Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etmiş Azərbaycan ziyaliları ilə görüşdə çıxışı - Prezident Sarayı, 9 sentyabr 1995-ci il


Əziz və hörmətli dostlar!

Bu gün biz qeyri-adi bir görüş keçiririk. Mən bu şənbə günü sizi istirahətinizdən ayırmışam və bura dəvət etmişəm. Təxminən üç il bundan əvvəl baş vermiş bəzi hadisələri yada salmaq, xatırlamaq üçün. Eyni zamanda üç il bundan əvvəl Azərbaycanın bu günü, gələcəyi haqqında düşünən adamların bir qisminin o vaxtkı təşəbbüslərinin zaman keçəndən sonra cəmiyyətimiz, xalqımız, millətimiz üçün nə qədər əhəmiyyətli olduğuna bir daha (mən "bir daha" deyirəm, çünki bu barədə öz fikirlərimi daim demişəm) qiymət vermək və bu barədə düşündüklərimi söyləmək üçün.

Bura dəvət olunan şəxslər 1992-ci ildə Azərbaycanın, Respublikamızın həyatında ağır proseslər getdiyi zaman mənə çox müraciət edən Azərbaycan vətəndaşlarının bir qrupudur. Məlumdur, amma mən bunu qeyd etməliyəm ki, 1987-ci ildə mən Moskvada işləyərkən o vaxtkı Siyasi Büronun üzvlüyündən, Sovetlər İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefaya gedəndən sonra həyatımda, mənim üçün doğma, əziz olan Azərbaycan Respublikasının, xalqımızın həyatında çox böyük dəyişikliklər əmələ gəldi.

O vaxtlar mən Moskvada yaşayarkən, demək olar ki, cəmiyyətdən tamamilə təcrid edilmiş bir vəziyyətdə olduğum dövrdə Azərbaycanla, doğma xalqımla daim maraqlanırdım və onun qayğıları ilə yaşayırdım. Onun keçirdiyi çətin proseslər məni narahat edir, incidirdi. O vaxtkı şəraitə görə etdiyimdən artıq bir şey edə bilmirdim. Ancaq bəzi şeylər də edirdim.

Məlumdur ki, sonra 20 Yanvar faciəsi baş verdi. Xalq çox hiddətləndi. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı çox qatı hərbi, siyasi təcavüz oldu. Xalqımıza böyük zərbə vuruldu. Cəmiyyətdə böyük canlanma əmələ gəldi. O zaman mən də kənarda qalmadım, öz sözümü dedim, münasibətimi bildirdim. O vaxta qədər mənim Azərbaycana qayıtmaq fikrim yox idi. Bunu sizə açıq demək istəyirəm. Şübhəsiz ki, mən Azərbaycanın həsrəti ilə yaşayırdım. Ancaq hesab edirdim ki, mən artıq siyasi fəaliyyətdən kənardayam, Moskvada yaşayıram, - nə qədər ağır, çətin olsa da, orada yaşayıram. Belə hesab edirdim ki, qayıtmağa can atmağa ehtiyac da yoxdur. Şübhəsiz ki, ürəyim istəyirdi və başqa cür də ola bilməzdi.

20 Yanvar faciəsi məni dəhşətə gətirdi, çox həyəcanlandırdı. Mənə qarşı olan bütün təzyiqlərə, təqiblərə baxmayaraq, həyatım və ailəm üçün yaranmış təhlükəyə baxmayaraq, mən artıq siyasi fəaliyyətə qoşuldum. O mənada yox ki, bir siyasi mövqe, vəzifə tutum. Sadəcə - kənarda qalmamaq üçün. Bir də ona görə yox ki, kənarda qalmağım mənim üçün pis olar. Ona görə ki, hiss etdim ki, mənim sözümə, fikrimə Azərbaycan xalqının indiki bu ağır dövründə böyük ehtiyacı var. Məhz buna görə, başqa məqsədə görə yox.

O vaxt mən Azərbaycana gəlməyə çox can atdım. Hər vəchlə mənim qarşımı aldılar, çox maneələr törətdilər, hətta bunu mənə qadağan etdilər, inzibati təzyiq tədbirlərinə əl atdılar. Buraya gəlməyimi nə Sovetlər İttifaqının o vaxtkı rəhbərliyi istəyirdi ("istəyirdi" demək olmaz, buna qəti etiraz edirdi), eyni zamanda Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyi buna etiraz edirdi. Tək etiraz deyil, onlar birlikdə bütün tədbirləri görürdülər ki, məni insan hüquqlarından məhrum etsinlər. O vaxt mən adi bir vətəndaş idim. Şübhəsiz, vətəndaş kimi istədiyim yerə gedə bilərdim. Axı, mən xaricə getmək istəmirdim. Sovetlər İttifaqı dövlət idi, onun daxilində istədiyim yerə gedə bilərdim, o cümlədən doğulduğum, yaşadığım, işlədiyim vətənimə də qayıda bilərdim. Ancaq onlar mənim hüquqlarımı tamamilə pozdular, dağıtdılar, tapdaladılar.

Mənim cəhdlərim bir neçə ay nəticə vermədi və bir sıra inzibati tədbirlərlə mənim Azərbaycana gəlməyimin qarşısını aldılar. Ancaq mən öz niyyətimdən əl çəkmədim, çalışdım, mübarizə apardım. O vaxtdan sonra mən mətbuatda - Moskva mətbuatında, xarici ölkələrin mətbuatında, informasiya orqanlarında açıq bəyanatlar verdim, fikirlərimi bildirdim. Faktiki olaraq 1990-cı ilin 21 yanvarında mən Kommunist Partiyasını mənən tərk etdim və açıq mübarizəyə başladım. Bu mübarizə şəxsən özümə yeni bir vəzifə almaq üçün deyildi. Sadəcə, görürdüm ki, xalq ağır vəziyyətdədir, respublikanın rəhbərləri xalqa xəyanət edirlər, xalqın ziyalı, dəyərli adamları ayağa qalxıblar, ancaq onları boğurlar. Hesab etdim ki, burada mənim səsim onların səsinə güc verə bilər. Beləliklə də biz bu ağır vəziyyətdə xalqımızı, onun milli mənliyini, mənəviyyatını qoruya bilərik.

Bütün bu cəhdlərin qarşısının alınmasına baxmayaraq, 1990-cı ilin yayında mən təyyarə ilə Bakıya uçmaq üçün çox ciddi bir addım atdım. Qarşıma qoyulan o inzibati tədbirlər nəticə vermədi. O vaxt burada çox böyük bir cinayət, sui-qəsd etdilər. Azərnəşrin direktoru Əjdər Xanbabayev o zaman vaxtaşırı mənimlə telefon əlaqəsi saxlayan şəxs idi. Adi bir adam idi. Burada oturanların çoxları kimi, nə vəzifə sahibi idi, nə də mənim vaxtımda bir vəzifə almış adam idi. Adi ziyalı, vətənpərvər bir adam idi. Burada işlədiyim vaxtda mənimlə heç bir şəxsi münasibəti olmayan bir adam idi. Ancaq, sadəcə olaraq Vətənə ürəyi yandığına görə, görünür, daxili mənəviyyatı çox yüksək olduğuna görə o mənimlə vaxtaşırı əlaqə saxlayırdı. Onu burada vəhşicəsinə qətlə yetirdilər, öldürdülər. Bu hadisə mənim buraya gəlməyimdən bir gün əvvəl oldu: mən Bakıya uçmalı idim, ondan bir gün əvvəl onu burada qətlə yetirdilər.

Təəssüf ki, bundan beş il keçsə də, bu cinayət hələ açılmayıb. Ancaq indi, güman edirəm ki, istintaq orqanları bu cinayətin açılmasına çox yaxın bir mərhələdədirlər. Əminəm ki, bu cinayət açılacaq, cinayətkarlar da tamamilə aşkar olunacaqlar.

Bu adamın vəhşicəsinə qətlə yetirilməsi şübhəsiz ki, mənə ağır təsir etdi, bir insan kimi məni çox sarsıtdı. Ancaq eyni zamanda məni daha da ruhlandırdı ki, əgər belə adi insanlar öz amalına görə özünü qurban verə bilirlərsə, demək, Azərbaycanda belələri az deyil. Demək, xalqımız öz milli mənliyini itirməyibdir və mən bu fəaliyyətimi davam etdirməliyəm. Bunun üstündən bir müddət keçəndən sonra yenə də böyük çətinliklərlə mən nəhayət, Bakıya gəldim. Vaxtınızı almaq istəmirəm, bunlar hamısı məlumdur. Məni Bakıda yaşamağa qoymadılar, Naxçıvana getdim. Mən hesab etdim ki, doğulduğum, gəncliyimi yaşadığım torpaqda – Naxçıvanda həyatımı sona çatdıracağam. Ancaq orada Naxçıvanın əhalisi, xalq mənə çox böyük qayğı göstərdi. Mənə böyük hörmət etdilər və parlament seçkiləri zamanı - 1990-cı ilin sentyabr ayında mənim Azərbaycan və Naxçıvan parlamentlərinə seçilməyim haqqında cürbəcür təşəbbüslər etdilər. Doğrudur, mən gedib orada evdə sakit oturmamışdım. Mən o vaxt çoxlu görüşlərə gedirdim, 20 Yanvar faciəsi ilə əlaqədar, Azərbaycanın müstəqil olması üçün, ölkəmizin milli azadlığı haqqında, Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüzün qarşısını almaq üçün Azərbaycanın lazımi tədbirlər görməməsi barədə öz fikirlərimi söyləyirdim. O vaxtlar mənim fikirlərim çox təsirli idi. Mən xalqla əlaqədə idim. Demək olar ki, o vaxt Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində, böyük şəhərlərində, kəndlərində oldum, insanlarla görüşdüm. Bu görüşlər onlar üçün böyük dayaq, mənim üçün də bir təsəlli oldu. Hər halda mən uzun müddət təcrid olunduğum bir vəziyyətdən çıxdım.

Nəhayət, məni həm Naxçıvan Muxtar Respublikasının, həm də Azərbaycan Respubhkasının parlamentinə deputat seçdilər. Mənim parlamentdəki çıxışlarım da, mənə qarşı olan ədalətsiz hərəkətlər, təhqirlər də məlumdur. Hər halda hesab edirəm ki, o vaxtlar Naxçıvan Muxtar Respublikasında milli azadlıq hərəkatını qaldırmaq üçün, müstəqillik barədə fikirləri möhkəmləndirmək üçün orada milli azadlıq arzusunda olan insanlarla bərabər biz çox iş gördük. O vaxt Naxçıvan Azərbaycana çox böyük bir örnək oldu, çox təsir etdi. Bunlar da hamısı sizə məlumdur. Mən sadəcə olaraq əsas mövzuya gəlmək üçün bunları bir balaca xatirinizə salıram.

Kommunist Partiyası dağılandan sonra və Sovet İttifaqı artıq dağılmaq ərəfəsində ikən - 1991-ci ilin yayında mən bir müddət Moskvada yaşadım. Sonra buraya gəldim. Moskvadakı qiyam barədə Bakıda eşitdim. Mən Naxçıvana getdim. Muxtar respublikanın, Naxçıvanın əhalisi meydanlara toplaşdı - on minlərlə, biri deyirdi 60 min, biri deyirdi 70 min adam, demək olar ki, əhalinin əksəriyyəti mənim Ali Məclisə sədr seçilməyimi tələb etdi. Mən də buna razılıq verdim. Orada da mən buna əvvəlcə çox müqavimət göstərirdim, istəmirdim. Razılığımın səbəbi o oldu ki, Naxçıvan ağır vəziyyətdə idi, ona kömək etmək lazım idi. Bu da mənim borcum idi. Şübhəsiz ki, kənarda duran bir adam kimi, mən bu köməyi edə bilməzdim. Ancaq həmin vəzifəni üzərimə götürəndən sonra bu köməyi etməyə imkanlarım oldu və işlər də gördük.

Sonra Xalq Cəbhəsi hakimiyyətə gəldi və onun hakimiyyətə gəlməsinə mən bir siyasi xadim kimi dəstək verdim, bir şəxs kimi kömək etdim. Ancaq onların da hakimiyyət dövrü nə cür oldu, nə təhər oldu - sizə məlumdur. Bilirsiniz ki, 1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonar burada çox proseslər cərəyan edirdi. Burada prezident seçkiləri təyin olunmuşdu. Böyük-böyük qruplar mitinqlər keçirirdilər ki, o vaxtlar konstitusiyada qoyulmuş yaş həddi götürülsün və Heydər Əliyev də prezidentliyə namizədliyini verə bilsin. Düzdür, mənim onlarla heç bir əlaqəm yox idi. O mitinqdə iştirak edənlərin bəziləri indi buradadırlar, mən bunu tam səmimi olaraq deyirəm, heç bir əlaqəm yox idi. Naxçıvanda televiziya o qədər də normal işləmirdi, bu məlumatları biz çox gec alırdıq. Bəzən hamısını da ala bilmirdik, ancaq qulağıma dəyirdi. Mənim yanıma çox adamlar gəlirdi, belə məsələlər haqqında məlumatlar verirdilər. Mənimlə söhbət edənlərin - o cümlədən burada iştirak edənlərin çoxu mənim yanıma gəlirdi - hamısına deyirdim ki, siz bunları nahaq edirsiniz, mən nə prezident olmaq fikrindəyəm, nə Azərbaycanın rəhbərliyinə qayıtmaq fikrindəyəm, nə də Bakıya dönmək fikrindəyəm. Mən yalnız və yalnız Naxçıvanda yaşayıram və əlimdən gələni edirəm ki, Naxçıvan blokada şəraitindən, bu ağır vəziyyətdən çıxsın.

1992-ci ilin mayında burada parlamentin sədri seçilirdi. O vaxt bu məsələlər parlamentdə də qaldırıldı. Mən buna da tamamilə etiraz etdim. Yəni məndən soruşan olmadı, ancaq mən özüm buraya gəlməyimi, parlamentə sədr seçilməyimi heç lüzumlu hesab etmirdim. O təkliflərlə, orada təşəbbüs qaldıranlarla da mənim qətiyyən heç bir əlaqəm yox idi. Təəssüf ki, həmin gündən bir gün qabaq Naxçıvanla Ermənistan arasında hərbi münaqişə başladı. Onun səbəbləri mənə məlumdur ki, bunu kim, nə üçün etmişdi. Biz orada şəhidlər verdik, qurbanlar verdik, Naxçıvanın ərazisini Ermənistan silahlı qüvvələrinin hücumundan qorumaq üçün 40 gün müharibə apardıq.

Sonra, 1992-ci ilin payızında mənim yanıma cürbəcür xahişlərlə, tələblərlə adamlar gəlirdi ki, siz Bakıya gəlməlisiniz, respublikanın siyasi həyatında iştirak etməlisiniz, Azərbaycanda vəziyyət ağırdır. Mən bunun zəruriliyini hiss edirdim. Ancaq burada proseslər o qədər gərgin idi və cürbəcür iddiada olan adamlar o qədər çox idi ki, mən sadəcə olaraq özümü o səviyyəyə endirmək, gəlib bu işlərlə məşğul olmaq istəmirdim. Tam səmimiyyətlə sizə deyirəm ki, mənim yenidən Bakıya qayıtmaq fikrim yox idi. Bir tərəfdən ürəyimdə daxili inciklik var idi, ikinci tərəfdən isə hesab edirdim ki, indi yeni meydana gəlmiş siyasətçilər var, qoy Azərbaycanın işlərini onlar aparsınlar, onlara imkan vermək lazımdır.

Ancaq buna baxmayaraq, mənim yanıma, Naxçıvana qruplarla ayrı-ayrı adamlar gəldilər, çox xahişlər etdilər. Burada oturanların çoxu şahiddir ki, mən hər dəfə onları çox mehriban qarşılayıb, ətraflı söhbət edib, onlara öz təşəkkürümü bildirib, hər dəfə də demişdim ki, çox sağ olun, sizin bu münasibətinizdən mən çox məmnunam, ancaq mən bu təkliflərin heç biri ilə razı deyiləm, bunların heç birini qəbul etmirəm və qəbul etməyəcəyəm. 1987-ci ilin sonundan, demək olar ki, 1988-ci ildən mənə qarşı ədalətsizlik, böhtançılıq kampaniyası başlanan zamandan mən şübhəsiz ki, mənəvi əzab çəkirdim. Ayrı-ayrı adamların, şəxslərin, ziyalıların gəlib Naxçıvanda məni ziyarət etmələri, mənimlə görüşmələri, söhbət etmələri mənim üçün xoş bir hal idi. Mənəvi təskinlik idi. Ona görə ki, təəssüflər olsun, çoxları - mənimlə bərabər işləmiş, uzun müddət mənimlə əməkdaşlıq etmiş, mənim rəhbərliyim altında yaşamış, inkişaf etmiş, vəzifələrdənvəzifələrə çıxmış adamlar ya məni unutdular, ya da bəziləri o böhtançıların tərəfinə keçdilər.

Belə bir şəraitdə yanıma gələn adamların çoxunu mən keçmiş zamanlarda tanımırdım. Gəlirdilər, özlərini təqdim edirdilər, özləri haqqında məlumat verirdilər. Onları qəbul edirdim və tam səmimiyyətlə demək istəyirəm ki, bundan məmnun olurdum. Çünki təsəvvür edin, mənəvi cəhətdən çox ağır vəziyyətdə yaşayan insan - cəmiyyətdən təcrid olunmuş, bəzi adamların xəyanətkarlığını, nankorluğunu görən insan bir də baxır ki, qapı açılır, heç gözlənilmədən, tanımadığı bir adam gəlib özünü təqdim edir və öz münasibətini bildirir. Şübhəsiz ki, dara düşən hər bir adam üçün, o cümlədən mənim üçün bu, müsbət hadisədir. Ancaq yenə də deyirəm, mən bu təkliflərin heç birisini qəbul etmirdim.

Son zamanlar ən çox Sirus Təbrizli gəldi, uzun müddət Naxçıvanda yaşadı. Hətta mən gördüm ki, o istəyir Naxçıvanda ümumiyyətlə bizimlə bərabər yaşasın. Dəfələrlə mənim yanıma gəldi. Tək öz adından yox, çox böyük ziyalı qrupu adından mənimlə söhbət apardı ki, mən Bakıya gəlməliyəm. Mən hər dəfə ona çox səmimiyyətlə deyirdim ki, dediyin sözlərin hamısı əsaslıdır, ancaq mən indi bu təklifləri qəbul edə bilmərəm. Nəhayət, mənim üçün gözlənilmədən "Səs" qəzetində Sirus Təbrizlinin böyük bir müsahibəsi çıxdı. Gətirdilər Naxçıvanda mən o müsahibəni oxudum. Şübhəsiz ki, bu, mənə görə yox, respublikanın həyatından narahat olduğuna görə yazdığı çox səmimi bir müsahibə idi - Sirus Təbrizli: Heydər bəyi biz çağırmalıyıq. Qəzetin 1-ci, 2-ci, 3-cü səhifələri, bəlkə də 4-cü səhifəsi də, bəli, qəzetin nömrəsi bütünlüklə buna həsr olunub. Mən bu müsahibəni çox məmnuniyyətlə oxudum. Sirus Təbrizlinin bu cəsarətli hərəkətinə, ədalətli mövqeyinə çox yüksək qiymət verdim. Bundan sonra, xatirimdədir, Sirus Təbrizli ora gəldi. Mən ona yenə dedim ki, çox sağ ol, bunu yazmısan. Ancaq mən heç bir şeyi qəbul edə bilmərəm. Yeri gəlmişkən, mən "Səs" qəzeti haqqında demək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda qəzetlər çoxdur. Mən bu gün "Səs" qəzetinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Mən 1991-ci il fevralın əvvəlində Azərbaycan parlamentinin birinci sessiyasında çıxış etdim, sizə məlumdur. Mənim çıxışımı heç kəs dərc etmək istəmirdi. O vaxt "Aydınlıq" qəzeti və onun müxbiri Mahal İsmayılov - mən onu da çox minnətdarlıqla xatırlayıram. İki il burada olduğum müddətdə çox çalışmışam onunla görüşüm, təəssüf ki, görüşə bilməmişəm, - o mənim yanıma, yaşadığım evə gəldi. Xahiş etdi ki, çıxışımın mətnini ona verim, dərc etsinlər. Mənim bu çıxışımı ilk dəfə "Aydınlıq" qəzeti tamamilə dərc elədi. Mənim üçün lazım idi ki, ictimaiyyət, əhali çıxışımı olduğu kimi oxusun. Çünki o vaxt rəsmi qəzetdə bu çıxış olduğu kimi verilməmişdi - bir hissəsi verilmişdi, bir hissəsi verilməmişdi. Mən istəyirdim ki, bu çıxış olduğu kimi, necə var elə də verilsin. Özü də mənim çıxışım əvvəldən yazılmış çıxış deyildi. O vaxt Moskvadan gətirdiyim bir diktofonum var idi. Naxçıvandan olan bir deputatla bir yerdə otururduq. Həmin diktofonu ona verdim, dedim ki, mən ora gedəndə, sən bunun düyməsini bas mən çıxışı qurtaranadək yaz ki, sonra mən onu götürə bilim. Mən hər şeyi sizə açıq danışıram. O da bunu çox yaxşı elədi. Bu adam indi gərək ki, haradasa polis rəisidir. Naxçıvandan deputat idi – Allahverdi Həsənov. O vaxt salonda oturarkən çoxları mənə yaxın gəlmirdilər, bu isə həmişə mənim yanımda otururdu və sübut etmək istəyirdi ki, mənim yanımda oturub. Çox sağ olsun. Bəzən rəyasət heyətinə qeydlərimi də ona verirdim və deyirdim ki, apar ver. Onu da edirdi. Çox yaxşı xidmət edirdi. Ona görə də mənim çıxışımı sonra gətirib kağıza köçürmüşdük. "Aydınlıq" qəzeti bu çıxışı verdi. Onda mənim "Səs" qəzetindən xəbərim yox idi.

Xatirinizdədir ki, ondan bir ay sonra, mart ayının əvvəlində Sovetlər İttifaqının saxlanılması haqqında referendum barədə bir sessiya oldu. Mən orada çox kəskin çıxış etdim ki, Sovetlər İttifaqı dağılır, o saxlanıla bilməz.

"Aydınlıq" qəzeti birinci dəfə çıxışımı dərc etdiyinə görə mən hesab etdim ki, indi bunu da dərc edəcəkdir. Mən o vaxt "Aydınlıq" qəzetinə müraciət etdim ki, siz bir yaxşı iş görmüsünüz, bunu da dərc edin. Mən hər şeyi olduğu kimi deyirəm. Xidmətlərini də deyirəm. "Aydınlıq" qəzeti ikinci dəfə bunu dərc etmədi: "Yox, olmaz, mümkün deyil, birinci dəfə dərc edəndən sonra bizi sıxdılar, əzdilər" və sair.

"Səs" qəzetinin nümayəndəsi özü mənim yanıma gəldi ki, bəs, sizing çıxışınız var? Dedim ki, var. Verə bilərsiniz? Verə bilərəm. Verdim apardılar, dərc etdilər. Bax, o vaxtdan mənim həyatım bu "Səs" qəzeti ilə bağlanıb. Ona görə "Səs" qəzetinə mənim xüsusi hörmətim var. Bu qəzetin təsisçisi Fərəməz Maqsudovdur. Fərəməz Maqsudov o vaxt "Əlincə" cəmiyyəti yaratmışdı. "Əlincə" cəmiyyəti də bu qəzeti buraxırdı. Mən o vaxtdan bu "Səs" qəzeti ilə bağlıyam. İndi bugünkü danışığımızın mövzusu olan məsələlərin hamısı o vaxt "Səs" qəzetində dərc olunmuşdur. Sirus Təbrizlinin həmin bu böyük müsahibəsi "Səs" qəzetində dərc olundu və bundan sonar "Səs" qəzeti ilə bizim əməkdaşlığımız sonadək davam etdi. Mən dedim ki, Sirus Təbrizli gəldi, bu müsahibəsini təqdim etdi, danışdıq, mən təşəkkürümü bildirdim. Ancaq yenə də dedim ki, çox sağ olun. Mən heç bir şeyi qəbul etmirəm. Çünki burada yazılmışdı ki, Heydər bəyi biz çağırmalıyıq. Mən dedim ki, çağırırsınız çağırın, ancaq mən yerimdən tərpənən deyiləm, sağ olun. Şübhəsiz ki, burada, Azərbaycanda məni çağırmaq istəyən bir Sirus Təbrizli deyildi, çoxları idi. Mən o vaxt nəinki Bakıdan, digər şəhərlərdən, rayonlardan, qəsəbələrdən də məktublar alırdım. O məktubların bəzilərini poçtlarda saxlayırdılar, buraxmırdılar, - mən bunu bilirdim, - amma bəziləri də gəlib çatırdı.

Bir müddətdən sonra "Səs" qəzetində Azərbaycanın bir qrup ziyalısının mənə müraciəti dərc olundu. Bu da mənim üçün gözlənilməz bir şey idi. "Azərbaycan sizin sözünüzü gözləyir" müraciətini 91 nəfər ziyalı imzalayıbdır. Mən bu müraciəti də, imza atanların adlarını, familiyalarını da oxudum. Çoxunu mən tanıyıram. Amma bir çoxunu, mən səmimi deyirəm, həqiqətən şəxsən tanımıram.

Bu siyahının xarakterik cəhəti nədən ibarətdir? Ondan ibarətdir ki, bu siyahıda olan adamların əksəriyyəti şübhəsiz, ziyalılardır. Amma əksəriyyəti heç bir vəzifə tutmayan adamlardır və mən burada işləyən vaxtda da, yəni mənim dövrümdə bir vəzifə, imtiyazlar alan adamlar deyillər. Bunlar özləri öz əməyi ilə yaşamış, işləmiş adamlardır. Ancaq görünür, respublikanın həyatı üçün çox ürəyi yanan adamlardır. Eyni zamanda cəsarətli adamlardır. Onlar o vaxt - Naxçıvana qarşı, şəxsən mənə qarşı böyük təzyiqlər olduğu zaman belə bir məktuba imza atmışlar. Bu, 1992-ci il oklyabr ayının əvvəlində olmuşdu. O vaxt Naxçıvana qarşı təzyiq doğrudan da çox böyük idi. Sizə düzünü deyim, bəzən fikirləşirdim: bəlkə mən Naxçıvandan çıxıb gedim ki, Naxçıvana qarşı bu təzyiq azalsın? Amma, ölçürdüm-biçirdim ki, bəlkə mən gedəndən sonra Naxçıvan daha da pis vəziyyətə düşə bilər. Yəni mən özümü, necə deyərlər, qurban yerməyə də hazır idim. Moskvaya dönmək mənim üçün çətin idi. Başqa bir yerə getmək imkanı axtarırdım ki, bəlkə Naxçıvandan çıxım gedim. Niyə? 1990-cı ildə ki, Naxçıvana gəldim, orada xalq məni qarşıladı. O vaxt burada Azərbaycanın rəhbərliyi - mənim vaxtilə yetişdirmələrim, mənim vaxtımda işləmiş adamlar mənə görə Naxçıvana qarşı mənfi hərəkətlər etməyə, Naxçıvanı blokadaya salmağa və sair hallara başladılar, O vaxt Afiyəddin Cəlilov Naxçıvanda həm Vilayət Partiya Komitəsinin katibi idi, həm də, Ali Sovetin sədri idi. Onu oradan götürdülər. Rəhbərliyi dəyişdirdilər. Elə etdilər ki, orada dəyişikliklər aparsınlar. Dəyişiklik apardılar. Naxçıvanın rəhbərliyini dəyişdirdilər. Onlar da çalışırdılar ki, orada məni bir balaca sıxışdırsınlar. Amma mənim nəyimi sıxışdıracaqlar? Mən oturmuşdum evdə. Bir şey edə bilmədilər. Mən bunu da qeyd etməliyəm ki, sonra, sentyabr ayının əvvəlində Naxçıvanın vətənpərvər adamları, müstəqillik sevən adamları o vaxt Moskvada qiyam zamanı Azərbaycan rəhbərliyinin o qiyamı dəstəklədiyinə görə Naxçıvanda ayağa qalxmışdılar. Mən o vaxt Naxçıvanda deyildim. Qiyam baş verməmişdən bir neçə gün əvvəl Moskvadan çıxıb Bakıya gəlmişdim. Burada yaşayırdım.

Amma mən orada olmadan, mənim xəbərim olmadan Naxçıvanda xalq ayağa qalxmışdı, o qiyamı dəstəkləyən Azərbaycan rəhbərliyinə qarşı böyük mitinqlər keçirmişdilər, gedib Vilayət Partiya Komitəsinin binasını bağlamışdılar, partiyanı ləğv eləmişdilər. Bunu Naxçıvanın vətənpərvər, müstəqillik sevən insanları etmişdilər. Burada avqustun 30-da bu sessiya oldu. Sentyabrın 1-də mən Naxçıvana gəldim. İndi vaxtınızı almaq istəmirəm. Düzdür, mənim yolumu kəsdilər, Naxçıvana buraxmaq istəmirdilər. Hər halda çıxdım getdim. O vaxt gəldim ki, Naxçıvanda aləm qarışıb. Mən Naxçıvana gələn axşam böyük bir mitinq çağırdılar, demək olar ki, 70 min adam toplaşdı. Mən gedib həmin mitinqdə iştirak etdim. Bu vaxt prezident seçkisi keçirilirdi və Mütəllibov prezident seçilməli idi. Mən burada sessiyada olarkən açıqca dedim ki, bu prezident seçkisi indi keçirilə bilməz və Ayaz Mütəllibovun prezident seçilməyə haqqı yoxdur. Mütəllibovun özü yanımda - burada oturmuşdu, - mən bunu dedim. Getdim Naxçıvana. Sentyabr ayının 8-nə prezident seçkiləri təyin olunmuşdu, Naxçıvanda sessiya keçirildi, məni Ali Məclisin sədri seçdilər.

Birinci qərarımız o oldu ki, Naxçıvanda prezident seçkilərini qadağan edək. Amma ondan qabaq Vilayət Partiya Komitəsi prezident seçkiləri üçün Naxçıvanda dairələr, məntəqələr yaratmışdı, bülletenlər gətirtdirmişdilər. Böyük məsrəf, xərc olmuşdu. Bunlar hamısı var idi. Biz bunu qadağan etdik. Dərhal Bakıdan, Azərbaycandan böyük təzyiqlər oldu. Buradan Naxçıvana 9 deputat göndərdilər. Xatirimdədir, onlardan üçü general idi: general Nəsirov, general İsrafilov, respublika prokurorunun müavini Cəfər Quliyev, o da yəqin ki, general idi. Doqquz deputat, daxili işlər nazirinin birinci müavini başda olmaqla bir 60 nəfər də daxili qoşunlardan və sairə zabit göndərdilər. Çətin bir vəziyyət yarandı. Mən onlara ultimatum verdim ki, Naxçıvanı tərk etməlidirlər. Naxçıvanı tərk etməsələr xalq qalxacaq və şübhəsiz, vəziyyət çox gərginləşəcək. Onlar qorxdular, çəkildilər, Naxçıvanı tərk etdilər. Naxçıvanda prezident seçkiləri keçmədi.

Ondan sonra Naxçıvana təzyiqlər daha da artdı. Burada bir qrup naxçıvanlı hüquqşünası ortaya çıxartdılar ki, Heydər Əliyev Naxçıvanı Azərbaycandan ayırır və sair. Yəni bu, Naxçıvana olan təzyiqlərin bir mərhələsi idi. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra Xalq Cəbhəsinin rəhbərliyi Naxçıvana təzyiqlər etməyə başladı. Mən bunu ona görə danışıram ki, bu sənədlər, müraciətlər o vaxt qalxdı ki, Naxçıvana qarşı təzyiqlər başlandı. Artıq Mütəllibov hakimiyyəti tərəfindən yox, Xalq Cəbhəsi hakimiyyəti tərəfindən. Məsələn, bu müraciət oktyabrın 4-də olmuşdu və oktyabrın 24-də Xalq Cəbhəsi Naxçıvanda çevriliş etmək istədi. Bunu da etdi. Silahlı dəstələrlə gedib Daxili İşlər Nazirliyini, Televiziyanı zəbt etdilər və televiziya ilə bizim əleyhimizə çıxış etdilər. Biz bunun qarşısını yenə də kütlənin köməyi ilə aldıq. Bax, məhz bu zaman, bu gərgin dövrdə mən istəyirdim ki, Naxçıvana bu təzyiqlər olmasın. Ona görə də istəmirdim heç bir başqa siyasətə qarışım. Mən sadəcə olaraq Naxçıvanı bu ağır vəziyyətdən çıxarmağa çalışırdım. İranla, Türkiyə ilə əlaqələr yaradıb onlardan ərzaq və sair almaqla məşğul idim. Bax, belə bir zamanda belə bir müraciət mənə gəldi. Bu müraciəti alandan sonra mən çox düşündüm. Sirus Təbrizli mənim yanıma gəldi, hətta mənə bir sənəd də gətirdi ki, biz bir cavab layihəsi hazırlamışıq. Mən bu cavabı da vermək istəmədim və nəhayət, çox ölçüb-biçdim və özüm bir cavab yazdım, o da yenə "Səs" qəzetində dərc olundu.

Bax, bu tarixi bir balaca xatırlayaraq mən sizinlə bu görüşümün məqsədini açıram. Məqsəd ondan ibarətdir ki, o vaxt şübhəsiz, Azərbaycanın vəziyyətini, bu gününü, gələcəyini düşünən adamların əksəriyyəti məni bir ümid yeri kimi axtarıb tapırdı və mənə müraciət edirdi. Mən belə hesab edirəm. Müraciət edən adamların bəziləri bunu şifahi edirdilər, bəziləri gəlib edirdilər. Amma bir qrup, 91 adam da rəsmi müraciətə imza atıb qəzetə vermişdi, heç bir təzyiqdən, təqibdən qorxmayaraq. Mənim sizə danışdıqlarım onu göstərir ki, təzyiqlər, təqiblər var idi. Güman edirəm ki, imza atan bu adamların bəziləri sonra təqib olunmuşdular. Mən - iki ildən artıqdır ki, Bakıdayam. Ola bilər, indi siz soruşasınız ki, biz o vaxt sizə müraciət etmişik, siz bizi indi yada salmısınız. Yox, siz həmişə mənim qəlbimdə olmusunuz, heç vaxt unutmamışam. Amma sadəcə olaraq, mən hesab edirdim ki, siz müraciət edəndə heç biriniz şəxsi bir məqsəd daşımırsınız, elədirmi? Siz Azərbaycanın dövlətçiliyi, müqəddəratı, Azərbaycanın taleyi haqqında düşünürdünüz. Bir halda tale belə gətirdi ki, mən Azərbaycana gələsi oldum və burada işlərə başlayası oldum, demək, mən birinci növbədə bu işlərlə məşğul olmalı idim. Ancaq inanın, mən elə o vaxtdan imkan axtarırdım ki, sizi dəvət edim, sizinlə görüşüm. Mümkün olmurdu. İndi nə edək, üzərimizə düşən məsuliyyət o qədərdir ki, sutkanın 24 saatını da işləsən çatdırmaq mümkün olmur. Ona görə də mən bu planları qururdum ki, gələn həftə, o birisi həftə görüşəcəyəm. Ancaq nəhayət, indi bu imkan əldə olunub. Ona görə mən xahiş etdim ki, bu 91 şəxsi dəvət etsinlər. Yenə də deyirəm, bəziləri ilə şəxsən tanışlığım yoxdur, yəni şəxsi görüşüm olmayıb. Mən hamınıza təşəkkür edirəm. Ona görə yox ki, mən buraya gəlmişəm. Ona görə ki, siz doğrudan da millətin, xalqın taleyi haqqında düşünən adamlar və cəsarətli adamlar olmusunuz, belə adamlar da varsınız. Bu müraciət olsa da, olmasa da proseslər gedirdi, nəsə olacaq idi. Ola bilərdi ki, mən gələydim, ola bilərdi mən gəlməyəydim, bunun fərqi yoxdur. Əsas məna ondan ibarətdir ki, siz öz vətəndaşlıq, vətənpərvərlik hissiyyatlarınızı açıq bildirmisiniz. Bu birinci. İkinci də, şübhəsiz, mənə qarşı ədalətsizlik olan bir dövrdə və uzun müddət mənimlə bərabər işləyən adamların mənə qarşı nankor çıxdıqları, vəfasız olduqları bir dövrdə siz o daxili sədaqətinizi biruzə vermisiniz, açmısınız və hətta qəzetə vermisiniz. Ona görə təşəkkür edirəm.

Mən çox təəssüflə demək istəyirəm ki, bu müraciətə imza atanlardan, 91 nəfərdən bir qismi rəhmətə gedibdir. Bu, Kərim Kərimovdur. O çox böyük bir alim idi. Gərək ki, son vaxtlar Memarlıq və İncəsənət İnstitutunun direktoru idi. Çox dəyərli bir insan idi. Xüsusən Azərbaycanın qədim miniatür sənətinin tədqiq olunması və elmi surətdə əsaslandırılması mövzusunda onun çox gözəl kitabları var. Mən onu yaxşı tanıyırdım. Rəhmətə gedibdir. Xəlil Rza, bizim məşhur şairimiz. Rəhmətə gedibdir. Bilirsiniz ki, vəfatından sonra mənim fərmanımla o, respublikanın ən yüksək ordeni - "İstiqlal" ordeni ilə təltif olunubdur. Ağababa Mahmudov, Tusi adına Pedaqoji Universitetin müəllimi. Çox təəssüf edirəm ki, onunla şəxsən tanış deyildim. Əmir Mərdanov, Elmlər Akademiyası Botanika İnstitutunun laboratoriya müdiri. Onunla da mənim şəxsi tanışlığım olmayıbdır, təəssüf edirəm. Mövsüm Mövsümov, bu, yaxşı bir jurnalist idi. Mən onu tanıyırdım. Vəfat edibdir. Mirzə Əsgərov, bu da çox gözəl jurnalistlərdən biri idi və "Naxçıvan" qəzeti ki, var, indi çox yaxşı fəaliyyət göstərir, onun təsisçisidir, onun əsasını qoyan adamdır, Çox dəyərli bir insan idi. Məmməd Məmmədov, Texniki Universitetin dosenti. Onunla da şəxsi tanışlığım olmayıb, şübhəsiz, ola bilər, mən işləyən vaxtlar görüşmüşük, amma xatırlaya bilmirəm.

Mən rica edirəm, bu şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin!

İndi isə mən istərdim, Sirus Təbrizli bu işlərdə ən çox fəal olmuş bir adam kimi əvvəlcə o şəxslərin siyahısını oxusun ki, bu müraciətə imza atıblar.

Heydər Əliyevə müraciət

Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi,mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir. Dünənə kimi küçə, meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar, görünür, demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətdə daşınıb aparılırdısa, indi var dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarları indi asanlıqla çoxdan həsrətində olduqlan Bakı neftini ələ keçirirlər.

Belə gedərsə biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir. Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikaın yüzlərlə ziyalı-yüksək ixtisaslı kadrlar tərk edir.

Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial-ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır.

Yaşadığmız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyllərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi, respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir. Xalqımıza qarşı törədilən ən böyük dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlər hələ cəzalarına çatmayıblar.

Axırı görünməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda "sürətli artım" ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sayəsindədir. Bu siyasi partiyaları sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur.

Möhtərəm Heydər bəy!

İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Sız, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respulilikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir.

Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclil dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.

Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq, hələ Baltik respublikalarında belə qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz.

Heydər bəy!

Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunun bir qrup ziyalılar adından biz edirik Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.

Hörmətlə və ehtiramla !

Azərbaycan Respublikası EA-nın akademikləri - Ziya Bünyadov, Fərəməz Maqsudov, Heykəltaraşlıq akademiyasının akademiki - Ömər Eldarov, Azərbaycan EA-nın müxbir üzvləri - İqrar Əliyev, Kərim Kərimov, Məmmədtağı Cəfərov, Sabir Hacıyev; Xəlil Rza Ulutürk - xalq şairi; Sirus Təbrizli - yazıçı-publisist; Azərbaycan Respublikasının xalq deputatları - Zeynəb Xanlarova - xalq artisti, Əli Ömərov, Eldar İbrahimov, Mixail Zabelin, Əlfəddin Abdullayev; professorlar: - Murtuz Ələsgərov - əməkdar hüquqşünas; Əkbər Bayramov - əməkdar elm xadimi; Zahid Qaralov - əməkdar müəllim; Həsən Quliyev, Adil Qasımov, Əjdər İsmayılov, Fikrət İsmayılov - respublika dövlət mükafatı laureatı, Şahlar Əsgərov, Mübariz Əhmədov, Əli Nuriyev, Ədalət Fərəcov, Həsən Mirzəyev, Zahid Xəlilov, Vilayət Əliyev, Abbas Səmədov; Ağababa Mahmudov, Şəmistan Mikayılov, Səfyar Musayev, Əsədulla Qurbanov, Musa İlyasov, Tələt Qayıbov, Məmməd Məmmədov, Rafiq Əmənzadə, Lalə Hacıyeva, Eldar Abbasov, Əli İnsanov, Fuad İsmayılov, Əlişir Musayev, Hüsü Kərimov, Rafiq Məmmədhəsənov, Məmməd Nəsirov, İbrahim İsayev, Faiq Cəfərov, Sudef İmamverdiyev, Liliya Luqovaya - dosent, əməkdar həkim; elmlər doktorları - Hacıbala Abutalıbov, Novruz Quliyev, Əmir Mərdanov; dosentlər –Sabir Xəlilov, Pənah Mahmudov, İsgəndər Quliyev, Zakir Sərdarov, Əli Əhmədov, Əli Nağıyev, Maqsud Nəcəfov, Heydər Hüseynov, Nəbi Əsgərov, Allahverdi Hacıyev, Tofiq Hüseynov, Məmməd Məmmədov, Musa Heydərov; Hacan Hacıyev - elmlər namizədi, "Qaraçöp" xeyriyyə cəmiyyətinin sədri; elmlər namizədləri: - Nəzir Əhmədov, Allahyar Hüseynov, İbrahim Əzizov, Aydın Əhmədzadə, Vidadi Acalov, Səbirə Dünyamalıyeva; Georgi Savoskin - "Sodrujestvo" cəmiyyətinin üzvü, Lüdviq Muradov - "Azərbaycan-Rusiya" cəmiyyətinin məsul katibi, Rafael Allahverdiyev - "Azərbaycan-Rusiya" cəmiyyətinin vitse-prezidenti, Asif Cahangirov - BXTŞ-nin müdiri, Rafiq Qasımov - "Azərelektroterm"in baş direktor müavini, Kərim Kərimov - Bakı Kondisioner zavodunun şöbə müdiri, Munis Bayramov - Azərbaycan "Əlillər" cəmiyyəti sədrinin köməkçisi, Möhsün Möhsünov - yazıçı-jumalist, Ağabəy Əsgərov - elmlər namizədi, "Səs" qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə - "İki sahil" qəzetinin baş redaktoru, Rizvan Cəbiyev- "Naxçıvan" qəzetinin baş redaktoru, Ariz Abduləliyev-Axtarış" qəzetinin baş redaktoru, Əziz Axundov - "Gənc müəllim" qəzetinin redaktoru, Mirzə Əsgərov - "Real" agentliyinin direktoru, Xeyrəddin Qoca - "Açıq söz" qəzetinin redaktor müavini, jumalistlər: Səlahəddin Quliyev, Ziya Paşa, Vüqar İsmayılov, Tahir Məmmədov.

Heydər Əliyevin Azərbaycan ziyalilarının müraciətinə cavabı

Hörmətli ziyalılar!

16 oktyabr 1992-ci il tarixli "Səs" qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxalı və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir.

Bununla bağlı və Sizin müraciətinizə cavab olaraq bəzi fikirlərimi və arzularımı açıqlamaq istəyirəm. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən səksəninci illərin əvvəllərindən başlanmış, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsidir. Bu tarixi-obyektiv proseslər Sovet İttifaqının dağılmasına, Kommunist partiyasının tarixin səhnəsindən çıxmasına və 15 müttəfiq respublikanın hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bundan sonrakı hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif Beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir haldır və beynəlxalq, dövlətlərarası hüquq normalarının qanunauyğun təzahürüdür. Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin, o cümlədən də Xalq Cəbhəsinin xidməti saymaq olmaz. Təkrar edirəm, bu tarixi-obyektiv proseslərin nəticəsidir, taleyin və zamanın Azərbaycan xalqına, eləcə də keçmiş müttəfiq respublikaların xalqlarına əvəzsiz töhfəsidir.

Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, millidemokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialdan maksimum istifadə olunmasmı tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Güman edirəm ki, bu yolda əsas vəzifələr aşağıdakından ibarətdir.

Birinci. Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll olunması. Artıq beş ildir ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir, ərazimizin bir hissəsini itirmişik. Ermənistanla həmsərhəd bölgələrin bir çox yaşayış məntəqələri dağılmış, minlərlə insan həlak olmuş, yaralanmış, şikəst və əlil olmuşlar. Respublikada yüz minlərlə yurdlarından didərgin düşmüş, ağır vəziyyətdə yaşayan qaçqınlar var. Respublikaya misli görünməmiş hədsiz maddi və mənəvi ziyan dəyib. Ən dəhşətlisi budur ki, bütün bu faciələrin hələ də sonu görünmür. Bir il bundan əvvəl olduğu kimi bu gün də Azərbaycanın rəhbər dövlət orqanlarının Qarabağ problemi haqqında dəqiq, aydın konsepsiyası və lazımi hərbi-siyasi strategiyası yoxdur. Belə təsəvvür yaranır ki, Qarabağda və başqa sərhəd zonalarında hərbi əməliyyatlar özbaşına gedir.

İkinci. Azərbaycanda sosial-iqtlsadi böhranın dərinləşməsi, xalqın güzaranının gündən-günə ağırlaşması böyük həyəcan doğurur. Respublika iqtisadiyyatının cari ilin doqquz ayındakı vəziyyəti barədə statistik məlumatlar insanı dəhşətə gətirir. Milli gəlirin istehsalı 25 faiz, sənaye məhsullarının istehsalı 25 faiz aşağı düşmüşdür, Kənd təsərrüfatında və əsaslı tikintidə vəziyyət daha da ağırdır. Əgər Azərbaycanın iqtisadiyyatının səviyyəsinin son 5-6 il ərzində dayanmadan aşağı düşməsini nəzərə alsaq, o zaman respublikanın necə böyük fəlakətlə üzləşdiyini təsəvvür etmək çətin deyil.

Azərbaycan tükənməz təbii sərvətlərə, zəngin sənaye, aqrar və sosial ehtiyatlarına, lazımi intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər işçi qüvvəsinə malikdir. Bütün bunlardan respublikanın müstəqilliyini möhkəmlətmək və insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır. Aqrar sahədə təkcə bir il ərzində istehsalı yüksəltməklə kənd təsərrüfatı məhsullarını xeyli artırmaq mümkündür. Təəssüf ki, respublikanın belə zəngin daxili imkanlarından lazımi səviyyədə istifadə olunmur.

Belə qənaətə gəlmək olur ki, dövlət və hökumət orqanlarının respublikanı ağır vəziyyətdən çıxarmağa yönəldilən aydın iqtisadi proqramı, strategiyası, əhalinin həyat səviyyəsini günü-gündən yaxşılaşdırmaq üçün konkret tədbirləri yoxdur. Müşahidələr göstərir ki, bu sahədə də çox işlər kortəbii aparılır.

Üçüncü. Bu gün respublikada aparılan kadr siyasəti çox haqlı olaraq geniş xalq kütləsinin etiraz və narazılıqlarına səbəb olur. Rəhbər vəzifələrə təyinatlar iş qabiliyyəti, biliyi, bacarığı, təsərrüfat və idarəetmə işlərindəki təcrübəsi nəzərə alınmadan yalnız, Xalq Cəbhəsinə mənsubiyyətinin əsas götürülməsi hüquq normalarına uyğun deyil, ağır nəticələr verə bilər. Xalq, Xalq Cəbhəsinə heç zaman belə müstəsna hüquq və səlahiyyət verməmişdir. Ötən illər və onilliklər ərzində respublikada dövlət idarəetmə, iqtisadiyyat, elm, mədəniyyət və sosial sahələrdə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yüksək mədəniyyətə malik kadrlar hazırlanmışdır. Onların hamısı ictimai-siyasi təşkilatlara, partiyalara mənsubiyyətindən asılı olmayaraq fəal quruculuğa cəlb edilməlidirlər. Azərbaycandan kənarda, Rusiyada, Ukraynada və başqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz vətənlərində müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilər. Bu gün bolşeviklərin və Kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.

Dördüncü. Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib seçilmək azadlığından gedir. Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir. Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.

Beşinci. Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir. Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir. Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Dərin hörmətlə !

Heydər Əliyev

24 oktyabr 1992-ci il

Naxçıvan şəhəri

Yekun nitqi

Mən görüşümüzə başlayarkən dedim ki, bu görüş müəyyən dərəcədə xatirə xarakteri daşıyır. Ona görə də təxminən üç il bundan öncə mövcud olmuş vəziyyəti və irəli sürülmüş təşəbbüsləri, dərc edilmiş sənədləri yada salmağa ehtiyac var. Lakin məqsədim, bir daha deyirəm, sizinlə görüşmək, sizə öz təşəkkürümü bildirməkdir. Ona görə yox ki, siz o vaxt bu müraciətə imza atmısınız və buna cavab olaraq mən Azərbaycanın siyasi vəziyyəti barədə öz fikirlərimi bəyan etmişəm, Yeni Azərbaycan Partiyasının yaradılmasına razı olmuşam və bu partiyada fəal iştirak etməyə söz vermişəm. Ona görə ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə, yaxud mənim yenidən siyasi fəaliyyətə qayıtmağımla deyil, təkcə elə bu addımla siz özünüzün vətəndaşlıq borcunuzu yerinə yetirmisiniz, vətəndaşlıq mövqeyinizi bəyan etmisiniz və bir daha bildirirəm, o ağır, çətin dövrdə, biz hamımız təzyiqlər altında olduğumuz bir zamanda cəsarət, qeyrət, qəhrəmanlıq göstərmisiniz. Mən bunu tam qətiyyətlə deyə bilərəm. Sizin bax, bu vətəndaşlıq mövqeyinizə görə, mənəvi saflığınıza görə, Azərbaycan naminə ümumi işlərimizə sədaqətinizə görə hamınıza təşəkkür edir, cansağlığı arzulayır və bütün işlərinizdə uğurlar diləyirəm. Azərbaycanda vəziyyət indi də ağırdır və qoy heç kəs elə təsəvvür etməsin ki, bu vəziyyəti çox qısa bir zamanda ciddi şəkildə dəyişdirmək mümkündür. Çünki hər hansı bir problem həll edildikdən sonra başqa birisi meydana çıxır. Bu da həll olunursa, yeni bir problem yaranır. Burada bir təbiilik, yəni obyektiv səbəblər var. Şübhəsiz ki, respublikamızda vəziyyətin gərgin olmasının başqa səbəbləri də mövcuddur. Təbiilik, obyektiv səbəblər ondan ibarətdir ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə edən respublikaların hər biri keçid dövrü yaşayır. Bu dövrü keçirən respublikaların hamısında ağır proseslər gedir. Həmin proseslər onların bəzilərində daha ağır gedir, digərində nisbətən yüngül keçir.

Dünən mən Moldovanın baş naziri cənab Sangelini qəbul etdim. Mən bir müddət öncə Buxarestdə Qara dəniz hövzəsi ölkələrinin iqtisadi əməkdaşlıq toplantısında iştirak edərkən Moldova prezidenti cənab Snequrla görüşdük. Bu görüşün təşəbbüsçüsü o idi. Biz respublikalarımız arasında əməkdaşlığın genişləndirilməsi barədə ətraflı söhbət etdik. Həmin görüşün nəticəsi olaraq sentyabrın 8-də Moldova nümayəndə heyəti buraya gəlmişdi. Biz onlarla görüşdük, Fuad Quliyev danışıqlar apardı. Onlarla mənim də söhbətim oldu. Nəhayət, yaxşı bir müqavilə imzaladıq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün bəzi tədbirlər müəyyənləşdirdik. Mən Moldovada vəziyyətlə maraqlandım. Şübhəsiz ki, onlarda müharibə getmir. Doğrudur, onlarda "Pridnestrovye problemi" deyilən problem var. Lakin, buna baxmayaraq, onlar müharibə aparmırlar. Pridnestrovye özünü muxtar bir qurum elan edib, amma onlarda sərhəd açıqdır, ziddiyyət yoxdur, Pridnestrovye və Moldova rəhbərləri bir-birinin yanına gedib-gəlir, danışıqlar aparırlar. Bir sözlə, onların da problemləri var. Amma, bizimki kimi problemləri yoxdur. Qərb ölkələri onlar üçün tamamilə açıqdır. Şərqdəki ölkələrlə də bütün sərhədlər açıqdır, blokadaları və başqa çox ağrılı problemləri yoxdur.

Bir məsələni qeyd edim. Onlar da keçmişdən üzmçülüklə, şərabçılıqla məşğuldurlar. Bildiyiniz kimi, Moldova vaxtilə Sovet İttifaqında ən çox üzüm istehsal edən respublika idi. Biz üzümçülüyü inkişaf etdirməyə başladıqdan sonra Azərbaycanda üzüm məhsulunun miqdarı onlardakına nisbətən daha artıq oldu. Onlar ildə təxminən 1 milyon 100 min ton – 1 milyon 200 min ton, biz isə 80-81-ci illərdə təqribən 1 milyon 500 min ton – 1 milyon 600 min ton üzüm məhsulu istehsal edirdik. O vaxtlar biz tez-tez görüşür, əlaqə saxlayırdıq. Aramızda yarış var idi. Mən onlardan soruşdum ki, vəziyyət nə təhərdir? Onlar elə o dövrdə də ağıllı tərpəniblər. Söylədilər ki, alkoqolizmə qarşı mübarizə aparılan dövrdə bizə çox təzyiq etdilər, lakin biz üzüm bağlarının əksər hissəsini saxladıq. Bəs Azərbaycanda necə oldu? Bir tərəfdən, Azərbaycanda üzümçülüyün belə geniş inkişaf etdirilməsini Sovet İttifaqı rəhbərliyinin gözü götürmürdü. Ona görə gözləri götürmürdü ki, Azərbaycan iqtisadiyyatı belə yüksək sürətlə inkişaf edirdi. Azərbaycan Sovet İttifaqında ən böyük üzümçülük, şərabçılıq respublikası, bu sahədə inhisarçı olmuşdu. Mən bilirdim ki, bütün bunları onların gözləri götürmür. Onlar təzyiq göstərirdilər ki, burada üzüm bağları məhv edilsin.

Bəs Azərbaycanın o vaxtkı rəhbərləri nə iş gördülər? Yəqin ki, qəzetlərin nədən yazdığı da, planlar da, yadınızdadır. Bəli, bunu mənə günah kimi yazırdılar ki, Heydər Əliyev Azərbaycanda böyük üzüm bağları yaradıbdır. Hətta, ermənilər yazmışdılar ki, Əliyev Azərbaycanı çaxır anbarına çevirib. Bilirsiniz niyə belə yazırdılar? Çünki Ermənistan çox böyük üzümçülük respublikası olduğu halda, ildə 240 min tondan artıq üzüm istehsal edə bilmirdi. Onlar bizimlə yarışa girmişdilər. Bir dəfə Ermənistan KP MK-ın birinci katibi ilə danışarkən mən dedim ki, sən respublikamızla yox, bizim Cəlilabad rayonu ilə yarışmalısan. Çünki onlar 260 min ton üzüm veriblər. Bəs axırı nə oldu? O qədər əziyyətlə, zəhmətlə yaradılmış bağları 85-87-ci illərdə dağıdıb vıran qoydular. Nə var ki, bunu bir tərəfdən Moskva istəyirdi, digər tərəfdən isə bu bağları Heydər Əliyev yaratmışdı. Məgər bu bağları Heydər Əliyev özü üçünmü saldırmışdı?! Halbuki bağ demirəm, bir dənə də olsun öz şəxsi tənəyim yoxdur. Biz bu bağları xalq üçün yaratmışdıq. Amma, moldovalılar dedilər ki, üzüm bağlarının əksəriyyətini qoruyub saxlayıblar, indi onların şərabları Avropa bazarına çıxarılır, orada satılır. Tək üzümçülükdə deyil, başqa sahələrdə də belə olmuşdur. Onlar, bir tərəfdən, bağları məhv etməyə qoymamışlar, digər tərəfdən isə onların coğrafi vəziyyəti elədir ki, ölkələrlə əlaqə yaradır, saxlayır, ticarət edirlər. Buna baxmayaraq, çətinlikləri, problemləri çoxdur, yanacaqları çatmır. Gəlib bizimlə yanacaq məsələsini həll etdilər, biz onlara yanacaq satacağıq. Lakin bizimlə müqayisə etdikdə onların problemləri, əlbəttə, azdır. Onlarla nə müharibə gedir, nə də qaçqınlar, köçkünlər, didərginlər var. Ona görə də respublikamızın vəziyyəti başqa respublikaların vəziyyətindən fərqlidir.

Bununla yanaşı, hər bir respublikanın özünə görə problemi var. Bünlar obyektiv proseslərdir. Bu proseslər getməlidir. Biz bu keçid dövrünü yaşamalıyıq. Bu dövrü bir respublika tez, digəri gec keçir. Şübhə yoxdur ki, keçid dövrü qurtardıqdan sonra müstəqil dövlətlər iqtisadi cəhətdən normal bir səviyyəyə gəlib çıxacaqlar. Əlbəttə ki, bu səviyyəyə Azərbaycan da nail olacaqdır. Amma Azərbaycanı bu yolda ləngidən səbəblər sizə məlumdur: bir tərəfdən müharibə, Ermənistanın təcavüzü, digər tərəfdən isə daxili vəziyyət. Biz müharibəni müəyyən qədər dayandırmışıq, on beş aydır ki, atəş açılmır, atəşkəsə nail olmuşuq. Bu, şübhəsiz, böyük nailiyyətdir. Biz danışıqlar aparırıq, Məsələni danışıqlar yolu ilə tamamilə həll etmək istəyirik, Sirus Təbrizli qeyd etdi ki, Rusiya prezidenti cənab Boris Yeltsin çox geniş bir müsahibə vermiş və çox dəyərli də sözlər demişdir. Respublikamıza aid etsək, onun dəyərli sözlərindən biri bundan ibarətdir ki, ərazi bütövlüyü beynəlxalq normalara uyğun olan haldır. Amma bunun Rusiya dövlətinin rəhbəri tərəfindən bir daha qətiyyətlə bildirilməsi və Rusiyanın ərazi bütövlüyünün əsas şərt kimi götürülməsi həm də hər bir müstəqil dövlətin ərazi bütövlüyünün şərti kimi qəbul edilməlidir. Biz bunu qiymətləndiririk, çünki Rusiya bir tərəfdən, böyük dövlətdir, digər tərəfdən, qonşumuzdur, üçüncü tərəfdən isə Rusiya Ermənistanla Azərbaycan arasında münaqişənin aradan qaldırılması üçün daim fəaliyyət göstərir, Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədridir. Ona görə də bu atəşkəs rejiminin yaranması, danışıqların getməsi əvvəlki dövrə nisbətən, şübhəsiz, bir nailiyyətdir. Bu, eyni zamanda bizə sakitlik yaradıbdır. On beş aydır ki, biz şəhidlər dəfn etmirik, on beş aydır ki, qan tökülmür, on beş aydır ki, insanlar bir az sakit yaşaya bilirlər, iqtisadi problemlərin həlli üçün müəyyən qədər macal tapıblar.

Əlbəttə ki, bu məsələnin heç də həll olunması demək deyildir. Məsələnin həlli Azərbaycanın ərazi bütövlüyünün tamamilə təmin edilməsindən, işğal olunmuş torpaqlardan, o cümlədən də Laçın və Şuşa rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasından və şübhəsiz ki, aparılan danışıqlar nəticəsində Dağlıq Qarabağa Azərbaycanın tərkibində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərti ilə müəyyən status verilməsindən ibarətdir. Hazırda danışıqlar prosesi gedir. Mətbuatda da yazırlar, orada-burada da deyirlər ki, danışıqlar istənilən nəticəni vermir. Söz yox ki, hər şey birdən ola bilməz. Məsələn, Sankt-Peterburqda Rusiya parlamentinin başçısı cənab Şumeykonun təşəbbüsü ilə Gürcüstan, Azərbaycan, Ermənistan və Rusiya parlamentlərinin başçıları görşüblər. Bizim parlamentin başçısı Rəsul Quliyev orada layihə təqdim etmişdir. Bu yeni bir şey deyildi. Biz dövlətlərin ərazi bütövlüyünü sadəcə olaraq bir daha təsdiq edirik, separatçılığın yolverilməzliyini bir daha deyirik. Təcavüzkarlığın yolverilməzliyini bir daha bəyan edirik. Yəni bunlar yeni bir şey deyildir. Amma Ermənistan buna etiraz etdi. Belə olan halda Ermənistan göstərdi ki, o, istəsə də, istəməsə də təcavüzkardır və ərazi bütövlüyü prinsipini təsdiq etmək istəmir, Deməli, Ermənistan başqa ölkənin, konkret olaraq Azərbaycanın torpağını zəbt etmək istəyir, onun torpağına göz dikibdir, Ermənistan separatçılığı pisləmək istəmir, deməli, Dağlıq Qarabağ ermənilərinin separatçılığını dəstəkləyir,

Düzdür, istədiyimiz bir layihəyə imza ata bilmədik, Lakin elə bunun özü də bir daha nümayiş etdirdi ki, Ermənistan təcavüzkar mövqedədir, Ermənistan separatçılığı müdafiə edir, Ermənistan başqa ölkənin, konkret olaraq Azərbaycanın torpağını ələ keçirmək istəyir. Odur ki, bu proseslər asan proseslər deyildir, Onlar gedir və gedəcəkdir. Əminəm ki, biz var qüvvə ilə səy göstərib bu məsələlərin həllinə nail olacağıq.

Ancaq, Azərbaycanın iqtisadi və sosial vəziyyətinin indiyədək istənilən səviyyəyə qaldırılmamasının əsas səbəblərindən biri də respublikamızın daxilində gedən bu proseslərdir. Həmin müraciətdə ziyalılar yazırdılar: "Hakimiyyətdə olan qüvvələr deyirlər ki, ordu da, polis də bizim əlimizdədir, biz hakimiyyəti nə olur-olsun əldən verməyəcəyik". Bəs ordu, polis, bir sözlə, hər şey onların ixtiyarında olduğu halda nə üçün 93-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi baş vermişdir? Bəli, vətəndaş müharibəsi! Bax, sizin o müraciətiniz həyəcan təbili idi. Mən də öz cavabımda yazmışam ki, Azərbaycanı parçalamaq meylləri var. Mən bunu hələ oktyabr ayında göndərdiyim cavabımda yazmışdım. Əlbəttə, o vaxt nə mən, nə də siz bunu havadan götürməmişdik. Siz bu sözləri bir ziyalı kimi yazırdınız. Reallığa söykənərək yazırdınız. Həqiqətdə də belə oldu. 93-cü ilin may-iyun aylarında burada vətəndaş müharibəsi başladı, Azərbaycanı parçalamaq niyyəti reallaşdı. Azərbaycan parçalandı, cənub zonası əldən getdi. Gəncə Azərbaycanın dövlət hakimiyyətindən tamamilə çıxdı, burada dövlət dağıldı. Əgər o vaxtlar sizin çağırışınıza qoşularaq gəlmədimsə, 93-cü ilin iyun ayında vəziyyət artıq belə gərgin olduğu halda mən bir adamın deyil, minlərlə adamın çağırışına səs verərək buraya gəldim. Ancaq ondan sonra belə fikirləşmək olardı ki, gərək hərə özü üçün bir nəticə çıxarsın. Bir il hakimiyyətdə olub, hakimiyyəti əldə saxlaya bilməyən adamlar indi qoy özləri üçün bir nəticə çıxarsınlar. Gəlib, dövləti möhkəmlətmək üçün əl-ələ versinlər, indi bu dövlətə başçılıq edən adamlarla işləsinlər. Amma bunun əvəzində onlar müxalifətə keçdilər və iki ildir ki, dövlətə qarşı müxalifətdə durublar, iki ildir ki, dövlətə qarşı təxribatla məşğuldurlar. Bütün bunlar, yəni həm onların təxribatları, həm respublikadan qaçıb Moskvada yerləşən adamların təxribatları, həm də burada böyük vəzifələr iddiası ilə yaşayan adamların əməlləri gətirib 94-cü ildə oktyabr hadisələrinə çıxartdı. Dövlət çevrilişinə cəhdin qarşısı alındı. Bundan sonra nəticə çıxarılmalı idi, amma çıxarılmadı. Yenə həmin qüvvələr birləşib XTPD-ni ortaya atdılar ki, bunların vasitəsilə dövləti devirsinlər. Bu niyyət də baş tutmadı. Bunlar da dağıldı. Onların bir hissəsi qaçıb yenə də xarici ölkələrdə, əksəriyyəti də Moskvada yerləşdi. Ondan sonra nə etdilər? Körpünü partlatmaq istədilər, terror hərəkətlərinə əl atdılar. İstədilər ki, körpünü partladıb dövlət başçısını öldürsünlər. O da baş tutmadı. Lakin sonralar aydınlaşdırdıq ki, burada keçmişdə və indi xidmətdə olan bir qrup hərbi qulluqçu - generallar, zabitlər hələ may ayından başlayaraq yığışıb, respublikadan qaçmış və Moskvada olan cinayətkarların və bəzi xarici ölkələrdə gizlənmiş cinayətkarların göstərişi ilə yenə də hərbi çevriliş etmək istəyirdilər. Biz onları da üzə çıxartdıq. Gördüyünüz kimi, qısa bir müddətdə nə qədər ağır proseslər getmişdir. Keçmiş Sovet İttifaqının respublikaları arasında ikinci bir respublika tapmaq çətindir ki, orada bu cür ağır proseslər getsin. Şübhə yoxdur ki, bütün bunlar qarşımızda duran planların həyata keçirilməsinə maneçilik törədir.

Ancaq, eyni zamanda müsbət nəticə ondan ibarətdir ki, bütün bunlara baxmayaraq, respublikanın daxilində ictimai-siyasi sabitlik yaranmışdır, respublika bütün dünya ölkələri ilə əlaqələr qurmuş və bu əlaqələri inkişaf etdirir, bütün beynəlxalq təşkilatlarda fəal iştirak edir. Biz böyük neft müqaviləsi imzaladıq. Bu müqavilə imzalandıqdan sonra bizə çox təzyiqlər oldu, nə qədər təxribat halları oldu. Lakin biz bunun qarşısını aldıq. Bizə təzyiq göstərmək istəyən dövlətlər bizimlə hesablaşmalıdırlar və hesablaşır da. Biz başqa işləri də görürük, dövləti də möhkəmləndiririk. Yenə də deyirəm, ən böyük nailiyyət ondan ibarətdir ki, insanlar heç olmasa sakit yaşaya bilirlər. Problemlər həll edilməyib, lakin həll olunmalıdır, iqtisadiyyat sahəsində də, aqrar sahədə də islahatlar getməlidir. Özəlləşdirmə həyata keçirilməlidir. Əlbəttə, bunların hamısı olmalıdır. Amma bunlar üçün şərait yaradılmalıdır. Deyə bilərəm ki, indi biz bu şəraiti yaratmışıq. Odur ki, yaranmış şəraitdən istifadə edərək, gecikmədən bu tədbirlərin həyata keçirilməsinə nail olmalıyıq. Biz belə hesab edirik və dünya ictimaiyyəti də bu fikirdədir ki, bu baxımdan parlament seçkiləri çox böyük əhəmiyyətə malikdir. 90-cı ildə seçilmiş parlament işləsə də, onun fəaliyyətində çox ciddi dəyişikliklər edilibdir. Bu günədək məhz həmin parlament fəaliyyət göstərir. Noyabrın 12- də parlament seçkiləri keçiriləcək. Biz qanun qəbul etmişik. Zənnimcə bu, çox demokratik qanundur. Hər halda bu qanunun demokratik olmaması haqqında biz heç bir mötəbər mənbədən, demokratiyanı doğrudan da dərk edən mənbədən heç bir irad almamışıq. Buna çox diqqət yetirirlər. Məsələn, Amerikanın Demokratiya İnstitutu var. Onun başçısı cənab Ledski bir neçə ay öncə buraya gəlmişdi. Mən onu qəbul etdim. Biz ətraflı söhbət etdik. Onlar burada artıq öz ofisini açıblar və fəaliyyətə başlayıblar. Onlar bu qanuna baxıblar. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının da nümayəndələri yaxın günlərdə Bakıya gələcək və seçkilərədək burada olacaqlar. Onlar da bizim qanuna baxıblar. Demokratiya sahəsində yüksək səviyyədə inkişaf etmiş olan Qərb ölkələrinin nümayəndələri də bizim qanuna baxıblar. Bu qanuna qarşı heç bir irad yoxdur. Deməli, o, tam demokratik bir qanundur.

Biz birinci addımı atmışıq, yəni seçkilərin vaxtını təyin etmişik. İkinci addımı da atmışıq: demokratik prinsiplərə xidmət edən qanun qəbul etmişik. Bu qanun Azərbaycanda hüquqi demokratik dövlət qurulması sahəsində çox böyük bir addımdır. Biz müstəqil Azərbaycanın demokratik konstitusiyasını hazırlayırıq. Konstitusiya komissiyasında müzakirədən sonra yaxın vaxtlarda onu da mətbuata, ictimaiyyətin müzakirəsinə verəcəyik. Şübhəsiz ki, indi əsas məsələ qarşıdakı seçkilərin tam demokratik şəraitdə keçirilməsidir. Biz buna da çox ciddi fikir veririk. Partiyalarla bağlı gedən proseslər də sizə məlumdur. Əvvəllər deyirdilər ki, 43, yaxud 44 partiya var, amma qeydiyyatdan, deyəsən, 33 partiya keçib. Bəli, 33 partiya. Bəziləri qeydiyyatdan keçə bilməyiblər. Bunun səbəblərini mətbuat işıqlandırır. Bu məsələyə Ədliyyə Nazirliyi, sonra Ali Məhkəmə baxır. Biz bu işlərə qarışmırıq. Məsələn, Xalq Cəbhəsi çox narahat idi, indi o da qeydiyyatdan keçib. Amma qəzetlərində yazırlar, yenə də ədalətsiz yazırlar. Bu gün səhər elə mən özüm də oxudum. Ədliyyə Nazirliyinin bizə verdiyi məlumatda göstərilir ki, onların yenidən təqdim etdikləri sənədlərdə qanun nöqteyi-nəzərindən həddindən çox qüsurlar var. Ədliyyə Nazirliyı bu qüsurlara görə onları gərək qeydiyyatdan keçirməyəydi. Ancaq Ədliyyə Nazirliyi də yəqin ölçüb-biçir, ümumi ictimai-siyasi vəziyyəti nəzərə alaraq onları qeydiyyatdan keçiribdir. Buna sağ ol deməkdənsə, onlara güzəştə gedilməsinə görə minnətdar olmaqdansa, yenə də hoqqabazlıqla məşğuldurlar. Lakin, bu hoqqabazlıq bir nəticə verəsi deyildir. Çünki artıq biz bunları görmüşük və görürük.

Azərbaycanda demokratiyanı inkişaf etdirmək istəyən qüvvələr bax, burada əyləşən qüvvələrdir. Bəli, demokratiyanın tərəfdarları bizik! Əgər mən 90-cı ildə kommunist rejimi vaxtında Naxçıvanda böyük təqiblər altında olduğum zamanda "demokratiya" deyərək qışqırırdımsa və mənə qarşı nə qədər hörmətsizlik, nə qədər təhqirlər olacağını əvvəlcədən bilsəm də, gəlib parlamentin ilk sessiyasında demokratiya, Azərbaycanın müstəqilliyi haqqında car çəkirdimsə, indi mən Azərbaycanın prezidenti olduğum halda bunları - öz arzularımı, öz istəklərimi, şübhəsiz, yerinə yetirirəm və yerinə yetirəcəyəm də!

Ona görə də, mən dəfələrlə demişəm, müxalifətdə olan qüvvələr qoy hesab etməsinlər ki, demokratiyanın daşıyıcıları onlardır. Yox, demokratiyanın daşıyıcıları Azərbaycanın ağıllı, zəkalı insanlarıdır, ziyalılarıdır. Azərbaycanda həqiqi demokratiya, qanun çərçivəsində olan demokratiya yolunda fədakarcasına çalışan insanlarıdır. Azərbaycan xalqının mənəviyyatıdır. Daha ayrı-ayrı adamlar deyildirlər - onların bəziləri demokratiyanın həqiqətən nə demək olduğunu bəlkə də bilmirlər. Sadəcə olaraq vaxtilə bu şüardan istifadə edərək müəyyən mövqe tutduqlarına görə o köhnə bayatını yenidən oxumağa çalışırlar.

İndi o tarixi hadisələri yada salarkən mən bu sözləri deməyi lazım bildim. Ümidvar olduğumu bildirmək istəyirəm ki, o illərdə olduğu kimi, yenə də biz hamımız birlikdə, bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi üçün çalışacağıq, Azərbaycanda dövlət quruculuğunun müvəffəqiyyətlə həyata keçirilməsi üçün birlikdə səy göstərəcəyik. Azərbaycanda müstəqil demokratik hüquqi dövlət yaradıb hüquqi demokratik cəmiyyətin bərqərar edilməsinə nail olacağıq. Mən buna tam əminəm.

Sizə bir daha təşəkkürümü, minnətdarlığımı bildirirəm, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış