Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyası yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilmiş ümumrespublika müşavirəsində nitqi - Şəhriyar adına mədəniyyət mərkəzi, 19 noyabr 1994-cü il


Hörmətli xanımlar və cənablar, hörmətli bacılar və qardaşlar, dostlar, Yeni Azərbaycan Partiyasının bu yığıncağında iştirak edən nümayəndələri! Sizi və sizin simanızda Yeni Azərbaycan Partiyasının bütün üzvlərini partiyanın yaradılmasının ikinci ildönümü münasibətilə təbrik edirəm, sizə və Yeni Azərbaycan Partiyasına tutduğunuz yolda uğurlar arzulayıram.

Yeni Azərbaycan Partiyası iki ildir ki, yaşayır. Onun yaranması, meydana gəlməsi nə qədər çətin, mürəkkəb şəraitdə olsa da, partiyanın bu iki il ərzində yaşaması da bir o qədər çətin və mürəkkəb şəraitdə keçmişdir. Yeni Azərbaycan Partiyasının necə yaranması haqqında mən də bir neçə kəlmə demək istəyirəm, çünki indiyə qədər bunun üçün mənim fürsətim olmayıb.

Yeni Azərbaycan Partiyası Azərbaycanda son illər gedən ictimai-siyasi proseslərdə formalaşmış, üzə çıxmış və nəhayət, müəyyən mütəşəkkil bir şəkil almış və bu, vətənpərvər xalqına, ölkəsinə, millətinə xidmət etmək istəyən insanların təşəbbüsü ilə olmuşdur.

Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adımla bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur. Buna görə də bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim təşəbbüsümlə olmayıbdır. Bu partiyanın yaranması Azərbaycanın, demək olar, əksər bölgələrində, nöqtələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.

Burada Əli Nağıyev 1986-cı ildən sonrakı dövr haqqında qısa məlumat verdi, təsəvvür yaratdı. Bunlar həqiqətdir, mən bu fikirlərlə tamamilə razıyam. Çünki Azərbaycanın təxminən 1985-ci ildən sonra düşdüyü ağır vəziyyət və respublikada gedən ictimai-siyasi proseslər təəssüf ki, bütövlükdə Azərbaycan millətinin, Azərbaycan xalqının və bütün Azərbaycan vətəndaşlarının xeyrinə olmamışdır. Həmin dövrdə ayrı-ayrı hərəkatlar, ayrı-ayrı siyasi qüvvələr Azərbaycanı qurmaq, Azərbaycanın mənliyini müdafiə etmək, xalqımızın qazandığı nailiyyətləri saxlamaq, onlara ləkə vurulmasına, onların dağıdılmasına yol verməmək əzmində olmuşlar. Lakin təəssüf ki, onlar o vaxtkı hakim dairələr tərəfindən həmişə təzyiqə məruz qalmış, çox böyük çətinliklərlə üzləşmiş və böyük repressiyalara uğramışdılar. Məhz bunların, bu proseslərin nəticəsində Azərbaycanda xalq azadlıq hərəkatı meydana çıxmışdır. Azərbaycanın Azərbaycan olduğunu dünyaya göstərmək üçün, nümayiş etdirmək üçün xalq ayağa qalxmış, toplaşmış və milli azadlıq hərəkatı artıq meydanlara çıxmışdı.

Şübhəsiz ki, 1988-ci ildən bax, bu proseslərin nəticəsində başlanmış milli azadlıq uğrunda mübarizə - Azərbaycanın mənliyini qorumaq, ərazi bütövlüyünü qorumaq üçün, Azərbaycanın məruz qaldığı təcavüzə qarşı çıxan qüvvələrin bir yerə toplaşması üçün milli azadlıq hərəkatı kimi meydana çıxması Azərbaycanın tarixində böyük hadisədir və bu hadisə layiqincə qiymətləndirilməlidir. Mən bunu daim qiymətləndirmişəm. Ona görə də ilk dəfə Azərbaycanda Azadlıq meydanına yüz minlərlə, hətta milyondan artıq adamın toplaşması, mitinqlər keçirilməsi - bunlar ayrı-ayrı şəxslərin, ayrı-ayrı adamların fəaliyyətinin nəticəsi deyil, həmin illərdə Azərbaycanın daxilində, xalqın içərisində, millətin, bütün Azərbaycan vətəndaşlarının daxilində baş qaldıran vətənpərvərlik hisslərinin, milli azadlığa yönəlmiş hisslərin qaynayıb qarışaraq meydana çıxmasının nəticəsidir.

Bütün bunlar, yəni Azərbaycanı qorumaq, Azərbaycan xalqının tarixini, ənənələrini, əldə etdiyi nailiyyətləri qorumaq, Azərbaycanı həm erməni təcavüzünə qarşı gücləndirmək, həm də Moskvada o vaxtlar Sovet İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana qarşı ədalətsiz addımlara və Azərbaycan rəhbərliyindəki ayrı-ayrı nalayiq şəxslərin xalqımıza zidd olan siyasətinə qarşı çıxmaq niyyətləri bax bu hərəkatları meydana çıxarmışdır. Buna görə də onlar yüksək qiymətləndirilməlidir və Azərbaycanda Milli Dirçəliş günü adlandırılan 17 noyabr hadisələrinə mən öz münasibətimi bildirdim, Azərbaycan xalqına öz təbrik məktubumu göndərdim. Mən bu günü də qiymətləndirirəm, ondan sonra gedən bütün prosesləri də qiymətləndirirəm, bütün bu proseslərdə iştirak etmiş fəal vətənpərvər insanların, Azərbaycan vətəndaşlarının, ziyalılarının, Azərbaycanın mütəfəkkir fikirli adamlarının fəaliyyətini də qiymətləndirirəm.

Təəssüf ki, sonra bu proseslərdən ayrı-ayrı dairələr tərəfindən bəlkə də bəzən düzgün olmayan istiqamətlərdə istifadə edildi. Ancaq bu proseslərdəki müəyyən mənfi cəhətlərə baxmayaraq, onların hamısı ümumən müsbət xarakter daşımışdır. Azərbaycanın müstəqilliyini əldə etmək üçün, Azərbaycan xalqının milli mənliyini, milli qürurunu dünyaya bəyan etmək üçün böyük hadisələrdir və bu hadisələr, nəhayət, Azərbaycanın müstəqillik qazanması üçün əsas yaratmışdır.

Mən bunu dəfələrlə demişəm və bizim partiya - Yeni Azərbaycan Partiyası yaradıldıqda da öz bəyanatımda bildirmişəm ki, Azərbaycanın müstəqil bir dövlət olması dünyada, xüsusən o vaxtlar Sovetlər İttifaqında gedən tarixi, ictimai-siyasi, obyektiv proseslərin məntiqi nəticəsidir. Bu, şübhəsiz, belədir. Əgər bu obyektiv proseslər getməsəydi və həmin proseslər nəticəsində Sovetlər İttifaqı dağılmasaydı, Azərbaycan ola bilsin, beş il də mitinq etsəydi, yenə müstəqilliyini əldə edə bilməyəcəkdi. Bu proseslər, eyni zamanda onlara təkan verən, onları gücləndirən, bu proseslərə biganə qalmayan, onların fəal iştirakçısı olan Azərbaycanın müstəqilliyə, milli azadlığa can atan qüvvələrinin, qruplarının, insanlarının fəaliyyəti, şübhəsiz, yüksək qiymətləndirilməlidir. Mən həmişə bunları yüksək qiymətləndirmişəm.

İndi bunu mənim deməyim bəlkə də başqa cür qəbul edilsin. Ancaq bu, həqiqətdir. Bunu deməyə bilmərəm - onsuz da bunu deyir, bu barədə yazırlar - həmin proseslərin içərisində Heydər Əliyevin adı həmişə olubdur və bu, 1988-ci ilin mitinqlərində də, ondan sonrakı mitinqlərdə də, hərəkatlarda da olubdur. Lakin məsələ burasındadır ki, bu, Azərbaycan xalqına böyük ruh, ilham verməklə yanaşı, məni heç vaxt bu işə bilavasitə cəlb etməmişdir, çünki siz o vaxtkı şəraiti yaxşı bilirsiniz. Bunlarla əlaqədar mən bir neçə məqamı yada salmaq istəyirəm.

Mən "Əlincə" cəmiyyətinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. "Əlincə" cəmiyyəti öz fəaliyyəti ilə bu proseslərin inkişafına böyük kömək göstərmişdir. Məsələn, burada Əli Nağıyev dedi ki, Heydər Əliyevi müdafiə etmək, yaxud seçkilərdə yaş senzini, - bu senzi mənə görə qoymuşdular, - götürmək üçün fəallar, həvəskarlar, heç bir təmənna güdmədən bu işdə çalışan adamlar vardı. İndi mən Bakıdayam, Azərbaycandayam, bir prezident kimi Azərbaycana rəhbərlik edirəm. Ancaq səmimiyyətimə inanın ki, mən o vaxtlar, Naxçıvanda blokada şəraitində olarkən bu işlərin təşkilində nəinki heç bir rol oynamamışdım, heç bir fəaliyyətim olmamışdır, hətta onların çoxundan mənim xəbərim də yox idi. Yəni mənim xəbərim olmadan, məndən soruşmadan, fikrimi bilmədən, mənə müraciət etmədən və əksər hallarda mənimlə heç bir əlaqə olmadığı halda ayrı-ayrı qruplar, dəstələr, ayrı-ayrı vətənpərvər insanlar, indi bizim bu Yeni Azərbaycan Partiyasına toplaşan adamlar o vaxt belə hərəkətlər edirdilər. Bunu sonralar - Naxçıvan blokada şəraitində olduğuna görə, çox vaxt televiziyamız işləmədiyinə görə, onlara televiziya ilə çıxış etməyə imkan verilmədiyinə görə gəlib özləri danışırdılar, bəzən "Səs" qəzetində, yaxud başqa qəzetlərdə yazırdılar, onlardan məlumat alırdılar.

Yəni bunların hamısı olurdu və mən bunların heç birisinin iştirakçısı deyildim. Sadəcə olaraq mənim adım və keçmiş xidmətlərim, Azərbaycan xalqı qarşısında zəhmətim bu insanları belə əhval-ruhiyyəyə gətirib çıxarırdı. Bu, bir tərəfdən. Digər tərəfdən isə belə hesab edirəm ki, bu insanlar mənim şəxsiyyətim barədə düşünmürdülər, yəni tək məni nəzərə almırdılar. Onlar Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün axtarışlarda idilər. Bu axtarışlar nəticəsində gəlib yenə də mənim adımın üzərində dururdular. Əksəriyyəti də məhz bu ümummilli, ümumdövlət, ümumxalq mənafeyindən çıxış edirdi. Onlar heç də Heydər Əliyevə hansısa bir mövqe yaratmağa çalışmırdılar. Mən bunu belə qəbul edir, belə başa düşürdüm. Yenə də deyirəm, onların heç biri mənimlə bilavasitə əlaqədə olmamışdır və bu insanlar Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün axtarış yollarında gəlib çox vaxt mənim adımın üzərində durur və bunun üçün fəaliyyət göstərirdilər.

Mən bunları yada salmaqla Yeni Azərbaycan Partiyasının yaranması mərhələsinə gəlib çıxmaq istəyirəm. O vaxtlar, Azərbaycan ağır vəziyyətdə olduğu dövrdə mən Naxçıvanda yaşayarkən mənə müraciət edən qruplar, ayrı-ayrı adamlar, ziyalılar, Azərbaycanın tanınmış adamları çox olurdu. Məsələn, mən bunu yüksək qiymətləndirirəm ki, Azərbaycan blokada şəraitində olsa da, dəmir yolu işləməsə də, təyyarə ilə Naxçıvandan Bakıya gəlib-getmək böyük bir problem olsa da, - çünki həm təyyarə az idi, həm təyyarəyə bilet almaq mümkün deyildi, həm də bu, böyük xərc istəyirdi, - adamlar dəstə-dəstə Naxçıvana gəlir, mənə müraciət edirdilər. Belə müraciətlər çox olurdu. Onlar hər dəfə məni Bakıya dəvət edir, Bakıya getməyimi xahiş edirdilər.

Sizin qarşınızda səmimi demk istəyirəm, - Azərbaycan mənim üçün nə qədər əziz olsa da, o vaxtlar Azərbaycanın aqibəti məni nə qədər narahat etsə də, mən 1986-1987-ci illərdən sonra, xüsusən 1987-ci ildə istefaya gedəndən sonra, ələlxüsus 1988-ci ildə bəzi qrupların mənə qarşı ədalətsiz hərəkətlərini görəndən sonra bir daha siyasət aləminə qayıtmaq istəmirdim. Bir daha dövlət işləri ilə məşğul olmaq istəmirdim. Bu, mənim qəti qərarım, qəti fikrim idi. Mən bunu istəmirdim. Ancaq bir var ki, bu barədə öz şəxsi fikirlərim olsun, biri də var ki, xalqın istəyi, Azərbaycan haqqında düşünən ayrı-ayrı böyük şəxslərin istəyi, fikirləri olsun. Onlar gəlirdilər, müraciət edirdilər. Mən də hər dəfə lazımi məsləhətlər verirdim. Amma özümün bu məsələdə iştirakımdan imtina edirdim. O adamların əksəriyyəti indi bu salondadır. Onlar bunu yaxşı bilirlər. İki saat, üç saat, dörd saat davam edən bütün danışıqlarımız onunla bitirdi ki, deyirdim gedin, fəaliyyətinizi davam etdirin. Amma mən bu təkliflərdən imtina edirəm.

Siz bilirsiniz ki, bu hallar 1992-ci ilin mart ayınadək olan dövrdə də çox oldu. O vaxtlar da mənə çox müraciətlər olurdu. Burada Əli Nağıyev dedi ki, o vaxt onlar Dövlət Şurası yaratmaq təşəbbüsü irəli sürmüşdülər. İndi təsəvvür edin ki, belə bir təşəbbüs olmuşdu, belə təkliflər verilmişdi. Ancaq mən onu bilməmişdim. Ordan-burdan xəbər gəlirdi ki, bəli, Dövlət Şurası yaratmaq təklifləri var, Heydər Əliyevin dəvət edilməsi, Dövlət Şurasına Heydər Əliyevin rəhbərlik etməsi təklifləri var. Mən bunların çoxunu bilmirdim və mənə xəbər çatanda da hər dəfə izahat verirdim ki, şübhəsiz, Azərbaycanı bu vəziyyətdən çıxarmaq lazımdır. Lakin yaranmış şəraitdə mən özüm üçün mümkün bilmirəm ki, bir daha Bakıya qayıdım, bu işlərlə məşğul olum.

Bax, bu səpkidə Yeni Azərbaycan Partiyasının yaradılması məsələsi qaldırıldı. Bu barədə çoxları gəlib mənə müraciət edirdi, günlərlə Naxçıvanda vaxt keçirirdilər, mənimlə danışıqlar aparırdılar, belə bir partiyanın yaradılması üçün təkliflər verirdilər. Mən bunlardan imtina edirdim.

Xatirinizdədir, mən uzun müddət danışıqlar aparandan sonra Sirus Təbrizli böyük bir müraciət hazırladı və onu təxminən 90 nəfər Azərbaycan ziyalısı imzaladı. Müraciətdə mənə təklif edilirdi ki, Bakıya qayıdım və Azərbaycanın paytaxtında fəaliyyətə başlayım. Bu müraciət mətbuatda dərc olundu, mən ona cavab verdim, minnətdarlığımı bildirdim. Ancaq şübhəsiz, həm bu təklifi qəbul etmək üçün o vaxtlar imkan və şərait yox idi, həm də, yenə deyirəm, mən öz mövqeyimdə dururdum ki, Azərbaycan üçün, xalq üçün, respublikamız üçün ürəyim nə qədər yansa da, mən o şərtlərlə, o şəraitdə Bakıya qayıdıb fəaliyyət göstərməyimi mümkün hesab etmirdim.

Lakin bütün bu proseslər, eləcə də tək Bakıdan deyil, Azərbaycanın bir çox şəhərlərindən, rayonlarından mənə, Naxçıvana ardı-arası kəsilmədən gələn məktublar elə bir şəraitə gətirib çıxardı ki, mən Yeni Azərbaycan Partiyasının yaranmasına razılıq verdim. Bundan sonra hazırlıq işi getdi, Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarının indi burada olan üzvlərindən, bizim həmfikirlərimiz və dostlarımızdan xahiş etdim ki, proqram, nizamnamə hazırlayıb gətirsinlər. Bir neçə layihə hazırlandı, onları gətirdilər. Lakin indi mən deməliyəm ki, Yeni Azərbaycan Partiyasının proqramının da, nizamnaməsinin də yazılması və hazırlanması işləri ilə şəxsən mən özüm bilavasitə məşğul oldum. Mən o vaxta qədər də belə bir partiyanın yaranmasının zəruriliyini qəbul edirdim. Amma özümün bu partiyada iştirakıma razı olduğum halda mən onun hansı əsaslarla yaradılması üçün lazım bildiyim fikirlərimi söylədim. Ona görə də partiyanın həm proqramının, həm də nizamnaməsinin yazılması ilə özüm məşğul oldum. Siz proqramla da, nizamnamə ilə də yaxşı tanışsınız. Bilirsiniz ki, o proqram, o nizamnamə Azərbaycanda müstəqil, demokratik, hüquqi bir dövlət yaradılması barədə sənədlərdir. Bu partiya isə Azərbaycan cəmiyyətinin demokratik cəmiyyət, insan hüquqlarının bərqərar olduğu bir cəmiyyət, mətbuat azadlığı, söz azadlığı olan bir cəmiyyət kimi təşəkkül tapması istiqamətində fəaliyyət göstərən bir partiyadır. Azərbaycanda bütün vətəndaşların bərabər hüquqlara malik olması, vicdan azadlığı, din azadlığı, söz azadlığı yolu ilə gedən bir partiyadır.

Bunlar hamısı Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Özü də Azərbaycanın müstəqilliyi ən əsas məsələdir və bu əsasda mən Yeni Azərbaycan Partiyasının yaranmasına razılıq verdim. Beləliklə, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda yarandı. Bu, qeyri-adi bir hadisədir. İndi Azərbaycanda 40-dan artıq partiya var. Mən elə o vaxtlar da çoxpartiyalılıq tərəfdarı olmuşdum. Özümün siyasi fəaliyyətdən kənar olduğum vaxtlarda, indi isə Azərbaycanın prezidenti kimi mən Azərbaycanda çoxpartiyalı sistemin bərqərar olması üçün şərait yaratmağa çalışıram və hesab edirəm ki, Azərbaycanda çoxpartiyalı sistem olmalıdır, Azərbaycan çoxpartiyalı sistem şəraitində demokratik cəmiyyət, demokratik dövlət, hüquqi dövlət qurmaq yolu ilə getməlidir.

Ancaq bu partiyaların, demək olar, hamısı Bakıda yaradılmışdır, özü də sərbəst şəraitdə. Yəni onların yaranmasının qarşısını alan bir qüvvə olmayıbdır və onlar Bakıda, Azərbaycanın paytaxtında yarandığına görə də, şübhəsiz, ümumazərbaycan xarakteri daşıyır, Yeni Azərbaycan Partiyasının bu partiyalardan fərqi ondan ibarətdir ki, onun təsis konfransı Bakıda yox, Naxçıvanda keçirilibdir, çünki o vaxtlar bu konfransı Bakıda keçirmək mümkün deyildi. Əvvəla, o vaxtlar bu partiyanın yaranması çox böyük maneələrlə rastlaşırdı. İkincisi isə, bu partiyanın yaranmasında mənim iştirakım zəruri olduğuna görə mənim Bakıya gəlməyim üçün şərait yox idi.

Mənim isə Bakıya gəlmək istəyim həmişə olmuşdur. Axı, mən Bakıda yaşayıb-yaratmış olan adamam. Amma məni Bakıya qoymurdular. Siz bunu bilirsiniz. Bəli, məni Bakıya qoymurdular. Mən 90-cı ildə Moskvadan böyük çətinliklərlə çıxıb gələndə də qoymadılar ki, Bakıda üç gündən artıq yaşayım. Odur ki, Naxçıvana getdim. Bundan sonra mən Azərbaycan Ali Sovetinin deputatı seçildikdə Bakıya bir deputat kimi gəlməyimə də böyük maneçiliklər törədirdilər. Gəlib sessiyalarda iştirak etdikdən sonra buradan tezliklə çıxıb getməyimi tələb edirdilər.

O rejim dəyişib başqa bir rejim yarandı. Bu rejimin yaranmasında mənim də xidmətlərin oldu, mən buna çox kömək etdim. Yəni Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə çox kömək göstərdim. Amma onlar da mənim Bakıya gəlməyimi qadağan etdilər.

Belə bir şəraitdə Bakıda təsis konfransı keçirilməsini mən mümkün hesab etmədim. Mən bunu da qiymətləndirirəm ki, belə bir şəraitdə, bax bu cür təqiblərə, təsislərə, bu cür məhdudiyyətlərə baxmayaraq, o vaxtlar - Naxçıvanın ağır vəziyyətdə olduğu dövrdə, Bakı ilə Azərbaycanın başqa bölgələri arasında əlaqələr çox məhdud olduğu dövrdə, Naxçıvanın o şaxtalı-ayazlı günlərində Yeni Azərbaycan Partiyasını yaratmaq istəyən adamlar oraya gəldilər və biz Naxçıvanda təsis konfransı keçirdik.

İndi biz Azərbaycanda məşhur olan bir salona toplaşmışıq, onun çox yaxşı şəraiti var və heç kəs bizim buraya yığışmağımıza maneçilik törətmir. Biz azad və sərbəst bir şəraitdə söhbət aparırıq.

Bildiyiniz kimi ümumiyyətlə, Naxçıvan qışda şaxtalı olur. Ancaq o vaxtlar, o il Naxçıvanda şaxta daha şiddətli idi, hava çox soyuq keçirdi, elektrik enerjisi, yanacaq yox idi. Heç nəyi isidib-qızdırmaq mümkün deyildi. Naxçıvan Dram Teatrı uzun müddət idi ki, işləmirdi. Heç olmasa işləyəndə adamlar onu öz nəfəsi ilə az-çox qızdırırdılar. Bu, təbii bir haldır. Biz teatrın o soyuq binasını açdıq, orada təsis konfransı keçirdik. Yadımdadır, hamı paltoda oturmuşdu. Çoxları paltodan əlavə, başqa şeylə də bürünmüş, papaqlarını da çıxarmamışdı. Bax, biz belə bir şəraitdə təsis konfransı keçirdik.

Mən bunları nə üçün xatırlayıram? Çünki o günlər mənim üçün əziz günlərdir. Ona görə yox ki, Yeni Azərbaycan Partiyası yaranıbdır. Bu, şübhəsiz, mənim üçün əziz bir hadisədir. Ona görə ki, bu bizim Azərbaycan vətəndaşlarının, bu partiyaya həvəs göstərən, bu partiyaya üzv olmaq istəyən, bu partiyanı qurmaq istəyən, bu partiyanı yaratmaq istəyən adamların nə qədər cəsarətli, fədakar, cəfakeş olduqlarını göstərir. Bu partiya bax, belə bir şəraitdə yarandı və biz proqramı, nizamnaməni qəbul etdik. Biz orada siyasi şura seçdik, idarə heyəti seçdik və beləliklə, bu partiya fəaliyyətə başladı.

Mən bu hadisələrdən bəzilərini xatırlayaraq onu qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.

Bu partiya keçmişdə, məsələn, vaxtilə çar Rusiyası dövründə bir çox partiyalar kimi gizli, qeyri-leqal şəraitdə yaranmasa da, tam gizli olmasa da hər halda müəyyən dərəcədə gizli şəraitdə yaranmışdır. Ona görə də bu partiyanın yaranması çox qiymətlidir və mən bu partiyanın yaranmasında təşəbbüskar olan, fəaliyyət göstərən, bu partiyanın yaranmasını ardıcıl surətdə təbliğ edən adamların və nəhayət, bir yerə toplaşaraq gəlib Naxçıvanda mənim qarşımda bu partiyanın yaranmasının zəruriliyini sübut edən adamların və onun yaranmasına nail olan adamların hamısının fəaliyyətini, xidmətlərini qiymətləndirirəm və bildirmək istəyirəm ki, bu partiya tək mənim təşəbbüsümlə deyil, yalnız xalqın istəyi ilə, xalqın təşəbbüsü ilə yaranan partiyadır. Hamınıza, yəni bu partiyanın yaranmasının beşiyi başında duran, onun qaynaqlarında duran adamlara xüsusi təşəkkür edirəm və bu fikirdəyəm ki, onlar o zaman uzaqgörən olublar, düzgün yolda olublar və artıq iki ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası özünün yaranmasının zəruriliyini də sübut edir, bu gün də, gələcəkdə də yaşamasının zəruriliyini sübut edir.

Yeni Azərbaycan Partiyası yaranandan sonra mən hiss etdim ki, bu, çoxlarını narahat edir, o vaxtkı hakimiyyəti, başqa qüvvələri narahat edirdi. Ona görə də bu partiyanın yaranmasından sonra qeydə alınması, yaxud fəaliyyət göstərməsi üçün, ədalətlə deməliyəm, açıq bir maneçilik yox idisə də, o vaxt bu partiya hakimiyyət tərəfindən o qədər də qəbul olunmurdu və onun fəaliyyət göstərməsinə imkan verilmirdi. Doğrudan da, bu partiyanın yeri də yox idi, ümumiyyətlə heç nəyi yox idi. Yadımdadır, o vaxt yanıma gələrək dedilər ki, Bakıda partiya üçün heç olmasa bir-iki otaq lazımdır. Dedim ki, axı mən nə edə bilərəm, partiyanı yaratmısınız, gedin çalışın. O vaxtlar məndən xahiş etdilər ki, özüm müraciət edim, mən Rafael Allahverdiyevə dedim ki, get, Bakı Sovetinə müraciət et. O da getdi. Lakin orada məsələni süründürməyə başladılar. Dedilər ki, bir bina var, akademiyanın sərəncamındadır. Akademiyanın prezidenti Eldar Salayevə müraciət etmək lazımdır. Dedim, gedin mənim adımdan Eldar Salayevə müraciət edin. O, hər halda keçmişi unutmamalıdır, bu partiyaya kömək göstərməlidir. Bir sözlə, çox adama müraciət olundu. Ancaq partiyaya yer verilmədi.

İndi burada Əli Nağıyev deyir ki, partiya haradasa üç otaqda yerləşir. Heç bilmirəm harada yerləşir. O da mən buraya, Bakıya gələndən sonra, respublikanın rəhbəri seçiləndən sonra alınmış otaqlardır. Şübhəsiz ki, indi mən prezidentəm, istəsəm, böyük bir binanı boşaltdırıb Yeni Azərbaycan Partiyasına verə bilərəm. Ancaq mən bu işə qarışmadım və siz də gərək bunu üzrlü hesab edəsiniz, inciməyəsiniz. Mən bu işə qarışmadım. Üç otaq olsa da, hər halda işləyirsiniz. Deməli, iş binada, otaqda deyildir. Məsələ iş görməkdədir. İşləyirsiniz ki, buraya nümayəndələr toplaşmışlar.

Amma o vaxtlar, yenə də deyirəm, 92-ci ilin noyabrında partiyanın yaranmasına baxmayaraq, mən Bakıya 93-cü ilin iyun ayında döndüm. O vaxtlar başımın nə kimi işlərə qarışdığını bilirsiniz. İndi də nə işlər gördüyümü bilirsiniz. Ancaq sonralar, deyəsən, 93-cü ilin payızında partiya həmin o üç otağı əldə edə bildi. Yəni demək istəyirəm ki, o vaxtlar partiya yaransa da, onun fəaliyyəti üçün şərait olmadı və onun imkanlarını məhdudlaşdırmaqla fəaliyyətini də məhdudlaşdırmaq istədilər.

Gürdüyünüz kimi, Yeni Azərbaycan Partiyası bütün çətinliklərdən çıxdı. Sizin bu gün də çətinlikləriniz var, mən bunu hiss edirəm. Ancaq bunlara baxmayaraq, bu partiya yaşayır, onun təşkilatları artıq formalaşıbdır və bu gün partiyanın ikinci ildönümünə çox mötəbər nümayəndə heyəti toplaşıbdır. Bu göstərir ki, o ideya ilə bağlı olan adamlar, təşkilatlar bütün çətinliklərin öhdəsindən gəlib öz məqsədlərinə nail ola bilərlər.

Partiyanın həyatında ikinci mərhələ mənim Bakıya rəhbər işə qayıtmağımdan sonra başlamışdır. Mən buraya, Bakıya gələndən sonra Ali Sovetin sədri seçildim, sonra prezident seçildim. Bu vaxt ayrı-ayrı partiyalarda bəzən belə fikir yarandı ki, bir dövlət başçısı kimi Heydər Əliyev yalnız Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəkdir, bu partiyaya yol açacaqdır və Yeni Azərbaycan Partiyası hakim partiya olacaqdır. Belə fikirlər Yeni Azərbaycan Partiyasının daxilində də çox olub. Ancaq siz bilirsiniz, mən bir-iki dəfə mətbuat konfranslarında bəyanat verdim ki, mən Azərbaycanın dövlət başçılığına Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində yox, bütün Azərbaycan xalqının iradəsi ilə gəlmişəm. Ona görə də indi gəlib dövlət başçısı olduğum halda vaxtilə ən yaxın olan, məni ən çox dəstəkləyən, mənə qayğı göstərən adamları, Yeni Azərbaycan Partiyasını dəstəkləsəm, ümumazərbaycan xalqına qarşı ədalətsizlik etmiş olardım. Siz gərək bunu biləsiniz, dərk edəsiniz və düzgün başa düşəsiniz.

Yenə də deyirəm, mən sizin, yəni Yeni Azərbaycan Partiyasını təşkil edənlərin, quranların, o həvəskarların, uzun müddət bu məsələni mənim qarşımda qaldıranların və nəhayət, Yeni Azərbaycan Partiyasının Naxçıvanda yaranmasına nail olanların fəaliyyətini qiymətləndirirəm və həmişə də qiymətləndirəcəyəm. Bu, bizim Yeni Azərbaycan Partiyasının tarixində qalacaqdır. Bunu heç kəs tarixdən silə bilməz. Ancaq siz də bilirsiniz və sonra da bildiniz ki, mən Heydər Əliyev kimi təkcə Yeni Azərbaycan Partiyasına mənsub olan adam deyildim. Düzdür, siz qabağa düşmüşdünüz, təşəbbüs göstərirdiniz, bu sahədə fədakarlıq, cəfakeşlik edirdiniz. Cəsarət göstərirdiniz, heç nədən qorxmurdunuz. Bakıda mitinqlər keçirib Heydər Əliyevin qayıtmasını tələb edəndə sizi döyürdülər, gözümçıxdıya salırdılar, qovurdular, hətta həbs edirdilər. Mən bunları bilirəm, qiymətləndirirəm. Sizi döyən, sizə təzyiqlər göstərən, sizi təqib edən adamlara mən nifrət edirəm. Amma Azərbaycan xalqı təkcə onlardan ibarət deyildir. Onlar sadəcə olaraq tarixin müəyyən mərhələlərində Azərbaycanın hakimiyyət dairələrini əlinə keçirmiş bir qrup adamlar idi. Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti sağlam əhval-ruhiyyə ilə yaşayan insanlardır. Siz cəsarətli olub qabağa düşdünüz və bu ideyaları həyata keçirdiniz. Bununla bərabər, çoxları da həmin ediyaları qəlbində saxlayırdı, bu ideyalarla yaşayırdı. Məsələn, mənim portretlərim milyonlarla adamın evində qalırdı. Onlar da məni istəyirdilər. Lakin hərə öz duyğularını öz imkanları daxilində büruzə verirdi.

Siz gördünüz ki, mənim Bakıya qayıtmağım, Azərbaycan rəhbərliyinə qayıtmağım təkcə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsi deyildir. Baxmayaraq ki, Yeni Azərbaycan Partiyası buna böyük cığırlar açmışdır. Mənim də Bakıya qayıtmağım, Azərbaycana rəhbərlik etməyim mənim şəxsi istəyimdən asılı deyildi, bununla bağlı deyildi, mən bunu istəmirdim. Siz bunu da bilməlisiniz. Siz bilməlisiniz ki, bir neçə gün mənimlə danışıqlar gedirdi. O günlər mənim yanıma - Naxçıvana hər gün 4-5 təyyarə gəlirdi, bu təyyarələrlə müxtəlif qruplar gəlir, iyun hadisələri zamanı, Azərbaycanda vətəndaş müharibəsi başlananda məni buraya dəvət edirdilər.

Mən gəlmək istəmirdim. Ancaq yenə də xalqın mənafeyini, millətin mənafeyini, Azərbaycanın mənafeyini öz mənafeyimdən üstün tutub Bakıya qayıtdım. Mən bütün xalqın mənafeyini ifadə etməli idim. Belə də etdim. Bu gün də xalqın mənafeyini ifadə edirəm. Xalqın içində cürbəcür mənfi adamlar davar. Həyat onları bir-bir üzə çıxaracaq və ifşa edəcəkdir. Lakin Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının, insanlarının böyük əksəriyyəti həm Azərbaycanın müstəqilliyini istəyir, həm ərazi bütövlüyünü istəyir, həm ölkəmizin müharibə şəraitindən çıxmasını istəyir, həm də Azərbaycanın bizim tutduğumuz bu yolla getməsini istəyir. Bax, ona görə mən bu xalqı qucaqlayıram.

Mən Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başlayandan sonra Yeni Azərbaycan Partiyasından uzaqlaşmadım, lakin bir-iki bəyanat verdim ki, mən partiyalara münasibətimdə tərəfsiz olmalıyam, bitərəf olmalıyam. Çünki belə olmasaydı, verdiyim sözlərin əksinə çıxardım. Yəni əgər Azərbaycanda bütün partiyalar eyni hüquqla fəaliyyət göstərə bilərsə, mən bir prezident kimi ancaq bir partiyanı dəstəkləmiş olsam, onda, deməli, mən demokratik prinsiplərə riayət etməmiş olaram, yaxud da ki, bu prinsiplərin əksinə getmiş olaram. Ona görə də mən bu bəyanatları verdim və əlaqələrimiz, demək olar, tamamilə kəsildi. Lakin eyni zamanda mən Yeni Azərbaycan Partiyasını heç vaxt unutmadım və unuda da bilmərəm. Yeni Azərbaycan Partiyası mənim qəlbimdədir.

Mən Yeni Azərbaycan Partiyası ilə bərabərəm və partiyanın bugünkü vəziyyətini görərkən çox sevinirəm və hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaşayacaq və fəaliyyət göstərəcəkdir.

Əgər Yeni Azərbaycan Partiyası yaranandan 1993-cü ilin iyun hadisələtinə qədər bir mərhələ, sınaq mərhələsi keçmişdirsə, ondan sonrakı dövr ikinci sınaq mərhələsidir. Əvvəlki sınaq mərhələsi Yeni Azərbaycan Partiyasının hakimiyyət tərəfindən təzyiq və təqibi ilə əlaqədar idisə, sonrakı sınaq mərhələsi partiyanın dövlət tərəfindən dəstəyi olmadan özünün nəyə qadir olduğunu sübut etmək mərhələsidir. Demək, Yeni Azərbaycan Partiyası bu sınaq mərhələsindən də çıxdı.

Əgər əvvəllər prezident kimi mən Yeni Azərbaycan Partiyasını tam dəstəkləmiş olsaydım, siz elə mənim qanadım altında yaşayacaqdınız. Amma mən sizi təkbaşına buraxdım və fikirləşdim ki, görüm siz nəyə qadirsiniz, nə edə bilərsiniz. Bu da sizi daha da mətinləşdirdi, daha da cəsarətləndirdi. Bilirsiniz bu nəyə bənzəyir? İndi burada səmimi söhbət edirik, - hesab edirəm ki, söhbətlərimiz sadə və səmimi olmalıdır, heç vaxt basma-qəlib olmamalıdır, - məsələn, imkanlı valideynlərin uşağı yemək-içməyin haradan gəldiyini bilmir, yaxud məktəbə də asanlığla girir, instituta da necə daxil olduğunu bilmir, vəzifəyə keçməkdə də ona kömək edirlər. Amma o, həyatın çətinliklərini görmür və bu mərhələdən də keçməyəndə mürəkkəb vəziyyətlərə düşərkən yaşamaq ona çox çətin olur. Bunu hamınız bilirsiniz. Sizin də bəzilərinizin, professorların və s. uşaqları belə olmuşdur. Amma o gənc ki, ucqar kənddən, ucqar rayondan gəlib burada öz gücünə, öz bacarığına ali məktəbə girir, yataqxanada yaşayır, əla qiymətlərlə oxuyur, çətinliklərə baxmayaraq işə düzəlir, müəyyən mərhələyə yüksəlir, cəmiyyətdə müəyyən yer tutur, - o, hansı çətinliklə qarşılaşsa da, ona dözəcəkdir.

Ola bilər, bu analogiya sizə qəribə gəlsin, lakin təxminən belədir. Yenə də deyirəm, əgər prezident kimi mən sizi qanadım altına alsaydım, sizə əlverişli şərait yaratsaydım, tapşırsaydım ki, sizə yaxşı bir bina da versinlər, o zaman sizin yaxşı işlərinizi də belə qələmə verəcəkdilər ki, prezident kömək etdiyinə görə belədir, özləri elə bir şey deyillər. O vaxt belə fikir dəyarandı ki, Yeni Azərbaycan Partiyası bir şey deyildir.

Amma siz öz ümidinizə qaldınız, bəzən ayrı-ayrı yerlərdən çoxlu narazılıqlar da gəldi ki, Heydər Əliyev nə üçün bizi saymır, niyə bizimlə hesablaşmır, təqdimatımızla nə üçün adam təyin etmir, kadrların seçilməsində düz işlər görmür və s. Bir az vuruşduq, çarpışdıq, çalışdıq, möhkəmləndiniz. İndi də mənə belə gəlir ki, partiyanın yeni bir mərhələsidir. Yəni əgər o dövrdə bir mərhələ idisə, bu dövrdə ikinci mərhələdir. Amma bu o demək deyil ki, mən bu gün sizi yenə qanadım altına alacağam.

Siz artıq fırtınalardan çıxmısınız. Məsələn, adamı atırsan dəryaya ki, görüm nəyə qadirdir. Görürsən ki, o fırtınalı dənizdən çıxır. Siz artıq bu fırtınalara tab gətirib sahilə çıxmısınız, bərkimisiniz, ayaq üstə möhkəm dayanırsınız. Bundan sonra da beləcə fəaliyyət göstərəcəksiniz, mən buna tamamilə əminəm.

Mən partiyanın bugünkü gününə çox sevinirəm, təbrik edirəm və ümidvaram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da sürətlə inkişaf edəcək, respublikanın demokratik prinsiplər əsasında formalaşan cəmiyyətində, çoxpartiyalı sistemdə özünəlayiq yerini tutacaqdır. Bu, sizdən asılı olacaqdır.

Sizin fəaliyyətiniz haqqında bir neçə kəlmə öz fikirlərimi demək istəyirəm. Tarix göstərir ki, hər bir partiya yarandıqdan sonra inkişaf dövrü keçir. Həmin dövrdə partiyanın daxilində də çəkişmələr olur, ona xaricdən də təzyiqlər göstərilir. Bunlar hamısı olur. Bu, Yeni Azərbaycan Partiyasında da var. Bunların bəzisi obyektiv, bəzisi isə subyektiv xarakter daşıyır. Mənə belə gəlir ki, Yeni Azərbaycan Partiyasının daxilindəki bəzi münaqişələr, çəkişmələr, bir-birindən narazılıq, siyasi hikkələr və s. əksərən subyektiv xarakter daşıyır. Ona görə də məsləhətim bundan ibarətdir ki, hərə özünütənqid baxımından özünə bir nəzər salmalıdır, özü özünü təhlil etməlidir. Bilirsiniz, əgər Yeni Azərbaycan Partiyası bax bu cür ağır şəraitdə, qeyri-adi vəziyyətdə yaranmışdısa (bir də deyirəm, onun yaranma prosesi azərbaycanda yaranmış başqa partiyaların hamısından fərqlidir), həqiqi həmfikirlər, həqiqi həmkarlar böyük çətinliklərə sinə gərərək toplaşıb bu partiyanı yaratmışlarsa, demək, onun daxilində olan prosesləri də həll edə bilərsiniz. Ona görə də siyasi hikkələrdən uzaqlaşmaq lazımdır, bir-birinə hörmət lazımdır, bir-birinə kömək etmək lazımdır. Ən əsası odur ki, bu ideya məslək üzərində qurulmalıdır. Hər bir partiyaya şəxsi mənafe, şəxsi məqsəd arzusu ilə gələn adamlar bu partiyada daim qala bilmirlər. Partiyaya gələn, onda iştirak etmək istəyən, onun üzvü olan adamlar doğrudan da gərək ideya, məslək əsasında birləşsinlər.

Məsələn, əgər Kommunist Partiyasını götürsək, o, ideya əsasında yaranmışdı. Amma bu proseslər keçdi getdi. Son vaxtlar bu partiya nə üçün nüfuzdan düşdü, nə üçün özü özünü itirdi? Ona görə ki, adı qaldı partiya, amma ondan hərə öz məqsədləri üçün istifadə etməyə çalışdı. Axırda da Kommunist Partiyası belə günə düşdü. Lakin Kommunist Partiyasının ideologiyasının, marksist-leninçi ideologiyanın ümumbəşəri dəyərlərə, ümumdünya proseslərinə nə qədər uyğun olub-olmadığını bir kənara qoyuram. Bu partiyanın tarixini hamınız yaxşı bilirsiniz, - vaxtilə bir yerdə öyrənmişik, - həmin tarixə nəzər salsanız, görərsiniz ki, partiyanı quran adamların tam əksəriyyəti onu ideya əsasında yaradıblar. Onları bu ideya birlədirib. Sonra həmin ideyanın həyata keçirilməsində baxılan səhclər, sonralar meydana çıxmış qüvvələrin bu partiyadan cürbəcür məqsədlərlə istifadə etməsi nəticəsində əvvəlki, kökündən yaranmış ideyalar pozuldu və partiya bu günə düşdü.

Mən başa düşürəm, indi respublikanın həyatı çox ağırdır. Siyasi fəaliyyətdə olan adamlar üçün də yaşayış şəraiti lazımdır, həyat şəraiti lazımdır. Onlar böyük çətinliklərlə qarşılaşırlar. Mən bunların hamısını bilirəm. Demək istəyirəm ki - keçmişdə kommunist ideologiyası belə idi, - sən gərək bir neçə müddət ac yaşayasan ki, gələcək komminizmindir. Yaxud başqa bir ideologiya var ki, sən gərək bu dünyada əzab çəkəsən ki, o dünyada xoşbəxt olacaqsan. Mən belə fikirləri təbliğ etmək istəmirəm və bunların tərəfdarı deyiləm. Sadəcə olaraq demək istəyirəm ki, biz indi ağır keçid dövründə yaşayırıq. Əgər Yeni Azərbaycan Partiyası bir ideya, məslək ətrafında birləşmişdirsə, həmin ideyanı, məsləki hər şeydən üstün tutmaq lazımdır. Əlbəttə ki, ədalətsizliyə qarşı mübarizə aparmaq lazımdır. Ancaq eyni zamanda çalışmaq lazımdır ki, partiyanın daxilində çəkişmə olmasın, çətinlikləri birlikdə aradan qaldırasınız, məsələləri bərabər həll edəsiniz. Ayrı-ayrı münaqişələr, tək-tək insanların bir-birinə münasibəti partiyanın zəifləməsinə, pozulmasına gətirib çıxarmamalıdır.

Məsələn, son vaxtlar belə söz-söhbət gedir ki, Yeni Azərbaycan Partyası artıq iflasa uğramışdır, ölübdür, yoxdur. Belə məlumatları mənə oradan-buradan çoxları gəlib deyir. Bir çox hallarda, məsələn kadrların təyin olunması zamanı mən soruşuram Yeni Azərbaycan Partiyasını. Deyirlər ki, yox, Yeni Azərbaycan Partiyasını təmsil edən adamlar o qədər də yararlı deyillər və s. Mənə, bax belə sözlər də deyirlər. Şübhəsiz ki, bunlar Yeni Azərbaycan Partiyasını zəiflətmək istəyən, onun gücünü azaltmaq istəyən rəylər, fikirlərdir. Baxmayaraq ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə sıx əlaqəm yox idi, mən, şübhəsiz ki, bu fikirlərə heç vaxt inanmırdım. Əmin idim ki, Yeni Azərbaycan Partiyası yaşayacaq və müəyyən mərhələlərdən keçərək daha da möhkəmlənəcək. Ona görə də bəlkə bu mərhələ sizin üçün həm sınaq mərhələsi olsun, həm də Yeni Azərbaycan Partiyasında, xalq arasında deyildiyi kimi, saf-çürük mərhələsi olsun. Yeni Azərbaycan Partiyasına şəxsi məqsədlər üçün gələnlər buna nail olmadıqlarını gördükdə kənara çıkildilər. Kim ideya, məslək yolu ilə gedibsə, o, bütün çətinliklərə dözür, cəfakeşlik edir, bu gün partiya ilə birlikdədir və inanır ki, bu partiya onun bütün şəxsi istək və arzularını da həyata keçirəcəkdir.

Ona görə də mən bu məsələnin dərinliyinə getmək istəmirəm. Məndə olan məlumatlara görə demək istəyirəm ki, partiyanın daxilində hər halda hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii haldır.

Bunu qəbul etmək lazımdır, buna dözmək lazımdır. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır. Amma bu fikir müxtəlifliyini, fikir ayrılığını münaqişəyə çevirmək, küsmək, çəkinmək lazım deyil, belə şeylər yaramaq. Mən bunu məsləhət görmürəm.

Ona görə mən sizi, bir prezident kimi bütün xalqı da vətəndaş birliyinə, vətəndaş həmrəyliyinə, milli həmrəyliyə dəvət edirəm. Bu, mənim bütün xalqa müraciətimdir. Partiyanın daxilində isə sizin hamınızı tam həmrəyliyə, birliyə dəvət edirəm. Ona görə yox ki, birinin dediyi digəri üçün istər-istəməz qanun olsun, yaxud keçmişdə Kommunist Partiyasında olduğu kimi, yuxarıdan dedilərsə, istəsən də, istəməsən də aşağıda bunu həyata keçirməlisən. Yox, mən buna razı deyiləm. Yeni Azərbaycan Partiyası o halda həqiqi, sağlam, mübariz və doğrudan da görkəmli partiya olar ki, onun daxilində fikir mübadiləsi getsin, fikir toqquşmaları getsin, sağlam prinsiplər əsasında mübarizə getsin, amma düzgün, yaxşı qərarlar qəbul olunsun. Bunlar şəxsi ədavətə və ən nəhayət, bir-birinə qarşı düşmənçiliyə gətirib çıxarmasın. Mənim sizə tövsiyəm, təkliflərim bundan ibarətdir. Güman edirəm ki, partiyanın bu potensialı var və bundan sonra həmin potensialdan istifadə olunacaqdır.

Kadr məsələsi ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən çox vaxt belə fikirlər deyilir ki, filankəs düz təyin olundu, başqası yox; filan yerə filankəs təyin olunmalı idi, niyə filankəs təyin edildi. Yaxud belə fikirlər var ki, Heydər Əliyev prezidentdir, deməli, hər yerə Yeni Azərbaycan Partiyasının adamları təyin olunmalıdır. Ya da bəzən deyirlər ki, Yeni Azərbaycan Partiyası təqdimat verməlidir. Bilirsiniz, mən bunları qəbul edə bilmirəm. Bu partiyanı yaradanlara nə qədər hörmətim varsa da, deyirəm ki. bunu o qədər də qəbul edə bilmərəm. Nəyə görə? Çünki onda siz bolşevik partiyasının prinsipləri əsasında gedəcəksiniz, onda siz Xalq Cəbhəsinin prinsipləri əsasında gedəcəksiniz. Xalq Cəbhəsinin daxilində çox sağlam qüvvələr də vardı, milli azadlıq hərəkatında iştirak etmiş, sağlam əhval-ruhiyyə ilə mübarizəyə qalxmış adamlar da vardı. Onlar çox idi, bir çoxu indi də var, mən bunları inkar etmirəm. Ancaq bədbəxtlik nədən ibarət idi? Məsələn, bufetdə araq satanı gətirib qoydular icra hakimiyyəti başçısı. Nə var, nə var, o gəlib dedi ki, mən meydanda beş dəfə qışqırmışam, səsim tutulubdur, həkim məni müalicə edib, filan qədər xərcim çıxıb, gərək məni icra başçısı qoyasınız.

Birincisi, siz mənim üçün meydanda çox qışqırmamısınız, əlbəttə, bunu zarafatla deyirəm, məni düzgün başa düşün. Əsas məsələ ondan ibarətdir ki, əgər biz bu prinsipi təkrar etsək, böyük səhvlər buraxmış olarıq. Bir halda ki, Heydər Əliyev xalq tərəfindən seçilmiş prezidentdir, gərək o, xalqın bütün təbəqələrindən istifadə etsin. Siz gərək bunu biləsiniz. Ancaq bu təbəqələrdən istifadə olunmasında buraxılan səhvlərin qarşısını almaqda siz kömək etməlisiniz, sizin içərinizdə olan sağlam, bacarıqlı, peşəkar, ağıllı adamların irəli çəkilməsinə, respublikanın bu vəziyyətdən çıxması üçün kömək göstərmək məqsədi ilə yaxşı yerlərdə işləməsinə çalışmalısınız. Yəni demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının prinsiplərində və prezidentlə münasibətində keçmiş, necə deyərlər, özünü tamamilə ləkələmiş prinsiplərdən kənar olmalıyıq. Biz gərək yeni prinsiplər əsasında əməkdaşlıq edək. Hesab edirəm ki, bu prinsiplər əsasında əməkdaşlıq edərək çox böyük işlərə nail ola bilərik. Yeni Azərbaycan Partiyası özünə layiq yerləri də, vəzifələri də tuta və respublikaya xeyir verə bilər.

Məqsədimiz kimisə mütləq hansı vəzifəyəsə qoymaqdan ibarət deyildir. Məqsədimiz ondan ibarətdir ki, bizim proqramımızda - Yeni Azərbaycan Partiyasının proqramında göstərilən müstəqillik və bütün başqa demokratik prinsipləri - bazar iqtisadiyyatı, iqtisadiyyatın inkişafı prinsiplərini həyata keçirək, bu partiyanın içərisindən, digər təbəqələrdən ən dəyərli, peşəkarlıq baxımından imkanı olan adamları seçib işə qoyaq. Bu işlər yaxşı gedəndə, xalqımızın rifahı yaxşılaşanda, biz bu ağır vəziyyətdən çıxanda Yeni Azərbaycan Partiyasının hər bir üzvünün, lap sıravi üzvünün də vəziyyəti yaxşılaşacaq. Ona görə də xahiş edirəm, bu məsələlərdə də diqqətli olasınız. Məni düzgün başa düşün, mən demək istəmirəm ki, Yeni Azərbycan Partiyası kənarda qalmalıdır, yox. Ancaq bu məsələlərdə diqqətli olmağınızı xahiş edirəm.

Müxalifədtə olan qüvvələr bəzən, hətta mütəmadi olaraq, bizim gördüyümüz, hakimiyyətin gördüyü işləri ləkələmək istəyirlər. Nə yaxşı iş görürsən, - istəyirlər onu pisləsinlər. Hətta, hansı partiya isə, deyəsən Sosial-Demokrat Partiyası, orada-burada bəyanat vermişdir ki, heç bir dövlət çevrilişi cəhdi olmamışdır, sadəcə olaraq, Heydər Əliyev öz hakimiyyətini möhkəmləndirmək üçün bunu etmişdir. Bilirsiniz, bu dərəcədə vicdansızlıq etmək xalqa xəyanətdən başqa bir şey deyildir. Əgər dövlət çevrilişi cəhdi olmamışsa, bəs bu adamlar niyə qaçdılar? Əgər çevriliş etmək istəmirdilərsə, cinayət törətməmişdilərsə, nə üçün qaçdılar? İndi qaçıb bir hissəsi Moskvada, bir hissəsi orada-burada yığışmışdır. Necə yəni dövlət çevrilişi cəhdi olmayıb? Olub! Bax burada necə deyərlər xoruzun quyruğu görünür. Dövlət çevrilişinə cəhd göstərən əsas təşkilatlardan birinə - Gəncədə quldurlar, cinayətkarlar tərəfindən yaradılmış "Nicat" təşkilatına Sosial-Demokrat Partiyası pul keçirir, onun fəaliyyətində iştirak edirdi. Əlbəttə, demək, bu da dövlət çevrilişi cəhdinə müəyyən qədər, dolayısı ilə, yaxud da birbaşa köməkdir. Ona görə də, şübhəsiz ki, onlar belə yazacaqlar.

Azərbaycanda siyasi plüralizm varsa, demək, siyasi müxalifət olmalıdır. Siyasi müxalifətin olması hər bir dövləti həm totalitarizmdən xilas edir, həm də dövlət siyasətinin aparılmasında dövləti daha da sayıq saxlayır. Ona görə də siyasi müxalifət olmalıdır. Siyasi müxalifətin, əlbəttə ki, sivilizasiyalı müxalifətin yaranması üçün prezident kimi mən bundan sonra da səy göstərəcəyəm. Amma bir var ki, siyasi müxalifət ədalətli olsun, biri də var ki, böhtançı, yalançı, xalqın beynini zəhərləyən müxalifət. Biz bununla razılaşa bilmərik. Bu baxımdan gərək Yeni Azərbaycan Partiyasında olan adamlar əgər nədənsə, hansı hərəkətdənsə narazıdırlarsa, bunu mədəni çərçivədə desinlər. Yaxud, bir yerə kimsə təyin olunur, Yeni Azərbaycan Partiyasından kimsə deyir ki, bu adam yaramazdır, nə bilim nədir, ondan filan qədər rüşvət alıblar. Axı belə fikirləşmək olmaz. Azərbaycanda rüşvətxorluq var. Mənim də ən böyük vəzifəm ondan ibarətdir ki, rüşvətxorluqla mübarizəni daha da gücləndirim.

Bilirsiniz ki, hələ 25 il bundan əvvəl mən ilk dəfə Azərbaycanın başçısı seçiləndə ilk addımlarım rüşvətxorluqla mübarizə olmuşdur. İndi rüşvətxorluq geniş yayılmışdır, özü də təkcə Azərbaycanda yox, hər yerdə. Ancaq başqa yerlərin bizə dəxli yoxdur, biz öz dövlətimiz haqqında düşünməliyik. Rüşvətxorluqla mübarizədə birləşmək əvəzinə, bir də görürsən ki, orada-burada söz-söhbət gedir: hə, filan qədər rüşvət alıb vəzifəyə qoydular. Bunu müxalifət deyirsə, bu başqa məsələ. Doğrudan da belə məlumat varsa, gəlin deyin, bunu yoxlayaq. Əgər belə bir hadisə olubsa, onun qarşısını alaq. Amma belə fikirləri yaymaq yaxşı deyil, bunlar yaramaz.

Mətbuatın xidməti barədə də danışmaq istəyirəm. Yeni Azərbaycan Partiyasının mətbuat orqanlarından biri "Səs" qəzetidir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. Çünki, səhv etmirəmsə, hələ 1990-cı ildə yaranmış "Səs" qəzeti o vaxtdan düzgün, sağlam mövqedə dayanmışdır və bu yolla da gedir. O vaxt Yeni Azərbaycan Partiyası yox idi. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu, "Səs" qəzeti cəsarətlə, çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi, ictimaiyyətdə düzgün fikirlər formalaşmasına səy göstərirdi. Yenə deyirəm, buna görə də mən "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirirəm.

O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.

Məsələn, "Naxçıvan" qəzeti də yaranmışdır. Mən sizə açıq deyirəm, Naxçıvanda Ali Məclisin sədri idim, lakin bu qəzetin necə yaranmasından, onu kimin yaratmasından xəbərim olmadı. İndi kim isə deyə bilər ki, o, Heydər Əliyevin əli ilə yaradılmışdır. Vallah-billah yox! Birincisi, bu qəzetləri yaratmaq üçün pul lazımdır. Bilirsiniz ki, mənim heç vaxt pulum olmamışdır, həmişə kasıb yaşamışam. İkincisi də, Naxçıvanda olarkən mən birtəhər oranı qoruyub saxlamaq istəyirdim. Belə bir vəziyyətdə Bakıda qəzet yarat, adını da "Naxçıvan" qoy, mənim bundan heç xəbərim də olmamışdır. Bir də eşitdim ki, Bakıda "Naxçıvan" qəzeti yaranıb. Onu yenə də ürəyi yanan, doğrudan da cəsarətli insanlar yaratmışdır. Allah rəhmət eləsin bizim Mirzə Əsgərov məndən xəbərsiz bu işdə təşəbbüs göstərdi. Naxçıvana gəlib mənə dedi ki, belə qəzet yaratmışıq. Düzü, əvvəl buna inanmadım, sonra gördüm ki, qəzet fəaliyyət göstərir, yaxşı məqalələr verir. Yeni Azərbaycan Partiyası yaranandan sonra bu qəzet ona xidmət edir. Mən hesab edirəm ki, bu da Yeni Azərbaycan Partiyasının qəzetidir.

Partiya yaranandan sonra belə fikir oldu ki, partiyanın xüsusi bir orqanı olsun. Adı barədə çox fikirləşdilər və nəhayət, "Yeni Azərbaycan" qəzeti yarandı. Burada Əli Nağıyev bu qəzet barədə öz iradlarını bildirdi. Bilirsiniz, bu qəzet də yeni yaranmışdır. Doğrusu, qəzetləri oxumağa mənim vaxtım yoxdur. Zənnimcə, bunu üzürlü hesab etməlisiniz. Bəzən hansı qəzetdə nə yazılması barədə mənə qısaca, üç-dörd dəqiqəlik məlumat verirlər. Ancaq mən bu fikirlə razıyam ki, "Yeni Azərbaycan" qəzeti öz səviyyəsinə görə adını çəkdiyim o biri üç qəzetin səviyyəsindən aşağıdır. Mən bunu etiraf etməliyəm. Ancaq bu o demək deyildir ki, "Yeni Azərbaycan" qəzeti Yeni Azərbaycan Partiyasının orqanı olduğu halda, burada ixtilaf yaratmaq lazımdır. Kömək etmək lazımdır ki, "Yeni Azərbaycan" qəzeti səviyyəsini daha da qaldırsın.

Mən "Səs", "Naxçıvan", "İki sahil" və "Yeni Azərbaycan" qəzetləri haqqında bu müsbət fikirləri deyərkən eyni zamanda hesab etmirəm ki, bu qəzetlər indiki müasir səviyyədə fəaliyyət göstərir. Onların imkanı var ki, daha güclü təbliğat orqanlarına çevrilsin, öz ətrafına daha güclü müxbirlər toplasın, daha güclü məqalələr dərc etsin. Mənə belə gəlir ki, məqalələr də əsasən respublikada gedən ictimai-siyasi prosesləri düzgün təhlil etmək və respublikada vəziyyəti qarışdırmağa, pozmağa çalışan, Azərbaycanı bu çətin, ağır vəziyyətdən çıxarmaqda bizə mane olan qüvvələri ifşa etmək, özü də sözçülüklə yox, ayrı-ayrı kəskin ifadələrlə yox, məntiqlə, təhlillə, dərin fikirlərlə ifşa etmək mövqeyindən yazılmalıdır. Beləliklə də, bu qəzetlər əhalini, respublikanın vətəndaşlarını düzgün istiqamətə yönəltməlidir. Ona görə də mən yenə deyirəm, bu qəzetlərin fəaliyyətini, xüsusən onların keçmişdəki fəaliyyətini xüsusi qiymətləndirirəm və arzu edirəm ki, onlar öz fəaliyyətlərini daha da genişləndirsinlər.

Azərbaycanda gedən prosesləri bilirsiniz. Respublika çox ağır vəziyyətdədir. Son 6-7 ildə respublika iqtisadi cəhətdən, ictimai-siyasi vəziyyət baxımından o qədər çətinliklərə düşüb ki, onu bu çətinliklərdən çıxarmaq bir günün, iki günün işi deyildir. Yadımdadır, mən iyun ayında Bakıya gələndə xarici müxbirlərin bir neçəsi mənə dedi ki, xalq sizdən möcüzələr gözləyir. Mən başa düşürəm, xalq doğrudan da, həmişə möcüzələr gözləyir. Çünki xalq o qədər ağır vəziyyətdədir ki, bu vəziyyətdən çıxmaq üçün istəyir hansısa bir möcüzə olsun. Xüsusən Heydər Əliyev haqqında düşünərkən və onun keçmiş fəaliyyətini, ümumiyyətlə siyasi imkanlarını, təcrübəsini və sairəni nəzərə alarkən hesab edirlər ki, Heydər Əliyev bunu mütləq etməlidir, onu mütləq etməlidir, bu işi görməlidir.

Bəli, mən öz məsuliyyətimi bilirəm və hesab edirəm ki, bunları etməliyəm. Ancaq, bilirsiniz, bunu bir də deyirəm: mən gəlib nə prezident olmaq, nə burada respublikaya rəhbərlik etmək arzusunda olmuşam. Mən siyasətdən tamamilə geri çəkilmiş adam idim. Tale məni buraya bir də gətirdi. Buraya mən özümə görə yox, vəzifə tutmağa görə yox, xalqı bu vəziyyətdən xilas etmək üçün gəlmişəm. Burada işlədiyim birinci gündən indiyə qədər nə gecəm var, nə də gündüzüm, bütün həyatım buna sərf olunmuşdur. Nə mümkündürsə, onu da edirik və nə mümkündürsə, onu da edəcəyik.

Ancaq bunların hamısını adamlara düzgün izah etmək lazımdır. Bir də insanlarda müəyyən qədər dözüm yaratmaq lazımdır. Bu da sizin borcunuzdur. Məsələn, təsəvvür edin, iyun ayında Azərbaycan parçalanma ərəfəsində idi, vətəndaş müharibəsi idi, qan tökülürdü. Azərbaycanı artıq parçalamışdılar. Məgər bunun qarşısının alınması, Azərbaycanın bütövlüyünün saxlanması böyük hadisə deyilmi? Mən demək istəmirəm ki, buna böyük qiymət vermək lazımdır, yox. Əgər mən buraya gəlmişdimsə, bu, mənim borcum idi. Mən bu borcumu yerinə yetirirdim və heç kəsə də minnət qoymuram.

Sonrakı dövrü götürək. Sürət Hüseynovu gətirib o mərtəbəyə çıxaran mən deyildim ki! onun quldur dəstələrinə toplaşmağa imkan verən, ona belə imkanlar yaradan həmin o hakimiyyət oldu ki, o, onun əleyhinə çıxdı, münaqişəyə girdi. Rəhim Qazıyevi götürün, onun kimi adam Azərbaycan xalqının qatı düşmənidir. Amma uzun müddət meydanlarda, orada-burada, televiziyada və sairədə xalq qəhrəmanı kimi görünürdü. Bunlar hamısı birləşmişdilər. Cənub zonasını dağıdan kim idi? Təkcə Əlikram Hümbətov deyildi ki, Surət Hüseynov idi, Rəhim Qazıyev idi, Ayaz Mütəllibov idi. Nədən ötrü? Çünki onlar üçün millət, xalq, Azərbaycan, ölkə məfhumu yoxdur. Onlar oğru, cinayətkar, Azərbaycan xalqının qanını sormuş adamlardır. Onlar beləliklə öz hakimiyyətlərini təmin etmək istəyirdilər.

Bəs bunların qarşısının alınması? Əbülfəz Elçibəy bir dəfə Kələkidən mənimlə telefonla danışarkən soruşdu ki, niyə Rəhim Qazıyev Milli Məclisdə onun haqqında belə çirkin sözlər deyir, siz ona imkan verirsiniz? Mən dedim ki, Əbülfəz bəy, bəs o, neçə vaxt sizin qanadınızın altında sizə, sizin üzünüzə çirkin sözlər deyəndə onu işdən çıxarmağa, həbs etməyə niyə cəsarətiniz çatmadı? Mən isə bunu etdim.

Mən bu dövrü təhlil etmək fikrində deyiləm. Ancaq biz nə qədər çətinliklərdən gəlib keçdik. Bir dəstəni cənubda ləğv etmək, birini həbs etmək, digərini həbs etmək, onun qarşısını almaq, bunun qarşısını almaq... Müxalifətdə olan ayrı-ayrı qüvvələr də, - əgər onlar sağlam müxalifətdirsə, gərək belə etməsinlər, - ondan da, bundan da istifadə edərək yalnız və yalnız hakimiyyətə gəlmək üçün aranı qarışdırmaq istəyirlər. Bu da axı, Azərbaycan üçün təhlükədir. Bunların qarşısını almaq asan məsələ deyildir.

Son iki-üç ayı götürək. Burada Əli Nağıyev dedi ki, biz xəbərdarlıq edirdik. Bəli, biz özümüz də bilirdik ki, cürbəcür qüvvələr toplaşır, birləşir. Hətta keçmişdə bir-birinə zidd olan qüvvələr birləşir, əlaqəyə girirdi ki, nə var, nə var, Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırsınlar. Bundan sonra hakimiyyəti özləri bölüşdürəcəkdilər. Bunu biz bilirdik. Ancaq görürsünüz ki, onlar istədiklərinə nail ola bilmədilər. Şübhəsiz, ola bilərdi ki, biz daha da kəskin tədbirlər görərdik. Ola bilərdi. Ancaq siz gördünüz ki, biz neft müqaviləsini imzalayan kimi, sentyabrın 22-də Rəhim Qazıyevi, Əlikram Hümbətovu qaçırtdılar. Onlar özləri qaçmadılar, bunu təşkil etdilər. Sentyabrın 29-da Afiyəddin Cəlilovu və Şəmsi Rəhimovu öldürdülər. Oktyabrın 1-də proseslər başlandı və ayın 4-5-də artıq gəlib kulminasiya nöqtəsinə çatdı. Bunların da qarşısını aldıq.

Yeni Azərbaycan Partiyasının bu dövrdə, Azərbaycan Respublikası dövlətçiliyinin böyük təhlükə qarşısında olduğu bir dövrdəki fəaliyyətini mən yüksək qiymətləndirirəm və sizə, Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə bu proseslərdə Azərbaycanın dövlətçiliyini qorumaq üçün gördüyünüz işlərə görə təşəkkür edirəm. Sağ olun.

Eyni zamanda biz hamımız onun şahidi olduq ki, həmin o gecə mənim müraciətimlə bütün Azərbaycan ayağa qalxdı. Mən bu gün tam qətiyyətlə deyirəm ki, o çevriliş cəhdinin qarşısını biz silah gücünə yox, ordunun, inzibati orqanların gücü ilə yox, bəzən onların arasında satqınlar olduğu halda belə, ancaq xalqın milli həmrəyliyi ilə və xalqın Azərbaycan dövlətçiliyini qorumaq üçün ayağa qalxması ilə, xalqın Azərbaycan prezidentinə göstərdiyi hörmət və sədaqət ilə aldıq.

İndi ayrı-ayrı qruplar yenə orada-burada baş qaldırmaq istəyirlər. Qaçanlar gedib Moskvada yığışıblar, Rəhim Qazıyev də, Sürət Hüseynov da oradadır. Mütəllibov əvvəldən aradadır. Onlar buraya emissarlarını göndərirlər və s. Bilirsiniz, Azərbaycanın belə ağır vəziyyətdə olduğu halda, xalqın müqəddaratını ayrı-ayrı qrupların mənafeyinə, necə deyərlər, qurban vermək istəyən adamlar Azərbaycanın xain düşmənləridir.

Təsəvvür edin, bu ağır vəziyyətdən çıxmaq üçün altı aydır ki, atəş dayandırılmışdır. İndi mən bunları demək istəmirəm, çünki bunlar bizim daxili işlərimizdir, bunları sadalamağa ehtiyac yoxdur. Biz nə qədər ağır danışıqlar aparırıq ki, məsələni sülh yolu ilə həll edək, müharibə qurtarsın. Altı il gedən müharibədə ilk dəfədir ki, altı aydır qan tökülmür, şəhidlər gəlmir. İnsanlar ağır da olsa heç olmasa sülh şəraitində yaşayırlar. Ancaq biz hesab etmirik ki, vəzifəmiz bununla qurtarmışdır, yox. Biz torpaqları azad etməliyik, qaçqınları öz yerlərinə qaytarmalıyıq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməliyik. Bu, asan məsələ deyil ki, 1988-ci ildən başlayaraq, bu problem meydana çıxan kimi dalbadal buraxılan səhvlər Azərbaycanı gətirib belə bir fəlakət vəziyyətinə çıxarmışdır. Ona görə asan məsələ deyil ki, Azərbaycanın başqa dövlətlər tərəfindən müdafiə olunması ilə Ermənistanın müdafiə olunması arasında böyük fərq var. Ermənistanın hələ böyük dövlətlər tərəfindən aldığı dəstəkdən savayı, nə qədər böyük diasporu var: Avropada, Amerikada, Rusiyada, Moskvanın özündə, Rusiyanın hər yerində.

Biz üz-üzə durmuşuq, amma eyni vəziyyətə deyilik. Birinci ona görə ki, Ermənistanı müdafiə edən qüvvələr bizi müdafiə edən qüvvələrdən qat-qat çoxdur. İkini ona görə ki, üstünlük onlardadır, torpaqlarımızın 20 faizini işğal ediblər. Nə üçün işğal ediblər? 1988-ci ildən bəri gedən proseslərin nəticəsində. İndi kimsə ölçür ki, hansı rayon nə vaxt əldən gedib. Bu rayonların hamısı artıq 1991-ci ildə, 92-ci ildə əldən getmişdi. Hamısı əldən getmişdi.

Ona görə də indi bu vəziyyətdən çıxmaq üçün, işğal olunmuş rayonlarımızı geri qaytarmaq, yəni Ermənistan silahlı qüvvələrini oradan çıxarmaq üçün böyük siyasi işlər görülməlidir. Məsələn, mən Moskvaya getdim. Təsəvvür edin, səhər Moskvaya uçmuşam, gecə saat 5-də buraya qayıtmışam. Hər bir səfərim belədir. Keçən dəfə, oktyabrın 21-də səhər uçdum Moskvaya, gecə saat 1-də buraya qayıtdım. Bir dəqiqəm də boş olmadı. Noyabrın 17-də də orada bir dəqiqəm belə boş keçmədi. Boris Yeltsinlə görüşlər, danışıqlar, başqa şəxslərlə görüşlər, danışıqlar oldu. Nəhayət, Füzulinin yubileyi. Onun da böyük əhəmiyyəti var idi. Bəli, Məhəmməd Füzulinin 500 illik yubileyi Rusiyanın paytaxtı Moskvada keçirildi. Bu da Azərbaycanın təbliğ olunması üçün, onun doğrudan da müstəqil dövlət olması üçün böyük bir hadisədir. Mən oradakı çıxışımda dedim, vaxtı ilə Moskvada belə yubileyləri çox keçirmişik. Ancaq bu, Sovet İttifaqı vaxtında idi. İndi, müstəqil Azərbaycan Respublikasının dahi şairi Məhəmməd Füzulinin yubileyi başqa bir ölkədə, Rusiyanın paytaxtı Moskvada keçirildi. Bunlar hamısı bizim gecə-gündüz gördüyümüz gərgin işlərdir.

Belə bir vəziyyətdə bir qrup orada, bir qrup burada toplaşır ki, aranı qarışdırsın. Yenə də məlumat gəlmişdir ki, kimsə çevriliş etmək istəyir, kimsə silahlı qüvvələr toplayır və sairə. Yəni biz belə bir şəraitdə yaşayırıq. Belə bir şəraitdə prezident kimi mən Azərbaycanın rəhbərliyini öz üzərimə götürmüşəm. Məsuliyyətimi də bilirəm, çətinliyi də əvvəldən dərk etmişəm. Amma siz də bilməlisiniz, bütün xalq da bilməlidir ki, nə qədər böyük çətinliklər, problemlər var. Ancaq əmin ola bilərsiniz, heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməyəcəkdir.

Dövlət çevrilişinə cəhd etmiş adamlar dərsini aldılar. Əgər kim bunu anlamamışsa, yenə də belə əhval-ruhiyyə ilə yaşayırsa, ayılsın, bilsin: onların heç birisi burada öz çirkin əməllərini həyata keçirməyə nail olmayacaq. Əbəs yerə qan tökmək lazım deyil və biz də buna yol verməyəcəyik. Azərbaycanın dövlətçiliyini, müstəqil Azərbaycan Respublikasının istiqlaliyyətini, Azərbaycanda indi bərqərar olan sabit ictimai-siyasi vəziyyəti qoruyacaq və mən bir prezident kimi bütün bu müqəddəs vəzifələrin keşiyində dayanmışam.

Bu gün sizin qarşınızda çıxış edərək eyni zamanda bir daha bütün Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm. Siz dən də rica edirəm ki, hərəniz öz yerinizdə təkcə partiya üzvlərinə yox, bütün vətəndaşlara çatdırasınız ki, Azərbaycan üçün indi milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi hava-su kimi lazımdır. Mən bir prezident kimi bu birliyi, həmrəyliyi təmin etməyə çalışacağam. Güman edirəm ki, Yeni Azərbaycan Partiyası da öz siyasi fəaliyyətini bundan sonra da bu istiqamətdə aparacaqdır və hamımız birlikdə bu çətinliklərdən çıxacağıq. Tam əminəm ki, biz müstəqil Azərbaycan Respublikasının xoşbəxt gələcəyinə nail olacağıq.

Yeni Azərbaycan Partiyasının yaranmasının ikinci ildönümü münasibətilə sizi bir daha təbrik edirəm, hər birinizə, partiyanın bütün üzvlərinə cansağlığı, xoşbəxtlik arzulayır, partiyanın gələcək işlərində uğurlar diləyirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 21 noyabr 1994-cü il

Tarixi arayış