Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanatın və sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında Azərbaycan Respublikasının hökuməti və ABŞ hökuməti arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bəyanatı - 1 avqust 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli prezident cənab Bill Klinton!

Hörmətli xanımlar və cənablar!

Mən ən öncə Azərbaycan prezidentini Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə dəvət etdiyinizə görə və bu rəsmi səfər zamanı bizə göstərdiyiniz qonaqpərvərliyə və yaratdığınız mehriban şəraitə görə, çox səmərəli və bizim üçün çox əhəmiyyətli danışıqlara görə və bu gün imzalanan sənədlərə görə Sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Cənab prezident, mən bildirmək istəyirəm ki, bu, Azərbaycan Respublikası, Azərbaycan xalqı üçün tarixi hadisədir. Biz bunu yüksək qiymətləndirir və Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün çox mühüm mərhələ hesab edirik.

Mən çox məmnunam ki, bu gün Sizinlə - Amerika Birləşmiş Ştatlarının prezidenti ilə Azərbaycan - Amerika əlaqələrinə aid olan mühüm sənədlər imzaladım. Əmin ola bilərsiniz ki, biz bu sənədlərdən irəli gələn vəzifələri yerinə yetirəcəyik və həmin sənədlərə sadiq olacağıq.

Hörmətli cənab prezident, bizim münasibətlərimiz haqqında, Azərbaycan, ümumiyyətlə, yerləşdiyimiz bölgə haqqında Sizin indicə dediyiniz dəyərli fikirlər bizim üçün çox əhəmiyyətlidir. Mən Sizin bu fikirlərinizlə tam razıyam, bunları dəstəkləyirəm və hesab edirəm ki, Sizin bu fikirləriniz Amerika-Azərbaycan əlaqələrinin inkişafına çox böyük kömək edəcəkdir.

Bu gün imzalanan sənədlər, xüsusən Amerika-Azərbaycan birgə bəyanatı və Sizin burada Azərbaycan haqqında dediyiniz sözlər bizə ruh verir və Azərbaycan Respublikasının müstəqilliyini daha da möhkəmləndirmək və tərəqqi əldə etmək üçün böyük imkanlar açır. Azərbaycan öz dövlət müstəqilliyini böyük tarixi nailiyyət hesab edir və bu müstəqilliyi qoruyub saxlamağı özünün şərəfli vəzifəsi sayır. Bizim xalqımız dövlət müstəqilliyinə və milli azadlığa sadiqdir və bundan sonra da sadiq olacaqdır. Bunun üçün Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək, tərəfdaşlıq əlaqələri yaratmaq və bu əlaqələri daha da genişləndirmək, inkişaf etdirmək bizdən ötrü çox vacib, əhəmiyyətlidir. Biz Amerika Birləşmiş Ştatlarını özümüzün böyük dostumuz hesab edirik və onunla tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyi böyük şərəf sayırıq.

Hörmətli cənab prezident, bizim bölgədə sülhün əldə olunması üçün dediyiniz sözlər çox əhəmiyyətlidir və buna görə mən Sizə təşəkkür edirəm. Biz sülh istəyirik və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. ATƏT-in Lissabon Zirvə görüşündə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün qəbul olunmuş prinsipləri əsas tutaraq, bu məsələnin həllində öz səylərimizi əsirgəməyəcəyik. ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin Amerika Birləşmiş Ştatları olması çox əhəmiyyətlidir. Biz bunu alqışlayır və bu sahədə Amerika Birləşmiş Ştatlarının fəaliyyətinə böyük ümidlər bəsləyirik.

Minsk qrupunun bizə verdiyi son təklifləri danışıqları davam etdirmək üçün əsas kimi qəbul etmişik. Əgər bu təkliflər həyata keçirilərsə, yəni birinci mərhələdə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin altı inzibati rayonu azad edilərsə və oradan didərgin düşmüş qaçqınlar öz yerlərinə qayıdarsa, bu, böyük və ciddi addım olacaq və bunun nəticəsində Ermənistanla Azərbaycan arasındakı kommunikasiya xətlərinin bərpa edilməsi tam mümkün olacaqdır.

Biz ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqları bundan sonra da intensiv davam etdirməyin tərəfdarıyıq. Bu danışıqlarda Ermənistan, Azərbaycan və onlarla bərabər Dağlıq Qarabağın erməni icmasının nümayəndələri də iştirak edir. Biz bu formanı bundan sonra da davam etdirməyə hazırıq.

Cənab prezident, mən Sizi əmin edirəm ki, biz tam sülhün əldə olunmasını istəyirik. Üç ildir ki, atəş yoxdur, atəşkəs rejimini qoruyub saxlayırıq. Ancaq tam sülhün əldə olunması həm Azərbaycan, həm Ermənistan üçün, həm də bütün Qafqaz bölgəsi üçün yeni böyük şərait yaradacaqdır. Biz anlayırıq ki, Azərbaycan yalnız sülh şəraitində öz qonşuları ilə bərabərhüquqlu, səmərəli əməkdaşlıq edə bilər. Qafqazda bütün xalqlar, ölkələr öz firavanlığına, səadətinə yalnız sülh şəraitində nail ola bilərlər. Cənab prezident, ümidvaram ki, Amerika Birləşmiş Ştatları və şəxsən Siz bölgəmizdə - Qafqazda, Azərbaycanla Ermənistan arasında sülh yaranmasında, ədalətli sülh yaranmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında bizə bundan sonra daha çox kömək edəcəksiniz.

Xəzərin Azərbaycan sektorundakı enerji ehtiyatlarının istifadəsi sahəsində Amerika ilə Azərbaycan arasında əməkdaşlıq indiyə qədər yaxşı nailiyyətlər əldə edibdir. Biz bu əməkdaşlığı davam etdiririk və etdirəcəyik. Bu gün burada, bu salonda imzalanmış dörd müqavilə buna əyani sübutdur. Enerji ehtiyatlarının dünya bazarına, Qərbə ixrac edilməsi üçün bir çox neft kəmərlərinin çəkilməsi, o cümlədən Orta Asiyadan, Mərkəzi Asiyadan Xəzər vasitəsilə Qərbə neft kəmərlərinin çəkilməsi qarşıda duran vəzifələrimizdir. Bu sahədə Sizinlə daim əməkdaşlıq edəcəyik.

Cənab prezident, ümidvar olduğumu bildirmək istəyirəm ki, Amerika-Azərbaycan iqtisadi əlaqələrinə maneçilik törədən 907-ci maddə də Sizin səyləriniz nəticəsində yaxın vaxtlarda aradan götürüləcəkdir.

Amerika Birləşmiş Ştatları böyük, qüdrətli dövlətdir, onun güclü iqtisadiyyatı var. Amerika Birləşmiş Ştatları demokratiya, dövlət quruculuğu, insan hüquqlarının qorunması sahəsində böyük nailiyyətlər əldə edibdir. Bunlar hamısı bizim üçün, yeni müstəqil dövlət olan Azərbaycan üçün örnəkdir və bu təcrübədən daim istifadə edəcəyik.

Bu gün burada, Ağ evdə, Ruzvelt otağında olarkən biz böyük Franklin Ruzvelti minnətdarlıqla xatırlayır və onun nə qədər böyük işlər gördüyünü yaxşı bilirik. Cənab Bill Klinton, indi Amerikanın prezidenti kimi Siz Amerikanın inkişafı, çiçəklənməsi üçün çox böyük işlər görürsünüz. Sizin rəhbərliyiniz və təşəbbüsünüz nəticəsində Amerikanın xarici siyasəti son vaxtlar böyük nailiyyətlər əldə edibdir. Amerikanın daxili siyasətində, sosial problemlərin həllində də Sizin böyük nailiyyətləriniz var. On milyon adama yenidən iş yerləri açılması, büdcənin tamamilə kəsirsiz edilməsi və başqa tədbirləriniz Amerikada olduğu kimi, dünyanın hər yerində böyük rəğbətlə qarşılanır.

Amerikanın böyük tarixi və bugünkü həyatı, nailiyyətləri bütün xalqlar, xüsusən Azərbaycan üçün gözəl örnəkdir. Cənab prezident, bu nailiyyətlər münasibətilə Sizi təbrik edirəm. Amerika xalqına səadət, xoşbəxtlik arzulayıram. Gözəl görüşlərə, bu səfərə görə, imzalanmış sənədlərə görə Sizə bir daha təşəkkür edirəm.

Cənab Bill Klinton, Sizə və ailənizə xoşbəxtlik, səadət arzulayır, bütün işlərinizdə uğurlar diləyirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 avqust 1997-ci il