişdə Azərbaycanda ən yüksək vəzifələrdə işləyəndə 50 yaşım tamam olmuşdu, 60 yaşım tamam olanda Moskvada idim, Kremldə otururdum, Sovetlər İttifaqı kimi bir dövlətin ən yüksək zirvəsində duran başçılardan biri idim, çox yüksək vəzifədə idim. O vaxt məni çoxları, dünya təbrik etdi. Təbrik məktubları, teleqramları, ayrı-ayrı hədiyyələr aldım. Ancaq heç bir mərasimə imkan vermədim. Ayın 10-da, 11-də kim gəlib iş otağımda məni bir-iki dəqiqə görə bildisə, bununla da bitdi. Sonra da mən bunları etmək istəmirdim. Xüsusən indi Azərbaycanın həyatı da o qədər sevindirici deyil, çünki torpaqlarımızın bir qismi işğal altındadır, qaçqın vəziyyətində yaşayanlar var. Heç bunlar olmasa da, bu gün Azərbaycan çox xoşbəxt vəziyyətdə olsa da, doğum günümü qeyd etmək - bu, mənim xasiyyətim deyildir. Ancaq Siz mənim sözümə baxmadınız, gəldiniz. Mən sizin zəhmətinizə görə təşəkkür edirəm. Mənim əziz bacıma - Sizin xanımınıza təşəkkür edirəm. Sizinlə gələn dostlarımıza təşəkkür edirəm. İhsan bəy, çox sağ olun.

İhsan Doğramacı: Hörmətli prezidentim, əziz qardaşım Heydər bəy. Bu gözəl, iltifat dolu sözlərinizə cavab vermək, bu iltifatınıza nail ola bilmək üçün görürəm ki, bundan sonra çox danışmaq lazımdır. Yalnız qısaca ərz etmək istəyirəm ki, həyatımdakı bəzi müvəffəqiyyətlərin böyük səbəbi bəxtim olmuşdur. Bu anda ən böyük bəxtim isə Sizin kimi bir şəxsiyyətin təvəccöhünə, yaxınlığına, qardaşlığına layiq olmağımdır. Allah Sizə uzun ömür versin, türk dünyası Sizinlə fəxr etsin.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Qazi Universitetinin başçısına da çox təşəkkür edirəm ki, Siz də zəhmət çəkmisiniz, gəlmisiniz. Mən çox minnətdaram. Qazi Universiteti Türkiyənin görkəmli bir universitetidir, çox hörmətli bir universitetdir. Zəhmət çəkib Azərbaycana gəlməyinizə və məni təbrik etməyinizə görə çox təşəkkür edirəm. Əli bəy indi Bilkənd Universitetinə başçılıq edir. Bilkənd Universiteti - mənim qardaşım İhsan Doğramacının yaratdığı universitet indi dünya şöhrətinə malik olubdur. Əli bəy, sizə də çox təşəkkür edirəm. Əli bəy Kantur Sizin də, mənim də dostumuzdur, Sizinlə bərabər yaxşı işlər görürlər. Xüsusi təşəkkürü mənim əziz bacıma bildirirəm. Çox sağ olun, hörmətli bacım.

İhsan Doğramacı: Əslində, mənim buraya gələcəyimi bilən çoxsaylı dostlarım, çox universitetlərin rektorları - hamısı gəlmək istəyirdi. Dedim ki, Heydər Əliyev yubiley keçirmir. Ona görə də bütün universitetləri rəmzi olaraq Qazi Universiteti təmsil edir. Sizdən qorxmasaydım, çox adam gətirərdim.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.