Gürcüstan parlamentinin xüsusi iclasında Azərbaycan Prezidenti Heydər ‎Əliyevin nitqi‎ - Tbilisi, 8 mart 1996-cı il


Hörmətli Gürcüstan prezidenti cənab Eduard Şevardnadze, hörmətli parlament ‎üzvləri! Sizi Azərbaycan xalqı adından, Azərbaycan Respublikasının vətəndaşları ‎adından səmimi qəlbdən salamlayıram, sizə və sizin simanızda dost, qardaş gürcü ‎xalqına, Gürcüstanın bütün vətəndaşlarına xoş arzularımı bildirirəm. Bu gün ‎müstəqil Gürcüstan parlamentində çıxış etməkdən çox böyük iftixar hissi duyuram ‎və bunu həyatımda əlamətdar bir hadisə hesab edirəm. Gürcüstan ilə Azərbaycan ‎arasında, Gürcü xalqı ilə Azərbaycan xalqı arasında dostluq, qardaşlıq əlaqələrinin ‎çoxəsrlik tarixi var. Biz əsrlər boyu dost, qardaş xalqlar kimi həm xoşbəxt günləri, ‎həm də kədərli günləri, faciəli günləri bir yerdə keçirmişik. Xalqlarımız azadlıq ‎uğrunda, milli azadlıq uğrunda, öz torpaqlarının müdafiəsi uğrunda, müstəqillik ‎uğrunda yadelli qəsbkarlara qarşı əsrlər boyu bir yerdə mübarizə aparıb, döyüşüb, ‎vuruşublar və öz milli mənliyini, öz milli qürurunu daim qoruyublar. ‎

Dostluğumuz, qardaşlığımız böyük sınaqlardan keçibdir. Ötən dövrlərdə ‎əlaqələrimiz daim sıx olubdur və biz bir-birimizə həmişə kömək etmişik, bir-‎birimizə dayaq olmuşuq. Bunların hamısı bizim tariximizdir, bizim keçmişimizdir, ‎xalqlarımızın əldə etdikləri nailiyyətlərdir. Bizim borcumuz, gələcək nəsillərin ‎borcu tarixi keçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, ‎onları qoruyub saxlamaqdan ibarətdir. ‎

Keçmiş dövrlərdə, keçmiş illərdə mən Gürcüstanda, Tbilisi şəhərində dəfələrlə ‎olmuşam, burada keçirilən təntənəli mərasimlərdə iştirak etmişəm. Gürcüstan ‎vətəndaşlarına, gürcü xalqına qəlbimdə, ürəyimdə olan səmimi sözlərimi ‎çatdırmışam və keçmiş dövrlərdə Gürcüstan torpağında olan görüşlərin mənim ‎üçün əziz xatirələrdir. Mən onları yüksək qiymətləndirirəm və heç vaxt ‎unutmayacağam. ‎

Ancaq bu gün mən Gürcüstana Azərbaycan Respublikasının prezidenti kimi ‎gəlmişəm və Gürcüstan da müstəqil dövlətdir, müstəqil respublikadır. Bizim ‎xalqlarımız əsrin əvvəlində də müstəqillik uğrunda mübarizə aparıblar, 1918-ci ‎ildə burada, Tbilisidə ilk dəfə həm Gürcüstan, həm də Azərbaycan xalqları ilk ‎demokratik respublikalarının qurulması haqqında bəyanat veriblər. O vaxt ‎yaranmış müstəqil demokratik respublikalarımız - həm Gürcüstanda, həm də ‎Azərbaycanda çox yaşaya bilmədi. Lakin o tarixi hadisələr bizim xalqlarımızın ‎müstəqil yaşamağa qadir olduğunu dünyaya nümayiş etdirdi. Bu gün mən böyük ‎ehtiram hissi ilə xatırlatmaq istəyirəm ki, ilk Azərbaycan Demokratik Respublikası ‎Azərbaycanın mütərəqqi insanları tərəfindən məhz burada, Gürcüstan torpağında, ‎Tbilisidə 1918-ci il mayın 28-də elan olunmuşdur. ‎

Bu gün, həm Gürcüstan, həm də Azərbaycan müstəqil dövlət kimi yaşadığı və ‎müstəqilliyin ilk addımlarını atdığı bir zamanda mən yenə də buradayam, ‎Gürcüstan torpağındayam, Tbilisi şəhərindəyəm və buradan müstəqil Azərbaycan ‎dövlətinin başçısı kimi, Azərbaycan prezidenti kimi müstəqil Gürcüstan dövlətinin ‎prezidentinə, müstəqil Gürcüstan dövlətinin parlamentinə müraciət edirəm. ‎

Dörd ildir ki, ölkələrimiz öz dövlət müstəqilliyini əldə ediblər. Bu dörd il ‎Gürcüstan üçün də, Azərbaycan üçün də çox ağır, əzab və əziyyətli illər olubdur. ‎Bəzən keçmiş illəri xatırlayarkən çoxları düşünür ki, ötən illərdə sülh şəraitində ‎yaşayırdıq, insanlar firavan yaşayırdı, belə maddi çətinliklər yox idi və bəlkə də ‎keçmiş illəri biz gərək əlimizdən verməyəydik. Doğrudur, keçmişdə Gürcüstanın ‎da, Azərbaycanın da böyük nailiyyətləri olubdur, bizim çox şən bayramlarımız ‎olubdur, biz bayramlarda görüşmüşük. O vaxtlar indiki kimi ağır və çətin ‎problemlər olmayıbdır. Biz bunları unutmamalıyıq. Ancaq eyni zamanda keçmişə ‎nisbətən indi çox fəxr etməyə haqqımız var. Çünki bizim xalqımız üçün ən əziz, ən ‎qiymətli olan milli azadlığı əldə etmişik, dövlət müstəqilliyini əldə etmişik. ‎

Hesab edirəm ki, bu nailiyyətlərə görə biz bütün əzab-əziyyətlərə dözməliyik. ‎Ümidvaram ki, biz bütün çətinliklərə dözərək milli azadlığın və dövlət ‎müstəqilliyinin gözəl nəticələrini görəcəyik və xalqlarımızın daha da firavan ‎həyatının şahidi olacağıq.

Mən bu gün qardaş Gürcüstan parlamentinin qarşısında bəyan edirəm ki, biz ‎Azərbaycanda əldə etdiyimiz milli azadlığı, dövlət müstəqilliyimizi XX əsrin ən ‎yüksək neməti, ən yüksək nailiyyəti hesab edirik. Biz müstəqilliyimizi daimi ‎edəcəyik, əbədi edəcəyik, qoruyub saxlayacağıq və heç vaxt dövlət ‎müstəqilliyimizi əlimizdən verməyəcəyik. ‎

Şübhəsiz ki, müstəqilliyin ilk addımlarını atarkən biz çox çətinliklərlə qarşılaşırıq. ‎Bizim respublikamızda bu çətinlikləri daha da gərginləşdirən, ağırlaşdıran amil ‎Azərbaycanın müharibə şəraitində olmasıdır. Ermənistan Respublikası tərəfindən ‎Azərbaycana hərbi təcavüz edilməsidir. Mən böyük təəssüf hissi ilə deyirəm ki, ‎uzun illər ərzində - on illərlə, yüz illərlə dostluq və mehribanlıq şəraitində ‎yaşadığımız Qafqazda xüsusən Zaqafqaziyada dostluq və mehribanlıq şəraitində ‎yaşadığımız Ermənistanla Azərbaycan arasında olan münasibətlər səkkiz il bundan ‎öncə pozulub, Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz edilib və bunlar ‎da çox ağır nəticələr veribdir. Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz ‎nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulub, torpaqlarının 20 ‎faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, işğal edilmiş torpaqlardan bir ‎milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır, onlar Azərbaycanın başqa ‎bölgələrində ağır şəraitdə yaşayırlar, əksəriyyəti neçə illərdir çadırlarda yaşayır. ‎Müharibə nəticəsində on minlərlə vətəndaşımız həlak olub, şəhid olubdur. ‎Azərbaycan xalqının işğal olunmuş torpaqlardakı varidatı, əmlakı viran edilib, ‎dağıdılıb, yandırılıbdır. Bunların hamısı bizə qarşı edilən hərbi təcavüzün və ‎Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ problemi ilə əlaqədar olan ‎münaqişənin acı nəticələridir. ‎

Mən hesab etmirəm ki, bu təcavüz və bu münaqişə Ermənistana çox böyük xeyir ‎gətiribdir. Məlumdur ki, Ermənistan da bu hərbi əməliyyatları apararkən insanlar ‎itirib, Ermənistanın iqtisadiyyatı pozulub, Ermənistan çox böyük çətinliklərlə ‎qarşılaşıbdır. Bunlar bu günün reallığıdır. Azərbaycan sülhsevər ölkədir, ‎Azərbaycan xalıq sülhsevər xalqdır. Biz müharibə istəmirik. Müharibəni də biz ‎başlamamışıq. Müharibə Azərbaycanın Dağlıq Qarabağ regionunu ələ keçirmək ‎üçün Ermənistan tərəfindən başlanıbdır. Dağlıq Qarabağ və onun ətrafında olan ‎ərazilər erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Amma bu, müvəqqəti ‎haldır. Biz heç vaxt ərazimizin bütövlüyünün pozulmasına razı olmayacağıq və heç ‎vaxt da Dağlıq Qarabağı bəzi erməni millətçilərinin arzuladığı kimi Ermənistan ‎dövlətinə birləşdirə bilməyəcəklər. ‎

Dünyada hökm sürən beynəlxalq hüquq normaları bir ölkə tərəfindən digər ölkənin ‎ərazisini zəbt etməyə imkan verməyib və verməyəcəkdir. Mən əminəm ki, ‎Azərbaycan Respublikasının işğal olunmuş torpaqları azad ediləcək. Azərbaycanın ‎ərazi bütövlüyü təmin olunacaq. Azərbaycan Respublikasının pozulmuş sərhədləri ‎bərpa ediləcəkdir. Ancaq biz buna artıq müharibə yolu ilə nail olmaq istəmirik. Biz ‎sülh istəyirik. Biz hər bir təcavüzün, hər bir separatizmin, hər cür güc ‎işlədilmısinin əleyhinəyik. Bu prinsipləri əsas tutaraq biz 1994-cü ilin may ayında ‎Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş ‎imzalamışıq və 21 aydır ki, atəşkəs rejiminə sadiq qalırıq. Mən bu gün bəyan ‎edirəm ki, biz Ermənistanla Azərbaycan arasında müharibəyə son qoyulması üçün, ‎böyük sülhün yaranması üçün atəşkəs rejiminə bundan sonra da riayət edəcəyik və ‎bizim tərəfimizdən hərbi əməliyyatlar baş verməyəcəkdir. ‎

Eyni zamanda Ermənistan tərəfi də bilməlidir ki, bu müharibə onlar üçün heç vaxt ‎istənilən nəticəni verməyəcəkdir və bir daha qeyd edirəm, heç vaxt biz öz ərazimizi ‎başqa ölkəyə verməyəcəyik. Ona görə də sülh danışıqları aparılmalıdır və bu ‎münaqişə sülh yolu ilə aradan qaldırılmalıdır. Biz bu sahədə çox ciddi fəaliyyət ‎göstəririk. ATƏT-in Minsk qrupu və xüsusən onun tərkibindəki ölkələr vasitəçilik ‎edirlər. Biz Ermənistanla da birbaşa danışıqlar aparırıq və böyük sülhün əldə ‎olunması üçün öz tərəfimizdən əlimizdən gələni edirik. Bunun üçün bizim sadə ‎şərtlərimiz var: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, işğal olunmuş ‎ərazilərdən silahlı qüvvələr çıxmalıdır, yerindən-yurdundan didərgin düşmüş ‎azərbaycanlılar öz evlərinə, obalarına qayıtmalıdırlar. Azərbaycanın sərhədləri ‎bərpa olunmalıdır. Belə olan halda biz Dağlıq Qarabağda yaşayan ermənilərin - ‎Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına və Dağlıq ‎Qarabağa yüksək status verilməsinə zəmanət veririk. ‎

Biz bu şərtlərlə danışıqlar aparırıq və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu ‎şərtlər əsasında böyük dövlətlərin, ATƏT-in, ATƏT-in Minsk qrupunun köməyi ilə ‎xüsusən Rusiya kimi böyük dövlətin, Amerika Birləşmiş Ştatları kimi böyük ‎dövlətin və başqa böyük dövlətlərin köməyilə bu məsələnin sülh yolu ilə həll ‎edilməsinə nail olacağıq. ‎

Biz Azərbaycanda bilirik ki, buna bənzər problemlər Gürcüstanda da mövcuddur. ‎Gürcüstanın da ərazi bütövlüyü pozulubdur. Gürcüstanda da hərbi münaqişə var və ‎separatçı qüvvələr ölkə ərazisinin bir qismini Gürcüstandan ayırmaq istəyirlər. Biz ‎bu cür hərəkətləri, meylləri, cəhdləri daim pisləmişik və pisləyirik. Qeyd etdiyim ‎kimi, biz separatzimin əleyhinəyik və bu gün də separatizmin əleyhinə çıxırıq. ‎Terrorizmin əleyhinəyik və bu gün də terrorizmin əleyhinə çıxırıq. Mən ümidvar ‎olduğumu bildirmək istəyirəm ki, Gürcüstan dövlətinin və gürcü xalqının sülhsevər ‎siyasəti və onun öz ərazi bütövlüyünün bərpa edilməsi üçün apardığı siyasət, ‎göstərdiyi cəhdlər nəticə verəcək və biz vahid, bütöv Gürcüstanın bu bəlalardan ‎xilas olmasını təbrik edəcəyik, alğışlayacağıq. ‎

Bu il yanvarın 19-da Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının Moskvadakı ‎görüşündə Gürcüstanın Abxaziya ilə əlaqədar məsələsi müzakirə edilərkən, ‎Gürcüstan prezidenti hörmətli cənab Şevardnadzenin təklifi müzakirə olunarkən ‎Azərbaycan, onun prezidenti - mən Heydər Əliyev birinci olaraq Gürcüstanın ‎mövqeyini və təkliflərini müdafiə etdim və Gürcüstanın təkliflərinin həyata ‎keçirilməsi üçün səy göstərdim. Bu, tamamilə təbiidir, çünki Azərbaycanın da öz ‎ərazi bütövlüyü uğrunda apardığı mübarizə, Gürcüstanın da öz ərazi bütövlüyü ‎uğrunda apardığı mübarizə ədalətli işdir, ədalətli mübarizədir, haqq işidir və haqq ‎işinə, ədalət işinə biz, Azərbaycan xalqı həmişə tərəfdar olmuşuq və bundan sonra ‎da tərəfdar olacağıq. ‎

Əziz dostlar, gördüyünüz kimi, dörd ildir ki, müstəqilik şəraitində yaşayırıq, amma ‎nə qədər ağır problemlərlə rastlaşmışıq. Problemlər də bir-birinə bənzərdir, bir-‎birinə oxşayır, yəni dərdimiz birdir, ağır dərddir, çətin dərddir. Amma mən ‎inanıram ki, biz bu dərdlərdən xilas olacağıq. İnanıram ki, gürcü xalqı da, ‎Azərbaycan xalqı da xoşbəxt gələcəyə çıxacaqdır. İnanıram ki, müstəqil Gürcüstan ‎və müstəqil Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşayacaqlar və ‎xoşbəxt gələcəyə nail olacaqlar. ‎

Bunun üçün biz çalışırıq ki, Gürcüstan ilə Azərbaycan arasında olan dostluq ‎əlaqələrini daha da möhkəmləndirək, daha da inkişaf etdirək. Məhz buna görə mən ‎dostum cənab Şevardnadzenin dəvətini qəbul edib Gürcüstana rəsmi səfərə ‎gəlmişəm. Məhz buna görə mən bu gün sizinlə, Gürcüstan parlamenti ilə görüşə ‎gəlmişəm. Hesab edirəm ki, indiyədək gördüyümüz işlərə əlavə olaraq bu səfər ‎ərəfəsində bir çox işlər görmüşük və o işlərin də nəticələri bu gün imzalanmış çox ‎əhəmiyyətli sənədlərdə öz əksini tapıbdır. ‎

Bu gün biz Gürcüstan ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq ‎və təhlükəsizlik haqqında böyük bir müqavilə imzaladıq. İlk dəfə olaraq ‎Azərbaycan Respublikasının prezidenti və Gürcüstan prezidenti Qafqazda sülh, ‎təhlükəsizlik və əməkdaşlıq haqqında çox dəyərli bir bəyannamə imzaladılar. Bu ‎iki tarixi sənəd bir-birini tamamlayan sənədlərdir, ikisi birlikdə böyük bir ‎kompleks təçkil edir. Əgər brinci sənəd yalnız Gürcüstanla Azərbaycan ‎Respublikası arasında olan əlaqələrin hüquqi əsasını yaradır və inkişaf etdirirsə, ‎ikinci sənəd Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün böyük yollar açır. ‎Mən əminəm ki, cənab Şevardnadzenin və mənim imzaladığımız bu bəyanaməyə ‎Qafqazın sülhsevər qüvvələri, sülhsevər dövlətləri, respublikaları da qoşulacaqlar ‎və bu, Qafqazda sülh, əmin-amanlıq yaratmaq üçün yaxşı bir əsas olacaqdır. ‎

Azərbaycanda bundan sonra çıxarılacaq neftin Qara dənizə nəql olunması üçün ‎neft kəmərinin Gürcüstan ərazisindən çəkilməsi haqqında bu gün Gürcüstan ilə ‎Azərbaycan Respublikası arasında bir neçə çox mühüm, dəyərli sənəd imzalandı. ‎Azərbaycan neftinin iki marşrut ilə - şimaldan Rusiya ərazisi ilə və qərbdən ‎Gürcüstan ərazisi ilə Qara dəniz sahilinə ixrac olunması haqqında qəbul edilmiş ‎qərar Azərbaycan Respublikasının Gürcüstan ilə dostluq və qardaşlıq əlaqələrini ‎geniş nümayiş etdirən bir amildir. Biz bu qərarı qəbul edərkən üzərimizə böyük ‎məsuliyyət götürmüşük və bu məsuliyyətin ağırlığını da dərk edirik. Lakin bu ‎qərarı qəbul edərkən həm cəsarət nümayiş etdirmişik, həm də Qafqazda Gürcüstan ‎ilə Azərbaycan Respublikası arasında dostluğun, qardaşlığın daha da möhkəm ‎olması üçün dəyərli bir addım atmışıq. Mən ümidvaram ki, bizim bu qərarımız ‎böyük gələcək işlərin başlanğıcıdır. ‎

Bilirsiniz ki, Azərbaycanda 1994-cü ilin sentyabrında imzalanmış neft müqaviləsi ‎‎30 il müddətində bağlanıbdır. Ancaq hesab edirəm ki, 30 il də son hədd deyildir. ‎Azərbaycanın çox bol, zəngin neft yataqları var, onların istismar olunması və onun ‎bir hissəsinin Gürcüstan ərazisindən ixrac edilməsi bundan sonra nəinki illər, hətta ‎on illər ərzində davam edəcəkdir və bu da bizim aramızda olan dostluq, qardaşlıq, ‎əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəkdir. ‎

Deyiləsi sözlərim çoxdur. Lakin vaxtınızı çox almaq istəmirəm, çünki məsələlərin ‎çoxunu siz özünüz bilirsiniz. Mən yalnız bir-iki məsələnin üzərində dayandım. ‎Ancaq bir neçə kəlmə də Azərbaycanda indiki vəziyyət barədə demək istəyirəm. ‎

Qeyd etdim ki, Azərbaycan dörd ildir müstəqil dövlət kimi yaşayır. Biz ‎Azərbaycanda müstəqil, demokartik, hüquqi, sivilizasiyalı dövlət qururuq. Bu, ‎strateji yolumuzdur və biz bu yoldan heç vaxt dönməyəcəyik. Həyatımızın bütün ‎sahələrində demokartiyanın inkişafı üçün lazımi tədbirlər görürük. Azərbaycanda ‎siyasi plüralizm, din azadlığı, vicdan azadlığı - insanların bütün azadlıqları təmin ‎olunur və təmin olunacaqdır. Azərbaycan çoxmillətli ölkədir və biz buna görə ‎iftixar hissi duyuruq. Bunu müsbət bir hal hesab edirik. Azərbaycanda yaşayan ‎bütün vətəndaşlar dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bərabər ‎hüquqlara malikdirlər və Azərbaycan onların hamısı üçün doğma vətəndir. ‎

Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir. Biz aqrar sektorda ‎və iqtisadiyyatın bütün sahələrində islahatlar aparırıq. Mülkiyyətin ‎özəlləşdirilməsini bazar iqtisadiyyatına böyük bir yol kimi qəbul etmişik. Biz ‎iqtisadiyyatı bu yolla aparacağıq və iqtisadiyyatımızda, ictimai-siyasi həyatımızda ‎demokratiya yolu ilə gedəcəyik. Keçmiş sosialist rejiminə Azərbaycanda daha yol ‎yoxdur. Azərbaycan xalqının yolu demokratiya yoludur, bazar iqtisadiyyatı ‎yoludur, dövlət müstəqilliyi yoludur. ‎

Bu prinsiplər əsasında biz 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə ‎müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişik. Noyabrın ‎‎12-də müstəqil Azərbaycan Mili Məclisini ilk dəfə çoxpartiyalı sistem əsasında, ‎demokratik prinsiplər əsasında seçmişik. ‎

‎1988-ci ildən sonra Azərbaycanın həyatında Ermənistanın təcavüzü ilə yanaşı, ‎daxildə də çox mürəkkəb proseslər gedibdir. Azərbaycan xalqının başına gəlmiş ‎bəlalardan ən faciəlisi 1990-cı il yanvarın 20-də xalqımıza qarşı sovet ordusu ‎tərəfindən edilmiş hərbi təcavüzdür və baş vermiş faciədir. Erməni silahlı ‎qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində, dediyim kimi, çox şəhidlər, çox ‎qurbanlar olubdur. Ancaq dörd il bundan öncə, 1992-ci il fevralın 26-da Qarabağda ‎Xocalı adlı böyük bir yaşayış məntəqəsində Azərbaycan xalqına qarşı soyqrımı ‎törədilib və yüzlərlə, minlərlə azərbaycanlı qadın, qoca, körpə, günahsız insan ‎vəhşicəsinə öldürülübdür. ‎

Bu faciəli hallarla yanaşı, Azərbaycanın daxilində cürbəcür qüvvələr, cürbəcür ‎qruplar hakimiyyət uğrunda mübarizə apararaq ictimai-siyasi vəziyyətin sabitliyini ‎pozmuş və uzun illər Azərbaycanın daxilində vəziyyət çox gərgin olmuşdur. 1993-‎cü ilin ortalarında - iyun ayında Azərbaycanda vətəndaş müharibəsi baş vermiş, ‎Azərbaycanda dövlət böhranı meydana gəlmiş və Azərbaycan böyük bir fəlakət ‎qarşısında durmuşdu. Respublikanın ziyalıları, ağsaqqalları, hörmətli adamları ‎məni Bakıya dəvət etdilər və o vaxtdan mən yenə də Azərbaycandayam, ‎Bakıdayam. ‎

Ötən iki il yarım müddətində Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin ‎sabitləşdirilməsi üçün çox tədbirlər görülübdür. Bir neçə dəfə dövlət çevrilişi ‎cəhdləri olmuşdur. Bunların qarşısını biz xalqın gücü ilə, xalqın milli həmrəyliyi ‎ilə ala bildik və indi artıq Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitdir. ‎Doğrudur, bu cinayətkarların, terrorçuların bir hissəsi qaçıb xarici ölkələrdə, o ‎cümlədən Moskva şəhərində gizlənir. Ancaq artıq bütün dünya da bilir və ‎Azərbaycan xalqı da bilir ki, Azərbaycanda daxili ictimai-siyasi sabitliyi pozmaq ‎mümkün deyildir, Azərbaycan xalqı həmrəydir, yekdildir və Azərbaycanın ‎dövlətçiliyini, Azərbaycanın müstəqilliyini əzmlə qoruyur. ‎

Bu proseslər sizin ölkənizdə də olubdur. Siz bunlarla tanışsınız. Ona görə də siz ‎bizim vəziyyətimizi başqalarından daha yaxşı başa düşə bilərsiniz. Biz sizin ölkədə ‎bu proseslər gedəndə həmişə narahatlıq hissi keçirmişik və bilirəm ki, sizin ölkə ‎də, gürcü xalqı da Azərbaycanın daxilində bu ağır proseslər gedən zaman narahat ‎olmuşdur. Əminəm ki, bundan sonra Gürcüstanda da, Azərbaycanda da ictimai-‎siyasi sabitlik davam edəcək və biz də, siz də əl-ələ verib bu sabitliyi qoruyacağıq. ‎

Gürcüstanda bizi cəlb edən cəhətlərdən biri də odur ki, ölkədə azərbaycanlı ‎millətinə mənsub olan yüz minlərlə vətəndaşınız yaşayır. Gürcüstanda olan ‎azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onlar eyni zamanda bizim ‎soydaşlarımızdır, doğma bacı və qardaşlarımızdır. Mən çox məmnunam ki, ‎Gürcüstanda yaşayan azərbaycanlılar gürcü xalqı ilə Azərbaycan xalqı arasında ‎olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün çalışırlar və bu əlaqələr ‎üçün böyük bir körpüdürlər. ‎

Gürcüstan parlamentinə ilk dəfə bir qrup azərbaycanlının - Gürcüstan ‎vətəndaşlarının seçilməsi Azərbaycanda çox müsbət hadisə kimi qarşılandı və mən ‎böyük məmnuniyyət hissi ilə bunu Gürcüstanda demokratiyanın mövcud ‎olduğunun və inkişaf etdiyinin təzahürü kimi qiymətləndirirəm. Ümidvaram ki, ‎Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra Gürcüstanın ictimai-siyasi ‎həyatında daha fəal iştirak edəcək, Gürcüstanın müstəqiliyinin qorunmasına səy ‎göstərəcək və vahid Gürcüstanın möhkəmlənməsi üçün Gürcüstan dövlətinin ‎dayağı olacaqlar. ‎

Əziz dostlar, əziz qardaşlar, mən hələ sabah da burada olacağam. Cənab ‎Şevardnadze ilə bizim danışıqlarımız davam edəcəkdir. Ümidvaram ki, bizim bu ‎görüşlərimiz, danışıqlarımız Gürcüstan ilə Azərbaycan Respublikası arasında olan ‎dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir. ‎

Gürcü xalqına, Gürcüstana əmin-amanlıq və qarşıda duran bütün vəzifələrin həyata ‎keçirilməsində uğurlar diləyirəm. Ümidvaram ki, Gürcüstan parlamenti ilə ‎Azərbaycan Respublikasının parlamenti arasında yaranmış dostluq əlaqələri ‎bundan sonra inkişaf edəcək və parlamentlər də bizim ölkələrin prezidemtlərinə bu ‎dostluğun, bu qardaşlığın inkişaf etməsi üçün öz səylərini göstərəcəklər. ‎

Sizin hamınıza öz hörmətimi, məhəbbətimi, sevgimi bildirirəm. Bütün gürcü ‎xalqına, Gürcüstan vətəndaşlarına hörmətimi və məhəbbətimi bildirirəm. Sağ olun. ‎