Riçard Matske: Cənab prezident, həqiqətən uzun müddətdir ki, Sizinlə görüşmürük. Elə ona görə də qərara aldım ki, buraya gəlim və Sizə olan dərin ehtiramımı bir daha bildirim, Sizə cansağlığı arzulayım. Elə bilirəm ki, Siz çox yaxşı müalicə olunmusunuz və indi əvvəlkindən daha gümrah görünürsünüz.
Heydər Əliyev: Mənim xəstəliyim böyük xəstəlik deyildi ki, elə müalicə olunum. Sadəcə, iki həftə xəstəxanada oldum ki, məni müayinə etsinlər. Qripdən sonra bədənimə bir balaca infeksiya yayılmışdı, onu müalicə etmək lazım idi. Bunların hamısını etdilər, özü də çox yaxşı etdilər.
Riçard Matske: Siz o qədər gərgin işləyirsiniz ki, həqiqətən arada fasilə lazım idi.
Heydər Əliyev: Burada işlədiyim dövrdə, son on ildə heç vaxt istirahət etməmişəm, ona görə də bəlkə lazım idi ki, bir balaca istirahət edim.
Riçard Matske: Dincəlmək hamı üçün yaxşı dərmandır, ona görə də belə yaxşı görünürsünüz.
Heydər Əliyev: Qazaxıstandan "Tengiz" neftinin Xəzər dənizi - Azərbaycan-Gürcüstan üzərindən ixracı barəsində indiyə qədər sizin bütün arzularınızı, xahişlərinizi yerinə yetirmişik. Ancaq neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar sizin tərəfdən müraciət edilmişdi və bizim neft şirkəti, Nazirlər Kabineti tariflərin müəyyən qədər qaydaya salınması ilə məşğul olmuşdular. Mənə dedilər ki, siz artıq fevralın 1-dən bu marşrutla neft ixrac etmirsiniz.
Sizin "Kaspian transko" müraciət etmişdi, mən Nazirlər Kabinetinə göstəriş vermişdim ki, məşğul olsunlar. Bu gün mənə məlumat verdilər ki, yeni tarifləri müəyyən ediblər və razılaşdırıblar. Gürcüstan da yeni tarifləri müəyyən etməlidir. Yəni biz bu barədə yenə də sizə yardım etmişik və bundan sonra yardım etməyə hazırıq.
Riçard Matske: Məhz bunun nəticəsində mən buraya gəlmişəm ki, əməkdaşlığa və yaratdığınız şəraitə görə Sizə minnətdarlığımı bildirim. Bir neçə gündən sonra Qazaxıstan nefti Xəzər nəqliyyat sistemi ilə axmağa başlayacaqdır.
Heydər Əliyev: Əgər istəyirsiniz - axsın, istəmirsinizsə axmasın. Bu, sizin üçün lazımdır. Onsuz da bizsiz işiniz keçməyəcəkdir, yəni Qazaxıstandakı işlərinizi həyata keçirə bilməyəcəksiniz. Biz əvvəldən sizə çox xoş münasibət göstərmişik.
"Azərbaycan" qəzeti, 23 fevral 1999-cu il.